Veyillər
Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:
Bir ay bundan irəli Gəncə qubernatoru yazıb Şuşa naçalnikindən xəbər almışdı ki, nə səbəbə çəkirtkəni qırıb qurtarmadılar ki, Şuşa mahalının dördümcü uçastokunun əkinlərini tamamən yeyib çıxdı başa.
Şuşa naçalniki qubernatora belə cavab verib ki, bekar adam tapılmadı ki, gəlib çəkirtkəni qırsın.
Bəli, bekar adam tapılmadı.
Bekar adam tapılmadı. Yə’ni naçalnik deyir ki, müsəlman içində bekar adam tapılmadı... yazıq naçalnik!
Yazıq naçalnik, gəl səni aparım Naxçıvana, bir gör nə var, nə yox?
Gəl sənə xəbər verim Naxçıvan veyillərindən. Naxçıvan vilayətinin bir gözəl şəhəri var, adı Naxçıvandır. Bu gözəl şəhərdə bir meydan var və bu meydanın adına «Darmayed» meydanı deyirlər.
Naxçıvan şəhərinin bəyləri gündə iki dəfə yığışırlar həmin meydana: bir günorta vaxtı, bir də axşam vaxtı və başlarlar söhbəti. Məsələn, biri deyir ki, «sərdar Naxçıvana gələndə bahar idi», o biri deyir ki, «xeyir, payız idi», bu deyir «xeyir, bahar idi», o biri deyir «xeyir, payız idi». Genə bu deyir «xeyir, bahar idi», genə o biri deyir «xeyir, xeyir, payız idi». Sonra bu biri deyir «gəl mərc eliyək», o biri də deyir «gəl mərc eliyək». Bu deyir «nədən?», o biri də deyir «nədən?». Genə bu deyir «nədən?», genə o biri soruşur «nədən?». Bu biri deyir «yarım kirvənkə tut qurusundan», o biri deyir «yox, bir rumka araqdan».
Qərəz, mübahisə çəkir axşama. Axırda bəhs edənlərin birini Əli bəy çəkib aparır, o birini Vəli bəy çəkib aparır.
Sabahkı günü genə yığışırlar. Genə həman söhbət düşür ortalığa. Birisi deyir ki, Sərdar Naxçıvana gələndə gül vaxtı idi, hətta əlimdə bir dəstə gül var idi. Dedilər Sərdar gəlir, gülü qoydum baqqal kərbəlayi Ağanın dükanına və qaçdım tamaşaya». O biri deyir ki, «xeyir, gül-zad yox idi, yemiş vaxtı idi, hətta kərbəlayi Həsənqulu yemiş çuvallarını yükləmişdi eşşəyə və körpünün üstündən keçirdi, hətta bu da yadımdadır ki, bashabas düşdü, eşşək yıxıldı palçığa, mən də o qədər güldüm, o qədər güldüm ki, az qaldı ki, mən də yıxılam palçığa».
Həmin mübahisə hələ indiyə qədər genə qurtarmayıb, hələ indiyə kimi mə’lum deyil ki, Sərdar nə vaxt Naxçıvana gəlib.
Belədi!
Şuşa naçalniki deyir ki, müsəlman içində bekar adam tapılmır.
Elədi!
İndi, ay cənab naçalnik, gələsən Naxçıvanın veyillərini qatovlayıb aparasan bir günün içində Qarabağın çəkirtkəsini qırıb qurtarsınlar?!
Amma aparsan, yadında qalsın, keçən il kimi bu yazıqları da ac qoyma. Çörək göndər yesinlər.
Bəli, müsəlman içində bekar adam tapılmır.
Belədi!
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-veyiller
Use ← → keys to move, R for a random poem
More by this author
20-ci ildə İran parlamanının açılması.*İranda güşad oldu parlaman, gözüm aydın!
EdərəmSeçki vaxtı bütün təyyarələr mitinglərə intibahnamə tökmək və natiqlər göndərmək üçün Lloyd Corcun ixtiyarına verilmişdi.*Qoca kərkəs kimi təyyarədə pərvaz edərəm,
BirikLloyd Corc Qərbi fəlakətdən qurtarmaq üçün İsa-Məryəm naminə Amerikaya yalvarır, bir tərəfdən də Puankareyə bir qəpiyindən keçməyəcəyini söyləyir.*Siz də, biz də lotuyuq, ürfdə, adətdə birik,
Əlbəttə ki!Amerika xariciyyə naziri Fyuz öz nitqində demişdir ki, Amerika müharibəyə torpaq işğal etmək üçün deyil, kiçik millətlərin azadlığı səbəbinə iştirak etmişdir.*Aləmi-insanı abad eylədik, əlbəttə ki!
Poems by other poets · Satire
Eylədilər məsləhət bir neçə ağa, rəis,Ta açalar mədrəsə, məsləhəti-amra.
Görüncə şəxs bir ərbabi-sərvətin üzünüGörüncə şəxs bir ərbabi-sərvətin üzünü –Görür mücəssəm olan bir ləamətin üzünü!
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
Təzə çıxan mollalaraBəsdir bu fırıldaqların, ay bədyəxan oğlan,Son ver bu həyasızlığa, bir yol utan, oğlan!