Nikolaiyə
[Müsyö Nikolaiyə]
Mənim əzəmətli və əziz qardaşım! Səadətiniz daimi olsun!
Sizin məhəbbətlə dolu məktubunuz yetişdi. Sonsuz sevincimə səbəb oldu.
Birinci, siz kitablarınızı yanında qoyduğunuz kitabsatanı Tiflisdə tapdım. Onun adı Bernştamdır. Deyir ki, sizin kitablarınızdan heç birisi satılmayacaqdır. Əgər siz şəxsən məktub yazsanız, o kitabları hər kəsə desəniz, ona təhvil verəcəkdir.
Erməni həkimi də tapdım. Onun adı da həkim Yevanesyandır. Doğrudan da ağıllı adamdır. Çox üzr istəyir ki, bu xüsusda başısoyuqluq edib sizə xəbər verməmişdir. Hər halda, tapşırığınızı bu qədər yerinə yetirə bilmişəm.
İndi isə başqa mətləbə keçək! Mənim əziz qardaşım! “Kəmalüddövlə” o əsərlərdən deyildir ki, onun məzmunu böyük bir təəssüblə xaçpərəstlik dinini yayıb, başqa dinləri təkzib edən adamların xoşuna gəlsin. Bu xüsusda həmin adamlarla danışmaq heç caiz deyildir. Lakin mənim zənnimcə, əgər bu əsər fransız dilinə tərcümə edilərsə, Avropa oxucularının nəzərində Renanın əsərləri kimi hörmət qazanacaqdır və mən çox güman edirəm ki, mətbəə sahibləri özləri sizə tərcüməni çap etmək üçün 20 min frank və daha ziyadə-pul verərək, çap haqqını onlara verməyinizi xahiş edəcəkdirlər. Eyni zamanda, onlar böyük bir məbləğ də sizə verəcəkdirlər ki, əsəri farsca çap etmək imtiyazını da alsınlar.
Əziz qardaşım! Nə mənim güman etdiyim böyük mənfəət haqqında, nə də sizin güman etdiyiniz kimi, bu əsərin tərcüməsindən heç bir fayda çıxmayacağına dair olan təsəvvürlər haqqında heç bir hökm vermək olmaz. Yəni bizim təsəvvürlərimiz ancaq ehtimala əsaslanır. İşin əsli isə hələlik bizə məlum deyildir. Belə isə mənfəət məsələsinin müzakirəsi hələ təxirə salınmalıdır.
İndi mən əsəri verdim ki, gözəl və aydın xətlə yazsınlar. İnşallah bu iş qurtardıqdan sonra gələn ilin may ayında mənimlə tanış olan bir şəxs Tiflisdən Parisə yola düşəcəkdir. Əsəri sizə çatdırmaq üçün ona verəcəyəm. Siz əvvəlcə onu oxuyun və məzmunu ilə tanış olun. Əgər onun tərcümə edilməsindən əlinizə bir mənfəət çatacağına əmin olsanız, tərcüməyə başlayın. Çünki bu zəhmət mənfəətsizdir. Mənfəətsiz bir işi mən özüm belə sizə məsləhət görməzdim. Əgər əsəri oxuduqdan sonra onu tərcümə etmək tərcümənin və əslinin çap edilməsindən bir mənfəət əldə edəcəyinizə ümidiniz olmazsa, özünüzü zəhmətə salmayın, əsəri həmin şəxsin vasitəsilə geri göndərin! Siz mənfəətsiz zəhmət çəkməməlisiniz. Bu, mənim üçün də xoş olmaz ki, sizə müftə zəhmət verib, belə bir təklif edəm.
Əgər əsərin tərcüməsindən və ya əslini çap etdirməkdən sizə bir mənfəət çıxarsa, tərcüməyə başlayınız və tərcüməni qurtardıqdan sonra Fransada mövcud olan qanunlar əsasında, əsəri sizə gətirən şəxs ilə birlikdə (bu şəxsin əlində mənim tərəfimdən vəkalətnamə də olacaqdır) mətbəə sahibi ilə müqavilənamə bağlayın. Həmin müqavilənamədə göstərilsin ki, əsəri bir dəfə və ya bir neçə dəfə əslində, ya tərcümə edilmiş şəkildə çap etmək hüququ mətbəə sahibinə verilir və bunun müqabilində o, sizə və mənim vəkilimə filan qədər pul verir. Vəssalam!
Məktubun sonunda bunu da qeyd etmək istəyirəm ki, mənim bu əsəri Renanın əsərinə oxşatmaqdan məqsədim, onun mətnində, Allah göstərməsin, İsa dini əleyhinə fikirlərin olması üzündən deyildir. Burada İsa dini əleyhinə bir kəlmə də yazılmamışdır. Mənim bu oxşatmağım ancaq əsərin məzmunu münasibəti ilə olmuşdur.
Sizin qardaşınız kolonel Mirzə Fətəli
Axundzadə
15 iyun, 1873-cü il, Tiflis
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-nikolaiye-2
Use ← → keys to move, R for a random poem
More by this author
Ayrıca məktubun surəti**Şahzadə!
Həsənəli xana1871-ci il mayın 20-də İran dövlətinin İstanbuldakı səlahiyyətli səfiri Həsənəli xanın vasitəsilə cənab Ruhül-qüdsə göndərdiyim məktubda bu məsələlər yazılmışdır**Birincisi, əzəmətli ağa Həsənəli xanın da əlifbanı dəyişdirmək məsələsinə zidd olması haqqında mənə Tehrandan yazmışdılarsa da, lakin onunla görüşdükdən sonra məlum oldu ki, bu xəbərin qətiyyən əsli yoxdur və bütünlüklə iftiradır.
Mirzə Melkum xana1871-ci il iyunun 2-də Melkum xana yazılmış məktubun surəti**Cənab Ruhül-qüds!
Mirzə Melkum xana1871-ci il iyunun 2-də yazılmış ayrıca vərəqənin surəti**Ruhi-rəvanım, Ruhül-qüds!