Beşinci pərdə
Birinci şəkil
Səhnə Quzğun şahın zülmət kimi qaranlıq ölkəsini təsvir edir. Susuz, çılpaq çöl, ara-
sıra şiddətli külək əsir, ətrafdan qorxunc səslər gəlir.
Elman. Mən hardayam? Bu qorxunc səslər nədir? Ah, məni Gözəlimin üzünə həsrət qoyan azğın düşmən! Pərdə dalında gizlənmə, gəl mərd kimi qarşıma çıx! Qolumun gücünü gör, qəlbimin öcünü.
Dörd ətrafını qılınclayır. Şimşad ilə İfritə cadu kəndli
qiyafəsində arxalarında şələ odun gəlirlər.
İfritəcadu. Ey, sən kimsən? Divlər ölkəsində nə gəzirsən?
Elman. Məni uca diləyim bu yerə atmışdır. Siz kimsiniz?
İfritəcadu. Bu yerdə divlərin qorxunc səsindən, aslanların müdhiş nərəsindən insanın ölü partlayır, sən bu yerlərə necə gəldin?
Elman. Məni bir qarı aldatdı.
İfritəcadu. Bilirəm, o, insanların düşməni İfritə cadudur. O çoxunu aldadıb bu susuz çöllərdə məhv etmişdir.
Elman. Bu ölkə kimindir? Bu yerlərdə kimlər yaşayır?
İfrətəcadu. Yazıq! Divlərin qorxunc nərəsini eşitmirsənmi? Bura Quzğun şahın torpağıdır.
Elman. Elə isə səadət düşməninin yerini mənə nişan verə bilərsənmi?
İfrətəcadu. Neyləyirsən? O sənin nəyinə gərək?
Elman. Mənim bütün varlığım, xalqımın səadəti onun əlindədir.
İfritəcadu. Bilirəm, bilirəm, Dünya gözəli!
Oğlan, sən sevdiyin quş
Başqa budağa qonmuş.
Quzğun şahın əlinə
Düşmən tapmaz qurtuluş.
Elman. Bir-birinə dəysə yer, göy, ey ana.
Mən yanağı solmazımdan keçmərəm!
Ürəyimin tellərini oynadan
Gül-çiçəkli şən yazımdan keçmərəm!
Al dodağı, gül camalı can alır,
Al buxaqda qoşa xalı can alır.
Hər baxışı, hər xəyalı can alır,
Yad budağa qonmazımdan keçmərəm!
İfritəcadu. Onu unut, oğlan! Quzğun pəncəsinə düşən geri qayıtmaz!
Elman. Xala, sən onu mənə göstər, dalısınca işin olmasın.
İfritəcadu. Görünür igidsən, qolunun gücünə çox güvənirsən, gəl igid oğlan, gəl, Quzğun şahın sarayını sənə göstərim, get sevgilini qurtar. Quzğun şahı öldür, bizi də xilas et! (İfritə cadu ağacı ilə yerə cız çəkir və səhnəni dörd dolanıb durur. Elmana istehza ilə baxaraq, qəhqəhə ilə gülür) Ha... ha... ha... Oğlan, ömrün uzunu cız çəkdiyim, bu dairədən dışarı çıxa bilməyəcəksən! Mən getdim, sağ ol!
Elman səhnəni dörd dolanır, hər tərəfə gedir, cızdan dışarı çıxa bilməyir... Uzaqdan
ona qəhqəhə ilə gülürlər. Elman acığından havanı qamçılayır, əsəbi hallar keçirir. Bu
zaman çalğı səsi ucalır. Əllərində məşəl bir neçə çirkin qiyafəli adam görünür, onlar
çalıb oxuyur. O səsdən ağaclar, yarpaqlar, hər şey, hətta Elman da oyanır.
Onlaroxuyur.
Yer oynayır, göy oynayır,
Dərə, təpə, dağ oynayır,
Ağacda yarpaq oynayır.
Hər oynayan şən oynayır,
Önümdə düşmən oynayır.
Səsi kəsilir Elman oynamaqdan yorulub bihuş yerə yıxılır. Elman gözlərini açıb
dəhşət və həyəcan içində ətrafa baxarkən Bilici ona yanaşır.
Bilici. Qalx, oğlum, qalx, polad döyülməsə bərkiməz. Səni bu fəlakətdən yalnız bilik və cəsarət qurtaracaq! (Bilici görünməz olur)
Elman. Ah, bu fəlakətli çöllərdə mənə ürək verən kimdir? Yoxsa öz vicdanımın səsidir? Ah, məni Gözəlimə həsrət qoyan düşmən, sənin tilsimlərini qıra bilsəydim!
Şimşad qoca bağban qiyafəsində görünür. Elman heyrətlə ona baxır.
Şimşad. Oğlan, söylə sən kimsən?
Elman. Yol azmış yolçuyam.
Şimşad. Burda neyləyirsən?
Elman. Divlər torpağındayam.
Gözəl ov itirmişəm,
Gəzirəm, sorağındayam.
Məni düşmənlər bu yerə atmış; bu ölkədə qarşıma çıxanlar mənə dost kimi yanaşmış, düşmən kimi ayrılmış. Bilmirəm sən dostsan, ya düşmən?
Şimşad. Məndən arxayın ol. Görürəm, igidsən, igidlər üçün isə edilən yaxşılıq batmır. Bu qoca bağban sənə hər cür kömək etməyə hazırdır.
Elman. Baba can, səndən bircə xahişim var, işıqlı dünyanı belə zülmətə çevirən Quzğunun sarayını mənə nişan verəsən. Başqa heç bir şey istəmirəm.
Şimşad (heyrətlə). Quzğun şahın sarayı?.. O sənin nəyinə lazım?
Elman. Sevgilim Dünya gözəlini onun pəncəsindən qurtarmaq istəyirəm.
Şimşad. Dünya gözəlini?.. O sənin nəyindir?
Elman. O mənim qəlbimdir, həyatımdır. Sən onu tanıyırsanmı?
Şimşad. Eh, səni bəxtin çəkib buraya gətirmişdir. Bu saat Gözəlinə səni qovuşdursam, nə verərsən?
Elman (həyəcanla). Bütün ömrüm uzunu bir qul kimi sənə qulluq edərəm. Tez söylə, Gözəlim hardadır?
Şimşad. Gözəlin bu yaxında, Quzğun şahın sarayındadır. Sənsiz yaman darıxır, hər gün mənim bağıma gəlir, oturub dərdləşirik. Eh, oğlum, mənim də başımda böyük faciələr var. Sonra danışıram. Gözəl hər gün səndən danışır. Sən dəmirçi oğlu Elman deyilsənmi?
Elman. Dəmirçi oğlu Elmanam!
Şimşad. Gəldiyini gedib ona xəbər verimmi?
Elman. O tərlan baxışlı, ceyran yerişli Gözəlimin əlini əlimə versən, min canım olsa sənə qurban edərəm.
Şimşad. Darıxma, oğlum, sən otur, dincəl, mən onu çağırım. (Gedir)
Elman (həyəcanlı). Qəlbim deyir, ağlım isə inanmır. Bu qoca mənə sadiq olsa, Quzğun şah mənim əlimdən qurtara bilməz. Ah, Gözəl, Gözəl!
Görünür qovuşmaq zamanı gəlir,
Ayrılıq həsrəti qəlbimi dəlir.
Ürəyim çırpınır, əsir quş kimi
Acıqlı naləsi göyə yüksəlir.
İfritəcadu Dünya gözəli qiyafəsində gəlir, Elmanı görüncə
İfritəcadu. Dünya gözəli qiyafəsində gəlir, Elmanı görüncə
İfritəcadu. Ah, Elman, Elman, sən gələn yollara canım qurban!
Elman (qollarını açaraq qucaqlaşırlar). Ah, qəlbim, sevincim, ölmədim, üzünü bir də gördüm.
İfritəcadu. Elman, tez ol qurtar məni bu zindandan.
Elman (çəkilərək). Ah, nəfəsin qəlbimi yandırdı. Sən Gözəl deyilsən, onun nəfəsi saf bahar səhərindən daha ətirli idi.
İfritəcadu. Ey köməyim, sən məndən qaçırsan? Yoxsa məni daha sevməyirsən?
Elman. Çəkil İfritə cadu!
İfritəcadu. Elman, Elman, yaxın gəl, həyat sənsiz mənə zindandır.
Elman. Ah, xain qadın, dodaqlarım od tutub yanır, ürəyim döyünür, gözlərim qaralır, başım dəyirman daşı kimi fırlanır.
İfritəcadu odlu kösöy ilə ona hücum edərkən Bilici gəlir,
əlindəki uzun çubuqla kösöyü vurur.
Bilici. Qırıl ey tilsim, qırıl!
BiliciElmana görünmədən çəkib gedir. İfritəcadu
Elmana yanaşan kimi, onu qılıncla vurur.
Elman. Yaxın gəlmə!
İfritəcadu aldığı yaradan bağırıb yerə yıxılır, dəhşətli səslə ufuldayır. Elman
ona yaxınlaşıb qılınc ilə bir də vurur. İfritəcadu bağırır, hava qaralır, külək qopur.
Elman. Ən qorxunc bir düşmənimi öldürdüm. Ancaq hələ tilsimdəyəm, Gözəli qurtarmaq ümidim azdır.
Ətrafı qılınclayır, Gözəl görünür.
Dünyagözəli. Elman, yel ol, sel ol, gəl məni qurtar!
Elman həyəcanla Dünyagözəlinə tərəf gedir. Gözəl yox olur, Elman
yerində mıxlı kimi qalır. Bir daş üstündə oturur.
Elman. Ah, röya kimi göründü, xəyal kimi yox oldu.
Çırpındım uçmağa sən qonan yerə,
Qanadım bağlıdır, qolum zəncirli.
Qorxunc bir lövhədir hər bir mənzərə,
Ürəklər paslıdır, vicdanlar kirli.
Bu çöldə görmədim şən ötən bir quş,
Hər yanda ulaşır canavar, bayquş.
Tilsimlər içində ölsəm də, gec, tez
Gözəlim tapacaq, zəfər, qurtuluş.
Çəkil ey qaranlıq, dağıl ey duman,
Mənimlə gəl oyun oynama, düşman!
Elimdə analar, oğullar doğmuş
Hər biri Elmandan daha qəhrəman.
Bilici. Uğur olsun, Elman! Sən bu divlər ölkəsində nə gəzirsən?
Elman (acıqlı). Çəkil ey div, çəkil, yaxın gəlmə! (Qılıncını qaldırır)
Bilici. Sənə nə olmuş, öz köhnə dostunu nə tez unutdun?
Elman (acıqlı). Sənə çəkil deyirəm!
Bilici. Oğlum! Mən səni qurtarmağa gəldim.
Elman. Hər gələn bu dadlı vədləri verir, dost kimi yanaşır, düşmən kimi ayrılır. (Özünün tilsim içində olduğunu bildirmək üçün çırpınır)
Bilici. Dayan, qılınc açmayanı bilik açar. Qırıl, ey tilsim, qırıl! (Əlindəki çubuğu yerə vurur. Elman özünü azad hiss edir)
Elman. Ey məni bu odlu tilsimdən qurtaran insan, söylə sən kimsən? Mənim ən ağır günlərimdə, ən çətin zamanlarımda köməyə gəlirsən. Tez söylə, sən kimsən?
Bilici. Mən sənin mərdliyin, Vətənin, dostunam.
Elman. Bilirəm, sən mənim ən əziz, ən sevimli qayğıkeş bir dostumsan. Ancaq kimsən? Səni and verirəm yer üzünə aydınlıq saçan günəşə, söylə sən kimsən?
Bilici. Oğlum, mən qoca Biliciyəm.
Elman (önündə diz çökərək). Ey ürəklərə, ağıllara işıq, elə, ölkəyə yaraşıq verən böyük Bilici, uğurlar olsun!
Bilici (onun əlindən tutub qaldırır). Elin, ölkənin namuslu oğlu, qalx! Bəxtiyar olmaq istəyirsənsə, məndən ayrılma! Qılınc açmayanı bilik açar.
Elman. Əmin ol, ata can! Səndən heç bir zaman ayrılmayacağam. Sənə min təşəkkür, Bilici baba!
Bilici ona parlaq bir gövhər verir.
Bilici. Al bu gövhəri, canından əziz saxla, o səni hər çətinlikdən qurtarar.
Elman gövhəri alıb baxır, onu hər tərəfə çevirir, bir rəng verir,
şəfəqlər içində yanır.
Elman. Bilici babanın əziz yadigarı, səni qəlbimin içində saxlayacağam. (Bilicinin qarşısında diz çökərək) Baba can, gözü yolumda qalanlar var.
Bilici onun qolundan tutub qaldırır və alnından öpür.
Bilici. Get, oğlum, get, gülə-gülə,
Uğur olsun səfər sənə!
Bayram gətir yaslı elə,
Gülsün şanlı zəfər sənə!
Elman (Bilici babanın əlini öpdükdən sonra). Hazır ol, əsarət, zülmət! Bütün biliyimlə, qüvvətimlə silahlanıb gəlirəm!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-veten-pyes-besinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Səhnə Jirikovun çadırını təsvir edir.*Jirikov**. Zəhra qaçmış, heç inanmıram.
Qaraçı qız(Mövzusu S.S.Axundovun eyni adlı hekayəsindən alınmışdır)*İştirak edənlər
Birinci pərdəBirinci şəkilSəhnə, səhər çağı meşədə çay kənarında qaraçı düşərgəsini təsir edir. Qaraçı ailələri*
İkinci pərdəÜçüncü şəkilSəhnə meşəni təsvir edir. Bir-birindən aralı ağaclar, kol-kos. Yaxında bir kiçik*
Poems by other poets
Kəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Yanıb-sönən işıqlarƏrəblər yığılmış sahil boyunca,Açırıq dost kimi ürəyimizi.
Sevdayi-saçın, keçsə yüz il, sərdən üzülməzSevdayi-saçın, keçsə yüz il, sərdən üzülməz,Can riştəsi geysuyi-sitəmkərdən üzülməz,
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.