Əli xana
Əzəmətli ağam Əli xan! Allah cəlalınızı daimi etsin!
Ramazan ayının 16-da yazdığınız məktub nə şirin məktub idi. Onu oxumaqdan aldığım ləzzət hələ də damağımdadır. Pak allah həzrətləri sizi dünyada kama çatdırsın ki, bu məyusluq günlərimdə mənə ümid müjdəsi verdiniz.
Əlifba məsələsini, əlbəttə, sərkarın buyurduğu kimi, sona çatdıracaqsınız və məni sonsuz sevincə və minnətdarlığa nail edəcəksiniz. Bununla da siz, xalqımız üçün dünyada xeyir bir işin binasını qoyacaqsınız.
Cənabınıza məlum edirəm ki, Ruhül-qüdsün kitabçasını oxuduqdan sonra, mən sözlərin tərkibində biri digərindən ayrı və fasiləli hərflərin bitişən hərflərdən çox üstün olduğunu yəqin edərək, təsdiqləyirəm ki, əlifbamız xaçpərəstlərin əlifbası kimi soldan-sağa yazılıb və oxunmalıdır. Buna görə də mən sizə məsləhət görürəm ki, əgər bu xüsusda müşavirə çağırsanız, orada iştirak edənlərə təklif edəsiniz ki, yazmaq, oxumaq və habelə kitab çap etmək işlərini asanlaşdırmaq xatirinə Melkum xan tərəfindən bir az əvvəl tərtib edilmiş və nümunələri mənim tərəfimdən Maarif Nazirliyinə göndərilmiş soldan-sağa yazılan fasiləli və bitişməyən hərfləri qəbul etsinlər. Əgər müşavirənin iştirakçıları Melkum xanın ixtira etdiyi hərfləri qəbul edərlərsə, Tehranda qəbul edilən əlifbanın yazılışı ilə İstanbulda qəbul ediləcək islam əlifbası arasında bir uyğunluq əmələ gələcək və beləliklə də islam yazısı hər iki ölkədə bir qayda ilə yazılacaqdır. Siz bu məsələni elmli adamların məclisində şəxsən özünüz izah edin, sonra isə işin nəticəsini və əlifbanın islahı, ya dəyişdirilməsi qaydalarını onların öz ixtiyarına və məsləhətinə veriniz!
Mənim məqsədim köhnə islam əlifbasının dəyişdirilməsi və ya islahıdır. Qoy, fəzilət sahibi olan adamlar bu işi öz səliqələrinə uyğun, necə ki, bilirlər, o cür də həyata keçirsinlər.
Əzəmətli ağam! Vaveyla, vamüsibəta! Deyirlər ki, bu günlərdə Müşirüddövlə cənabları padşahla bərabər paytaxta gəlib. Bilmirəm, canıma bəla kəsilmiş bu adamın əlindən haraya qaçım və kimin qoltuğuna sığınım?! Əgər o, Tehrana gələrsə, əlifbanı dəyişdirmək məsələsini necə həyata keçirmək olar? Xülasə, bu işin də çarəsini yenə də cənabınız tapmalısınız. Əgər o, Tehrana gələrsə, mənim haqqımda yenə də böhtanlar və iftiralar uyduracaqdır.
Onun sayəsində onillik zəhmətim hədərə getdi,
Fəryadım yerdən göyə yüksəldi.
Pak Allah mənim dadıma çatsın,
Qiyamətin günü mənim qisasımı ondan alsın.
Zərfin içində Mirzə Mustafa xana da bir məktub yazıram və ona çatdırmağınızı xahiş edirəm. Məktubun məzmunundan xəbərdar olmağınız üçün onun surətini də sizə göndərirəm.
Bundan başqa, alinəsəb, yüksək məqamlı şahzadə Cəlaləddin Mirzə həzrətlərinə təşəkkürümü və minnətdarlığımı bildirirəm ki, mənim komediyalarımın tərcümə edilməsi barədə göstəriş vermişlər. Habelə bu zəhməti öhdəsinə götürdüyü üçün Mirzə Cəfərdən çox razıyam. Onun tərcümələrini islah etmək zəhmətini qəbul etmiş İmamqulu xana da öz razılığımı bildirirəm. Bu məsələdə qızğın hümmət və qeyrət göstərən cənabınıza da son dərəcə minnətdaram. İnşallah tərcümələr çapdan çıxdıqdan sonra ya siz özünüz, ya da müqərrəbül-xaqan Mirzə Yusif xanın vasitəsilə ondan hədiyyə olaraq 3-4 nüsxə mənə göndərərsiniz.
Sizin Tiflisdə olmamağınız hamıya, xüsusilə mənə çox ağır təsir edir. Sizin qədrinizi ayrıldıqdan sonra bildim. Sizin Tiflisdə qaldığınız üç il ərzində keçən günlər, mənim ömrümün hesabında Qədr gecəsinin ilin başqa gecələrinə görə qiymətli və əziz olduğu qədər qiymətli və əzizdir.
İndi isə, mənim munisim Şeyxülislam cənablarıdır ki, sizə dostluq salamı göndərir.
Hər gün gözüm sizin vəzifəyə təyin olunmağınızın müjdəsini gətirən qasidin yolunu gözləyir.
