Sevimli Rəşid
Səbirsizlik və ruhi həyəcanla gözlədiyim 23 dekabr tarixli məktubunu aldım.
Rəşid!
Sənin məktubun gecikəndə mən və anan nigarançılıq və iztirab çəkməyə bilmirik. Bundan sonra həmişə öz vaxtında, məzmun olmasa da, ikicə xətdə sağ-səlamətliyin barədə bizə xəbər yaz. Əgər bu gün xeyirxah ağa Ələkbər sənin məktubunu poçtdan alıb gətirməsəydi, mən altı manat itirəcək idim; çünki Brüsselə vuracağım teleqramın qaralaması artıq yazı masamın üstündə hazır idi.
Mənim tərəfimdən müsyö Qastinoya təzim edib de ki, “Müsyö Jordan” komediyası haqqında onun qənaəti ilə tamamilə razıyam. Qraf Soloqub və Q.Xanıkov da mənə demişdilər ki, bu komediya yalnız oxumaq üçün məqbuldur, lakin səhnə üçün dram şərtlərinə malik deyil. Xülasə, mən özüm də onu səhnədə oynanılmaq üçün təqdim etməmişəm. Qoy müsyö Qastino onu kitabça şəklində nəşr etmək təşəbbüsündə olsun, bəlkə oxucular üçün maraqlı oldu. Səhnə üçün mənim komediyalarımdan, belə düşünürəm, “Vəziri-Xani-Lənkəran”, “Xırsiquldurbasan” və “Hacı Qara” münasib olar; onlar Tiflisdə oynanılıbdır, bu yaxınlarda Bakıda da tamaşaya qoyulacaq.
Əlifbanın Əlcəzairdə tətbiq edilməsi haqqında müsyö Qastinonun fikri tamamilə doğrudur. Mən bundan sonra bu haqda düşünmək belə istəmirəm. Nəhayət, mənim üçün bu xoşdur ki, müsyö Qastino kimi alim bir şəxs mənim fikirlərimlə eyni olan Mismerin əsərini oxuyub təsdiq etdi.
“Kəmalüddövlə”nin tərcüməsi indi gözəl bir ədəbiyyatşünas olan Treskovski tərəfindən nəzərdən keçirilir. O, bu əsərlə fərəhlənir, onun üslub və orfoqrafik yanlışlıqlarını düzəldir. Tərcümə orijinalla birlikdə nəşr edilmək üçün tezliklə Peterburqda olan məşhur bir naşirə göndəriləcəkdir.
Nisa xanım 26 dekabrda çox gözəl bir qız doğub hamiləlikdən azad oldu. İrzanın xəstəliyi doğrudan da qorxulu idi, lakin Lətif qayıdıb bizi sakitləşdirdi, dedi o sağalır, ancaq hədsiz dərəcədə zəifdir. İndi Rəsul İrzanın yanında qalır, o qayıdan kimi İrzanın vəziyyəti haqqında sənə doğru xəbər verərəm.
Mustafa indi qərargahda, vəfat etmiş İrimsaninin yerində mütərcim işləyir, ayda yüz manat maaş alır, onun işi əla düzəldi, bütün ailəsi səlamətdir.
Mən sənin sözlərini anana tərcümə edib onu sakitləşdirdim və dedim ki, sən onun yanına dərmançı deyil, yol mühəndisi gələcəksən.
Biz hamımız sağ-səlamətik. Ələkbər sənə təzim edir. Yaz görüm, yeni mənzilə köçdün, ya hələ köhnə yerindəsən?
Sənin atan
10 yanvar 1875-ci il, Tiflis
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-sevimli-resid
Use ← → keys to move, R for a random poem
More by this author
Məhəbbət yolu ilə məni yada salıb göndərdiyiniz məktub gəlib çatdı. Könlümün güzgüsünə sizdən sarı qonmuş inciklik tozu silindi. İndi gileygüzarlıq məqamında deməliyəm ki, siz mənim haqqımda çox cəfa rəva gördünüz. Mən sizə sədaqət və məhəbbət göstərdim. Onun əvəzində cövrü cəfa layiq deyildi. Özünüz insafla deyin, Tiflisdə sakin olduğunuz müddətdə məndən sizin istəyinizin xilafına olan bir hərəkət baş verdimi? Amma siz cənabın mənimlə rəftarından mənim şikayət etməyə haqqım var. Məndən aldığınız o əlifba kitabçalarını nə elədiniz? Mənə verdiyiniz o bollu vədlər necə oldu? İndi yazırsınız ki, İstanbula gəlim. Nə ümidlə, hansı inamla?Hər halda möhtərəm Mirzə Əbdürrəhim xana gahdan yazıb göndərdiyiniz məktubun qırağında yazıb bildirin görək gələn ilin payızında sizə məlum olan mətləblərə görə iki-üç ay müddətinə İstanbula gəlməyim məsləhətdir, ya yox?
Akademik Dorna cavabHəzrət-əşrəf! Zati-alinizin göndərdiyi məktubdan aldığım gözəl təəssüratı ifadə etmək üçün söz tapa bilmirəm. Mən bu məktubda yeni əlifbama dair birinci dəfə olaraq, təsəlliverici sözləri oxudum. Açıq deməliyəm ki, mən öz layihəmin faydalı və əsaslı olmasına o qədər möhkəm əmin idim ki, onun tezliklə və hər yerdə tətbiq ediləcəyinə zərrə qədər şübhə etmirdim. Belə bir əhvali-ruhiyyə ilə mən özümü elə bir şəxslə müqayisə edirdim ki, o, özünün bütün zəifliyi ilə qarşısında duran ən böyük çətinlikləri aradan qaldıra bilər. Lakin sizin məktubunuzu oxuduqdan sonra, sizə bəslədiyim tam etimada baxmayaraq, öz fikrimi dəyişdim. Məndəki coşqunluq və sonsuz enerji, əql-səlim və sakitliklə əvəz edildi. Mən öz layihəmi bəşəriyyət üçün faydalı olan bir zəhmətin nəticəsi kimi müdafiə etmək haqqında düşünərək, aşağıdakı qərara gəldim.Mənim layihəm hazırda islam Şərqinin ruhuna uyğun olaraq, rəhbər kimi qəbul edilə bilməz. Çünki o qəbul edildikdə hazırda Asiya və Avropada mövcud olan əlifba ilə çap edilmiş və həmin əlifbada olan bütün kitabları ləğv etmək lazım gələrdi. Ona görə də olmazmı ki, həmin bu əlifbanı hazırda mövcud olan köhnə əlifba ilə bir sırada tətbiq edərək, cüzi zəhmətlə öyrənmək fikri qəbul edilsin. Necə ki, rus mülki əlifbası kilsə əlifbası ilə birlikdə bir-birinə mane olmadan eyni xalq tərəfindən yazılır və oxunur. Belə bir ehtimalın mümkün olacağını düşünərkən mən müsəlmanların onsuz da şikəstə, reyhani və sairə kimi, həm də oxumağı bacaran adamların əksəriyyətinə tanış olmayan xətlərə malik olduğunu nəzərdə tuturdum. Lakin burada bir fərq var ki, adlarını çəkdiyim xətlər, mənim əlifbam tətbiq edildiyi təqdirdə, hazırkı yazıdan fərqləndiyi qədər fərqli deyildirlər. Ancaq mənim əlifbamın çox mühüm üstünlüyü vardır. Onun vasitəsilə bütün tarixi və coğrafi əsərlərdə bol olan xüsusi adları doğru və düzgün oxumaq və yazmaq mümkün olacaqdır.
A.F.KruzenşternəQafqaz canişini baş idarəsi rəisi A.F.Kruzenşternə**Baş idarənin yazılı mütərcimi kapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi*
Qeyd1861-ci ilin sentyabr ayında Müsyö Berje vasitəsilə Tiflisdən Tehrana “Təmsilat”ımdan dörd nüsxəsini adları aşağıda qeyd olunan şəxslərə, yəni maarif naziri şahzadə Əliqulu Mirzəyə, əyalət nayibi şahzadə Fərhad Mirzəyə, ədliyyə naziri Abbasquluxan Cavanşirə və Müşirüddövlə Mirzə Cəfər xana göndərib, “Təmsilat”ın hər bir nüsxəsinin titul vərəqində bu sözləri yazdım. Yazdığım bunlardır:Zahiri baməzə və xoşagələn, batini isə başdan-başa moizə və nəsihətdən ibarət olan bu cür qəribə əsərlər müsəlman xalqları arasında məlum deyildi. Mən bu işin banisi oldum. Bu əsərlərdə mənim müsəlman camaatı arasında mövcud olan bəzi xoşagəlməz adətlərə və ənənələrə qarşı istehza yolu ilə etirazımı görənlər, bu etirazı mənim təəssübsüzlüyümə və xalqıma qarşı məhəbbətimin olmamasına yozmasınlar gərək! Çünki bu etirazlardan məqsədim ibrət dərsi verməkdir ki, başqaları bu kimi pis adətlərdən çəkinsinlər. Necə ki, açıq fikirli həkim şeyx Sədi rəhmətullah da öz “Gülüstan”ında Loğmanın dili ilə bu mətləbə işarə etmişdir: “Loğmandan soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: – Ədəbsizlərdən, yəni onların əməllərində hər şeydən ki, xoşum gəlmədi, ondan uzaqlaşdım”.