Beşinci pərdə
Page 3 of 3 · 67%
Səfibəy. Özü varlı ailədəndir. Soltan xanıma saxlamaq üçün bir qucaq da pul verib. Bu küncdə duran çamadan onundur.
Şükürbəy. Hım... (Bir qədər fikrə gedir. Üzündə sevinc qığılcımları parlayır) Sənə deyirəm, bu düz adama oxşamır.
Səfibəy. Əşşi, nə danışırsan! Polad bəyin oğludur. Sibirdə Fərruxla bir yerdə olub.
Şükürbəy. Bəs özü haradadır?
Səfibəy. Yatır, deyirlər.
Şükürbəy. Səfi bəy, sən gəl mənə inan. Bu, şübhəli adam olacaq. Belə işlərdə ehtiyatlı olmaq lazımdır. Bir də ki, belə zamanda bu qədər pulu niyə əldən çıxarırsan? Hələ bir bu çamadana da baxaq. (Çamadanı açır, içərisindən parçalar, müxtəlif qiymətli şeylər çıxarır) Səfi bəy, sən doğrudan da başını itirmisən. Onu burdan salamat çıxmağa qoymayacağam.
Səfibəy. Fikrin nədir?
Şükürbəy. Öldürmək!
Səfibəy. Mənim evimdəmi?
Şükürbəy. Yoxsa qorxursan? Mən olan yerdə sən nədən çəkinirsən?
Səfibəy. Yox, bəy, qoymaram, canın üçün qoymaram.
Şükürbəy. Səfi bəy, sənə qorxaqlıq yaraşmır. Sən özün gündə on belə qan etmisən, indi nə oldu? Bir başa düş, burda pul məsələsi var, pul, indiki ayaqda o sənə, mənə hava kimi lazımdır.
Səfibəy. Axı, bəy, o mənim qonağımdır. (Onu tutub saxlayır)
Şükürbəy (dartınır). Burax, bıçağı qarnına soxaram, gəl, yol göstər.
Səfibəy (qorxaraq). Mə...n...mə...n... yox.
Şükürbəy. Sən yox, mən öldürəcəyəm. Sən ancaq bax ki, onun otağına girən olmasın. (Hər ikisi Fərrux yatan otağa keçir)
Səfibəy (bir az sonra qapının ağzına çıxıb, qorxa-qorxa gəzinir). Bu işin içindən bir şey çıxmasa yaxşıdır. Bir də ki, qonağa, özü də bəy balasına namərdlik heç ürəyimdən deyil.
Şükür bəy, əlində qanlı qəmə, otaqdan çıxır.
Şükürbəy. Nə olacaq, anasını ağlatdım. Mənim əlimdə adam öldürmək toyuq kəsməkdən asandır. Çamadandakıları gördüm, bəs pulu hardadır?
Səfibəy. Soltan xanımdadır.
Şükürbəy. Qalx, gətir. (Səfi bəy durmur) Qorxma, səninlə bölüşəcəyəm. Qalx gətir.
Səfibəy. Sonra. Arvad yatıbdır. Hələ de görüm, meyiti neyləyəcəksən?
Şükürbəy. Yaxşı dedin, həyətin bir tərəfində basdırarıq. Dur ayağa, bel, külüng gətir.
Səfibəy. Həyətdə bel də var, külüng də.
Şükürbəy. Qalx gedək.
Gedirlər. Soltan xanım və Ülkər gəlir. Səfi bəy onları görüb qayıdır.
Soltanxanım (Səfi bəyə). Bu nə səsdir? Nə qayırırsınız?
Ülkər. Çoxdan sizin səsinizə ayılmışıq, yata bilmirik.
Səfibəy. Qonağı qovdum getdi.
Soltanxanım. Neyçün?
Səfibəy. Şükür bəy onu tanıdı. Zalım oğlu bizi öldürmək üçün gəlibmiş. Oyatdım, qolundan tutub çölə atdım. Səhərə az qalır, bu zaman siz niyə xortlayıbsınız? Gedin yatın.
Soltanxanım. Şükür bəy hanı?
Səfibəy. Bir az keflidir. Ürəyi bulandı, həyətə çıxdı. Haydı, siz gedin!
Şükürbəy (qapıya yaxın gələrək). Səfi, gəl, hammallığı tək mənə etdirəcəksən?
Səfibəy. Gəlirəm. Çəkilin burdan deyirəm.
Ülkər. Gedirik. Sən bizdən nə istəyirsən?
Səfi bəy gedir.
Soltanxanım. Bunlarda heç insaf yoxmuş. Bu zaman insan da qonağı çölə atarmı?
Ülkər. Mən başqa şeydən qorxuram.
Soltanxanım. Nədən?
Ülkər. Yazığı öldürməsinlər?
Soltanxanım. Nə deyirsən, Ülkər? Heç elə iş olar?
Ülkər. Bunlardan nə desən çıxar. Bu zaman nə üçün yatmamışlar? Bizi buradan nə üçün qovur? Həyətdə nə işləri var?
Soltanxanım. Mən də şübhələnməyə başladım. Kor olsunlar, yoxsa, pulu üçün öldürüblər? Bu kişinin acgözlüyü ocağımızı söndürəcək. Kaş pulu ona göstərməyəydim.
Ülkər. Ax, bu zindanda mən nələr görmədim!
Soltanxanım. Başımıza gələni gördün?
Ülkər. Qəlbim heç rahat deyil. Otaqlar qan qoxuyur, divarlar, qapılar, pəncərələr sanki “cinayət, cinayət!” – deyə səslənir. (Əsəbi dolaşır, pəncərəyə yaxınlaşır) Ax, dan yeri qızarır, xoruzlar banlayır. Ey qaranlıqları dələn göz, bu evdə bir cinayət olmuşsa, aç, onu ortaya çıxar.
Qapı döyülür.
Soltanxanım (qorxaraq ayağa qalxır). Bu zaman qapını vuran kim olar?
Ülkər. Haqqın toxmağı.
Qapı şiddətlə vurulur.
Səfibəy. (Həyəcan içində gəlir, qorxa-qorxa qapıya gedir) Kimsən?
Heydər. Mənəm, aç! Muştuluğa gəldim.
Səfibəy. Sən kimsən?
Heydər. Qonşunuz Heydərəm... Aç!
Səfi bəy qapını qorxa-qorxa açır
Səfibəy. Xeyir olsun, Heydər?
Heydər. Fərrux durmadımı?
Soltanxanım. Fərrux? Hanı Fərrux?
Heydər. Axşam qapınızın ağzında gördüm, əvvəlcə tanımadım. Saqqalını uzatmış, qiyafəsini dəyişmişdi. Sizi müjdələmək istədim, buraxmadı. “Bu gecə evimizdə qonaq adına qalacam, sabah tezdən gəlib müjdələyərsən”, – dedi. Gecə gözlərimə yuxu girməyib.
Soltanxanım. Ay?! Fərrux imiş. (Səfi bəyin yaxasından tutaraq, şaşqın) Hanı Fərrux? Oğlumu səndən istəyirəm!
Səfi bəy donub qalır.
Ülkər. Yoxsa öldürmüsünüz? Söylə, qardaşım nə oldu?
Soltanxanım. Bu saat onu mənə verəcəksən! Yoxsa, bu evə od vurub yandıraram!
Ülkər (taxt altında çamadanı görür, cəld çıxarıb). Çamadanı budur... Getsəydi, bunu da aparardı. Qardaşımı neylədiniz? (Anasını qucaqlayır) Ana! Ana! Fərrux getdi... (Əsəbi hıçqırıqlarla hər ikisi ağlayır)
Heydər. Mən bunlara ölüm müjdəsini verdim?
Şükürbəy (qollarını çirmələmiş halda içəri girir. Səfi bəyə). Qorxma, hər şey öz yerindədir.
Ülkər. Ah, qardaşımın qatili! (Hücum etmək istəyir, çəkilir və hıçqırıqlarla yıxılır)
Şükürbəy (heyrətlə). Bunlara nə oldu?
İldırım pəncərədən Ülkəri səsləyir. Onu özündən getmiş vəziyyətdə
görüb dərhal pəncərədən otağa atılır.
İldırım. Ha-ha-ha! Nə gözəl məclisdir! Elə bil tale məni bura bu gün qəsdən gətirmişdir. (Hamı qorxu və dəhşət içində) Ülkərin bu hıçqırıqları məni bu zülm toxumlarını bir-bir dənləməyə dəvət etmirmi?
Səfibəy. Dərd-dərd üstündən yağır.
Şükürbəy. Əfv et məni, İldırım!
İldırım. Xainlər, zalımlar əfv edilməz!
Göydə ildırım hiddətlə çaxır.
Ülk ər (ayılır, şaşqın-şaşqın İldırıma baxaraq). İldırım, səndəmi Fərruxun toyuna gəldin? Bax, yer, göy şənlik edir, atam da əllərini xınalamış, ha-ha-ha! (Əsəbi və çılğın qəhqəhələrlə gülür)
İldırım. Acıqlanma, Ülkər, ömrümdə birinci dəfədir ki, qadın olan yerə silah ilə girirəm. Bağışla məni.
Ülkər. Demək, intiqam üçün gəlibsən... Gəl, gəl, birinci məni öldür...
İldırım. Yox, mən səni görməyə gəlmişəm, Ülkər. İntiqam alınacaq adamlar isə başqadır.
Ülkər (özünü toplayaraq). Fərruxun intiqamını? Yox bu gecəki qonağımızın intiqamını mən alacağam. (Yaxınlaşaraq) Qılıncını ver bura, İldırım.
Səfi bəy yavaşca otaqdan çıxır.
İldırım. Sənin o incə qolların intiqam üçün yaranmamış, onu mənim öhdəmə burax, Ülkər.
Ülkər. Ver bura!
İldırım (qılıncı verib). Al, Ülkər, rəşadətini göstər.
Ülkər (qılıncı sürətlə alaraq qəflətən Şükür bəyi yaralayır). Al cəzanı!
Şükürbəy (böyrünü tutaraq qorxa-qorxa çəkilir). Uf, Ülkər, səndən ikinci yaranı gözləmirdim.
İldırım (gülərək). Ha-ha-ha!.. Qadınlar əlində intiqam qılıncı!
Arxadan Şükür bəyin yasavulları və Səfi bəy gəlir.
İldırımı dörd tərəfdən əhatə edirlər.
Buraxın, xainlər!
Yasavul. Boşuna çapalama. Pəncəmizdən qurtara bilməzsən.
Şükürbəy (irəli gəlib, amiranə). Buraxmayın, əllərini, ayaqlarını bağlayın, tez-tez!
Ülkər. Ax, İldırım, İldırım... (Ortalığa atılaraq) Buraxın onu! O zəncirləri mənə vurun!
Şükür bəy (Ülkərə). Çəkil, sən qarışma. Hələ vurduğun yaranın cəzasını görəcəksən.
İldırım. Yalvarma, Ülkər. Bunlar zəncirlərə pərəstiş edən başsızlardır. Mənim ayaqlarım, əllərim, bunların qəlbi, fikri zəncirlidir. (Zəncirlərə hərəkət verdikcə səslənir) Bax, Ülkər, bu zəncirlər mənə yaraşırmı? Amma nə gözəl də səslənir!
Ülkər. Kaş öləydim, İldırım, səni bu zəncirdə görməyəydim.
İldırım. Uşaqsan, Ülkər. Zəncirlərin səsi qulağımda səsləndikcə, bilsən, qəlbimdə nə sevimli güllər açılır. Bunun mənə verdiyi nəşəni heç bir musiqi verə bilməz. Bu səslər məzlumların qəlbindən qoparaq: – Zülüm! Zülüm! Zülüm! – deyə bağıran fəryadlardır. (Zəncirlərə işarə edərək) Bu ağırlıqları hər adam çəkə bilməz. Bunlar da mənim yüküm, mənim zinətimdir.
Şükürbəy. Gəbərməyə gedərkən yenə də qürurundan əl çəkmir.
İldırım. Məni ölümlə qorxutma. (Əsəbi gülərək) Ha-ha, İldırım ölər, fikri ölməz. Zülm yaşamaz!
Şükürbəy. Çox söyləməyin, haydı, götürün!
Yasavul. Haydı! (Əlilə İldırımı itələyir)
İldırım (zəncirlərə hərəkət verərək). Sağ ol, Ülkər. Qəlbində yeni açmış olan çiçəklər əmanəti.
Ülkər (diz çökərək). İldırım! İldırım!
İldırım (göydə ildırım şiddətlə çaxır). Ey müdhiş səsli ildırım, sən sus! Zəncirli dağları yarıb axan sellərin bu zülmləri silib-süpürə bilməz. Ona başqa bir qüvvət gərəkdir. Onu birləşmiş elin nəhəng qüvvəsi yer üzündən götürəcəkdir! (Ağır-ağır otaqdan çıxarkən)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-ildirim-besinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Çeşməli yaşıl dağlar,Yazdır, gül, açıl, dağlar.
ŞikayətlərimYenə hər yanda hökm edir zülmət!Yenə söndü o nazənin ülkər!
Vətənə qayıdarkənEy bulanıq Kür, dərə, səhra, çəmən!Bu görünən sənmisən, ah, ey vətən?!
Hər şey köhnəDoğarmı bir yenilik bu hilalın altında?..Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!
Poems by other poets
Qürrətül-üyunum, ay Güllü xanımHünərin var, bu meydanə gəl indi
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
دیر پیوند بتی زود کسلروی بر تافته زین تافته دل
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,