Birinci məktub
Mənim hörmətli qardaşım! Allah iqbalını daimi etsin! Cənabınızın xahişinə görə “Kəmalüddövlə məktubları” nüsxəsini müəllifindən alaraq sizə bir neçə şərtlə göndərirəm.
Birinci – bu nüsxəni gərək mə’rifəti, əminliyi və insaniyyətinə qətiyyətlə inandığınız şəxslərə göstərəsiniz.
*İkinci – bu nüsxədən istəyən və hər xüsusda e’timada layiq olan şəxslərə bir nüsxə verməlisiniz.
Üçüncü – e’tiqadınızca elmdə qüvvətli olanlara təklif etməlisiniz ki, bacarsalar Kəmalüddövlənin, istər politika işlərinə və istərsə də dini işlərə aid olan bütün fikirləri haqqında kritika yazsınlar görək bu fikirləri qəbul edir, yaxud dəlillərlə rədd edirlər. Kəmalüddövlənin də məqsədi budur. Lakin kritikada nəqli və nəssi dəlillər qətiyyən qəbul olunmayacaq və iltifata layiq görülməyəcəkdir.
Dördüncü – tənqid yazmaq bacarığı olmayan şəxs, heç olmasa nüsxənin mütaliəsindən aldığı təəssüratı yazıb, Sizin vasitənizlə mənə göndərsin ki, müəllifinə bildirim.
Bundan başqa, nüsxənin müəllifi haqqında cənabınıza müxtəsərcə bir neçə kəlmə yazmaq lazım gəlir. Bu kəramətli adam, bir sıra əsərlərin sahibi, vətənpərvər və millətini sevən bir şəxsdir. “Kəmalüddövlə” nüsxəsini yazmaqda onun heç bir şəxsi qərəzi yoxdur. Bu səbəbə görə ki, onun nə vətəni olan İrana və nə də həmdini olan islam millətinə, Allah göstərməsin, heç bir kini yoxdur.
Hal-hazırda bütün Avropada və Yengi Dünyada bu məsələ qarşıda durur ki, aya, batil əqidələr, yə’ni dini e’tiqadlar ölkənin və millətin xoşbəxtliyinə səbəb olur, yoxsa ölkənin və millətin zillətinə?
Bu qit’ələrin bütün filosofları, dini e’tiqadların, ölkə və millətin hər xüsusda zillətinə səbəb olması fikrində müttəfiqdirlər; hətta onların ən məşhuru son ingilis filosoflarından olub da, əsərləri dünyada tanınan və hər kəs tərəfindən bəyənilən Bokl, bu əqidədə o birilərinə nisbətən daha irəlidə gedir. Onun dəlillərindən biri budur ki, İspaniya, yə’ni Əndəlis milləti və Şved milləti və Papaya tabe olan Rim milləti dini e’tiqadlara bağlandıqları və keşişlərin və əfsanəçilərin sözlərinə qulaq asdıqları üçün elm və sənətlərdə gündən-günə tənəzzülə üz qoyurlar. Amma Avropanın başqa millətləri, xüsusən ingilis, Fransa və Yengi Dünya millətləri dini e’tiqadların qeydindən azad olaraq, əql və fəlsəfəyə peyrəvlik etdiklərindən, elm və sənayedə günbəgün, saatbasaat tərəqqi etməkdədirlər. Onların elmləri sayəsində dünyada qəribə ixtiralar və insan övladının xoşbəxtlik və asayişinə səbəb olan maraqlı yeniliklər meydana gəlmiş, elm və mə’rifət vasitəsi ilə Avropa əhalisi tərəqqi etmişdir.
Bu filosof deyir ki, kamil adam və insan övladının dostu həqiqət sirrilərinin kəşfində və dini e’tiqad əsaslarının məhv edilməsində, mal və can qorxusu çəkməyən ağıllı adamdan ibarətdir. Belə bir ağıllı adam hər necə olursa olsun, din və məzhəblərin həqiqiliyi haqqında insanların fikrində yalnız bir şübhə oyatmalıdır. Ondan sonra fikrin özü fəaliyyət edib yavaş-yavaş həqiqəti anlayacaq və sahibini cəhalət qaranlığından bilik işıqlığına çatdıracaqdır.
“Kəmalüddövlə”nin müəllifi də Avropa filosofları əqidəsindədir, yə’ni liberal və proqress məsləki sahiblərindən və sivilizasyon taliblərindəndir. Məqsədi budur ki, onun millətinin arasında dəxi əhalinin bütün siniflərində elm və sənətlər intişar etsin. Bu məqsədinə nail olmaq üçün öz iqtidarı daxilində bir neçə vəsiləyə əl atmışdır ki, islam yazısını dəyişdirmək də o vəsilələrdən biridir. O, öz millətinin ürəyi tarlasında qeyrət, namus, xəlqpərvərlik, vətənpərəstlik, ədalət və bərabərlik toxumu əkilməsini və nifaqın birliyə çevrilməsini və millətin arasından zillət və fəqirliyin rəf’ olmasını, onun sərvət və dövlət qazanmasını istəyir. Lakin bu məqsəd, arzu, insanların həqiqəti görən gözünə pərdə çəkib onların dünya işlərində tərəqqi etmələrinə mane olan dini e’tiqad əsasları məhv edilmədikcə, müyəssər ola bilməz. Buna görə də əqidəsinin tələbinə görə öz mə’lumatını qələmə almışdır. “Kəmalüddövlə” nüsxəsinin yazılmasının səbəbi də ancaq budur. Yoxsa başqa bir məqsəd nəzərdə tutulmamışdır. Əgər bu nüsxənin mətləbləri bə’zi şəxslərin nəzərində ölkə və millətin zərərinə səbəb görünürsə, onları olmamış kimi hesab edə bilərsiniz.
İnsanların bəsirətsizlik və mə’rifətsizliyinin nəticəsində hicrətdən ta bu günə qədər avamı aldadanlar, İran torpağında nə fitnə və nə qarışıqlıqlar törətmişlər və bu məmləkətin əhalisinin evlərinin xərabəyə dönməsinə səbəb olmuşlar. Belə ki, bu son vaxtlarda da İranda Babın dini tərəfdarlarından fitnələr törənmişdir. Və elə qan tökülmüşdür ki, izahı bu xülasəyə sığmaz.
Nə vaxta qədər biz zavallılar, bu kimi nəfspərəst, qərəz sahiblərinin oyuncaqları olacağıq? Biz hələ də qəflət yuxusundan oyanmamışıq. Qərəz sahiblərinin hər cür boş sözlərindən avropalıların ziddinə olaraq cuşa gəlirik. Bu gün onların arasında bir şəxs peyğəmbərlik, yaxud imamlıq iddiası ilə meydana çıxaraq, qədim əsrlərin peyğəmbərləri və imamları kimi əhalini də’vətə başlarsa və özünə mö’cüzələr, xariqələr, kəramətlər isnad edərsə, onu haman saat, ya dəlilərdən sayaraq müalicə üçün dəlixanaya göndərərlər və yaxud əgər adamaldadanlar və şarlatanlar silkindən isə, onu cəzalandırarlar *.
*“Kəmalüddövlə”nin müəllifi deyir ki, zamanın keçməsi ilə əlaqədar olaraq, bu əsrdə behişt və hurinin nəzərlərdə o qədər də cilvəsi yoxdur ki, insanlar onların arzusu ilə canından keçməyə rağib ola, güclü düşmən müqabilində özlərini qurban verələr, bununla da millət və dövlət qüdrətini və şövkətini saxlayalar. Belə olduqda, millətin ağıllıları bu əsrdə gərək milli qüdrət və vətənin biganə xalqlardan qorunması üçün azadlıq və istiqlaliyyətin əldən alınması və əsarət kimi bir zillətin ki, bu aləmi-həvadisdə ola biləcəyi yəqinə yaxındır, rədd edilməsi tədbirlərində olsunlar. Bu növ zillətin rədd edilməsi tədbiri fəqət millətin bütün sinifləri içində elmləri yaymaq və onların zehnində qeyrət, namus, millətpərvərlik və vətənpərvərlik toxumunu əkməklə mümkündür. Necə ki, hal-hazırda Avropanın qüdrətli millətləri bu sifətin sahibidirlər.
Ərəblər bizim min illik səltənətimizi yıxdılar, şə’n və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabdan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır. Üstəlik bizim boynumuza elə bir yazı da bağladılar ki, onun sayəsində ümumə müyəssər olan savadı əldə etmək bizim üçün işlərin ən çətini olmuşdur. Bu qövmdən bizə elə müsibətlər gəlmişdir ki, bəsirət sahibi olan adam onların zikr olunmasından ağlar. Bu qövmün qabaqcılları sağ olduqları zaman biz onların qılıncının qorxusundan onlara itaət etməyi qəbul etdik. Hal-hazırda onlar ölüb torpağa döndüyü halda, genə onların ölülərinə qul olmaqla fəxr edirik. Görün bizim əhməqliyimiz və kütlüyümüz nə dərəcədədir! Əhalisi şiəməzhəb olan bir çox şəhərlərdə adamlar məhərrəm ayı tə’ziyəsi zamanında sinə döymək, zəncir vurmaq kimi və Heydəri, Ne’məti davaları və başa kül və torpaq səpmək və bu kimi bir çox səfeh hərəkətlərdən əlavə, öz bədənlərini qılınc və xəncərlə yarala-yaraq qana batırır və bu cür divanəlikləri ilə guya aşura gününün böyüklüyünü artırır və bu ərəblərin ölülərinin məhəbbət və iradətində mal və candan keçməklə iftixar eləyirlər.
Bir kimsə onlara deməyə cəsarət etmir ki: ey əhməqlər, özünüzə övliya saydığınız bu ərəblərin öz həmcinsləri, bəlkə qohum və əqrəbaları belə sağ ikən, onlara heç bir böyüklük verməmişlər və onları öldürərək, ailə və uşaqlarını şiddətli zillət və rüsvayçılıq içərisində əsir aparmışlar və bu növ hərəkətdən heç bir qoruxuları olmamışdır, sizə nə düşmüşdür ki, min iki yüz səksən il sonra, öz işinizdən əl çəkərək dəlicəsinə onların matəmdarlığını edirsiniz?
Bu növ səfehlik və əhməqlik savadsızlıqdan və elmsizlikdən irəli gəlir ki, bunun da səbəbi bizim hazırkı yazımızın çətinliyidir.
İndi, “Kəmalüddövlə” müəllifinin təlaş və arzusunun hədəfi heç olmazsa, öz millətini, o qövmdən bizə yadigar qalan rədd olunmuş və murdar yazının əlindən xilas edib millətini cəhalət qaranlığından mə’rifət işığına çatdırmaqdır.
Əgər bu arzusuna nail olursa, nə qədər xoşbəxt olacaq və dünyadan kamına çatmış gedəcəkdir.
*Ərəblərin yazısı sayəsində cəhalətdə qalaraq onlardan dərd çəkən yalnız müsəlmanlar deyil, bəlkə dünyanın bütün millətləri bu günə qədər bu zalımlardan şikayət edirlər ki, Misir kitabxanasını yandıraraq qədim elm və fənləri dünyadan yox etdilər. Səbəbi aydındır, çünki islam dininin müəssislərinin və qüvvət verənlərinin avam aldatmaqlarının əsası doğruluq şəklində qələmə verdikləri xalis bir yalan idi. Bu cəhətdən xalqın nəzərində elmlərin qüvvəti ilə onların yalanlarının üzərindən pərdənin qalxmasını istəmirdilər. Necə ki, Həsən Səbbah daima öz tabe’lərini tə’lim almağa və elm kitablarını oxumağa qoymurdu.
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-birinci-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
Rəştdə Fransa dövlətinin baş konsulu müsyö Nikolaiyə**24 fevral 1874-cü il*
Nikolaiyə1874-cü il 24 fevralda Tehrana müsyö Nikolai cənablarına yazılmış məktubun surəti**Əziz və əzəmətli dostum müsyö Nikolai!
Nikolaiyə1874-cü ilin mart ayında müsyö Nikolai cənablarına göndərəcəyim məktubun qaralaması**Əziz və əzəmətli dostum müsyö Nikolai, Allah səadətinizi daimi etsin!
Mirzə Məhəmmədrəfi Sədrül-üləmayəCənab müstətab, qüdsi əlqab ağa Mirzə Məhəmmədrəfi Sədrül-üləmaya çoxlu salam yetirirəm Allah onu səlamət eləsin!**Ağa! Əziz ağam Mirzə Əsədulla xanın xahişi ilə, onun vasitəsilə özümün türkcə “Təmsilat”ımdan bir cild yadigar olaraq cənabınıza hədiyyə göndərdim və bununla da təsadüfən istifadə edərək, sizinlə tanışlıq və dostluğun əsasını qoyub, birinci məktubumu islam dillərində yazmağı, oxumağı və çap işini asanlaşdırmaq üçün yeni əlifbanı qəbul etmək zərurəti barədə yazıram.
Poems by other poets
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Ta kim ol ahu gözün mülki-Xötəndən bac alurTa kim ol ahu gözün mülki-Xötəndən bac alur,Şol hümayun zülfiniz fəğfuri-çindən tac alur.