Əli bəy Hüseynzadə

1864 — 1940 · Şair · XIX-XX əsr

  • Azərbaycanca (ərəb əlifbası)

Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) — Azərbaycan mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmişdir.

Nəslin ilk bilinən nümayəndəsi şeyxülislam Axund Əhməd Salyanidən qabaq 39 il Qafqaz şeyxülislamı olmuş Axund Məhəmmədəli Salyanidir (1791–1852). Məhəmmədəlinin qardaşı Əlidən Axund Əhməd Salyani (1812–1884) dünyaya gəlib.
Əli bəyin nənəsi Hüsniyyə şeyxülislam Axund Məhəmmədəlinin iki qızından biridir. Digər qızı isə Nisə xanımdır və Əli bəyin çəkdiyi "Azərbaycanlı ailəsi" tablosunda təsvir olunan yaşlı qadın məhz Nisə xanımdır. Şeyxülislam Axund Əhməd isə Hüsniyyənin həyat yoldaşıdır. Axund Əhmədlə Hüsniyyənin iki qızı vardı: Xədicə və Fatma. Xədicə xanım Qruzma bəylərindən Kazım bəy Hüseynzadənin dörd oğlundan ən kiçiyi olan Molla Hüseyn Hüseynzadə ilə ailə qurmuşdu. Kazım Hüseynzadənin Axund Əhmədlə ya qardaş, yaxud da əmioğlu olduqları ehtimal edilir.
Əli bəy Hüseynzadə özünün yazdığına görə "24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində" yerləşən Salyan şəhərində anadan olub. Atası "Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə" anası "Xədicə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır".
Salyandan Tiflisə köçüb buradakı ruhani məktəbində riyaziyyat müəllimi işləyən Molla Hüseyn və Xədicə xanım vəfat edəndə övladlarının — Əli bəyin 6, İsmayılın isə 2 yaşı vardı.
1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı var: 1914-cü il aprelin 6-da, bazar ertəsi, axşam saat səkkizdə Saida bəyim, 1915-ci il iyun ayının 9-da, çərşənbə günü saat 11-də Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, Feyzavər uzun illər vali işləmiş Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü olmuş Mustafa Santurla ailə qurub. Rəssam Səlim Turan Parisdə yaşayırdı. Abstaksionizmin dünyada tanınan təmsilçilərindən biriydi. 1995-ci ildə dünyasını dəyişdi. "Feyzavər Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı" (Ə. Hüseynzadə). İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açdı. Fransada ali təhsil almış Saida riyaziyyat müəllimi idi. "Qızım Saida Liondan qayıtdığı doqquz ay qədər olar. İndiki halda "Kabataş qız lisesində matematik müəllimidir" (Ə. Hüseynzadə). Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseyzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur. Qızı Feyzavər Alpsar 2020-ci ildə 101 yaşında İstanbulda dünyasını dəyişib.
Qardaşı İsmayıl Hüseynzadə 1868-ci il martın 17-də Salyanda anadan olub və 1941-ci ildə sürgün edildiyi Qazaxıstanda 1943-cü ilin qışında dünyasını dəyişib. İsmayıl bəy də Əli bəy kimi əvvəlcə ruhani idarəsinin yanındakı məktəbdə, sonra Tiflis Gimnaziyasında təhsil almışdı. Tiflis 1 saylı Gimnaziyasının direktoru Markovanın imzaladığı 2 yanvar 1889-cu il tarixli arayışda bildirilir ki, İsmayıl Hüseynzadə gimnaziyaya 1878-ci ildə daxil olub və 1889-cu ildə nənəsinin xahişinə əsasən təhsilini yarımçıq qoyaraq gimnaziyadan azad edilsə də, ona məktəbi bitirən digər gimnazistlərin malik olduğu səlahiyyətləri veriblər. İsmayıl Hüseynzadə 1925-ci ilə kimi Salyan 1 saylı ikinci dərəcəli Müttəhid Zəhmət Məktəbində dərs demişdi və məktəb pedaqoji şurasının katibi olmuşdu. İsmayıl Hüseynzadə xalası Fatmanın qızı Mina xanımla ailə qurmuşdu. Bu evlilikdən Sultan Hüseynzadə, Azərbaycan Cümhuriyyəti dövründə ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri Bəhram Hüseynzadə, Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında təhsil almış Firidun Hüseynzadə və Bakı Sənaye İnstitutunu bitirmiş Şəmsəddin Hüseynzadə dünyaya gəlmişdi.

Mənbə: Vikipediya — «Əli bəy Hüseynzadə» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət