Page 2 of 3 · 33%

Qədim bir əfsanəni xatırladı. Deyir, qoca bir səyyah gəlib qürbət ölkəyə çıxır. Qəbiristanlığa gedir. Görür qəbirlərin üstündə adamların yaşları yazılıb. Hamısı da bir yaş, iki yaş, çoxu beş yaş. Özü kimi piranə bir kişiyə rast gəlib soruşur ki, bəs bu nə olan işdir? Sizin camaat hamısı yəni körpə yaşında tələf olub? Qoca deyir ki, xeyir a, məsələ başqadır, məsələ ondadır ki, biz burda həmin bu adamların xoşbəxt yaşadıqları vaxtı yazmışıq. Qalan günlərini, illərini ömürdən saymırıq. Onda səyyah da deyir ki, bəs mənim də ömrümün axırına az qalıb, bu gün sabah öləcəm, vəsiyyət eləyirəm ki, məni də elə burda basdırın, qəbrimin üstündə də yazın ki, bəs bu adam elə anadan ölü doğulub. Minanın qəbrinə çatdı.

Minəvvər Mədət qızı

1909-1965

Söz vermişdi ki, bu səfər özünü tox tutacaq, kövrəlməyəcək. Amma qəbri görəndə birdən hardansa Minanın gecələr yuxuda danışması yadına düşdü. Özü də belə hətərən-pətərən danışıb sayıqlamazdı. Sözləri elə aydın, mükəmməl tələffüz eləyirdi, elə bil ayıq vaxtı oturub səninlə söhbət edir.

Özünü saxlaya bilmədi, qəhərləndi, ağladı.

“Niyə belə vəfasız çıxdın, ay arvad, məni bu qoca yaşımda kimə tapşırıb getdin?”

Cibindən dəsmalını çıxartdı, eynəyini götürdü, gözlərini sildi. Bir müddət sakit dayandı. Sonra çevrilib getdi. Şəhərə piyada düşdü. Evə getməyi gəlmirdi. Gecəyə hələ çox vardı. Evdə təkbaşına gecəni gözləməkdən qorxurdu.

Gecələr işi düzəlirdi. Hər gecə yuxu görürdü. Yuxuları da elə tünlük olurdu ki... o qədər adam olurdu yuxularında, gəl görəsən! Tay-tuşları, dost-aşnaları, curları-kişilər, məktəb vaxtının yoldaşları, uşaqlıq, gənclik dostları gəlib əllərini onun çiyninə vurur, ay Səfdər, yenə bu çötkəni qoymusan qabağına, hesabla görək dünyanın axırı haçandır? – deyirdilər. Yuxusuna çoxlu arvad da gəlirdi, anası, bacıları, bibisi qızları. Düyməsini tikər, paltarlarını yuyar, ütüləyər, xörəyini asardılar. Hər gecə Minanı görürdü, hər gecə də səhərə yaxın Mina başqa şəhərə köçür, ya da onu qoyub harasa gedirdi. Səfdər nə əlac eləyirdisə, saxlaya bilmirdi onu. Saat yeddini vuranda gözlərini açar, durub geyinərdi. Görəsən yuxuda ölənləri harda basdırırlar.

Tez-tez yuxuda qızı Nərminəni görürdü. Nərminəni iki il idi əriylə bir yerdə Afrikaya göndərmişdilər. Qvineyada sovet xəstəxanasında işləyirdilər. İkisi də həkim idi. Səfdər dayı xəritəyə baxmışdı. Qvineya lap dünyanın o başındaydı. İldə iki-üç məktub yazırdılar. Səfdər Minanın ölümünü hələ qızına yazmamışdı. Bu da bir çətin iş idi, gözünə durmuşdu. Qərib yerdədir, ərindən başqa bir qohum, bir yaxın adamı yox...

Səfdərin yuxusunda Nərminə içəri girib anasını soruşurdu:

– Bazara gedib, gələr.

– Yox, ay kişi, sən mənə düzünü de, lap düzünü de, anam necə olub, hardadır?

Hər dəfə Nərminə Səfdər dayının yuxusuna gələndə elə bu sualı verərdi: sən mənə düzünü de, lap düzünü de!

Yuxu görmək Səfdərə lap cavanlıqdan qalmışdı. Görürsən adam olur ayda-ildə bir yuxu görməz. Səfdər allahın ver günü yuxu görərdi. Mina da hər gecə yuxu görərdi. Səhər oyananda yuxularını bir-birinə danışardılar. Elə bil hərəsi bir uzaq səfərdən qayıtmışdı. Qürbət ölkələrdə yedikləri, içdikləri özlərinin olmuş, gördüklərini, eşitdiklərini, bir-birinə danışırdılar.

Küçədəki qəzet lövhəsinin qabağında ayaq saxladı. Qəzetin dördüncü səhifəsinə elə bil yuxarıdan aşağıyacan rəqəm səpələnmişdi, istiqraz cədvəli çap olunmuşdu.

3... 5... 6... 9... – rəqəmlər, rəqəmlər, rəqəmlər. Uduşlar. Peşmançılıq.

Səfdər dayı düşündü: bunlar nədir ki, adicə quru rəqəmlər, amma bax, məsələn, 3 altıdan yox, 7-dən sonra gələndə kiminsə bəxti gülür, kiminsə hıçqırığı içində qalır. Bu rəqəmləri belə yox, belə düzsən kimsə umsuq olur, kimisə bir xal yandırır, amma başqa birisinin birdən-birə kefini duruldur.

Dönüb saata baxdı. Yox. Hələ evə getmək tezdir. Adi günlər işdən beşdə çıxırdı. Bu gün qısa gündür, deməli, gecə də iki saat gec gələcək.

“Gəlsənə vağzala gedim, – deyə düşündü, – vağzal qiyamət yerdir. Gələnlər, gedənlər! Heç yerdə o qədər deyib-gülən görmək olmaz. Aerodrom da elədir. Amma aerodrom uzaqdır”.

Vağzalın təzə keçidindən perrona çıxdı. Birinci və ikinci perron bomboş idi. Üçüncü perronda çoxlu adam vardı. Bəziləri əllərində iri gül dəstələri tutmuşdular.

İri lövhədə qatarların gəlib-getmə cədvəli asılmışdı, 11 30... 16. 45... 19. 05. Rəqəmlər, rəqəmlər...

Reproduktordan paslı bir səs eşidildi:

– Moskvadan gələn 20 nömrəli qatar 3-cü yola qəbul olunur.

Perrondakılar hərəkətə gəldilər. Parovozun səsi eşidildi. Burnu göründü. Vaqonlar bir-bir ötdü, 4, 5, 6, 7...

Yük xidmətçiləri vaqonlara tərəf yüyürdülər. Yaxalarındakı nömrələr zınqırov kimi atılıb-düşür, bərq vurub parlayırdı: 15, 52, 38, 40...

Səfdər dayı çevrilib pillələrlə aşağı düşdü, vağzalın qarşısındakı meydana çıxdı. İzdihamlı, səs-küylü küçəylə yavaş-yavaş gedirdi. Bankın tanış binasının yanından keçərkən, işin qızğın vaxtında bura gəldiyi saatları xatırladı və düşündü ki, indi bank bağlıdır, işləmir, içindəki bütün rəqəmlər də yatıb. İstiqrazlardakı, pullardakı, növbənöv mühasibat kağızlarındakı rəqəmlər hamısı yatıb. Torpağa səpilmiş toxumlar kimi səssiz, sakit uyuyur. Həftənin birinci günü oyanacaq, qalxacaq, cücərəcəklər.

Küçə saatına baxdı. Saatın əqrəbləri sınıb içinə tökülmüşdü. Elə bil saatın içi vaxtın xarabalığı idi.

Əqrəbsiz saata baxanda adam nədənsə eymənirdi, adamda nə isə anlaşılmaz, müdhiş və vahiməli bir hiss oyanırdı. Elə bil burunsuz bir sifət görürsən.

Saatın yalnız rəqəmləri qalmışdı: 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10,11,12...

Birdən Səfdər dayıya elə gəldi ki, küçədəki adamlar da rəqəmlərə oxşayır. Bax o dar kəmər bağlamış kök arvad 8-ə oxşayır, o iri başlı kişi 9-a, hamilə arvad 6-ya oxşayır. Uzun dimdikli papaq qoymuş oğlan 7-yə bənzəyir. O tərəfdən iki arıq, kəkilli oğlan gəlir – 11. Başqa bir arıq oğlan yumru-matan bir arvadla yanaşı addımlayır – 10.

Səfdər dayı öz-özünə güldü: “Yox, deyəsən bu gün mənim lap yəqin başım xarab olub. Yaxşısı budur, nə qədər gec deyil, gedim evə”.

Açarı çıxarıb qapısını açdı. İşığı yandırdı. Keçib pəncərənin pərdəsini araladı. Çayniki suyla doldurub odun üstünə qoydu.

Divardakı təqvimə yanaşdı, diqqətlə baxdı.

5 iyun. 1965. Şənbə:

Günün çıxması saat 3.15 dəqiqə, batması 21.07 dəqiqə.

“Pah atonnan! – dedi, – zalım uşağı, günü də cədvələ salıblar. Batıb-çıxmasını hesablayıblar. Hər şeyi, hər şeyi inventara salıblar, günü, ayı, göydə neçə ulduz var, hamısını. O gün biri danışırdı, deyir, siçanları, taxtabitiləri, birələri də hesablayıblar. Hansı şəhərdə neçə siçan, neçə taxtabiti, neçə birə var. Hamısını hesablayıb, inventara salıblar. Pah atonnan, a kişilər...”

Səfdər dayı diksindi. Çoxdan bəri otağında eşitmədiyi bir səs eşitdi – zəng səsi.

Evində telefonu vardı, amma lazımsız qutu kimi bir qıraqda atılıb qalmışdı. Yuxuya getmiş tənbəl, qara pişik kimi səssiz-səmirsiz, kirimişcə xumarlanırdı. İndi isə zəngi zəngə calayırdı. Kim ola?

Dəstəyi götürdü.

– Allo!

– Aydını çağırın, pojalyusta!

– Hara zəng eləyirsən, qızım?

– Ağayevgilin evi deyil?

– Xeyr, bala, Atayevin evidir.

– Oh, bağışlayın.

Asdı. Du, du, du, du, du...

Səfdər də telefonun çəngəlini basdı. Amma dəstək əlində qaldı. Nədənsə onda qəribə bir həvəs oyanmışdı. Kimləsə telefonla danışmaq istəyirdi. Elə bil ancaq indi ağlına gəlmişdi ki, telefonu var və bu telefonla danışmaq olar. Kimə zəng eləyim görəsən?

Dəstəyi yerinə qoydu. Telefonun altındakı masanın pərçim olmuş siyirtməsini açdı, oradan tozlu mixəyi bir dəftər çıxartdı. Dəftəri açdı.

Elə birinci səhifədəcə Minanın xəttini görüb kövrəldi.

A hərfində Minanın xəttiylə “Atayev Səfdər” sözləri və onların telefon nömrəsi yazılmışdı. 4-15-20. Mina həmişə zarafatla üç şahı bir abbası deyərdi.

İkinci səhifəni açdı.

B hərfində Babanın telefonu yazılmışdı. Yazıq Baba. Davadan qayıtmadı. Elə bil lap Babayçün deyiblər ki:

Sən ki bir od-yalovdun,
necə yatdın yerdə sən?

Şir, pələng kimi oğlan idi, yazıq.

V hərfində iki ad yazılmışdı: “Validə”. Validə Minanın kiçik bacısı idi. İki ildir əriylə Nuxaya köçüb gediblər. Bir də “Vahidov”. Vahidov kimdir? Səfdər dayı nə qədər fikirləşdisə də yadına sala bilmədi.

Q hərfində yazılmış ad bərk-bərk qaralanmışdı. Mina qaralamışdı. Yazıq yaman kölgəsindən qorxan idi. Əlbəttə mənimçün qorxurdu.

Qulamı aparanda qaralayıb, 55-ci ildə Qulam qayıtdı gəldi. Amma daha o 20 il bundan qabaqkı nömrəsini qaytarmayacaqdılar ki... Yəqin, təzə nömrə veriblər.

D hərfində Dadaşın nömrəsi yazılmışdı. Səfdər dayı Dadaşa zəng eləmək istəmirdi. Cavanlıqda bərk dost idilər. Sonra aralandılar. Bayaq Məmməd Nəsir nə gəvəzələyirdi? Ay səni, Məmməd Nəsir. O vaxt Dadaşı gündə çağırırdılar. Yaxşı, məni niyə çağırmırdılar, Məmməd Nəsiri niyə çağırmırdılar? Əlbəttə. Dadaş gedənlərin çoxuyla daha artıq bağlıydı. Bəlkə ona görə çağırırlarmış. İndiki kimi yadımdadır, bir gecə bizə gəldi. “Arağın var?” “Bilirsən içən deyiləm” – dedim. “Bilirəm, – dedi, – onunçün də özüm gətirmişəm. Barı bir şey ver”. Pendir-çörək gətirdim, bir az da göyərti. Oturdu yarım litrəni təkbaşına içdi. Özü də dinməz-söyləməz. Bir kəlmə dinib danışmır. Mən də oturub buna baxıram. İçdi, şüşəni başa çatdı. “Eh, ay Səfdər, – dedi, – birini bilirsən, birini bilmirsən”. Sözləri indiyə kimi qulağımdadır: – “Sənə nə var ki, xoşbəxt adamsan”. Papağını qoydu getdi. O gündən gördüm, bəli, deyəsən mənə bir az suçlu baxır, belə bir cür gen gəzir. Mən də özümü heç o yerə qoymadım. Daha heç soruşub, eləmədim ki, bəs nə olub? Salaməleyküm, əleykəsalam, Vəssalam, Dadaş belə Dadaşdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets