Page 1 of 2

Qətibənin qəlbi köhnə sevgilisi Hüsaməddindən əmin deyildi. Çünki Əmir Hüsaməddinə illərdən bəri vədlər verib, “Qətibə səninkidir” – demişdi. İndi Qətibə Atabəy Məhəmmədə ərə veriləndən sonra, Hüsaməddin aldandığını görərək Əmir İnanca ədavət bəsləyirdi, neçə gündü ki, o, saray ətrafında belə görükmürdü. Qətibə bu işin intiqamsız həll olunmayacağını yəqin etmişdi. Çünki Hüsaməddinin inadlı olduğunu bilirdi və onun son kərə dediyi “Mənim olmasan da, heç bir kəsin də olmayacaqsan!” sözlərini yadından çıxarmamışdı. Buna görə də o, Hüsaməddini görmək, onun qəlbini ələ gətirmək və aldatmağı düşünürdü. O, Səbanı yanına çağırıb:

– Sənə bir iş tapşıracağam, – dedi. – Onu yerbəyer edə bilərsənmi?

Səba xanım Qətibənin bu sözündən şadlandı, çünki o, macərasız yaşamağı bacarmırdı, saçları kəsiləndən sonra isə ona heç bir vəzifə tapşırılmamışdı. Buna görə də sevinərək:

– Nə kimi bir vəzifə tapşıracaqsan? – deyə sual verdi.

Qətibə ona öz qəlbini açıb dedi:

– İndi artıq mənim nə qədər böyük bir mərtəbəyə nail olduğumu bilirsən. Mən sənin üçün hər bir şey edə bilərəm. Səni göylərə qaldırmağı da, məzara gömməyi də bacararam. Sən mənim anama qarşı böyük bir xəyanət etdin, atamın sərxoşluğundan istifadə edib şərəfləndin. Özün bilirsən ki, mən buradan çıxıb Həmədana gedəndən sonra sənin sarayda yaşamağın mümkün olmayacaqdır. Lakin əgər sən bir neçə günün içərisində özünü yaxşı aparsan, göstərdiyim vəzifələri yaxşı yerinə yetirə bilsən, mən səni özüm ilə bərabər Həmədana aparıb öz sarayımda yaşadacağam.

Səba xanım sevindiyindən ağladı, qalxıb Qətibənin əlindən öpdü və dedi:

– Mən nə zaman həşəmətli mələkənin sözündən çıxmışam ki, bu gün də cəsarət edib onun tapşırdığı vəzifədə səhlənkarlıq edə biləm?

– Sənin bacarığını bilməmiş deyiləm. Sənin əsas nöqsanın burasındadır ki, sənə tapşırılan vəzifəyə öz məqsədini də əlavə edirsən. Bundan sonra bu barədə mənə and içməlisən. Öz məqsədini tamamilə kənara ataraq tapşırdığım vəzifə ilə məşğul olacaqsan. Sən Fəxrəddin ilə başladığın oyunda öz məqsədini irəli sürməsəydin, çoxdan Fəxrəddin saray həbsxanasında məhv edilmişdi. Bunların hamısı keçibdir. İndi doğrusunu de görüm, sən Hüsaməddinlə əlaqədə olmuşsanmı?

– Əlaqədə olmuşam, lakin bir qadın kimi yox. Onu Əbül-Ülanın qızı Mahtab ilə tanış etmək üçün əlaqə düzəltmişdim.

– Bunu Mahtab özü bilirdimi?

– Mahtab bu barədə heç bir şey bilmirdi, Hüsaməddin onu sevirdi, mən ondan sevgi məktubları alırdım, hamısını gizlətdikdən sonra özüm Mahtabın tərəfindən cavabını yazıb ona aparırdım. Yalnız Hüsaməddin deyildi, onun kimi bir neçəsi də mənim əlimdə oyuncaq idi.

– Sən bunu nə üçün edirdin?

– Əvvəla, mən kişiləri aldatmaqdan maraqlanıram, onların sevgi məktublarını oxumaq mənə hər şeydən çox nəşə verir. İkincisi də budur ki, mən bu oyunu müftə-müftəsinə oynamırdım. Mahtab xanımın adına aldığım hədiyyələr mənim zəhmət haqqım idi.

Qətibə güldü:

– Sənə yaxşı ad qoymuşam, dünyanın şeytanısan. Səni burada yetim qoyub gedəsi deyiləm. Ancaq şərtim budur ki, mənimlə Hüsaməddini görüşdürməlisən. Çünki o məndən incimişdir. Atabəylə olan bu izdivac onun ruhuna toxunmuşdur. Onu görmək və qəlbini ələ almaq lazımdır. Sən bilirsən ki, atam məni ona vədə vermişdi. Buna görə də o, atama qarşı intiqam hissi bəsləyə bilər. Məni anladınmı?

Səba xanım sevinərək dedi:

– Çox pakizə, çox da gözəl bir surətdə anladım, xanımı bu barədə təbrik edirəm, çünki ülyahəzrətin mənə tapşırmaq istədiyi vəzifəyə mən on gün bundan qabaq başlamışam.

Qətibə təəccüblə soruşdu:

– On gün bundan qabaq?!

– Bəli, düz on gün bundan qabaq.

– Əcəba, bu vəzifəni sənə kim tapşırmışdı?!

– Mənim sevgi macəralarına olan rəğbət və marağım.

– Ax şeytan qız, sənin bu nəyinə lazım idi?

– Bu macəra mənə həm mənəvi, həm də maddi cəhətdən mənfəət verəcəkdi. Mən bundan istifadə etməmiş yaşaya bilərdimmi?! Yoxsul bir şairi sevən və dövlətli bir sərkərdə tərəfindən sevilən qızın bir məmləkətin hökmdarına ərə getməsi ən maraqlı bir hadisədir. Əcəba, mən bu qədər əlverişli hadisəyə soyuqqanlılıqla baxa bilərdimmi?! İşə başlamağımın səbəbi budur. Əlbəttə, ülyahəzrətin adına Hüsaməddindən ən qiymətli şeylər, nə də qızıl istəyə bilməzdim. Lakin məktub gətirib, məktub aparmaq isə Hüsaməddin kimi adamlar üçün ucuz başa gəlməzdi, hər məktubu gətirib cavabını aparmaq üçün on qızıl lazımdır.

– İndiyə qədər Hüsaməddindən neçə qızıl almısan?

– Yüz qızıl almışam.

– Demək ki, on kərə məktub gətirib cavabını aparmısan. Cavabını kim yazıbdır?

– Ülyahəzrət yazmamışsa, onun həqir kənizi Səba yazmışdır. Pis də yazmamışam. Məktubları və məktubların cavabını sənə göstərə bilərəm.

– Hazırda bu yazışmalar nə vəziyyətdədir?

– Vəziyyət son mərhələyə çatmışdır. Hazırda müzakirə sizinlə Hüsaməddinin görüşməniz üzərində gedir. Bilmirəm, ülyahəzrət buna razılıq verəcəkdirmi?!

– Mən özüm sənə elə bu vəzifəni tapşıracaqdım. İndi ki, sən bu işə başlamısan, onda gətirdiyin məktubları və yazdığın cavabları mənə verməlisən, çünki mənim onlarla tanış olmağım lazımdır. Sonra Hüsaməddinin Mahtab xanıma göndərdiyi sevgi məktublarını da mənə gətirməlisən, çünki o mənə sevgi elan etdiyi zaman Mahtab xanıma da sevgi məktubları yazırmış, bu gözəl bir vəsiqədir, mən ancaq bununla Hüsaməddini sakit edə bilərəm.

Səba xanım əllərini bir-birinə vuraraq güldü və dedi:

– Söz yoxdur ki, ülyahəzrət mənim bu zəhmətlərimi mükafatsız buraxmayacaqdır!

Qətibə onun nə demək istədiyini anladı və əlini yanındakı sandığa salıb yüz qızıl dirhəm Səbanın qabağına qoydu və dedi:

– Sənin böyük zəhmətlərin böyük bir mükafatla qarşılanacaqdır. Hələlik bu qızılları ad və tez səndən istədiyim məktubları mənə gətir.

Səba xanım qalxıb sevinə-sevinə otaqdan çıxdı, Qətibə isə oturub düşünürdü:

– Kim bilir bu şeytan balası cariyə mənim özümü nə qədər adamın arasında alış-verişə qoyub pul qazanıbdır?! Qoy olsun, mənim sarayım üçün belə bir bacarıqlı cariyə günəş və su kimi vacibdir. Mən indi bildim ki, hökmdara ərə getmək adi bir adama ərə getmək kimi deyildir, sən onun həm qadınısan, həm də rəiyyətisən. Bütün bu zinətlər, bu qiymətli daşlar isə sənin üçün yalnız çəkilməz bir yükdür.

Mən indi bildim ki, hökmdarların məhəbbəti daimi məhəbbət deyildir. O, birinci günlər dodaqlarımı dodaqlarından buraxmadığı halda, indi iki həftədir ki, mənim alnımdan belə öpməmişdir. Qadın hökmdarlar üçün bir gecəliyə lazımdır, o da uşaq doğurmaq məqsədilədir. Görünür, bu yaşayış daimi olmayacaqdır. Bunun üçün mən ətrafıma lazımlı və iş bacaran adamlar yığmalıyam, Hüsaməddin və Səba xanım Həmədanda mənə lazım olacaqlar.

Qətibə bunları düşünürkən Səba xanım əlində bir bağlama otağa daxil oldu, bağlamanı yerə qoyub içindən iki parça kağız götürdü, onlardan birisini Mahtab xanım Hüsaməddinə, o birisini isə Hüsaməddin Mahtaba yazırdı.

Səba xanım Mahtabın dilindən Hüsaməddinə düzəltdiyi məktubunda yazırdı:

“Möhtərəm Hüsaməddin!

Bir qızın sənin kimi bir qəhrəmanla tanış olmaqdan böyük bir arzusu ola bilərmi? Mən çoxdan bəridir ki, bu arzudayam, lakin səninlə bilavasitə görüşmək istəyirəm. Nəhayət, cariyəmlə sənə bir məktub göndərməyə cəsarət etdim. Hərgah Mahtabın bu arzularına rəğbət bəsləyirsənsə, məktubun cavabını yazıb Səba xanıma ver.

Səni qanı ilə, vicdanı ilə sevən Mahtab”.

Qətibə başını bulayaraq dedi:

– Mənə lazım olan Hüsaməddinin Mahtaba göndərdiyi məktubdur. Onu mənim üçün oxu!

Səba xanım Hüsaməddinin Mahtaba göndərdiyi məktubu oxudu:

“Sevimli və məhəbbətli Mahtab!

Mən bütün ömrümdə bu qədər şad olmamışdım. Sənin məktubunu oxumaq mənə bir bayramın nəşəsini verdi. Özün təsəvvür et, gözəl Mahtab, sevdiyin və kölgəsincə illər uzunu süründüyün bir qızdan məktub almaq nə şərəfli və unudulmaz bir bayram deyildirmi? Məgər meydanlarda, rəsmi-keçidlərdə, məscidlərdə, meşə və bağ səyahətlərində dalınca gəzən Hüsaməddini görməmisənmi? Lakin mən sənə yaxın gəlib salam verməyə cəsarət etmirdim. Bu cəsarətsizliyin bir səbəbi də mənim Əmirin qızı Qətibəyə bağlı olduğumdur. Çünki Əmir bir neçə kərə: “Qətibə sənindir” – deyə onu mənim boynuma bağlamışdır. Lakin o qız heç vaxt, mənim qəlbimin mülkündə soltanlıq edə bilməz, çünki qəlbimin poladdan möhkəm olan qala qapıları onun üzünə bağlıdır. Bir də burasını bilməlisən ki, o heç bir zaman Mahtabın gözəlliyini əvəz edə bilməz. Sənin sevgin sudan saf, çiçəkdən təmizdir. İcazə versəydin, mən öz adamlarımı razılıq almaq üçün atanın yanına göndərərdim.

Sənin Hüsaməddinin”.

Qətibə məktubu Səba xanımdan alıb cibinə qoydu və dedi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Təzə hadisələr

Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.

24 min
Həmdünyan

Toğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.

18 min
Naxçıvan

Toğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.

32 min
Toğrulun qətli

Səlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.

4 min

Poems by other poets