Ruhi-rəvanım, Ruhül-qüds!

Nəhayət, mənə məlum oldu ki, məktublarımı sizə çatmağa qoymurlar. Bunun səbəbi nədir? Bu bədbəxt adamın kim olduğunu bilmirəm, siz özünüz orada arayıb axtarın. Bu qədər deməliyəm ki, mən vəziyyəti olduğu kimi və müfəssəl surətdə sizə yazıram.

1287-ci il ramazan ayının 25-də Ağa Mirzə Həsənlə görüşdükdən sonra yazdığınız məktub yetişdi. Məlumunuz olsun ki, Mirzə Yusif xan Tiflisdən keçib getdikdən sonra aprel ayının 25-də yazmış olduğunuz məktubunuzu alıb, cavabını iyun ayında Tiflisdəki Osmanlı konsulunun müavini Zəri əfəndinin vasitəsilə Stepan əfəndiyə göndərdim. Mən vaxtilə mehriban qardaşım Münif əfəndinin məktubunu da həmin şəxs vasitəsilə göndərmişdim. Lakin o, məktubu sizə çatdırmamışdır. İndi iyun ayında yazdığım həmin məktubun surətini sizə göndərirəm. Bir məktub da 1870-ci il oktyabrın 25-də həmin Zəri əfəndinin vasitəsilə sizin öz adınıza göndərmişəm. Bu məktub da sizə çatmamışdır. Halbuki mən hər iki məktubu “istraxovi”, yəni poçt idarəsinin məsuliyyəti altında göndərmişdim. Mən oktyabr ayında göndərdiyim məktubun da surətini hazırda sizə göndərirəm. Əgər mənim məktublarım sizə çatarsa, onların məzmununa əməl ediniz! Əgər bu məktublar onların adresinə göndərdiyim şəxsin vasitəsilə sizə çatmış olarsa, cavablarını da həmin şəxsə verin ki, zərfin içərisində qardaşına göndərsin ki, o da mənə çatdırsın.

Mənim birinci xahişim ondan ibarətdir ki, əlifba məsələsini iyul ayında yazdığım məktubda göstərdiyim kimi, fransız dilində yazıb “Konstantinopol” qəzetində çap etdirəsiniz.

Sizin üçüncü məktubunuz mənə yetişməmişdir. Onun da surətini çıxarıb göndəriniz. Eyni zamanda, mənim məktublarımın, şəkillərimin və Rusiya poçtu ilə göndərdiyim qələmdan və davatımın mehriban qardaşım Münif əfəndi cənablarına çatıb-çatmadığını mənə yazıb bildirin! Mən Rusiya poçtunda bu cür nizam-intizamsızlığın baş verdiyinə təəccüb edirəm. Mehriban qardaşım Münif əfəndidən cavab gözləyirəm və mənim göndərdiyim şəkilləri adlarını yazdığım adamlara çatdırıb-çatdırmadığını bilmək istəyirəm.

Ruhi-rəvanım, Ruhül-qüds! Bir də siz həm aprel tarixli, həm də ramazan tarixli məktublarınızda məndən əlifbanı dəyişdirmək haqqında fikrimi yenidən yazaraq, dəlillərlə bərabər, vəkalətpənah sədr-əzəm cənablarına bir ərizə ilə göndərməyimi xahiş etmişsiniz. Bu xüsusda mən sizə yazmalıyam ki, birinci dəfə vəkalətpənah sədr-əzəm cənablarına ərizə yazmaq istərkən, mən öz qulluq vəzifəmin tələbinə görə böyüklərimdən, yəni qüdrətli Rusiya dövlətinin başçılarından icazə istəmişdim. Bundan sonra da hər dəfə bu xüsusda böyüklərimdən izacə istəməyə məcburam. Buna görə də mən vəkalətpənah sədr-əzəm cənablarına bundan sonra xüsusi ərizə göndərə bilməyəcəyəm. Ona görə də əlifba haqqında fikrimə gələn məsələləri sizə yazacağam. Siz isə mənim yazdıqlarımı vəkalətpənah sədr-əzəmin hüzurunda oxuyub onun cavabını mənə yazın! Hələlik, xahiş edirəm ki, mənim hər iki məktubumun surətini və indi göndərdiyim şeyləri onun hüzuruna aparıb oxuyasınız.

İslam əlifbasının dəyişdirilməsinin lüzumuna dair bütün səbəblər və dəlillər sizin kitabınızda yazılıb və bu məsələ bitmiş hesab olunur. Mənim əqidəmcə, bundan sonra bu xüsusda hər cür dəlil axtarmaq artıqdır. Siz birtəhər ediniz ki, vəkalətpənah sədr-əzəm cənabları sizin bu kitabçanızı əvvəldən axıra qədər ya dinləsin, ya da özü oxusun.

