Turqun yaşı üç yüz ilə çatırdı,
Yaş göstərir kimliyini adamın.
At çapırdı ovlaqlarda, çöllərdə,
Yaş göstərir kimliyini adamın.

Bir azcana şişmiş idi qıçları,
Ağarmışdı kirpikləri, qaşları,
Pambıq idi haçalanmış saçları,
Yaş göstərir kimliyini adamın.

Çox dadlara, duyğulara uymadı,
Anasının düz yolundan caymadı,
Yersiz-yersiz sevgiləri saymadı,
Yaş göstərir kimliyini adamın.

Şimşəkatı kişnəyirdi yaylaqda,
Şimşəkqılınc şütüyürdü ovlaqda,
O baxırdı öz-özünə qıraqdan,
Yaş göstərir kimliyini adamın.

Soyuyurdu vuruşlardan ilbəil
Parsel, Muğel, Çinel, Hindel, Asurel,
Dincəlirdi torpaq, yaraq, dəniz, göl,
Yaş göstərir kimliyini adamın.


Təkcə Parsel vergilərdə batmışdı,
Diləkləri tarım çəkən vergidir.
Darvideldə yenə vuruş gedirdi,
Diləkləri tarım çəkən vergidir.

Darvideli qatmaq üçün Parselə,
Üzay ilə Xruş verdi əl-ələ,
Kələzdənib dirənirdi el elə,
Diləkləri tarım çəkən vergidir.

Cümər öldü, Manayqız da dul qaldı,
Qardaşına qayğıları azaldı,
Xruş ona arxa oldu, güc oldu,
Diləkləri tarım çəkən vergidir.

Xruş onu pişim-pişim bəslədi,
Hərdən onu Manayşah da səslədi,
Bic-bic gülüb, gizli-gizli gözlədi,
Diləkləri tarım çəkən vergidir.

Turqla Manay bir-birini yanladı,
Bir-birini orda, burda danladı,
Xruş isə yerli, yersiz banladı,
Diləkləri tarım çəkən vergidir.


Xruş çoxdan susamışdı şahlığa,
Qan istəyir qanlı biclik, yüksəliş.
Manayı da bunca kəsi edirdi,
Qan istəyir qanlı biclik, yüksəliş.

Xruş dedi: – Mindiyarı tutaram,
Parseli də Mindiyara qataram.
İstəyimə, diləyimə çataram,
Qan istəyir qanlı biclik, yüksəliş.

Turqu, bir də Alçiçəyi daşlaram,
Çox işləri yavaş-yavaş boşlaram,
“Ölkə-ölkə” oyunumu başlaram,
Qan istəyir qanlı biclik, yüksəliş.

Mənim ola gərək böyük Mindiyar,
Mənim ola bu ölkədə nə ki var,
Saxlancıma qızıl, gümüş qalanar,
Qan istəyir qanlı biclik, yüksəliş.

Turq Tanrının öyüdünü anırdı,
Mindiyara onu başraq sanırdı,
Ancaq hərdən alışırdı, yanırdı,
Qan istəyir qanlı biclik, yüksəliş.


İncimişdi o, bacısı Manaydan,
Bacı gərək qardaşını atmaya.
Gedib bacı oturmuşdu Parseldə,
Bacı gərək qardaşını atmaya.

O bilmirdi bu inciklik nədəndi,
Bu deyirdi, bu ayrılıq səndəndi,
O deyirdi, bu çəkişmə səndəndi,
Bacı gərək qardaşını atmaya.

Xruş tez-tez yollanırdı Arana,
Göz dikmişdi Qobuçölə, Muğana,
O yerlərdi burda bolluq yaradan,
Bacı gərək qardaşını atmaya.

Yerinc qoymaq istəyirdi Manayı,
Bir də gizli saxlayırdı Üzayı,
Yüyən etmək Mindiyara cüt çayı,
Bacı gərək qardaşını atmaya.

Axmaqdaydı ürəyindən Kür, Araz,
Diləyində bu qoşa çay göy qotaz,
Ancaq özü bu çaylardan çox dayaz,
Bacı gərək qardaşını atmaya.


Ağüz gəldi Odərboya toplumla,
Hər bir şeyi öncə bilən Tanrıdır.
Odərboyu Odərboydan elədi,
Hər bir şeyi öncə bilən Tanrıdır.

Boyük Turq da yarıtanrı sayılır,
Dedikləri el içində yayılır,
Üz-gözündə ay işığı duyulur,
Hər bir şeyi öncə bilən Tanrıdır.

O bilirdi, bir gün Ağüz gələcək,
Odərboydan danışacaq, deyəcək,
Oğlu üçün ağlayacaq Alçiçək,
Hər bir şeyi öncə bilən Tanrıdır.
Ancaq Ağüz Pars elindən danışdı,
“Manay, Xruş” sözü sözə qarışdı,
Turq da elə bu sözlərdən yapışdı,
Hər bir şeyi öncə bilən Tanrıdır.

Dedi: – Oğlum, Ağüz, başın qarışıb,
Sənsən indi toplumumda minbaşı,
Sənsən mənə Odərboyun qardaşı,
Hər bir şeyi öncə bilən Tanrıdır.


Get Muğelə, Uğurelə, Çinçaya,
Başçı gərək ipi əldən verməsin.
Ölkənin də ipi-sapı yollardır,
Başçı gərək ipi əldən verməsin.

Get Parselə, duruş yarat, yerinc ol,
Manayqıza arxa dayan, görünc ol,
Bu gəlişlə Mindiyara qorunc ol,
Başçı gərək ipi əldən verməsin.

Ağüz dedi: – Böyük Turqa mən kəsi,
Minel ilə Mindiyarın zirvəsi!
Çəkilməsin üstümüzdən kölgəsi!
Başçı gərək ipi əldən verməsin.

Mən Xruşu vurdum, əzdim, dağıtdım,
Al qanını sarı quma axıtdım,
Ölən yerdə, ölüm ilə qorxutdum,
Başçı gərək ipi əldən verməsin.

O ölməyib, yaralanıb, sən demə,
Sonra durub yenə gedib Parselə,
Verib Manay Üzay ilə əl-ələ,
Başçı gərək ipi əldən verməsin.


Mən demirəm o satqındır, bu satqın,
Satqınlığın izi üzdən bəllidir.
O, şahlığa hazırlayır Manayı,
Satqınlığın izi üzdən bəllidir.
Eşitmişəm ona Manayşah deyir,
Bilmirəm ki, bu Xruşa nə deyim,
Xruş nədir, qoyunboğaz, tuncgeyim,
Satqınlığın izi üzdən bəllidir.

Ağüz dedi: – Öldürəndə onu mən,
“Əkbitəni-dedi-yaxan mənəm, mən”,
“Bil, Cuməri öldürən də mənəm, mən”,
Satqınlığın izi üzdən bəllidir.

Gülüncdür o, tez-tez bərkdən ulayır,
Bu ölkəni o ölkəyə calayır,
Ancaq üzdə Xruş kasa yalayır,
Satqınlığın izi üzdən bəllidir.

İzn verin, mən bu işə qarışım,
Gedib orda Manayqızdan soruşum,
Orda gedir qanlı ölüm, barışıq,
Satqınlığın izi üzdən bəllidir.


Turq söylədi: – Manay ona aldanmaz,
Düyün düşər iş iş üstə qalansa.
Çox işləri buraxmışıq başına,
Düyün düşər iş iş üstə qalansa.

Deyən, Manay unudubdur özünü,
Şahlıq yeri tutub qızın gözünü,
Doğru sanıb o, Xruşun sözünü,
Düyün düşər iş iş üstə qalansa.

Bir öyrən, gör, Üzay kimdir, nəçidir,
Hansı elin, hansı soyun köçüdür,
Hansı yurda o qız ölçü-biçidir,
Düyün düşər iş iş üstə qalansa.

Bir də öyrən, nə istəyir o harın,
Sevgi olmaz, biclik olar bu andır,
Yaş toqquşu çox böyükdür onların,
Düyün düşər iş iş üstə qalansa.

Ağüz dedi: – Tək çıxaram bu yola,
Odərboyda başçı yerim boş qalar,
Yoxsa onun ayaqları yer alar,
Düyün düşər iş iş üstə qalansa.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets