Əbülfət xan Tuti

ö. 1839 · Şair · XIX əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Əbülfət xan Cavanşir — Azərbaycan sərkərdəsi, Cənubi Qafqazda Qarabağ xanlığının hakimi İbrahimxəlil xanın oğlu, 1804–1813-cü illərdə Rusiya–İran müharibəsinin iştirakçısı. O, türkəsilli Cavanşir tayfasından idi.

Bir cariyənin oğlu olduğu üçün onun atasının qanuni varisi olmaq imkanı az olmuşdur. Zaman-zaman loyallığını Qacar dövləti ilə Rusiya imperiyası arasında dəyişdirən ailəsindən fərqli olaraq, o, ardıcıl olaraq Qacarları dəstəkləmişdi. O, müharibə başlayan zaman Qacar sülaləsinin vəliəhdi Abbas Mirzənin sərkərdəsi və məsləhətçisi olmuşdur. O, tezliklə Qafan və Meğri üzərində də nəzarəti ələ keçirmişdi. 1810-cu ildə Abbas Mirzə Əbülfət xanı Araz çayının cənub sahilində yerləşən Dizmar qalasına vali təyin etmişdi. İran ilə Rusiya 1813-cü ildə Gülüstan müqaviləsini imzalayaraq sülh bağlamış və bu müqavilə İranın Qarabağı təslim etməsinə gətirib çıxarmışdır. Müharibə bitdikdən sonra Əbülfət xan Dizmar üzərində nəzarəti davam etdirmişdi. 1818-ci ildə Abbas Mirzənin yenicə zəbt etdiyi bəzi de-fakto Rusiya torpaqları üzərində ona valilik verilmişdi. Onun həyatı və fəaliyyəti bu andan ölümünə qədər məlum deyil və 1826–1828-ci illərdə Rusiya–İran müharibəsində iştirak edib-etmədiyi naməlumdur. Onun dörd oğlu var idi və onlardan biri 1859-cu ildə İranın ədliyyə naziri olmuş Abbasqulu xan Mötamaddövlə Cavanşir olmuşdur.

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət