Mənim əziz ağam Mirzə Yəqub, səadətiniz daimi olsun!

Darül-xilafeyi-Tehranda iki dəfə şəxsən şöhrət sahibi olan cənabınızla görüşüb, sizin sonsuz fəzilət və gözəl sifətlərinizdən xəbərdar olduğumdan həmişə sizi yad etməklə ağzımı şirin edirəm. Yəqinimdir ki, siz də gözəl xasiyyətinizə görə məni unutmamışsınız.

Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan mənim islam dilləri yazısını asanlaşdırmaq haqqında yazmış olduğum yeni əlifba kitabçasını şərafətli sərkar canişinin icazəsi ilə keçən il İran Xarici İşlər naziri cənablarına göndərmişdir ki, dövləti-əliyyeyi-İranın başçılarının nəzərinə çatdırsın. Amma o tarixdən indiyə qədər xarici işlər nazirindən bu xüsusda bir cavab gəlməmişdir. Bundan əlavə, mən özüm də bu barədə bir məktub yazıb adı qeyd olunan hörmətli konsulun vasitəsilə müqərrəbül-xaqan Hüseyn xan Nizamüddövləyə göndərmişəm. Amma ondan da bir xəbər alınmamışdır.

Buna görə də şöhrət sahibi olan cənabınızdan xahiş edirəm ki, dostluq və məhəbbət naminə bir məktub vasitəsilə mənə bildirin görüm, mənim əlifbam dövləti-əliyyeyi-İran başçılarının nəzərinə çatdırılıb, ya yox? Və əgər çatdırılıbsa, bu barədə onların rəyi və qərarı nə olmuşdur? Habelə müqərrəbül-xaqan Hüseyn xan Nizamüddövlə ilə görüşüb ondan soruşun ki, mənim məktubum ona çatmışdır, ya yox? Şərəf sahibi olan cənabınızın dostluq cavabının yolunu gözləyirəm.

1858-ci il avqustun sonlarında, Tiflisdə
şərafətli sərkar canişinin hüzurunda islam
dilləri mütərcimi kapitan Mirzə Fətəli
Axundzadə tərəfindən yazıldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Akademik Dorna cavab

Həzrət-əşrəf! Zati-alinizin göndərdiyi məktubdan aldığım gözəl təəssüratı ifadə etmək üçün söz tapa bilmirəm. Mən bu məktubda yeni əlifbama dair birinci dəfə olaraq, təsəlliverici sözləri oxudum. Açıq deməliyəm ki, mən öz layihəmin faydalı və əsaslı olmasına o qədər möhkəm əmin idim ki, onun tezliklə və hər yerdə tətbiq ediləcəyinə zərrə qədər şübhə etmirdim. Belə bir əhvali-ruhiyyə ilə mən özümü elə bir şəxslə müqayisə edirdim ki, o, özünün bütün zəifliyi ilə qarşısında duran ən böyük çətinlikləri aradan qaldıra bilər. Lakin sizin məktubunuzu oxuduqdan sonra, sizə bəslədiyim tam etimada baxmayaraq, öz fikrimi dəyişdim. Məndəki coşqunluq və sonsuz enerji, əql-səlim və sakitliklə əvəz edildi. Mən öz layihəmi bəşəriyyət üçün faydalı olan bir zəhmətin nəticəsi kimi müdafiə etmək haqqında düşünərək, aşağıdakı qərara gəldim.Mənim layihəm hazırda islam Şərqinin ruhuna uyğun olaraq, rəhbər kimi qəbul edilə bilməz. Çünki o qəbul edildikdə hazırda Asiya və Avropada mövcud olan əlifba ilə çap edilmiş və həmin əlifbada olan bütün kitabları ləğv etmək lazım gələrdi. Ona görə də olmazmı ki, həmin bu əlifbanı hazırda mövcud olan köhnə əlifba ilə bir sırada tətbiq edərək, cüzi zəhmətlə öyrənmək fikri qəbul edilsin. Necə ki, rus mülki əlifbası kilsə əlifbası ilə birlikdə bir-birinə mane olmadan eyni xalq tərəfindən yazılır və oxunur. Belə bir ehtimalın mümkün olacağını düşünərkən mən müsəlmanların onsuz da şikəstə, reyhani və sairə kimi, həm də oxumağı bacaran adamların əksəriyyətinə tanış olmayan xətlərə malik olduğunu nəzərdə tuturdum. Lakin burada bir fərq var ki, adlarını çəkdiyim xətlər, mənim əlifbam tətbiq edildiyi təqdirdə, hazırkı yazıdan fərqləndiyi qədər fərqli deyildirlər. Ancaq mənim əlifbamın çox mühüm üstünlüyü vardır. Onun vasitəsilə bütün tarixi və coğrafi əsərlərdə bol olan xüsusi adları doğru və düzgün oxumaq və yazmaq mümkün olacaqdır.

3 min
A.F.Kruzenşternə

Qafqaz canişini baş idarəsi rəisi A.F.Kruzenşternə**Baş idarənin yazılı mütərcimi kapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi*

3 min
Qeyd

1861-ci ilin sentyabr ayında Müsyö Berje vasitəsilə Tiflisdən Tehrana “Təmsilat”ımdan dörd nüsxəsini adları aşağıda qeyd olunan şəxslərə, yəni maarif naziri şahzadə Əliqulu Mirzəyə, əyalət nayibi şahzadə Fərhad Mirzəyə, ədliyyə naziri Abbasquluxan Cavanşirə və Müşirüddövlə Mirzə Cəfər xana göndərib, “Təmsilat”ın hər bir nüsxəsinin titul vərəqində bu sözləri yazdım. Yazdığım bunlardır:Zahiri baməzə və xoşagələn, batini isə başdan-başa moizə və nəsihətdən ibarət olan bu cür qəribə əsərlər müsəlman xalqları arasında məlum deyildi. Mən bu işin banisi oldum. Bu əsərlərdə mənim müsəlman camaatı arasında mövcud olan bəzi xoşagəlməz adətlərə və ənənələrə qarşı istehza yolu ilə etirazımı görənlər, bu etirazı mənim təəssübsüzlüyümə və xalqıma qarşı məhəbbətimin olmamasına yozmasınlar gərək! Çünki bu etirazlardan məqsədim ibrət dərsi verməkdir ki, başqaları bu kimi pis adətlərdən çəkinsinlər. Necə ki, açıq fikirli həkim şeyx Sədi rəhmətullah da öz “Gülüstan”ında Loğmanın dili ilə bu mətləbə işarə etmişdir: “Loğmandan soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: – Ədəbsizlərdən, yəni onların əməllərində hər şeydən ki, xoşum gəlmədi, ondan uzaqlaşdım”.

1 min
Həzrət Sədirətpənaha

Həzrət-Sədarətpənahın yüksək nəsəbli hüzuruna Allah onun cəlalını daimi etsin!**Zati-ali imperatorzadə Qafqaz cani- şini xidmətində islam dilləri mütərcimi mayor Mirzə Fətəli Axundzadədən*

2 min

Poems by other poets