Ruhi-rəvanım Ruhül-qüds – Melkum xan!

Mirzə Nəbi xanın oğlu sədarət məqamına çatdıqdan sonra bütün tehranlı dostlar məni unutmuşlar və mənim məktublarıma əsla cavab vermirlər. Mənimlə dostluq və tanışlıq əlaqəsini kəsmişlər.

Oktyabr ayında yazdığım məktuba sizdən hələ cavab almamışamsa da, lakin onun məzmununa müvafiq olaraq Hacı Şeyx Möhsüm xanın qardaşı Məhəmmədağa, Şarl Missmerin mərhum Ali paşaya yazmış olduğu fransızca məktubu sizin tərəfinizdən mənə vermişdir. Əlifba məsələsinə dair fransız dilində qəzetlərdə yazılmış müfəssəl yazıları, habelə Bombey sakini ingilisin və italiyalı filosofun yazılarını təcili göndəriniz!

Həqiqətdə sizin təfəkkürünüzün məhsulu olan Şarl Missmerin məktubu mənə yetişərkən, həmin gün oğlum Rəşidə tapşırdım ki, onu rus dilinə tərcümə etsin. Rusca tərcüməsi çox gözəl və düzgün çıxdı. Çünki rus dilində mətləbin əslini ifadə etmək üçün kəlmələrin tapılmasında çətinlik üz vermədi. Sonra rusca mətnin üzərində özüm məktubun farsca tərcüməsinə başladım. Lakin fars dilində tərcüməsi mənim istədiyim kimi olmadı, çünki bir çox kəlmələrin qarşılığını tapa bilmədim. Buna baxmayaraq, cənab Şeyxülislam məktubun məzmununa valeh oldu və həmin saat üzünü köçürtdü. Əgər Tiflisə güzarınız düşsə, özünüz bu tərcüməni təshih edib, sonra Tehrana getməlisiniz.

Deyirlər ki, sizi Tehrana çağırmışlar. Bilmirəm, gedəcəksiniz, ya yox? Əgər öz əlifbanızı həyata keçirmək ümidiniz varsa, gediniz! Yoxsa, nə vardır? Məgər siz ləqəb və mənsəb almağa və ya təşəxxüs satmağa gedirsiniz? Eh, bir qara pula dəyməz!

Oxuyub-yazmaq vasitəsini dəyişməzdən əvvəl qanun və nəzmünizam qoymaq üçün gedirsiniz? Halbuki, Şarl Missmer deyir ki, əlifbanı islah edib dəyişməzdən əvvəl qayda-qanun və nəzmü-nizam qoymaq haqqında edilən hər cür təşəbbüs yersizdir. Şarl Missmerin kəlamı belə deyir:

“İslam xalqlarının səy və təlaşının səmərəsizliyi yalnız onlarda mənəvi və fikri tərəqqinin zahiri və əməli tərəqqiyə müqəddəm olmamasından irəli gəlmişdir. Yəni avropalıların theorie adlandırdıqları nəzəri inkişaf, əməli, yəni practique tərəqqiyə üstün tutulmamışdır”. Lakin bunun əksinə olaraq, Mirzə Nəbi xanın savadsız oğlu bu gün Tehranda bir sıra tədbirlər görür. Nəticəsini görəcəyik! Vallah, mənim nəzərimdə o, ləyaqət nöqteyi-nəzərindən “Rəfiq və Vəzir” kitabçasında təsvir edilən vəzirdən heç də üstün deyildir! Təsadüfən sədr-əzəm vəzifəsinə çatmışdır. Fərq ancaq orasındadır ki, o, bəzi şeyləri tutuquşu kimi sizdən və başqalarından öyrənmişdir. Lakin özü despotun nökəri və xudpəsənd bir adamıdır.

Tehrana getmək haqqında özünüz öz məsləhətinizi daha yaxşı bilirsiniz. Mən bu işə müdaxilə etmirəm. Bəlkə, mən getməyinizi istəyirəm ki, mənə də yaxın olasınız. Hər halda, əgər getməli olsanız, bəzi mülahizələrə görə ehtiyatən Osmanlı dövlətinin təbəəliyini hələlik saxlayın! Görək, vəziyyət necə olur. Çünki mən hələ indidən anlaya bilmirəm ki, Mirzə Nəbi xanın oğlu səni nə üçün Tehrana çağırır. Onun məqsədi dostluq və xeyirxahlıqdır, ya xeyr? O, səni İrana bir iş görmək və xeyir vermək üçünmü çağırır, yainki sənin kimi hünər və qələm, dil və istedad sahibinin xarici ölkədə olmasını istəməyib, səni oradan uzaqlaşdırmaq, qələmini qırmaq və dilini bağlamaq istəyir...

Şarl Missmerin rus dilinə tərcümə edilmiş məktubu, sizə məlum olan bəzi sözləri atılmaq şərtilə, bu yaxınlarda “Kavkaz” qəzetində çap ediləcəkdir. Bu tərcüməni bəzi sözləri çıxmaq şərtilə, rus alimlərindən bir neçəsinə göstərmişəm. Çox bəyənmişlər. Əgər göndərilməsini xahiş etdiyim fransızca yazılardan bəziləri xoşuma gələrsə, dərhal rus dilinə tərcümə edib çap etdirəcəyəm.

Mən artıq osmanlılardan ümidimi kəsmişəm və onları hətta məzəmmət belə etmirəm. Mətləbi çox yaxşı anlayıb bildilər ki, yeni əlifba tətbiq edilib elm və mədəniyyət yayıldıqdan sonra onların despot hökuməti və dinləri əldən gedəcəkdir. Məgər siz bu həqiqəti inkar edirsiniz? Məlumdur ki, elm və mədəniyyət geniş yayıldıqdan sonra despotizm, fanatizm və supermatsion (ölülərin ruhuna pərəstiş) artıq yaşaya bilməz.

Bizim bütün səylərimizin faydası ancaq xalqa aiddir. Biz istəyirik ki, Osmanlı xalqı bizim səyimizlə xoşbəxt və səadətli bir xalq olsun. Lakin bizim bu arzumuz Osmanlı nazirlərinin şəxsi zərərinədir. Biz ümumun mənfəətini istəyirik, onlar isə şəxsi mənfəətlərini güdürlər.

Doğrudur, bizim fikrimiz həyata keçirilərsə, vəziyyət daha yaxşı olacaqdır, despot hakimiyyəti əvəzinə mötədil və azadlıq hakimiyyəti qurulacaqdır, hünərsizlərin bazarı kasad olacaqdır, hər kəs öz bacarığı və biliyinə görə vəzifə sahibi olacaqdır. Lakin hazırda Osmanlı dövlətinin başçıları olan elmsiz və hünərsiz adamlar buna müxalifdirlər. Onların səfehliyi o dərəcəyə çatmışdır ki, bu incə sirri başa düşməyib, hazırkı hakimiyyətin zavalını və dinin aradan getməsini əlifbanın dəyişilməsi nəticəsində əmələ gələ biləcək xalq üsyanlarında görə bilirlər. Halbuki əlifbanın dəyişilməsi ilə əlaqədar olaraq, heç bir üsyanın baş verəcəyi təsəvvürə belə gəlmir.

Şarl Missmerin məktubunun fars dilində tərcüməsini çap etdirib və Qafqazın müsəlmanlar yaşayan bütün vilayətlərində yayıb, bütün savadlı müsəlmanlardan bu məktub barədə cavab almaq istəyirəm. Görək nə yazacaqlar. Nə edim, rahat otura bilmirəm?!

Siz də “Kəmalüddövlə”ni çap etmək haqqında bir tədbir görün!

Əgər sizin hörmətli atanız İstanbuldadırsa, məndən ona dostluq salamı yetirin! O, gənclikdə məni görmüşdür və Hafizin divanının bir nüsxəsini mənə bağışlamışdır. Bilmirəm o, bunu unutmuşdur, ya yox? Lakin onun bağışladığı kitab indiyə qədər əlimdədir, hər zaman oxuduqda onu xatırlayıram.

Sizin adınıza Mirzə Yusif xandan bir məktub gəlmişdi, həmin zərfin içində onu sizə göndərirəm.

Qardaşınız Mirzə Fətəli Axundzadə
tərəfindən yazıldı.
8 mart 1872-ci il

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Hekayət

Altmış il bundan əqdəm Firəngistanda, xüsusən ingilis məmləkətində filosoflar mütəəddid təsniflər yazıb kəsb və tədərrüsün lüzumiyyətini və mənfəətini xalqa bildirdilər və qayətdə müəssir moizələrinin qüvvəti ilə xalqı övzai-məişətin təhsilinə bir mərtəbədə şövqmənd etdilər ki, xalq biaram karxanalar yapmağa və sənaye işlətməyə iqdam edib az müddətdə külli-aləmin ehtiyacına kafi miqdardan bəməratib ziyadə əqmişə və əmtəə hazır edib, Firəngistanda və sair əqalimdə hər şəhrin bazar və karvansaralarını ənva və əqsam əşya ilə doldurdular. Və bu əməlin məalından saf qafil idilər və hərgiz xəyallarına xütur etmirdi ki, bu işin nəticəsi aqibət ərbabi-tənxahın iflasına bais olacaqdır, zira ki, bəni-növ’i-bəşərin əyyami-həyatında üç qisim ehtiyacı var: Əvvəlincisi – ehtiyaci-cismanidir, ikincisi – ehtiyaci-əqli, üçüncüsü – ehtiyaci-ruhani.İnsan əyyami-həyatında daima təlaşdadır ki, bu üç ehtiyacı rəf’ etsin və həyatın ləvaizindən bəhrəyab olsun. Ehtiyaci-cismani rəf’ olur təhsili-məlbusat və mə’kulat və məsakin və vəsaili-əmniyyət ilə; ehtiyaci-əqli rəf’ olur təhsili-ülum və təhqiqi-qəvanini-təbiət və inkişafı-əsrari-xilqət ilə. (Əgər insan bu ikinci ehtiyacın rəf’inə cahid olmasa, onunla... arasında bir fərq yoxdur). Ehtiyaci-ruhani rəf’ olur məhəbbəti-əyal və məhəbbəti-əqrəba və dustan və məhəbbəti-vətən ilə. Hətta məhəbbəti-əyal və vətən bir mərtəbədə ruha müəssirdir ki, bə’zi əmziceyi-əfradi-bəşərdə əyalın və vətənin müfariqəti həlakətə dəxi bais olur.

5 min
Con Stüart Mill azadlıq haqqında

İngilis filosofu Con Stüart Mill azadlığı izah etmək məqsədi ilə yazdığı kitabda göstərir:– Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar.

3 min
1618-ci ildə Bağdad yaxınlığında Türkiyə ordusunun vəziyyəti

Məşhur Birinci şah Abbasın atası Məhəmməd şahın hökmranlığı zamanında İran ağır bir vəziyyətdə idi. Onun siyasi süqutu yaxınlaşmaqda idi; başsızlıq və daxili çəkişmələr məmləkəti sarsıtmışdı. Padşah öz xasiyyətinin zəifliyi üzündən sərkərdələrin özbaşınalığının qabağını almaqda aciz idi. Onlardan hər biri müxtəlif yollarla birinciliyə və hakimiyyətə çatırdı və bundan sonra başqalarını əzirdi və özünə tabe etdiyi əyalətləri talan edirdi.Firqələr təşkil olundu və xanlar bir-biri ilə müharibəyə başladılar. Daha güclü olan xanlar, şah hakimiyyətini qəbul etməyib bir sıra əyalətləri ələ keçirdilər.

16 min
Yengi dünyanı fəth edən Xristofor Kolumbun tarixi

Yer kürəsinin üçdə birindən ibarət olan Yengi Dünya torpağı dəniz vasitəsi ilə qədim dünyadan ayrı düşərək Kolumb dövrünə qədər mə’lum deyildi. Ehtimal ki, keçmiş zamanlarda, məsələn, bir neçə min il bundan qabaq Yengi Dünya torpağı qədim dünya torpağı ilə bitişik olmuş, lakin sonra bir hadisə nəticəsində dənizin suyu onların arasında çəpər çəkmiş və o gündən Kolumb dövrünə qədər Yerin bu iki qit’- əsinin adamlarının bir-birindən xəbəri olmamışdır.Xristofor Kolumb – ki, hümmətli, böyük bir adam olub, coğrafiya və kosmoqrafiya elmlərinin bilicisi idi, gəmi sürmək sənətində də tam məharəti var idi, – qeybi-ilham adlandırılan aydın fikri ilə düşündü ki, Mühit dənizinin o tərəfində bizə mə’lum olmayan bir quruluq, bir dünya vardır. Bu fikir onun başında elə möhkəmləndi ki, o, bir dəqiqə də bundan ayrıla bilmirdi. Nəhayət, Kolumb Əndəlis padşahının köməyi ilə dənizlər keçib Yengi Dünyanı tapdı.

13 min

Poems by other poets