Tanrıların göstərişi var idi,
– Düzdə qalar düz yolunu azanlar,
Bələşmişdir qan-qadaya yer üzü,
Düzdə qalar düz yolunu azanlar.

Bu qan-qada tuta bilər hər yanı,
Buna görə yumalıdır qan qanı,
İnam gərək yox eləyə yamanı,
Düzdə qalar düz yolunu azanlar.

Gərək elə güclü ola inanış,
İnam üstə evin qura yaranış,
Yalanlardan süpürülə yaşayış,
Düzdə qalar düz yolunu azanlar.

Bir söz deyən çıxmalıdır araya,
Biz deyəni desin elə, obaya.
Desin ağa ağ, qaraya o qara,
Düzdə qalar düz yolunu azanlar.


– Ey Əhrimən, yalanların tanrısı,
Tanrı gərək dayaq ola dirriyə.
Yandırırsan, qurudursan hər yanı,
Tanrı gərək dayaq ola dirriyə.

Ey Əhrimən, nə yamanlıq edirsən,
Yamanlıqla sən haraya gedirsən.
Gündən-günə kiçilirsən, itirsən,
Tanrı gərək dayaq ola dirriyə.

Vuruşdurub adamları gülürsən,
Hər bir şeyi yaxşı, pisə bölürsən,
Bu gedişdə sən özün də ölürsən,
Tanrı gərək dayaq ola dirriyə.

Yaxşılıqla pisin kökü qazılar,
Pis od ilə, kəsi ilə basılar,
Son sorğuda o, boğazdan asılar,
Tanrı gərək dayaq ola dirriyə.


Ahur-məzda basar bir gün yamanı,
Yer hərlənib gələr ilkin yerinə.
Pislik ölər, yaxşılıqlar dirilər,
Yer hərlənib gələr ilkin yerinə.

Gülüş, sevinc dodaqlarda güllənər,
Əhrimənin kökü divdən bellənər,
Hamı bir dil, bir görümlə dillənər,
Yer hərlənib gələr ilkin yerinə.

Odev olmaz, dincev olar yer üzü,
Nə ac olar, nə sel, yanğın, nə tüstü,
Aralıqda nə barışıq, nə küsdü?
Yer hərlənib gələr ilkin yerinə.

Tanrı gələr adamlara qarışar,
Ellər, dillər, acıqanlar barışar,
Gücdə deyil, hamı işdə yarışar,
Yer hərlənib gələr ilkin yerinə.


Suböləndə yaşayırdı beləsi,
Küskün olar el gözündən yayınan.
O, göylərlə danışırdı gizlicə.
Küskün olar el gözündən yayınan.

On beş yaşda ayaqyalın gəzirdi,
Söz yığırdı, düzümləyib yazırdı.
Tək qalaraq öz-özündən bezirdi,
Küskün olar el gözündən yayınan.

Əl tuturdu hərdən əkin, biçində,
Dolaşırdı yaylaqların köçündə,
Ayaqyalın gül-çiçəklər içində,
Küskün olar el gözündən yayınan.

**Behişt

Bax, bu sayaq dolaşırdı düzləri,
İpə-sapa gəlməyirdi sözləri.
Qatdaq idi bir azcana dizləri,
Küskün olar el gözündən yayınan.


Hərdən ona qoşulurdu anası,
İz arayıb, bala deyən anadır.
Qoruyurdu onu yalan, yamandan,
İz arayıb, bala deyən anadır.

Anasının adı Doğdu qız idi,
Düşük oğlu Sərtiş ərə göz idi,
Düşüncəsi, yolu, sözü düz idi,
İz arayıb, bala deyən anadır.

Hamı gəlib Sərtiş ərə baxırdı,
Adı-sanı qaranlığı boğurdu,
Üz-gözündən sanki işıq yağırdı,
İz arayıb, bala deyən anadır.

Subölənin çiçəkləri yapyaşıl,
Çiçəklərə ildə dörd ay o, qonaq,
Gül-çiçəyə söyləyirdi bu sayaq,
İz arayıb, bala deyən anadır.


Deyirdilər dəlisovdur Sərtiş ər,
Yük daşıyar düşüncədən dəlisov.
Deyirdilər göylər ilə danışır.
Yük daşıyar düşüncədən dəlisov.

Deyirdilər Duzgöl yanı kənddəndir,
Dili topuq, sümükləri ətdəndir,
Qanı sudan, günəşdəndir, otdandır,
Yük daşıyar düşüncədən dəlisov.

El-obada az danışıb, gülürdü,
Oturanda öz yerini bilirdi.
Handan-hana o da dilə gəlirdi
Yük daşıyar duşüncədən dəlisov.

Ağsaqqallar sevməyirdi bu gənci,
Ad almışdı "ayaqyalın dilənçi".
Sarı üzdü, yekə başdı, iyrəncil,
Yük daşıyar düşüncədən dəlisov.


Düzümləri gülməliydi, dərindi,
Dərin olur suyu sərin quyular.
Həm çəkinir, həm sevirdi el onu,
Dərin olur suyu sərin quyular.

Ala gözlər ürkək idi, uyğulu,
Gənc üzünün görünüşu qayğılı,
Danışığı sayıqlıydı, sorğulu,
Dərin olur suyu sərin quyular.

Danışanda hərdən-birdən çaşırdı,
Doğruluqdan söz açanda daşırdı,
Qoşma deyib, sözdən düzüm qoşurdu,
Dərin olur suyu sərin quyular.

O, gənc ikən ana gözün qapadı,
Üzgün idi, əzgin idi o qadın,
Basdırıldı, Doğdu qaldı yer adı,
Dərin olur suyu sərin quyular.


Bacar qoydu Qızçiçəyi yerinə,
Tanrıların dediyindən yayınma.
Dedi, gedim Sərtiş əri axtarım,
Tanrıların dediyindən yayınma.

Keçdi dağı, gölü, çayı, meşəni,
Yaylaqları, qışlaqları, kövşəni.
Yay yağışı, yaz dumanı, qış çəni,
Tanrıların dediyindən yayınma.

Bayram tutdu Hindel bu gör-görüşü,
Gördü orda çox adamı, çox işi,
Gəzdi yol-yol hər meşəni, hər döşü,
Tanrıların dediyindən yayınma.

Sərtiş ərdən soraq verən olmadı,
Orda qalıb, burda yuva salmadı,
Gözəl idi ölkə, Bacar qalmadı.
Tanrıların dediyindən yayınma.


Çox yol getdi, yordu çox-çox yolları,
Yol qurtarmır, yol deməkdir yer üzü.
Yola döndü Minel, İlam, Mindiyar,
Yol qurtarmır, yol deməkdir yer üzü.

Hər şəhərdə bir ay, bir il oturdu,
Axtarışı yer-yer, kənd-kənd artırdı,
Son dözümü, inanışı qurtardı.
Yol qurtarmır, yol deməkdir yer üzü.

Gəlib keçdi, Əkbitənə girmədi,
Bir tanışa o tanışlıq vermədi,
İstəsə də Üstüağı görmədi,
Yol qurtarmır, yol deməkdir yer üzü.

Gəlib çatdı Subölənin yerinə,
Kirpik ütən istilərdən sərinə,
O yanaşdı qocalardan birinə.
Yol qurtarmır, yol deməkdir yer üzü.


– Ağsaqqalı, Sərtüz əri gəzirəm,
Yollanışdır, göndərişdir Sərtüz ər.
Axtarıram onu tanrı adından,
Yollanışdır, göndərişdir Sərtüz ər.

– Tanıyıram, saqqalı var, sapsarı,
Ala gözü, baxışları dupduru,
Dan yerində gəzir şehli yalları
Yollanışdır, göndərişdir Sərtüz ər.

Əyriliyi dağıdandır, sökəndir,
Yazısıyla azı, çoxu çəkəndir.
Doğruluğu ürəklərə əkəndir,
Yollanışdır, göndərişdir Sərtüz ər.

Çəkimi var, tutan yeri doğruluq,
Oddan sərtlik qapıb, sudan duruluq,
Quruda su, suda isə quruluq,
Yollanışdır, göndərişdir Sərtuz ər.


– Tanrı onu bizə toxdaq göndərib,
Tanrıların işığı var üzündə,
Ancaq onu başa düşmür varlılar,
Tanrıların işığı var üzündə.

Tanrı saymır onu çox ev yıxanlar,
Əldə tutur onu ələ baxanlar,
Gəzir onu sözlə ürək yaxanlar,
Tanrıların işığı var üzündə.

Burdan getsən, ona axşam çatarsan,
Ordan getsən, bataqlığa batarsan,
Bizə getsən, dincələrsən, yatarsan,
Tanrıların işığı var üzündə.

– Yox, tanıdım, gərək görüm onu mən,
Çox isindim sənin yuxa dilindən,
Gedim gərək öpüm onun dilindən,
Tanrıların işığı var üzündə.


Dağ ətəyi, yaylaları gəzdi o,
Bir mahnıdır hər gül, hər çay, hər bulaq.
Göz oxşayır boyaları güllərin,
Bir mahnıdır hər gül, hər çay, hər bulaq.

Uca dağlar burda verib əl-ələ,
Sarmaşıbdır gül ağaca, gül gülə,
Qayaları döş-döşədir, bel-belə,
Bir mahnıdır hər gül, hər çay, hər bulaq.

Mamır bitib daşlarının belində,
Dalğalanır quş qanadı yelindən,
Bir dinclik var bu döşlərin gülündə,
Bir mahnıdır hər gül, hər çay, hər bulaq.

Gör-gör burda alıb dirrik adını,
Bulud burda çapır köhlən atını,
Buradadır gözəlliyin yatımı,
Bir mahnıdır hər gül, hər çay, hər bulaq.


– Oğul, kimsən, dayan, sənə sözüm var,
Dağ ucalıq, çöl gözəllik paylayır,
Sərtüz əri görməliyəm bu yerdə,
Dağ ucalıq, çöl gözəllik paylayır.

Gözü ala, saçı sarı, üzü ağ,
Ay kimidir, üz işıqlı, yuvarlaq.
Ayaqyalın gül-çiçəyə bataraq,
Dağ ucalıq, çöl gözəllik paylayır.

– Sən axtaran mənəm, alnı lələkli,
Atı yorğa, özü dəmir biləkli,
Çinar qollu ərən, qaya kürəkli,
Dağ ucalıq, çöl gözəllik paylayır.

– Nə yaxşı ki, səni tapdım burada,
Məni yardım verib sənə yaradan,
Qoruncunam sənə tanrı sarıdan,
Dağ ucalıq, çöl gözəllik paylayır.


– İgid ərən, çox yol keçib gəlibsən,
Yaşayışı tanrı özü qoruyur.
Odu, suyu, göyü, yeri, bitkini,
Yaşayışı tanrı özü qoruyur.

Bil ki, gözdən yayınanam mən özüm,
Dizlərimdə güc yoxdursa, var dözüm,
El içində gücə dönür hər sözüm,
Yaşayışı tanrı özü qoruyur.

Mən bilirəm sən güclüsən, yaxşısan,
Uğureldə sevimlisən, başçısan.
Gənc olsan da yaşlılardan başlısan,
Yaşayışı tanrı özü qoruyur.

Məni el-el, addım-addım izləmə,
Qoruq edib, məni gəzmə, gözləmə.
Tanrıların qoruncuyam sözlə mən,
Yaşayışı tanrı özü qoruyur.


Dirrik mənə beş min ildir tanışdır,
Gələn gəlmir, gedən getmir biryolluq,
Bu dirriyə gəldim üç yol, üç adda,
Gələn gəlmir, gedən getmir biryolluq.

Sərtiş ərəm, Sərtüz ərəm, Sarıdöş,
Hər üçündə bir yaşayış, görünüş,
Sonuncu yox, üçüncüdür bu gəliş,
Gələn gəlmir, gedən getmir biryolluq.

Qorunc olma mən qoruncun özünə,
Yayınc kəsil yazdığıma, sözümə,
Onda tanrı görünəcək gözünə,
Gələn gəlmir, gedən getmir biryolluq.

Məni burda başa düşən çox azdır,
Dirrik hələ yırtıcıdır, dayazdır,
Yoxsul çoxdur, varlılarsa konazdır,
Gələn gəlmir, gedən getmir biryolluq.


Yollanışam mən tanrılar adından,
Göydə tanrı birdir, adı yeddidir.
Su, od, göy, yer, bitki, günəş, doğruluq,
Göydə tanrı birdir, adı yeddidir.

Sərtiş ərdir bu dirriyə od ata,
Təpın, inan, kəsi kəsil sən oda,
Onda yerdən yığışılar qan-qada,
Göydə tanrı birdir, adı yeddidir.

Get, başçı ol Uğurelə, Hindelə,
Acılığı külə döndər, ver yelə.
İnanışla o elləri al ələ,
Göydə tanrı birdir, adı yeddidir.

Bunu bizə Ahur-məzda buyurub,
O, bizləri Əhriməndən qoruyur,
Yaman, kəsi ocaq ilə qarıyır,
Göydə tanrı birdir, adı yeddidir.


– Mən inamın dib daşını tapmışam,
Hərə gərək bir ev tikə, bağ sala.
Yaranışın ilk adı da inanış,
Hərə gərək bir ev tikə, bağ sala.

İnanışı olmayanın özü yox,
Öz-özünü tanımağa gözü yox,
Öz yurduna, öz elinə sözü yox.
Hərə gərək bir ev tikə, bağ sala.

Son sorğu var yaşayanlar öləndə,
Varlı, yoxsul birdir bura gələndə,
Etdikləri yaxşı, pisi böləndə,
Hərə gərək bir ev tikə, bağ sala.

Varlı, yoxsul birdir sorğu günündə,
Hamı birdir sorğuların önündə,
Odev, Dincev-iki yolun yönündə,
Hərə gərək bir ev tikə, bağ sala.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love