Şirin bülbül
Page 1 of 2
1
Elə bir zamandan danışıram ki, böyüklərin xatirəsində çox yaxşı qalıb, kiçiklərin isə heç ağlına gəlməz.
O zamanlar Bakı belə deyildi. Küçələr, meydançalar dava meydanına bənzəyirdi; vuran vuranın, kəsən kəsənin idi. Güclülər gücsüzlərin başına yumruqlar yağdırırdı. Zorlular zorsuzlara qan uddururdu. Aləm bir-birinə qarışmışdı. İt yiyəsini tanımırdı. Müxtəsər, müsavat zamanı idi.
İndi boyu daha da balacalanmış, rəngi daha da saralmış, danışığını itirmiş yekəburun Cəlil Naim əfəndi o zamanlar Azərbaycanın şirin bülbülü idi.
Təzəpirdə “din və millət düşmənlərinə” qarşı tarixi söyüşlərə çıxan və camaatın ağzını heyrətdən yarım saat açıq qoyan yalnız və yalnız Cəlil Naim əfəndi olmuşdu.
İngilislər Azərbaycana dəvət olunmamışdan qabaq Quba meydanında, Kömürçü bazarında o, ingilislərin əleyhinə düz saat yarım çənə işlətmiş və bütün bazar camaatının qəlbində böyük bir həyəcan törətmişdi.
İngilislər gələndən sonra isə Cəlil Naim əfəndi tamam dəyişmiş, başqa havalar çalmağa başlamışdı. Bakı kommunarları güllənən gecə o, qumarda pul udmuş və sərxoş olub, general Tomsonun yaşadığı binanın qaravulçusu ilə öpüşmüşdü.
Osmanlılar Bakıya hücum edəndə Cəlil Naim əfəndi “Ay camaat, qoymayın, sünnülər gəldi şiələri öldürməyə” – deyə təbliğat aparmışdı.
Osmanlılar Bakıya girən kimi isə Cəlil Naim əfəndi dilini, qafiyəsini dəyişmiş və osmanlı dili ilə danışmağa, osmanlı yeməyi yeməyə, osmanlı qaşığı işlətməyə başlamışdı. Bakı camaatı bu dəfə də Cəlil Naim əfəndinin nitqini dinləməyə nail olmuşdu. Osmanlı çavuşlarının nəzərləri altında əriyərək “Ax, osmanlılar, osmanlılar” – deyə Cəlil Naim əfəndi tribunada ağlamış və onu oradan güclə dartıb düşürmüşdülər.
Osmanlılar Azərbaycandan çəkilən kimi isə o, yenə söyüşə başlamışdı.
Cəlil Naim əfəndi bu cür yüksəlmiş, bu cür artmış və bu qədər uca mərtəbəyə çatmışdı. İndi artıq meydan boşaldıqdan sonra onun bazarı yaman rəvac olmuşdu. O, indi təkcə Bakıda deyil, bütün Azərbaycanda nitqlər söyləməyə və böyük-böyük işlər görməyə başlamışdı.
Budur, Cəlil Naim əfəndinin evinin qabağında bir fayton dayanmışdır. Faytonçu kozlada oturaraq çubuq çəkir və gözlərini bir nöqtəyə zilləyərək düşünür. Faytonun atları da qulaqlarını salıb, ay dodaqlarını uzadaraq düşünürlər.
Cəlil Naim əfəndi təbliğat üçün kəndlərə gedəcək, orada müsavatın vəziyyəti və hökumətin möhkəmliyi haqqında məruzə etdikdən sonra, sadiq və yararlı adamlar tapıb, öz sıralarına yazacaqdır.
Budur, ikimərtəbəli binanın böyük qapısı taybatay açıldı. Gödəkboylu Cəlil Naim əfəndi evdən çıxdı. Atlar bir qorxu varmış kimi qulaqlarını şəkləyərək başlarını qaldırdılar. Faytonçu cilovları düzəltdi. Cəlil Naim əfəndi arvad-uşağın üz-gözündən öpüb faytona mindi. Onun dalınca tez qayıtsın deyə su atdılar. Yaşmaqlı bir müsəlman arvadı gizlincə, fatonun bir yanına göy muncuq bağladı.
Fayton Bakı küçələrində toz qaldıraraq vağzala doğru yola düşdü...
Payızdır. Çöllər, dağlar vaqonun pəncərəsindən sönük xəyallar kimi ötüb keçir. Hər tərəf sapsarı saralmışdır. Çoxdan kotan görməmiş, viran qalmış tarlalarda nə bir insan, nə də bir quş görünür. Cəlil Naim əfəndi bu mənzərəyə tamaşa edərək nə isə düşünür və arabir incə-incə gülümsünür.
Onu həyatda hər şeydən çox yalnız iki şey maraqlandırır: yemək və qadın... bütün bu dağdəğələrin, mərəkələrin, vuruşların, hətta bütün millətin, dinin belə əsası yemək və qadın deyilmi? – deyə o düşünür və başını silkələyərək öz sualına özü “hə” cavabı verir. Onun fikrincə yemək birincidir. Cəlil Naim əfəndiyə görə bütün mübarizələrin əsası yeməkdir, yemək fəlsəfəmizin əsasıdır. Bu əsasın ətrafını qaplayan ət isə qadındır. Qadınsız millət olmaz, qadınsız məmləkət olmaz.
Cəlil Naim əfəndi bu cür təsəvvürlərlə üç-dörd arvad alıb boşamışdı. Boşadığı arvadların hamısından yemək üstə narazı olmuşdu. Onun fikrincə qadınların kimisi yeməyi bişirir, lakin onu incəliklə, naz-qəmzə ilə yeyə bilmir, kimisində də bu nazi-qəmzə var, ancaq bişirdiyi xörəyi it də yeməz. Cəlil Naim əfəndi hələ bu vaxta qədər həm yeməyi, həm də bişirməyi bacaran qadın tapa bilməmişdi. Ona görə də bütün məhəbbətini yalnız yeməyə vermişdi.
Cəlil Naim əfəndi vaqonun pəncərəsindən uzaqlara baxır və gözünün qabağından keçən mənzərələr ona dadlı, gözəl yeməkləri xatırladırdı; sapsarı zəfəran rəngli üfüqdə dolma kimi kimi düzülmüş qara təpələr ani bir sürətlə ötüb keçir. Günəş, susuzluqdan sarı buğda kimi olmuş şaftalı bağlarını isidir. Ağaclarda nəinki şaftalı, hətta yarpaq belə olmadığı halda yetişmiş iri, sulu şaftalılar Cəlil Naim əfəndinin yadına düşdükcə ağzı sulanır, gözləri parıldayır və ona elə gəlirdi ki, bu saat hamı yemək-içməkdədir. Budur, küçədə durub qatara tamaşa edən kəndli uşaqları əllərində armud gəmirirlər. Balaca körpələr analarının döşündən iştahla süd əmirlər, quşlar dimdiklərində balaları üçün yem aparırlar. Qatarın gəlməsindən yenicə xəbərdar olan alabaş acıqlı-acıqlı hürdükdən sonra qabağındakı sümüyü gəmirir...
...Cəlil Naim əfəndi davam gətirə bilmədi. Hirslə çamadandakı bişmiş toyuğun bir budunu qoparıb bütünlüklə ağzına soxdu, bir udumda içəri ötürdü və buradan başlayaraq ta mənzilə çatana qədər fasiləsiz yedi.
Stansiyada düşdükdə artıq günorta idi. Orada burulqanlar kimi yüksələn toz sütunları günəşin qarşısında qövsi-qüzeh yaratmışdı. Hər tərəfdən yuyulmamış bozbaş qabının iyi gəlirdi. Stansiya skamyalarının üstündə paltarının rəngi ilə üzünün rəngi bir-birindən seçilməyən adamlar uzanaraq yatırdılar. Bunların üzlərinə daraşan milçəklər yaxından adam keçəndə, leş üstə daraşmış qarğalar kimi, ətrafa səpələnir, sonra isə yenə əvvəlki yerlərinə toplaşırdılar.
Cəlil Naim əfəndi stansiya rəisinin yanına girdi. Yekəbığ stansiya rəisi onu görən kimi ayağa qalxdı, yaxın gəldi və ayaqlarını bir-birinə çırparaq hərbi təzim etdi.
Rəisin boğazına qara bir yaylıq bağlanmışdı. Bu yaylığın ucundan ilişdirilmiş saat bağı aşağılara qədər uzanırdı. Rəisin yekə ağzında, qarışıq üzündə, çal saçında, qırmızı burnunda çoxdan bəri keçirdiyi sərxoşluq həyatının izi vardı.
– Bu tərəflər sakitlikdirmi?
Cəlil Naim əfəndinin bu sualına stansiya rəisi quru, rəsmi tərzdə cavab verdi:
– Sakitlikdir, cənab! Qoyun quzu ilə otlayır.
Lakin burnunun ucuna qədər tərləmiş rəis yanıldığını hiss edərək, yenidən təzim etdi və daha da qalın səslə dedi:
– Bağışlayın, cənab, demək istəyirdim ki, qurd quzu ilə otlayır.
– Yollarda qaçaq-quldur varmı?
– Nakaradırlar ki, bir yolu da tutalar!..
Bu cavabdan sonra Cəlil Naim əfəndinin ürəyi sakitləşdi. O, vüqarla belini dik tutub rəisin kabinetinə girdi və yumşaq divanın üstündə əyləşdi. Bu cür şərəfi gözləməyən rəis üç-dörd dəfə çölə çıxdı, içəri girdi, kiminlə isə pıçıldaşdı, kimə isə əmrlər verdi, sonra Cəlil Naim əfəndinin qabağında baş əyərək mehriban səslə dedi:
– Rahatlanmaq istəyirsinizmi, cənab? Hər şey hazırdır!
Cəlil Naim əfəndi səssizcə ayağa qalxdı. Sükut razılıq işarəsi olduğundan rəisdə böyük bir sevinc əmələ gəldi. O, ayaqlarını birbirindən ayırmayaraq bir də əyildi və böyük təntənə ilə qapını açdı. Çöldən içəriyə üfunətli bir qoxu gəldi.
Cəlil Naim əfəndi parıldayan çəkmələrini yerə basmaqdan qorxaraq bayıra çıxdı.
Rəisin evinin qabağındakı meydan ətraf kəndlərdən gəlmiş kəndlilərlə dolu idi. Onlar “Bakıdan hökumət gəldiyini” eşidib şikayət üçün növbə gözləyirdilər, bəziləri də dəstə-dəstə orda-burda dayanaraq, göz-qulaq olurdular ki, rəis evdən çıxanda nəzərdən qaçırmasınlar.
Cəlil Naim əfəndi rəisin evindən üç-dörd saatdan sonra çıxdı. O, sərxoş idi. Papağını lap gözünün üstünə endirmiş, pencəyini çiyninə atmışdı. Onun yaxası tamam açıq idi. Ayaqqabılarının bağları dalınca sürünürdü, səndələyə-səndələyə bir az yol getdi, sonra ayaqları bərk şeyə ilişdi. Cəlil Naim əfəndi dayandı. Ayağının altında bir kəndlinin uzandığını görüb yüksəkdən biədəb bir söyüş söydü, yanındakı rəisə tərəf dönərək dedi:
– Murad ağa, bu köpək oğlanları yenə keflidilər? Məgər mən tapşırmamışam ki, bu qədər içməsinlər? Qırmaq lazımdır hamısını! – O əyilib, diqqətlə yerdə uzanmış kəndliyə baxdı. – Buna bax, buna!.. Yəqin üç adamın arağını təkbaşına ötürüb içəri... malades! Səd malades!
Təlatümə düşmüş gəmi kimi oyan-buyana yırğalanıb birdən üzüaşağı getdi. Murad ağa onu qucaqlayıb saxlamasaydı, kim bilir o “qıymətli” baş daşa dəyib nə kökə düşəcəkdi! Bu hadisəyə heç bir əhəmiyyət vermədən Cəlil Naim əfəndi yenə Murad ağaya sarı dönüb soruşdu:
– Hə, gözünü döymə, cavab ver görüm, bu kişi niyə keflidir?
Murad ağa cavab verincəyə qədər kəndlilərdən bir neçəsi irəliləyib asta səslə dedilər:
– Ağa, kefli deyil, acdır!.. Acından ölür.
Cəlil Naim əfəndinin gözləri kəlləsinə çıxdı.
O, üzünü güclə ayaq üstə duran Murad ağaya çevirib dedi:
– Murad ağa! Sənin əziz canın üçün, bu adam lap nahaq ölür, gərək ölməsin!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-sirin-bulbul
Use ← → keys to move, R for a random poem
More by this author
İkinci şəkilYasəmən əlində bir dəstə çiçək pərdə qabağına çıxır.*
Üçüncü pərdəÜçüncü şəkilPərdə qabağı*
Dördüncü pərdəDördüncü şəkilYasəmən pərdə qabağına çıxır.*
Nəfəs puluƏsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.
Poems by other poets
Beş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Rüzgarlar, dalğalarRüzgarlar dalğaların könül sirdaşı olmuş,Dalğalar rüzgarların ömür yoldaşı olmuş.