Düşmənin düşməndir, sən ki, bilirsən,Dostundan gəl gözlə özünü, oğlum.Demirəm danışma, oynama, gülmə,Bildirmə sirrini, izini, oğlum.

Çoxalar dostların – ucalsa başın,Yaxşı gündə yaxşı olar yoldaşın,Qazancın azalsa, tükənsə aşın,Görməzsən onların üzünü, oğlum.

Daralma dünyada, etmə namərdlik,Daralsa barmaqdan çıxarmı üzük?İstəsən vüqarın olsun uca, dik,Onda de hər sözün düzünü, oğlum.

Güvənmə şöhrətə, güvənmə ada,Vermə ömrü-günü havayı bada.Atan Bilal deyir gələrsə qada,Naçar qalıb yumma gözünü, oğlum.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets