Saib Təbrizi

1592 — 1676 · Şair · XVII əsr

  • Farsca
  • Azərbaycanca (ərəb əlifbası)

XVI əsrin axırlarında, I Şah Təhmasibin zamanında Təbriz osmanlılar tərəfindən işğal olunmuşdu. Şəhər azad edildikdən sonra I Şah Abbas bir çox təbrizliləri İsfahana köçürür. Saibin atası da köçürülənlərin arasında idi. Saib öz təhsilini və poetik fəaliyyətini İsfahanda davam etdirir. O, dövrün görkəmli alimlərindən Kaşi və Şəfaidən dərs alır. Təhsilini bitirəndə artıq onu İsfahanda savadlı ziyalı və istedadlı şair kimi yaxşı tanıyırdılar. Bundan sonra Saib dövrünün ənənələrinə uyğun olaraq, təhsilini səyahətlərdə davam etdirir. O, Məkkə və Mədinə ziyarətində olur, buradan da Osmanlıya gedir. Burada o, ölkənin tanınmış şair və alimləri ilə tanış olur, yaradıcılıq söhbətləri aparır. Az sonra yenidən İsfahana qayıdan Saib burada soyuq qarşılandığından 1625-ci ildə Hindistana gedir. Yolüstü Kabula dönür. Kabul hökmdarı, şeir aləmində Zəfərxan təxəllüsü ilə tanınan Mirzə Əhsənulla Nəvvab Saibi əziz bir dost kimi qarşılayaraq, öz sarayında qonaq saxlayır. 1630-cu ildə Zəfərxan Saibi də özü ilə birlikdə moğol hökmdarı Şahcahanın sarayına aparır. (Şahcahan sonralar bütün dünyada öz arvadının şərəfinə tikdirdiyi Tac Mahal məqbərəsi ilə tanınıb.) Sarayda Saib görkəmli həkim və şair, Azərbaycan türkcəsində yazılmış məşhur "Vərqa və Gülşa" poemasının müəllifi Məsihi ilə rastlaşır. Məsihi burada şahın həkimi kimi çalışırdı. Bir çox təzkirəçilərin Məsihini Saibin tələbəsi hesab etmələrinə baxmayaraq onların dostluğu hər iki şairin yaradıcılığına müsbət təsir edir və uzun müddətli olur. Saib Məsihinin yaradıcılığını yüksək qiymətləndirir və onun ölümündən sonra dostunun "Divan"ının ilk tərtibçilərindən olur. Təzkirəçi Mirzə Tahir Nəsrabadinin yazdığına görə, Saibin evində Məsihinin on "Divan"ı varmış.

Saib Təbrizinin atası onun dalınca Hindistana gəlib, İsfahana aparmaq üçün icazə istəyir. 1633-cü ildə artıq Kəşmir hökmdarı olan Zəfərxan Sahibin vətənə dönmək arzusunu yerinə yetirir, lakin bir sıra səbəblər ucundan şair İsfahanda çox duruş gətirə bilmir və yenə səyahətə yollanır. O, Məşhəd, Qum, Qəzvin, Yəzd, Ərdəbil şəhərlərini gəzərək yenidən İsfahana dönür. Bu dəfə II Şah Abbas (1642–1666) şairi ehtiramla qarşılayır və sarayına dəvət edir. Saib sarayda məlik-üş-şüəra – şairlərin başçısı olur. O, burada lirik qəzəllər və qəsidələr yaradır.

Mənbə: Vikipediya — «Saib Təbrizi» · CC BY-SA 4.0

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət