Xosrov və Şirin
Page 3 of 3 · 67%
Xosrov işin çətinləşdiyini anladıqda, çıxış yolunu hiylədə görür. Laqeydlik üsuluna əl atır.
Aylar keçir. Xosrov İsfahanda yaşayan Şəkər adlı bir gözəlin sorağını alır. Onun yanına gedir. Əslində yüngül bir həyat keçirən bu qadının bütün açıq-saçıqlığına baxmayaraq, ismətini saxlamış bir qız olduğunu bildikdə, sarayına gətirir. Özünə arvad edir.
Bütün bunları bilən Şirin öz qəsrində əzablar içində ümidini üzməyib dözür. Həyatı ah-zar içində keçir. Allaha müraciətlə: “Ədalət qələbə çalmayacaqmı?” – deyə yanıb-yaxılır.
Şəkər Şirinin yerini vermir. Könlün deyil, sadəcə olaraq vücudun meylindən doğan bu ünsiyyət Xosrovu təmin etmir. Bir müddət sonra Xosrov yenidən Şirindən almadığı muradının atəşi ilə yanmağa başlayır. Bu dəfəki həsrət daha dözülməz və daha amansız olur.
Padşah ova getmək bəhanəsilə çölə çıxır, məiyyətindən xeyli aralanır, atını “Qəsri-Şirin”ə doğru sürür. Amma Şirinin əmrinə görə qapıları Xosrovun üzünə açmırlar. Çovğunlu bir qış axşamında qapının arxasında qalan aşiqlə qəsrinin pəncərəsindən baxan məşuq arasında dialoq, izzəti-nəfsinin intiqamını almaq istəyən qadın ilə istəyinə yetməyə can atan kişi israr və inadlarının yüksək poetik ifadəsindən ibarətdir.
Padşahın heç bir etirafı, izahı və xahişi fayda vermir. Şirin heç bir vəchlə tutduğu mövqedən əl çəkmir.
– Məni istəyirsənsə, qanuni istə; kəbin kəsdir, sonra sarayına apar, əks halda get Şəkərinin yanına.
Xosrov yenə qara atının cilovunu çəkib incimiş halda Şirinin qapısından uzaqlaşır.
Son dərəcə mütəəssir olmuş Xosrov hadisəni Şapura açaraq Şirindən şikayət edir.
Şirin də etdiyindən peşman olur və Şapuru axtarmağa başlayır.
Qoca rəssam aşiqləri barışdırmaq və qovuşdurmaq üçün tədbir tökür. Şaha rəsmi olaraq evlənəcəyini Şirinə söz verməyini təklif edir; Şirinə də nikah kəsilməmiş saraya gəlməyə razılaşmağı məsləhət görür.
Nəhayət, sevgililər görüşürlər. Görüşmə səhnəsi sarayda baş verir. Bu səhnəni XII əsrin şairi hər hansı müasir bəstəkar və rejissorun qibtə edə biləcəyi bir ustalıqla təsvir edir:
Məşhur sazəndə Barbədin də daxil olduğu çalğıçılar dəstəsi hissləri coşduran minbir hava çalıb-oxuyur. Artistlərdən biri Xosrovun, o biri Şirinin dilindən öz aralarında aşiqanə bir deyişmə keçirirlər. Bu qarşılıqlı şerləşmənin ən qızğın vaxtında yan otaqdan Şirinin məlahətli səsi eşidilir. Hamı bir anda susur. Xosrov eyni melodiya üstə Şirinə cavab verir. Əvvəlcə iki otaq arasında cərəyan edən bu qarşılıqlı “təğəzzül” Şirinin birdən səhnəyə çıxması ilə daha da güclənir. Sevgililər birlikdə eyni ahəng üzərində oxumağa davam edirlər.
Bu “duet” səhnəsi əsərin ən emosional hissəsinin təşkil edir. Bu vəziyyətdə görüşən “gəncləri”, şair rəsmi surətdə toy edərək evləndirir.
Burada hekayənin məcusi dövrünə aid rəvayəti bitir. Sənət baxımından da əsər burada bitməli idi.
Lakin Nizami dindar bir müsəlmandır. Onun üçün “Xosrov və Şirin” əfsanəsini burada kəsib İslamdan sonrakı rəvayətlərin təsirli hissələrini qələmə almamaq qeyri-mümkündür. Buna görədir ki, şair mənzuməsini Xosrov Pərvizə Məhəmməd peyğəmbərin məktubuna qarşı etdiyi hörmətsizliyin cəzasını çəkdirmədən tamamlamamışdır.
Xosrov Şirinlə evləndikdən və bərabər bir neçə il səltənət sürdükdən sonra taxtı bizanslı Məryəmdən olan oğlu Şiruyəyə tapşıraraq istirahətə çəkilir. Lakin istədiyi istirahətə nail olmur: analığı Şirinə aşiq olan Şiruyə atasını gecə yuxuda ikən yatağında xəncərlə öldürtdürür.
Şirin ud ağacından bir beşik düzəltdirir, qızıla tutdurduğu bu beşiyi qiymətli daşlarla bəzətdirir. Qədim Kəsra adətinə görə, padşahın meyidini bu beşiyə qoyaraq, uşaq kimi yelləyir. Sonra bu tabutu “padşahların” çiyinləri üstündə Xosrov üçün hazırlanmış türbəyə gətirirlər.
Padşahın çalğıçısı Barbəd mizrabını qırır, xanəndəsi Nəkisa qavalını parça-parça edir; vəziri Büzürgümid söyüd kimi titrəyir. Matəm mərasimi böyük bir ah-zar içində hərəkətə gəlir. Başı açıq cariyələr və xidmətçilər arasında Şirin nazlı-nazlı yeriyir. Gözlərindəki sürməsi, yanaqlarındakı ənliyi, dodaqlarının allığı və gərdəninə tökülmüş saçları ilə o, gözəlliyinin cazibəsini daha da artıraraq yeriyir. Başındakı sarı örpəyi və əynindəki al geyimi ilə baxanları bihuş edir. Hər kəs bu halda əri Xosrovun ölümündən Şirinin məmnun qaldığını güman edir; bu görünüş xüsusən Şirinin yeni vurğunu, ata qatili Şiruyəyə ümidlər bəxş edir.
Matəm dəstəsi türbə önündə dayanır. Təzə bir gəlin kimi təravətli olan Şirin cənazə ilə bərabər türbənin içinə daxil olur, arxasınca qapını bağlatdırır. Padşahın cənazəsi üstünə gəlir və fəryad qopararaq əlindəki xəncəri öz köksünə sancır; tökülən isti qanı ilə sevimli ərinin soyuq cəsədini isidir.
Bayırdakılar fəryadı eşidib türbəyə girirlər və “vücudun vücuda, ruhun da ruha” qovuşduğunu görürlər.
Aşiq ilə məşuq bir məzarda dəfn edilir.
Şairə görə, Şirinin bu hərəkəti misilsiz bir fədakarlıq və nadir vəfadarlıq nümunəsidir. Odur ki deyir:
Ke coz Şirin ke dər xak-e doroşt əst,
Kəsi əz bəhr-e kəs xod-ra nə koştəst!
Türkcəsi:
Bu dünyada Şirindən başqa heç bir
Adam başqası üçün ölməmişdir!
Kitabxana.az · https://kitabxana.az/en/works/resulzade-azerbaycan-sairi-nizami-xosrov-ve-sirin
Use ← → keys to move, R for a random poem
More by this author
İlahi, havaxtacan bizlər gecə-gündüz fikrə qərq və millətimizin dərdini və dalda qalmağını özümüzə vəzifə biləcəyik? Məgər bizlərə tərəqqi etməyə maneə vardır? Bəli, vardır! Nə şeydi bizə mane olub? Hümmətsizlik, kibr və qürur, mədəniyyətə ədəmi-meyl. Müsəlmanam – deyib, oturub, baxmaq. Bəli, bir para əhli-maariflərimiz yeri düşəndə köhnə islam mədəniyyətilə təfaxür edərlər ki, bu hal alim babası ilə fəxr edən cahil nəvənin gülünc halına bənzər. Zamanımızda millətimizin təfaxür eləməli nəyi vardır? İlahi, nə oldu o günlər? Bu cürə də insaniyyət olarmı? Pəs gündə beş-altı nahaq qan töküyoruz. Bununla belə Allahdan rəhm ümid ediriz?! Va milləta! Bu nə əhvaldır biz düşmüşük? Məgər vaxt gəlməyib ki, bu dərdlərin çarəsini edək?! Bir kərə ətrafımıza baxaq, bizdən səvayi sərgərdan kim qalıb? Qardaşlar! Gəlin hamımız birdən hümmət edək, məktəbxanələr açaq, cəmiyyəti-xeyriyyələr təsis edək, füqərayə əl tutaq. Ta Allah da bizim əlimizdən tutsun. Hədisi-şərifi-nəbəvi varid olubdur ki, füqərayə əl tutmaq insanın ömrünü uzun eylər. Əbəs yerə deyilməyibdir məlum ki, füqəraların məskənləri pulsuzluqdan çirkli və mütəəffin saxlanır və buna görə o yerlərdən bəzi naxoşluqlar hadis olur ki, qonşulara da sirayət edir. Hər ayinə dövlətlilər füqəralara əl tutalar, yəqin ki, onlar da fəqirlikdən xilas olub, öz məskənlərini təmiz edərlər. O naxoşluqların qapısı başlanar. Və qeyrilər də səlamət olar. Pəs nəfəqə insanın ömrünü uzadar. Budur! Axirət səvabı isə daha artıq.Bu vaxta bizə lazım və vacibdir ki, hümmət edib, elm öyrənməyə və öyrətməyə və öyrətdirməyə səy və kuşiş qılaq. Elmsiz heç bir nöqsanımız götürülməyəcəkdir. Elmin fəzilətində bu bəsdir ki, peyğəmbərimiz əleyhissəlam hədisi-mütəəddidə elə bizlərə tapşırıblar, əzon cümlə bu aşağıdakılardır ki, nəzmə çəkmişəm.
Əsli və KərəmMilli aşıqlarımızın avamımız üzərində böyük təsirlər icra edərək söylədikləri "Əsli və Kərəm" hekayəsindən iqtibas olunan "Əsli və Kərəm" operasına mən keçən cümə gecəsi birinci dəfə tamaşa ediyordum. Üzeyir bəy arkadaşımızın musiqarlıqdaki birinci əsəri və gərək İslam və gərək Türk aləmində birinci olan "Leyli və Məcnun" operasına tamaşa eləmiş, sonra Bakıdan ayrılmışdım. "Leyli və Məcnun"dan sonra yazılan musiqi əsərlərinin heç birini görməmişdim. Beş il keçmişdir. Tainki keçən dəfə "Fərhad və Şirin”i görmüş, beş ildəki tədənniyə ürəyim ağrımışdı. Fəqət "Əsli və Kərəm" operasının tamaşası bu ağrını sağaltdı."Əsli və Kərəm" operasının misalını təlxis etmək istəməz. Çünki, camaatımız mükərrərən oynanılmış olan bu operanı görməmiş olsalar belə "Əsli və Kərəm" nağılını oxumuşlar və yaxud eşitmişlərdir.
Mirzə Fətəli Axundzadə (məqalə)Bundan 77 il öncə, 28 Şubat *(fevral)* 1878-də, Mirzə Fətəli Axundzadə vəfat etmişdir. Axundzadə Azərbaycan ədəbiyyatında hürr *(azad)* düşünmə tərzinin ən böyük bir müməssilidir *(nümayəndəsidir)*. Bu günə qədər belə Azərbaycan səhnələrindən düşməyən və mədəni dünyanın bütün dillərinə çevrilmiş bulunan komediyalarında və fəlsəfi-publisistik əsərlərində, Mirzə Fətəli Müslüman dünyasının ictimai və siyasi bütün sahələrində radikal islahata lüzum olduğunu müdafiə ediyordu. Hərarətli bir vətənsevər sifətilə, Mirzənin qəlbi, məmləkətinin geriliyinə acıyordu. Dünya mədəniyyətini bir bütün olaraq tərəqqi edən o, Müslüman millətlərin çağdaş Batı Avropa tərəqqi karvanına qatılmaları yolunu arıyordu. Hürriyyət fikri, insanlıq şərəf və heysiyyəti, düşünüş sərbəstisi və hər türlü istibdad təzyiqindən qurtulma əzmi Mirzənin yaradıcılığında əsas motivi təşkil edirdi. Bu hürriyyətləri imha *(məhv)* və təhdid edən siyasi, ictimai və dini hər növü müəssəsələr, onun, böyük bir məharət və sənətkarlıqla yazılan əsərlərində amansızca xırpılanıyordu *(kiçildilirdi)*. O, on səkkizinci yüz il batısının aydınladıcı fikirlərinin Doğuda bir təmsilçisi idi. Sözün, yazının, dini və fəlsəfi düşünüşün hürriyyət və sərbəstisini savunan (qoruyan) Mirzə Fətəli, qadın-kişi hər iki cinsin, həyatın hər sahəsində, eşit haklara malik olmasını istiyordu. Kişilər də, qadınlar da, onun anlayışına görə, eyni dərəcədə oxur-yazar olur, eyni təhsili görməlidirlər. Elm, yanlış anlaşılmış dinçiliyin məngənəsindən qurtulmalıdır. Dövlət istibdadının da, ölçülü ədalət qanunlarıyla mülayimləşməsini, bütün hərarətiylə tələb ediyordu. Fəlsəfi-publistik əsərlərindən, məşhur "Kəmalüd Dövlənin Cəmalüd Dövlə ilə məktublaşmalarının bir yerində eynilə bu sətirləri oxuyuruq: "... əslinə baxılırsa, iş millətimizin dinsiz və Allahsız olmasında deyildir. İstənilən şey yalnız, indiki dövrün və mədəniyyətin icablarını nəzərdə bulunduraraq, İslamiyyətin islahı, həm də əsaslı bir islahıdır. Bu islah tərəqqinin və mədəniyyətin ruhuna uyğun, insanların hürr və bütün haqq və vəzifələrində tamamilə eşit *(bərabər)* olmaları əsasına dayanmalı, siyasi müəssəsələrinin tədbirli bir şəkildə islahı surətilə Doğu istibdadı tədil olunmalı *(dəyişdirilməli)*, müslüman qadınlarla kişilər üçün ümumi və məcburi təhsil saxlayan bir dövlət rejimi qurulmalıdır". Belə bir rejimin qüvvədən felə keçirilə bilməsi üçün, Mirzə Fətəli, özəl bir qeyrət və əzmlə ərəb hərflərinin latın hərflərinə təbdili *(əvəzetmə, dəyişdirmə)* surətiylə yazımızın islahı xüsusunda təşəbbüsə keçmiş; İstanbula getmiş, Tehrana müraciət etmişdir. Başqalarının haqqını qəsb və tarixi həqiqətləri təhrif etməkdə eşsiz *(misilsiz)* və rəqibsiz olan bolşeviklər, yağmaçılara xas bir küstahlıqla *(həyasızlıqla)*, Mirzə Fətəlini də mənimsəməkdən çəkinmədilər. Hər hanki baxımdan təhlil edilirsə edilsin, ta iliklərinə qədər inanmış bir liberal olan Mirzə Fətəlini, liberalizmin "burjua hürriyyətçiliyi" deyə təzyif *(təqdim edən)* edən bolşeviklərə dost bir insan, deyə göstərmək füzulluqu *(boşboğazlığını)*, ancaq, hürr fikir və kəlam sahiblərinin qafaları patlatılan, mətbuatı inhisar altında bulunduran kommunist diktatorluğunda təsəvvür edilə bilir. Mirzə Fətəli "Şərq istibdadı"nın yumşaldılmasını istiyordu. Halbuki, bolşeviklərin qurduqları diktatorluq rejimi ən geniş fantaziləri belə göl-gədə buraxan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir. Bu, tarixdə eşinə *(tayı-bərabərinə)* rastlanmayan bir zülm və mütləqiyyət rejimidir. Mirzə Fətəli, Batı Avropa mədəniyyətini idealizə ediyordu. Sovetlər isə, burjua vəsfini *(tərifini)* verdikləri bu mədəniyyətə arxalarını çevirmiş, ona amansız bir hərb elan etmişlərdir. Avropa mədəniyyətinə intibah etmək niyyətilə Azərbaycan ilə Türkiyə latın hərflərini tətbiqə başladıqları bir sırada, Sovet Azərbaycanı və onunla birlikdə Sovetlər Birliyindəki bütün digər Türk Cümhuriyyətləri kommunistlərin təzyiqiylə, rus əlifbasına keçdilər. Bu hal əsla, nə Axundzadənin xəyalına sığardı, nə də onun Avropalaşma sisteminə uyardı. Bu tədbir ancaq və ancaq Sovetlərin yürütdükləri kültür politikasıyla tam bir ahəng təşkil edir ki, indiki halda bu politika "Sovyet Nasyonalizmi" adı altında formulə edilən bir sistem şəklinə qonmaqdadır. Rus millətinə "ağa-bəyi" rolunu ayıran bu sistemdə, gözlərini insanlıq kültürünə doğru çevirən hər hərəkət "İrticai bir kosmopolitizm" töhmətiylə təlim olunmaqdadır. Kommunizmin ana fikri olaraq tərvic olunan Allahsızlıqdan bəhs edərkən, bolşeviklər, çox dəfə Mirzə Fətəlinin adını anıyorlar. Onun ateistliyindən bəhs açarlar. Bu, bir iftiradır. Bu yalana əsla inanmayınız. Mirzə Fətəli, yuxarıda söyləmiş olduğumuz kimi, Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mücadilə etmiyordu. Onun mücadilə etdiyi şey, iman və düşüncəyə müsəlləd *(canı ilə bağlı)* olan isxolastik *(orta əsr)* təfəkkür tərzi idi. Bu növü düşünüş tərzi indi bütün abusluğuyla *(totallığı ilə)* Sovetlərdə hakimdir. O Sovyetlərdə ki, kommunizm xaricində kimsəyə özəl bir dünya görüşünə sahib olmaq haqqı tanınmamaqdadır. Sovyetlər dövlətinin tərvic etdiyi *(rəvac verdiyi)* rəsmi əqidə, bütün Sovyet vətəndaşları, daha doğrusu bolşevik kölələri üçün məcburi bir mahiyyət daşımaqdadır. Əksini düşünənlərin yeri, edam edilmədilərsə, ya həbs, ya da toplama kamplarıdır *(sürgün düşərgələridir)*. Əziz Azərbaycanlılar, bir daha təkrar ediyoruz: bolşevik ajanlarının, Sovyet ədəbiyyatçı və sözdə tənqidçilərinin nəqarətlarına əsla inanmayınız! Söz hürriyyətinin, mətbuat sərbəstliyinin, inanış, din və düşünmə istiqlalının, liberal dövlət üsuli-idarəsinin böyük mücahid; şəkilcə də, muhtəvaca *(məzmunca)* da milli və müasir Azərbaycan ədəbiyyatının qurucusu və latın əslindən gələn yeni Türk əlifbasının qəbulu üçün savaşan böyük islahatçı Mirzə Fətəlinin, bu unudulmaz hürriyyət qəhrəmanının, təqdis etdiyi bütün əsasları kökündən rədd edən kommunizmə və bu doktrinin təmsilçiləri bulunan bolşeviklərə dost olması qətiyyən təsəvvür olunamaz!
Azərbaycan Parlamentinin Açılışındakı NitqMöhtərəm mə"buslar (deputatlar , millət vəkilləri!) ! Azərbaycan Cümhuriyyətinin ilk məclisi - məbusanını açmaq yum səadəti, siz möhtərəm mə"busları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm (fəxr edirəm),əfəndilər (alqışlar). Rusiyada zühur edən inqilabi - kəbir digər həqiqətlər arasında bir həqiqəti - bahirəni dəxi elan etmişdi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi.Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxatriyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyanı bir an əvvəl tə"sisedəcəkdi.O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati -siyasiləri, digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan edəcəkdi.Millətlər kendi (öz) müqəddəratlarının tə"yinini pək cəmimani bir surətdə Rusiya məclisi - müəssisanından gizlədilər.Fəqət Rusiyada inqilab və demokratizm namına zühur edən mə"kus (mürtəce) bir istibdad nə gibi (kimi) xarabalıqlar yaratdığını bilirsiniz.İnqilab namına hökmfərma olan anarşi və millətlərin hüquqi-elanından sonra yeridilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmağa sövq etdi.Zaqafqaziyadan Rusiya məclisi - müəssisanına intixab olunan məbuslar kəndilərini vəkil edən camaatın hüququnu Zaqafqaziya "seymini" təşkil və onu istiqlalını emməkdə gördülər. Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin şurayi-milli təşkilinə sövq,bu şurayi - milli Azərbaycanın istiqlalını ela etmək zəruriyyəti qarşısında qaldı.Azərbaycan İstiqlalı elan olundu (alqışlar) Bu gün əqəliyyət (azlıq) təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri də"vət olunmaq üzrə iştə bu məclis təşəkkül edilmişdir.Bu, məclis seçki üsulu ilə toplanacaq Azərbaycan məclisi-müəssisanı toplayıncaya qədər məmləkətimizin sahibi olacaq.Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndəri olduğundan bu məclis vətənimizi tamamıylə təmsil edə bilər. Əfəndilər, bilirsiniz ki, bizim Rusiya camaatına qarşı heç bir ədavət və nifrətimiz yoxdur.Bezar olduğumuz Rusiya, çarizim Rusiyası istibdadır.Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya camaatınanifrət demək deyildir.Bizcə mənfurolan Rusiya , millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır.Hər millət hürr və müstəqil olmalıdır, hürr olduqdan sonra millətlərlə urək istədiyi kibi əğdi-ittifaq etməlidir (ittifaq girməlidir).Bütün dünya millətlərinin bir "cəmiyyəti-əğvam" (millətlər cəmiyyəti) vücudə gətirməsi bizim ən müəzziz (əziz) fikirlərimizdəndir.Bu "fedarosyan" cəbrlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır. (alqışlar). Ərz edim ki, biz Rusya camaatının da düçar olduğu fəlakətdən qurtulmasını ürəkdən istəriz.Biz Rusiya hökümətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız.Çünki Qafqasya dağlarının şimalında təşəkkül edən müstəbid vətəcavüzkar bir hökümətə biz laqeyd qala bilməriz(alqışlar).Biz Rusiyanın səadətini istəriz, Rusiya səadətini sevəriz.Fəqət kəndi istiqlalımızı da əziz tutarız. (alqışlar).Cəbrlə qəbul edilən bir şeydə qətiyyən səadət olamaz, çünki səadət hürriyyət və istiqlaldadır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil o üç boyalı bayrağı şurayi-milli qaldırmış, türk hürriyyəti,islam mədəniyyəti və müasir əfkari-əhraranəsini (azadlıq ideyalarını, demokratik fikri) təmsil edən bu üç boyalı bayraq daimən başlarımızın üstündə ehtezaz edəcəkdir (dalğalanacaqdır) (məbuslar yerlərindən qalxıyor,şiddətli alqışlar mədid bir sürətdə davam ediyor) Bən buna iman ediyorum.Bənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırıyor.Bu günəş bir daha oful etməyəcək (sönməyəcək), bən vicdani - bəşəriyyətə inanıyorum.Milliyonlarla insan bahasına vicdani-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verəməz."Cəmiyyəti-əğvam" fikri bu gün hər kəscə qəbul edilmiş bir fikirdir.Bu buna ümid veriyor.Qüvvətlə inanıyorum ki, artıq öldürmək millətin hüququnu paymali-zəval etmək qətiyyən mümkün deyildirQaliblər də, məğlublar da millətlərin hüququ təslim edilməlidir deyirlər (alqışlar). Yaxında açılacaq cülhi-ümumi konqresdə bu fikir qətiyyən hakim olacaq.Bu gün əhvala (vəziyyətə) hakim olanlar müttəfiqlərdir.İngilis, Amerika, Fransa dövlətlərində bayraqlarında millətlər təmin hüququ və "cəmiyyəti - əğvam" şüarı yazılıbdır.Dövlətlərin Baküdə bulunan nümayəndələri naminə genral Tomson Qafqasya məsələlərinin sulhi-ümumi konqresində həll olunacağını rəsmən e"lan etmişdir. Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi müqəddaratımızı, kəndi istiqlalımızı müdafiyə və mühafizədə israr edər, səbat və mətanət göstərirsək, heç şübhəsiz ki,Azərbaycan Cümhuriyyəti paydar olur.Fəqıt bunu üçün təkrar ediyorum səbat, mətanət,fədakarlq istər.İstər ki, biz kındimizin istiqlalə layiq olduğumuzu isbat edəlim.Bu oldumu sizi təmin ediyorum ki, kimsə haqqımızı təslim etməmək cəsarətində bulunamaz.Hankı vicdandır ki,istiqlalı istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin? (alqışlar) Əfəndilər! Biz Qafqasya əğvamı ruhunda hır zaman hürriyyət fikrinin müməssili (təmsilçisi) olan "Promete" Qafqasya dağlarında zəncirbənd edilmişdi.O daimi zəncirlərini qırmaq təşəbbüsündə idi."Promete"nin ruhu bütün qafqasyanın bütün millətlərində vardır.Qafqasya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bə"id (uzaq xəyal) deyildir.Qardaş millətimiz olan Şimali Qafqasya,qapı bir qonşumuz ermənılər, münasibəti düstanəmiz bütün cüziyata rəğmən daimən səmimiqalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus camaaatının mühüm bir qismi ilə ələ-ələ verərək biz Qafqasyanının müqəddaratını bu qət"e (bölgə) üzərində yaşayan millətlıərin arzusu vəchilə təmin edə biləriz (sürəkli alqışlar, diplomasi lojalarına müraciətlə təkrar alqışlar). Əfəndilər, bən buraya qədər sizə ümidli sözlər söylədim.Buna iman ediyorum.Fəqət nəzərinizi əhvalın ağırlığına dəxi cəlb etməzsəm, vəzifəmi hüsn ifa etməmiş deməkdir.Zaman ağır gedəcəyimiz yol çoxtikanlı və arızalıdır.İlləridə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız.Bu maneəli yoları keçmək və sərmənizili - məğcudə irmık üçün siz, məbus əfəndilər, bir çox fədakarlıqlar ibraz etməli , (göstərməli ) təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrəbir nümuneyi - əmsal təşkil etməlisiniz.Bu nümuneyi göstərəcək iqtidar və iste"dada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi - qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı,Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır (sürəkli alqışlar). Əfəndilər, bu gün Azərbaycanın paytaxtında məclisi - mə"busan ittifaqındayız (açılışındayıq).Azərbaycan bir atəş mənbəyidir.Vətənimiz hər zaman sinısində bir atəşi-müqəddəs bəsləməlidir.Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi ümid və iman təşkil eləməlidir.O atəş ki, bu gün də sərvət və saman (dövlət) səbəbi və baisi-təməddündür.(mədəniyyətdir).Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz bir mə"şəl təşkil edibdə hürriyyətvə istiqlalə doğru getdiyimiz maneəli yoları işıqlandırsın!(sürəkli və mədidalqışlar