Rəşid paşa sizə salam ərz edib əlinizi öpür. Mənim arvadım və böyük qızım sizin möhtərəm arvadınıza çoxlu salam yetirir. Nisə xanım sizin qızlarınıza dostluq salamı göndərir və onları bir an da olsun unuda bilmir. Gözümün işıqları olan Hüseyn paşanı və Nəssullah xanı əvəzimdən öpün! Xudavəndi-aləm onları səadətə və uzun ömrə nail etsin!
Fransızların vəziyyətindən çox da naümid olmayın. Bu günlərdə onların işi yaxşılığa doğru gedir. İnşallah bu yaxınlarda onların nicat tapmasının müjdəsini eşidəcəksiniz.
Əzəmətli ağam! Qəribə bir hadisə üz vermişdir ki, mənim ürəyimi çox sıxır. Müqərrəbül-xaqan Mirzə Yusif xanın Mirzə Əsədulla xana yazmış olduğu məktubdan görünür ki, mənim iki-üç gecə sizin mənzilinizdə gördüyüm və Misirdə vəzifəyə təyin olunmuş Mirzə Sadiq Kaşi Təbrizdən keçərkən, kim isə ona haqqında yazılmış bir həcvi nişan verib demişdir ki, bu həcvi guya mən, Mirzə Fətəli yazmışam.
Yəqin, sizin əziz xatirinizdədir ki, Qocurda Hacı Mirzə Əbülfəz bu adam haqqında bəzi-bəzi sözlər danışırdı. Hətta deyirdi ki: “Şamilin Quranını oğurlamışdır”. Mən isə etiraz edirdim və razı olmurdum ki, o Hacı bu yazıq adam haqqında o cür sözlər danışsın. Neçə ola bilər ki, mən qərəzsiz halda şərbaz adam olum? Mənə yaraşan işmidir ki, günahsız adamlar haqqında, xüsusilə belə bir fağır və peyğəmbər övladı olan adam haqqında həcvnamə yazım? Siz Tiflisdə olduğunuz müddətdə mən elə bir şey yazmamışam ki, sizə oxumamış və ya göstərməmiş olam. Mən bu yazıq insan haqqında nə zaman həcvnamə yazmışam?!
Siz özünüz şahidsiniz ki, mən həmişə sizin yanınızda onun bədbəxtliyinə ürəkdən acıyıb heyfsilənirdim. Xahiş edirəm ki, öz şahidliyiniz vasitəsilə məni üstümə atılan bu böhtandan xilas etməyə çalışasınız. Cənab Mirzə Yusif xanı və başqalarını da inandırın ki, həcvnamədən mənim heç bir xəbərim yoxdur. Allaha pənah! Nə çirkin bir böhtandır ki, mənim üstümə atmışlar!
Sizə səadət və cansağlığı arzu edirəm.
Sizin səmimi dostunuz Mirzə Fətəli
Axundzadə tərəfindən yazıldı.
1287-ci il, hicri, şəvval ayında [I-1871]
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-eli-xana-2
Use ← → keys to move, R for a random poem
More by this author
1290-cı [1873] ildə Tiflisdən “Həqayiq” qəzeti redaktoruna**Mənim əziz qardaşım, səadətiniz daimi olsun!
Nikolaiyə[Müsyö Nikolaiyə]**Mənim əzəmətli və əziz qardaşım! Səadətiniz daimi olsun!
Qeyd18 iyun 1873 tarixində Qocurdan Tiflisdəki Osmanlı konsulunun müavini Ömər Səbri bəyə bir məktub göndərib xahiş etmişəm ki, mənim bir məktubumu İstanbulda “Həqayiq” qəzetinin mühərririnə göndərsin. Məktubla bərabər, iki yeni əlifba layihəsi də göndərmişəm ki, onlardan biri latın hərflərindən, digəri isə köhnə islam əlifbası hərflərindən tərtib olunmuşdur. Bundan əlavə, mənim bir məktubumu da Voliç əfəndinin adına, digər bir məktubumu isə Tiflisdəki Fransa konsulu vasitəsilə Paris şəhərində müsyö Nikolainin adına göndərib, həm də öz dostu Səid bəydən və “Həqayiq” qəzetinin mühərririndən xahiş etməsini istəmişəm ki, bu iki layihə barəsində ona cavab yazsınlar. Həmin tarixdə “Kəmalüddövlə” əsərini fransız dilinə tərcümə etmək haqqında Paris şəhərinə müsyö Nikolainın adına məktub göndərmişəm.Yenə də həmin tarixdə Voliç əfəndiyə əlifba haqqında məktub yazıb, xahiş etmişəm ki, mənim məktubumu çap edib, yeni əlifba layihəsini elan etmək barədə “Həqayiq” qəzetinin mühərriri qarşısında İstanbulda vasitəçilik etsin və cavabını mənə göndərsin.
Mirzə Yusif xanaSabiq Tiflis konsulu Mirzə Yusif xana Təbrizdə naibül-vəzarə vəzifəsinə təyin olunması münasibətilə yazılmış məktubun surəti**Əzəmətli ağam, səadətiniz daimi olsun!
Poems by other poets
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Gecənin romantikasıBu yatmış küçələrdə bu gecə mənəm ayıq,Mənəm addımlarımla bu sükuta yaraşıq.
Cənnət kimidir havası GürcüstanınCənnət kimidir havası Gürcüstanın,Var Kəbə kimi səfası Gürcüstanın: