Mirzə Bala Məmmədzadə

1898 — 1959 · Yazıçı · XIX-XX əsr

  • Azərbaycanca

Mirzə Bala Məmmədzadə və ya Mirzə Bala Məhəmmədzadə (mühacirətdə: Mirzə Bala Kutluq və ya Əli Qutluq) ― Azərbaycan ictimai-siyasi xadimi, publisist, tərcüməçi, dramaturq, tarixçi, Müsavat Partiyasının ikinci sədri.

Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən dərhal sonra M. B. Məmmədzadə "Müsavat" partiyası nəzdində yaradılmış "Gənclər cəmiyyəti"nin orqanı "Gənclər yurdu" (1918, iyun-noyabr) jurnalının redaktoru (T. F. Hacızadə ilə birgə) olmuşdur. Həmin dövrdə Mirzə Balanın Tiflisdə "İki inqilab arasında" adlı risaləsi də çap edilmişdi. Kitabçada 1905–1917-ci illər arasında Azərbaycanda mətbuat, maarif, ədəbiyyat, teatr, din və qadın məsələləri tarixinə ümumi nəzər salınırdı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində stenoqrafçı işləyən M. B. Məmmədzadə 1919-cu ilin oktyabrında "Müsavat" partiyası Bakı Komitəsinin üzvü seçilmişdi. Həmin ilin sentyabrında Azərbaycan Dövlət Teatrında onun Mart soyqırımından bəhs edən "Bakı uğrunda mübarizə" pyesi tamaşaya qoyulmuşdu.