Mirzə Melkum xana
1871-ci il iyunun 2-də yazılmış ayrıca vərəqənin surəti
Ruhi-rəvanım, Ruhül-qüds!
Xahiş edirəm ki, bu məktub yetişdikdən sonra vəkalətpənah sədrəzəmin, Allah onun cəlalını daimi eləsin, hüzuruna gedib, mənim dilimdən bu məsələni o cənaba ərz edəsiniz.
1280-ci il hicridə, mən islam əlifbasını dəyişdirmək məqsədilə Darülsəadət İstanbula varid oldum. Əvvəlcə vəkalətpənah sədr-əzəmin, sonra isə mərhum Fuad paşanın hüzurlarına şərəfyab olub xahiş etdim ki, mənim yeni əlifbamı İstanbul alimlərinin yığıncağında müzakirəyə qoysunlar.
O zaman bu iki böyük şəxsiyyətin fərmayişinə görə, mənim əlifbamı Osmanlı Elmi Cəmiyyətinin bir neçə yığıncağında müzakirə və təsdiq edib, əlifbanın dəyişdirilməsini vacib məsələlərdən sayaraq, onun dəyişdirilməsində müqəddəs şəriətə müxalif olan bir şey tapmadılar. Nəhayət, dedilər ki, bitişən hərflər çap işində ən böyük çətinliyə səbəb olub və çap işini də oxumaq işi kimi asanlaşdırmaq üçün bitişən hərflər bitişməz hərflərlə əvəz edilməlidir.
Elmi Cəmiyyət həmin qərarını xüsusi kitabça şəklində çap etdirib, Osmanlı ölkəsinin hər yerində yaydı. Bununla da, Osmanlı dövlətinin bütün bilik və fəzilət sahiblərinə, nazirlərinə və vəkillərinə Elmi Cəmiyyətin müzakirəsinin nəticələrindən aydın və aşkar oldu ki, köhnə islam əlifbasını dəyişdirmək müqəddəs şəriətə zidd olan bir iş deyil və onu dəyişdirmək də lazımdır. Ancaq bu şərt ilə ki, bitişən hərflər bitişməz hərflərlə əvəz edilmiş olsun.
Məhz buna görə də Cəmiyyəti-elmiyyənin məsləhəti əsasında, mənim qardaşım Mirzə Melkum xan böyük zəhmət sərf edərək, çoxlu xərc çəkdikdən sonra, köhnə əlifbanın bitişən hərflərini bitişməz hərflərlə əvəz etmişdir. Mən də onun işini təsdiqləyib, bitişməz hərflərin üstünlüyünü ətraflı bir surətdə yazıb vəkalətpənah cənablarına izah etmişəm. Biz bu işi məhz Osmanlı Cəmiyyəti-elmiyyəsinin məsləhəti ilə etmişik. Bəs indi İstanbul nazirləri nə dəlil ilə və hansı sənədə əsasən deyirlər ki, islam əlifbasını dəyişdirmək müqəddəs şəriətə zidd olan bir işdir və xətt guya islam dininin bir cüzüdür?! Və nəyə əsasən deyirlər ki, bitişməz hərflər pisdir və avropalıların hərflərinə oxşayır?
Əgər qədim yazını dəyişdirmək müqəddəs şəriətin əleyhinə idisə, onda Cəmiyyəti-elmiyyə öz kitabçasında haman tarixdə nə üçün aydıncasına yazdı ki, qədim yazını dəyişdirmək əslən və qətiyyən müqəddəs şəriətə zidd deyildir. Əgər bitişməz hərflər avropalıların hərflərinə oxşadığına görə şəriətin əleyhinədirsə, onda Cəmiyyəti-elmiyyə o tarixdə nə üçün bitişməz hərfləri tam aydın bir şəkildə üstün hesab edib, onu caiz bildi?
Biz əlifbanı dəyişdirmək məsələsində öz tərəfimizdən heç bir iş görməmişik, yalnız Cəmiyyəti-elmiyyə nəyə icazə veribsə, onu etmişik. Belə olduqda vəkalətpənah cənabınızdan xahiş edirəm ki, bizlə İstanbul nazirləri arasında münsif olasınız və buyurasınız ki, bu iş yenidən Osmanlı alimlərinin nəzərinə çatdırılsın. Bu şərtlə ki, o alimlərin hamısı Avropa dillərindən birini bilən adamlardan olsunlar. Bundan sonra o alimlərdən ibarət olan iclasın hökmü nə olarsa, icra edilsin və Mirzə Melkum xana icazə verilsin ki, öz basmaxanasını bu yeni xətlə işə salsın, həm də köhnə əlifba ləğv edilməsin və öz əvvəlki vəziyyətində qalsın. Yeni xətt məşhurlaşıb, asanlığı və mənfəətini millət dərk etdikdən sonra köhnə xətt öz-özünə, heç kəs tələb etmədən tərk olunacaqdır.
Aydındır ki, qədim islam xətti elmin və xalqın tərəqqisinə maneədir. Əgər bu xətt dəyişilməsə, islam milləti dünyanın sonuna qədər cəhalət zülmətində qalacaqdır. İstanbul nazirləri şəri məsələlərə bələd deyildirlər. Qədim xətti dəyişdirmək şəriətə əsla zidd deyildir. Abbasi xəlifələri kufi xətti nəsx xətti ilə əvəz etdilər və alimlər də buna icazə verdilər. Yazını soldan-sağa yazmaq da şəriətə zidd deyildir. Ona görə ki, biz halhazırda həndəsi rəqəmləri, yəni sayları avropalılar kimi soldan-sağa yazırıq və müqəddəs şəriət buna əsla mane olmur.
Elm sahəsində xalqın tərəqqisinə xidmət edən bitişməz hərflərin sağdan sola yazılışı əlverişli olmazsa, xaçpərəstlərdə olduğu kimi soldan-sağa yazmağa da icazə vermək olar, necə ki, həndəsi rəqəmləri yazırıq. Xalqların tarixində əlifbaları dəyişdirmək nadir baş verən hallardan deyil. Bu iş heç bir zaman dövlətin zavalına səbəb ola bilməz. Rusların köhnə əlifbasının xalqın tərəqqisinə mane olduğunu gördükdə, Pyotr onu latın əlifbası ilə əvəz etdi və dövləti nəinki zavala uğramadı, hətta avam camaatın, keşişlərin və ruhanilərin bu barədə müxalifətə qalxışmasına baxmayaraq, Rusiya dövləti gündən-günə tərəqqi etdi.
Cənab Ruhül-qüds! Vəkalətpənah sədr-əzəm cənablarının verdiyi cavabı mənə yazmağınızı xahiş edirəm.
Qardaşınız Mirzə Fətəli
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-mirze-melkum-xana-5
Use ← → keys to move, R for a random poem
More by this author
Kapitan İqranoviç haqqında*Şahi-şahan imperator, xosrovi-keyvan sərir,
Səidə xitabSəida, nuri-çeşmim, bir nəsihət daxı məndən al!Ülumə sərfi-səy et, bulhəvəslik yoluna varma!
Şahmat oyunu haqqındaBiri şah, biri vəzir və ikisi fildir,İki at və iki qala şaha kəfildir.
TəcnisƏsiriyəm bir dilbərin ki, əgərXəncərlə şan-şan o yara məni,
Poems by other poets
"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
AlçaAlçadan özgə məgər yoxdu təamın, Yusif,Alçadan oldu mənə töhfə salamın, Yusif.
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,