Bir də dostların köməyi ilə əlifba haqqında Tehranda çox böyük bir həngamə qaldırmışam. Əgər hazırda şahın rikabında Bağdaddan Tehrana gəlməkdə olan Müşirüddevlə cənabları bu işə xələl yetirməsə və bütün tədbirlərimizi zay etməsə, [işlər yaxşıdır]. Hazırda sizi xəbərdar etmək üçün əlifba məsələsinə dair mənimlə bəzi şəxslər arasında gedən yazışmanın surətini həmin məktubla sizə göndərirəm. Birinci olaraq, müqərrəbül-xaqan Mirzə Yusif xana yazdığım məktubu göndərirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Türkcə “Təmsilat”ı tərcümə edən Tehran sakini Mirzə Məhəmməd Cəfərə

Əziz və mehriban qardaşım Mirzə Məhəmməd Cəfər, Allah ömrünüzü uzun eləsin!Şirin məktubunuz yetişdi, sonsuz sevincimə və qəlbimin şadlığına səbəb oldu.

10 min
1871-ci il martın 29-da Mirzə Yusif xana yazılmış üçüncü məktub

Əzəmətli ağam, Allah səadətinizi daimi etsin!Martın 25-də yazlığım məktubda bu mətləbi də, tənqidin əhəmiyyəti haqqında əziz qardaşım Mirzə Məhəmməd Cəfərin məktubuna əlavə etməliydim. Lakin birinci növbədə, münasib bilmədim. İkinci isə, o məktub çox uzun çıxmışdı. Poçt da yola düşürdü, yazmağa macalım yox idi. İndi isə bu mətləb həm məzəli olduğuna görə, həm də az-çox məsələ ilə əlaqədar olduğu üçün həmin mətləbi xəlvəti olaraq sizə yazıram ki, mehriban qardaşım Mirzə Məhəmməd Cəfərə oxuyasınız, sonra isə məktubu özünüzdə saxlayasınız.

5 min
1280-ci (1863-cü) ildə cənab Ruhül-qüdsün öz dilindən eşidib yazdığım ali bir mətləbin mətni

“Zülm” məsdərdir. Onun ismi-faili “zalim” və ismi-məf’ulu “məzlum”dur. Məsdər olan zülmü aradan qaldırmaq üçün iki şey lazımdır: ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə dözməməlidir. İdrakın təsdiqi ilə zülmü dəf etməkdə bu iki yoldan başqa heç bir yol təsəvvür edilə bilməz....Hazırkı əsrin əvvəllərinə qədər, təxminən on min ilin ərzində bütün peyğəmbərlər, filosoflar və şairlər zülmün aradan qaldırılmasını istəyərək, belə bir əqidədə idilər ki, onu aradan qaldırmaq üçün zalıma moizə oxuyub nəsihət vermək lazımdır. Ona görə də bu uzun müddət ərzində onlardan hər biri öz bildikləri kimi, əqidələrini sözdən işə, əmələ keçirmişlər. Məsələn: peyğəmbərlər zülmü aradan qaldırmaq, zülmdən əl çəkmək müqabilində zalimə behişt və’dəsi vermiş və zülmü davam etdirən zalimləri cəhənnəmlə qorxutmuşlar. Filosoflar zülmü dövlətin zəvalının səbəbi bilərək, dövlətin davamı üçün ədalətli olmağı məsləhət görmüşlər. Bu barədə peyğəmbərlər bir çox kitablar və hədislər, filosoflar isə saysız-hesabsız əsərlər yazmışlar. Şairlər həm Asiyada, həm də Avropada, məsələn, Sə’di kimi, öz əsərlərində zülmü pisləmiş və ədaləti tə’rifləmişlər ki, zalim zülmdən əl çəkib ədalətli olsun. Lakin bir çox təcrübələrin nəticəsində tamamilə aydın olmuşdur ki, bəşəriyyətin ən şərəfli nümayəndələri olan bu adamların əsrlər boyu zülmü aradan qaldırmaq yolunda çəkdikləri zəhmətlər bütünlüklə nəticəsiz və faydasız qalmışdır. Zülm isə dünyada əsla aradan qaldırılmamışdır. Zülmü aradan qaldırmaq üçün moizələr və nəsihətlər zalimin təbiətinə qətiyyən tə’sir göstərməmişdir.

5 min
“Kəmalüddövlə məktubları”nın nəşri barədə İsakova yazdığım məktubun surəti

Mərhəmətli cənab Yakov Alekseyeviç!Sizin yaxşı sifətləriniz haqqında dəfələrlə tə’rif eşitmişəm. Odur ki, mən Peterburqda olan başqa nəşriyyatları nəzərə almadan, qeyd edəcəyim bir məsələ barədə bilavasitə sizə müraciət edirəm. Məndə “Hindistan şahzadəsi Kəmalüddövlənin məktubları” adlı farsca bir əlyazması vardır. Mən onu rus dilinə tərcümə edərək, indi öz tərcüməmi orijinalla bərabər, sizin sərəncamınıza göndərirəm. Bu tərcüməni əvvəldən axıra qədər oxumağı sizdən acizanə xahiş edirəm. Əgər, sizin fikrinizcə, bu kitab rus oxucuları üçün maraqlı görünərsə, o zaman bu kitabı istər orijinal halda, istərsə də onun tərcüməsini, satışdakı müvəffəqiyyətlərinə görə, bir və ya bir neçə dəfə çap etmək ixtiyarını əldə etmək üçün mənimlə hansı şərtlər əsasında saziş bağlamaq istədiyinizi mənə bildirməyinizi xahiş edirəm.

10 min

Poems by other poets