Şəhidlər
Proloq
Şəhidlər bu torpağa, xalqa səcdə qıldılar,
Haqsızlığın üstündən haqqa körpü saldılar.
Vətəni sevmək üstdə günahkar sayıldılar,
Vətəni sevmək niyə günah olmuş, ay Allah?
Özüm qaldım çıraqsız, min çırağa yağ ikən,
Təpələrə əl açdım, özüm uca dağ ikən.
Əlacım öz-özümdən köməyi ummaq ikən,
Neçin bizə özgəsi "pənah" olmuş, ay Allah?
Ona ümid, mənə zor, amma demir kimə haqq?
Əl-ayaq zəncirdədir, baş qapazlı, sinə dağ.
Yüz yetmiş il bu saziş, bu birlik, bu ittifaq
Bir tərəfli, talaqsız nikah olmuş, ay Allah.
Çəliyə möhtac ikən, mən özgəyə çəliyəm,
Min gülləyə tuş olan bir ceyranam, əliyəm.
Özgə nə əmr eyləsə mən boyun əyməliyəm,
Neçin mənə özgəsi "allah" olmuş, ay Allah?
Bu gün qula dönmüşəm, dünən mən bir şah ikən,
Yoxmuş məni bir doğan, yoxmuş məni bir əkən.
Bu torpağa düşmüşəm haradansa mən dimən,
Min-minillik tarixim unudulmuş, ay Allah!
Özgənin əlindədir xeyirimiz, şərimiz,
Sərvətimiz daşındı, hey soyuldu dərimiz.
Gözümüz üfüqdədir, açılmır səhərimiz,
Bizə düşən səmada gün tutulmuş, ay Allah!
İllərlə məhkumluğun keşiyində dayandıq,
Özümüzə biz bunu, yoxsa, şərəfmi sandıq?
Xoşbəxt olduğumuza inandıq, çox inandıq,
Düz yalana, haqq zora, demə, qulmuş, ay Allah!
Gözümüzdə qalsa da muradımız, kamımız,
Görünənə deyil, yox, bir nəfər tək hamımız
Deyilənə inandıq... Bizim bu inamımız,
Demə, qul olmamıza kəsə yolmuş, ay Allah!
Bir qırıq işıq görüb zülməti yamanladıq,
Sübhün açıldığını zənn edib gümanladıq.
Biz də dönüb Sabirə bircə ağız banladıq,
Bizim banlamağımız günah olmuş, ay Allah!
Neçin mənə özgəsi "allah" olmuş, ay Allah?
Nə istəyir bu millət?
İstəkləri gözündə, tələbləri dilində,
Millət dənizə döndü dənizin sahilində.
Dalğalandı bu millət
Alışıb öz oduna, yandı, yandı bu millət
Dilsiz, sağır göylərə dirək oldu haqq səsi,
Başlandı bu ölkənin meydan mübarizəsi.
Nə istəyir camaat?
Bəlkə bezib canından?
Şikayətə çıxıbdır bəlkə güzəranından?
Bəlkə boş dükanları dolu görmək istəyir?
Bəlkə qazandığından çox götürmək istəyir?
Bəlkə maaş davası?
Bəlkə mənzil davası?
Nədir bu xalq davası, nədir bu el davası –
Bir soruşan oldumu?
Amma yeri istilər
Bu xalq burulğanının qabağını kəsdilər.
Ekranlara çıxdılar.
"Ekstremist" - deyə ona qara yaxdılar.
Xalqa öyüd verdilər.
Yenə də məhkumluğu
Yeganə bir yol kimi bu xalqa göstərdilər.
Bir soruşan olmadı nədir sənin bu davan?
Bəlkə çatışmır suyun, bəlkə çatışmır havan?
Yaşasa da bu millət lap dilənçi kökündə,
Yoxsul güzəranından danışmadı bu gün də.
Daxmalarda yaşadı, özünü sındırmadı,
Meydanda "mənzil" - deyə bir dəfə qışqırmadı.
Qara qızıl çıxartdı yerin yeddi qatından.
"Nədir bunun qiyməti?" sormadılar heç ondan.
Onun qızıl neftini qızıla da satdılar,
Qızılm sahibini söz ilə aldatdılar.
Bu millətin sərvəti özünə düşmən oldu,
Becərdiyi pambığı əyninə kəfən oldu.
O, yenə də dinmədi,
Dözdü, heç deyinmədi.
Nə istəyir bəs bu xalq?
O istəyir sərvəti manat olub özgənin
Xəznəsinə dolsa da,
Dərisi soyulsa da
Onun ləyaqətinə,
Namus və qeyrətinə
Bir daha qıymasınlar,
Minillik torpağını hərraca qoymasınlar.
Qəzet sütünlarından millətə öyüd vergin,
Söz ilə yol göstərən,
İndi özün de görək,
Qəbahətmi bu istək?
O zaman ki özümüz olduq öz dustağımız,
Qəlbimizə sığındı üç rəngli bayrağımız.
O vaxt ki, azadlığın işartısı göründü,
Qəlbimizi bir anda dəlib keçdi o bayraq,
Qəlbimizdən boylanıb ələ keçdi o bayraq.
Bir məqsədə calandı,
Əllərdə dalğalandı.
Qatil bunu görüncə pozdu cəlalımızı,
Qanımıza boyadı bizim hilalımızı.
Təzadlar içində
Yalana, riyaya nə qədər uyduq,
Biz Qızıl Orduya abidə qoyduq,
Ona ad da verdik: "Xilaskar ordu".
Adını "doğrultdu": El "xilas oldu"
Yenicə tapdığı azadlığından,
"Ölüyə azadlıq, diriyə zindan".
Yaxşı tanıyırıq çoxdan biz onu
Adı bir olsa da, min bir üzü var.
Kasıb gizlətməkçün yoxsulluğunu,
İtinin adını "Gümüş" çağırar.
Həmin abidənin həndəvərində,
Həmin Qızıl Ordu günün birində
Bizim qanımızı tökdü...
ya xuda!
Ölənlər kim idi?
həmin orduda
Dünən əsgər olan bizim cavanlar,
Ağıl dərk etməyən bu bədxahlığın,
Əsl mənasını xalq indi anlar...
Yetmiş il "irəli!" - deyib yüyürdük,
Hamıdan geridə qalan bizmişik.
Döydük döşümüzə...
ayılıb gördük
Dünya aslan imiş, amma biz pişik!
Xalqa neçə dəfə tələ qurdular
Başımız tilova keçəndən bəri.
Qəsdən, bilə-bilə adlandırdılar
Xalqın dostlarını, "xalq düşmənləri".
"Bizdədir dünyanın dövləti, varı", -
Dedik...
Səs-küyümüz göyə dirəndi.
"Dünyanın ən xoşbəxt, şən adamları",
Talonla qaxsımış ət alır indi.
Qəribə təzadlar içindəyik biz,
İndi anlamışıq; kimik, nəyik biz.
Bəlkə kor taleyin hökmüdür bu da?
...Dünən bizimkilər həmən orduda
Ruslara bir arxa, bir qardaş kimi,
Onun düşməniylə döyüşmədimi?
Aradan nə keçdi?
Nə oldu ona?
Dünənki yaxşılıq unuduldumu?
Dünən arxasında dağ olduğuna,
Bu gün birdən-birə düşmən oldumu?
Gerçəyin önünə keçdi o dəmdə,
Yalanlar, böhtanlar...
nə deyək buna?
Qatil bizimlə bir o gecə həm də,
Haqqı, həqiqəti tutdu qurşuna.
Hansı göstərişlə gəlibmiş, görən,
Silahsız kütləni bu qıran ordu?
Vallah, bu vəhşəti törədə bilməz
Ən qəddar, qudurğan, çıldıran ordu.
Bəs hanı savaşın qədimdən bəri,
Hər kəsin bildiyi mərdlik şərtləri?
Şər üçün nə qayda,
nə şərt, nə qanun?
Bu imiş "haqq işi" Qızıl Ordunun...
Kimdi bəs ölənlər?
İnanmaq çətin!
Dünən Rusiya üçün can verənlərin,
Şəhid düşənlərin şəhid övladı!
Əfsus! Eyni olur şəhidin adı!
O, şəhid, bu, şəhid!
Sən bir işə bax!
O, nəyin uğrunda, bu, nəyin, ancaq!
O şənbə gecəsi, o məlun gecə
Birdən üzə çıxdı bu fərq gör necə?!
Bir soldat bağırdı: - Belədir qayda
Əvəz ödəməkdə ər oğlu ərəm.
Atan şəhid oldu mənim yolumda,
Mən sənin özünü şəhid eylərəm!
Ədalət də, gerçək də,
Vallah, yoxdu o gecə.
Zülm, zalım əlilə
Haqqı boğdu o gecə.
Tunc zirehli ilanlar,
Haqqımızı nə anlar!
Həqiqəti yalanlar
Küncə sıxdı o gecə!
Kimə deyim dərdimi?
Qəsbkar namərdəmi?
Yetmiş ilin dərd-qəmi
Gözdən axdı o gecə.
Analar amanından
Sinələr oldu şan-şan.
Şəhidlərin qanından,
Şimşək çaxdı o gecə.
Qara geydi bu Vətən,
Yox hayına bir yetən.
Həyata hamiləykən,
Ölüm doğdu o gecə.
Nə deyək bu vəhşətə,
Bu zülmə, bu dəhşətə.
Allah bu müsibətə
Necə baxdı o gecə?
Ertəsi... Bakının küçələrindən
Yudular millətin qızıl qanını.
Yuya biləcəkmi o cəllad, görən,
Qanla ləkələnmiş öz vicdanım?
Gecənin yarısı... hər yan qan-qada,
Qırmızı güllələr uçur havada.
Özünü itirmir adamlar yenə,
Yetirir özünü haya-haraya.
Maşınlar bir yana,
çiyinlərdə də
Yaralı daşınır xəstəxanaya.
Güllə vıyıltısı... Bu acı səsdən
Titrəyir,
lərzəyə gəlir bina da.
Amansız soldatlar keçirir qəsdən,
Bütün çıraqları xəstəxanada.
Gör necə böyükmüş bizə qəzəb, kin,
Burda da göründü, qalmadı qında.
Çarəsiz həkimlər indi neyləsin? –
Əməliyyat gedir şam işığında.
Səhər açılınca adamlar bir-bir
Yığılıb gəlir.
Qan vermək istəyir yaralılara.
Amma insaf hara, qantökən hara?
Soldatlar töküldü hey axın-axın,
Döyükə-döyükə baxdı dörd yana.
Tutuldu bir anda xəstəxananın
Həyəti, bağçası gülləbarana.
Heç kəs bu sifətdə görməyib şəri,
Hələ bəs deyilmiş tökülən qanlar?
Xəstəyə qan vermək istəyənləri
Bir anın içində dağıtdı onlar.
Yazovun əmriymiş... Qızğın başlara,
Zalimlik adicə bir adət imiş.
Bizim bu günahsız yaralılara,
Heç demə, yardım da cinayət imiş.
Ertəsi... Bakının küçələrindən,
Yudular millətin qızıl qanını.
Yuya biləcəkmi o cəllad, görən
Qanla ləkələnmiş öz vicdanını?
Üzümü tuturam sizə mən bu gün,
Əsilli, nəsilli rus ziyalısı,
Ulu Tolstoyun, böyük Puşkinin,
Fikir davamçısı, məslək varisi.
Onların irsini yaşatmaq bu gün,
Hünərdir, şərəfdir yeni nəsilçün.
Bu gün uluların o haqq səsini,
Təkrar edirsiniz qəzetdə, sözdə.
Onların eşqini, əqidəsini,
Amma heç görmürük əməlinizdə.
Yüksək kürsülərdə qol-qanad açmış,
Sizin dilinizdə "həqiqət" sözü.
Deyin, qəlbinizdən bəs hara qaçmış
Ədalət, fəzilət, həqiqət özü?
Təpədən-dırnağa silahlı ordu
Sizdən haqq istəyən bir xalqı qırdı.
Bunu görmədiniz?
Yaxşı gördünüz!
Amma həqiqətə siz tüpürdünüz.
Bir xalqın bağrına çəkilən bu dağ,
Ləkə gətirmədi şərəfinizə?
Dünyanın önündə bunu ağartmaq,
Sərfəli deyildi, deyəsən, sizə.
Zorun qarşısında susdunuz... Deyin,
Varislik borcunuz unuduldumu?
Ulu Tolstoyun, böyük Puşkinin
Sizə irs qoyduğu həqiqət bumu?
Nədir bizə qarşı bu qəzəb, bu kin?
...Qəlbim həqiqəti gör kimdən umdu?
Dağ-daşın dərdinə qalan Rasputin
Bir xalqın dərdinə niyə göz yumdu?
Heç zaman ziyalı sayıla bilməz
Özgənin dərdini yaşamayan kəs.
Sizdən soruşuram: bu rəzalətə
Siz necə baxdınız bir insan kimi?
Tolstoy bu zülmə, bu müsibətə
Etiraz səsini yüksəltməzdimi?
Eşq olsun sizə
Bəzən öz-özümə düşünürəm mən:
Nahaq şəhid oldu bizim cavanlar.
Ömrü ucuz verdi...
bir iş görmədən
Boş yerə ölməyin nə mənası var?!
Ağıla söykənsin dedim qüvvəmiz,
Anlayan olmadı bu sözdən məni.
Ağıla güvənək bu məqamda biz,
Qüvvə daşı əzər, ağıl qüvvəni.
Sonra düşünürəm: Onlar qorxmadan,
Cumdular ölümün üstünə belə.
Bir iş görmədilər yaşayan zaman,
Qəhrəman oldular ölümləriylə.
Bizim əlimizdən çoxdan alınmış
Haqqı bu dünyaya bildirdi onlar.
Millətin qəlbinə qəsdən salınmış
Qorxu iblisini öldürdü onlar.
O gecə dağlardan enən sel təki,
Qəzəbdən köpürüb daşdı millətim.
O şənbə gecəsi ürəyindəki
Qorxu hasarını aşdı millətim.
Bizim qazancımız bu oldu ancaq,
Qorxu xəndəyindən biz körpü atdıq.
Bu da bir imtahan, bu da bir sınaq,
Şübhədən qurtarıb, imana çatdıq.
Bu ölüm, bu qırğın dərs olsun bizə,
Deməyək boş yerə candan keçdilər.
Onlar şəhid olub millətimizə,
Cəsarət dərsini təlim keçdilər.
Gəlin, ölçə bilək xeyri, ziyanı,
Bəzən əvəzidir on qış, bir yazın.
Bizim şəhidlərin müqəddəs qanı,
Bəlkə də behidir sabahımızın.
Yaman dözümlüdür, oda kül atır,
Hər zülmə, cəfaya dayanır millət.
Soyula-soyula o susur, yatır,
Qurban verə-verə oyanır millət.
Xəyal bir çiçək də bitirə bilməz,
Bu gündən sabaha körpü salmasa.
Azadlıq ağacı bar verə bilməz,
Şəhidlər qanıyla suvarılmasa.
Onlar sübut etdi hər qara zülmün
Əli uzunsa da, ömrü gödəkdir.
Xalqın azadlığı sabah, birigün,
Şəhid yarasından göyərəcəkdir.
Şənbə gecəsində gecikdi səhər,
Zaman itirmişdi o gün sağ-solu.
Ömürdən keçərək, keçdi şəhidlər
Bir qanlı gecədə minillik yolu.
Şan-şərəf tac oldu, başlara qondu,
O qətl gecəsi xalqın minillik
Şücaət tarixi təkrar olundu:
...İki əsrə yaxın Babək, Cavad xan,
Hərdən təəssüflə qalxdı məzardan.
Bəsirət gözüylə seyr etdi bizi,
Tanıya bilmədi millətimizi.
Gördülər dağ düzə, göy yerə enmiş,
Onlardan kölələr, qullar törənmiş.
Onlar inanmadı, biz də bir ərik,
O qoç igidlərdən törənənlərik.
" - Bizim zəmanədə xan idi millət,
Niyə qula dönüb, - dedilər - indi?
Nədir bu itaət, nədir bu zillət?" –
Deyə qəzəb ilə onlar deyindi.
O şənbə gecəsi yel qalxdı birdən,
Közün üstündəki külü üfürdü.
Babək fərəh ilə qalxdı qəbirdən,
Hər igid gözündə özünü gördü.
O şənbə gecəsi bir şimşək təki,
Gözlər parıldadı...
sinələrdəki
Gözlə görünməyən dağlar göründü.
Hünər məqamında bir qoça döndü
Ələ öyrədilən hər körpə quzu.
Babəkin varisi olduğumuzu
Göstərdi dünyaya...
Eşq olsun sizə!
Siz layiq oldunuz öz irsinizə.
Gəldi ürəkdəki arzular dilə,
Silahı məhəbbət, son sözü Vətən.
Şəhidlər göstərdi ölümləriylə
Ölüm aşağıdır Vətən eşqindən.
Dünya o dünyadır, bir həqiqəti
Çarmıxa çəksə də min böhtan, riya!
O gecə basanda zülm ədaləti,
Haqqın naləsindən diksindi dünya.
Adımız dolaşdı bütün dünyanı,
Çox da ki, ağımız qara yozuldu.
Bizim şəhidlərin tökülən qanı,
Haqqın kitabında imzamız oldu.
Baxıb sinələrdən axan al qana,
Buludlar kişnədi, göy qan ağladı.
O şənbə gecəsi Vətən başına
Elə Vətən boyda qara bağladı.
Dözdü böhtana da, dözdü şərə də,
Yedi şəkər kimi hər dərdi xalqım.
Azadlıq yolunda ölümlərə də,
Hazır olduğunu göstərdi xalqım.
Azadlıq verilmir, alınır,
dayan!
Onun elçisidir, ölüm, qan-qada.
Ölümə, cəfaya hazır olmayan,
Millət hazır deyil azadlığa da.
Yalın əllər ilə tanklar üstünə,
Atılan cavanlar, eşq olsun sizə!
Siz təsdiq etdiniz azadlığın da
Halal olduğunu millətimizə!
Şəhid rütbəsinə qalxan cavanlar,
Sinəsi hər zülmə qalxan cavanlar,
Böyük Nəsiminin, ulu Babəkin,
Xeyir-duasını aldı o gecə.
Zamandan irəli sıçrayıb yəqin,
Tarixdə tarix tək qaldı o gecə.
Qəlbimi boşaltmır çəkdiyim ah da,
Nəğmədə hər xalın kökü var yəqin
Şəhid fəryadından ulu segahda
Təzə bir guşə də açılar yəqin.
Həmin o guşədə ana naləsi,
Analar hönkürər, gəlinlər ağlar.
Həmin o guşədə qəm şəlaləsi,
Axıb qəlbimizdən haqqı soraqlar.
Həmin o guşədə güllə səsləri,
Tarın pərdəsində qəm nəfəsləri,
Həmin o guşədə zülmün tüğyanı,
Haqqın, həqiqətin zülmə üsyanı.
Ramiz, bas bağrına sən qoca tarı,
Bu təzə guşədə çal, sənə qurban.
Şəhidlər qanına boyanan səsi,
Zabul segahına sal, sənə qurban!
Pərdələr qoy təzə güllər bitirsin,
Şəhid anasına təsəlli versin.
Haqqın fəryadını dilə gətirsin,
Təzə yaratdığım xal, sənə qurban!
Xəzər pəncələşdi öz sahiliylə,
Danış dərdimizi səsin ziliylə.
O təzə guşənin atəş diliylə,
Zülümdən qisası al, sənə qurban!
Təzə guşədəki ah-amanların,
Qorxuram, hər xalı yoğrula qandan.
Qorxuram çanağı partlaya tarın,
Bu təzə guşənin hay-harayından.
Asta çal, qardaşım, asta çal tarı,
Pərdələr bu aha, amana dözməz.
Təzə guşədəki səs burumları,
Günahsız tökülən bu qana dözməz,
Həm də uydurulan böhtana dözməz.
Partladar tarı!
Matəm mərasimi
Qəzəb şimşəyindən hər baxış nida!
Hər üzdə, hər gözdə bir sual ağlar.
İnsan dənizinin dalğalarında,
Üzür asta-asta tabut-qayıqlar.
Xalq dözə bilsə də zülmün şərinə,
Yanır gözlərində kini, nifrəti.
Alıb tabutları çiyinlərinə,
Allaha göstərir bu cinayəti.
Deyir, nələr gördük, ey adil Allah,
Budurmu göylərin haqq-ədaləti?
Deyir, biz götürdük, ey adil Allah,
Sən necə götürdün bu xəyanəti?
Millətin ahıdır ərşə dayanan,
Dilsiz baxışlarda üsyandır - yanan!
Gəmilər fit verir... qara buluddan
Göylər bu matəmə bayraq endirir.
Bu səs qəlbimizdə alışan oddan,
Qəzəb vulkanını ləpələndirir.
Fit səsi... bu fəryad külə bükülmüş
İçin-için yanan köz səsidirmi?
Bu fəryad, bu nalə balası ölmüş,
Yetim anaların naləsidirmi?
Fit səsi... həyəcan, təlaş nəğməsi,
Bilirik, nə deyir bu gizli üsyan.
Anlaya bilmirəm, bu möcüz səsi,
Necə yoğurdular göz yaşlarından?
Gəmilər fit verir... bu sirli səsdən
Küçələr, binalar zür-zükə gəlir.
Qərib iniltidən elə bil, qəsdən
Təhlükə dalınca təhlükə gəlir.
Qarşıda şeyximiz, arxada millət,
Axır insan seli başlar aşağı.
Bərqərər olsa da sabah ədalət,
Getməz qəlbimizdən bu şəhid dağ:.
Axır yanaqlara göz yaşı dən-dən,
Bəs necə? Millətin bağrı sökülmüş.
Bu el matəmindən, el kədərindən,
Cavan şeyximizin beli bükülmüş.
Yaşaya bilmədik bir insan təki,
Qarışdı haqqımız, borcumuz bizim.
Bu gün tabut deyil, çiyinlərdəki
Dərd adlı yüküdür millətimizin.
Boğaq içimizdə kədərimizi,
Amandır, əyməsin qoy bu yük bizi.
Yeriyir izdiham hey ağır-ağır,
Yeriyir meydandan Dağüstü parka.
Qəlbimiz sabaha indidən baxır,
Enişdən yoxuşa biz qalxa-qalxa.
Bura park idimibir zaman? Xeyr!
İndi də yaşayır xatirələrdə;
On səkkizinci il!
Şəhid düşənlər
Haqqa tapşırıldı bir vaxt bu yerdə.
O zaman qonşular bizdən kam alıb,
Bizi arxamızdan yaman vurdular.
Erməni əliylə burda park salıb,
Bizə şəhidləri unutdurdular.
Qızıl qərənfillər əllərdə min-min,
Şəhidlər önündə bir an dondular.
Fədakar oğullar Rəsulzadənin,
Bayrağı altında dəfn olundular.
Durun, ağlamayın! Vallah, qəm-kədər,
Heç vaxt sığışmamış qeyrətimizə.
Bu bayraq altında yaşamaq qədər,
Torpağa getmək də şərəfdir bizə.
Daldı bir anlığa sükuta göy, yer,
Millət ürəyini sükutdan asdı.
On səkkizdə ölən köhnə şəhidlər,
Təzə şəhidləri bağrına basdı.
Şəhər aşağıda... Bir baxın, onlar,
Bizdən yuxarıda dəfn olundular.
Axı, biz neyləmişdik?
Şəhidlər Xiyabanı...
Dilə gəlir məzarlar:
– Axı, biz neyləmişdik?
Dilə gəlir
Məzarları seyr edən solğun üzlər, nəzərlər:
– Axı, biz neyləmişdik?
Bu ittiham, bu sual
Şəhidlərin birləşən hər yasında səslənir.
Fərizənin, İlhamın
Çırağı söndürülmüş komasında səslənir:
-Axı, biz neyləmişdik?
Ağsaqqal babaların, ağbirçək nənələrin
Duasında səslənir:
– Axı, biz neyləmişdik?
Bu ittiham, bu sual
Məktəbli Larisanın qara lentə tutulmuş
Partasında səslənir:
– Axı, biz neyləmişdik?
Günahsız qurbanların başdaşında səslənir.
Onların yetim qalan körpə balalarının
Dünyadan haqq istəyən göz yaşında səslənir:
– Axı, biz neyləmişdik?
Bu ittiham, bu sual
Bağrına dağ çəkilən qocaman bir millətin
Dodağında səslənir.
Sərvəti talan olmuş,
Düz sözü yalan olmuş
Böyük bir məmləkətin
Göygölündə səslənir,
Şahdağında səslənir:
– Axı, biz neyləmişdik?
Bu ittiham, bu sual gəzdi bütün dünyanı,
Qəzetlərə yazdılar,
Min bir yerə yozdular.
Qaynaqdan bulandıran elə bulandırdı ki,
Suyumuz durulmadı.
Cavab verən olmadı:
– Axı, biz neyləmişdik?
Bu ittiham, bu sual
"Qırın!" əmri verənin qulağında dinmədi.
Bizə "vaxtı bildirən" o qocaman Kremlin
Zəngində səslənmədi.
Boğdular bir millətin "Axı, biz neyləmişdik?"
Deyən o haqq səsini.
Şəhidlərin qanıyla yazdı bir qatilə
Marşal vəsiəsini.
Biri əmr elədi, o biri qırdı,
Qansızlar bu nahaq qanı batırdı.
Silahsız adamlar günahsız yerə
Yerdə ulduz kimi yanıb-söndülər.
Cəza istəyirdik biz qatillərə,
Amma ikisi də rütbələndilər.
Batdı, həqiqətin batdı haqq səsi,
Haqqı tapılmadı onlardan soran.
Qırana verdilər marşal rütbəsi,
Prezident taxtına çıxdı qırdıran.
Mənim günahlarım
– Mən sənə həmişə "Buyur" - demişdim,
Mən səndən haqqımı istəməmişdim.
Bir işıq görünca üfüqdə birdən,
Səndən iynə gözü haqq istədim mən.
Sən dedin: - De görək haqq nə deməkdir?
Mənə bol pambığın, neftin gərəkdir.
Dedin; - Tələbinlə buz kimi donmuş
Köhnə yaraları gizildədirsən.
"Gülüstan" paktında məhkum olunmuş
Haqqını sən indi tələb edirsən?
Sormuşam, qanını çəkmişəm sənin,
Minnətdar olmusan sorulduğuna.
İndi də qanını tökmüşəm sənin,
Haray qoparırsan de neçin buna?
Dedim: - Günahımı başa sal mənə,
Dedin: - Anlamadım məni sən yenə.
Bilmədin, günahın bir deyil, mindir,
Amma ən böyüyü gözəlliyindədir.
İstədin daşınan bol sərvətindən,
Bir ovuc, bir qırıq sənə pay düşə.
Sən bezib, usanıb əsarətindən,
İstədin bu dünya bir az dəyişə.
Budur günahın!
Məndən icazəsiz, axı, çox şeyi,
Sən qanmaq istədin, duymaq istədin.
Sən öz ayağını mənim çəkdiyim
Cızıqdan kənara qoymaq istədin.
Budur günahın!
Son öz torpağında qul olduğunu,
Bağırmaq istədin, budur günahın.
Zülm girdabında boğulduğunu,
Cığırmaq istədin, budur günahın.
O, torpaq istədi səndən bir qarış.
Niyə tələbkarın xətrinə dəydin?
Onun istəyilə dedim, sən barış,
Sənsə tərəzinin gözünü əydin.
Budur günahın!
Bu qanlı çəkişmə düşəndən bəri,
Bir dəm ayağını qoymadın geri.
Erməni qıranda sizinkiləri
Sən də neçəsinin qanını tökdün.
Budur günahın!
Mən sənin qanını tökdüyüm zaman,
Baxdın nifrət ilə... Budur günahın!
Sən mənim tankıma çırtma vurmusan,
Hansı cürət ilə? - Budur günahın!
...Belə tale düşüb qismətimizə,
İlahi, sən yenə dözüm ver bizə.
Haqqın dərgahında unudulmuşuq,
Biz necə götürək bu töhmətləri?
Min dəfə haqlıykən haqsız olmuşuq,
Biz bu müsibətə düşəndən bəri.
Qulaqlar batırır böhtan harayı,
Buğdadan qiymətli olub darı da.
Necə bulandırıb keçi bu çayı?
Keçi aşağıda, qurd yuxarıda!
Mərkəz dəyişdirir gündə rəngini,
Mərkəz məni görür, heç onu görmür.
Bizdən yığışdırıb quş tüfəngini,
Amma erməninin topunu görmür.
Dilimizdə olub düşündüyümüz,
Əməldən öndədir bizim küyümüz.
Qəlbimiz o qədər təmiz olub ki,
Göz görə düşməni dost sanmışıq biz.
Gözümüz o qədər qorxudulub ki,
"Hələ çay gəlməmiş çırmanmışıq biz"
Biz nə hiylə bildik, nə qərəz, nə kin,
Quyuya düşənin əlindən tutduq.
Bizə tələ quran, kələk gələnin,
Dünənki qəsdini bu gün unutduq.
Özgə torpağından qovulanlara,
Biz torpaq da verdik torpağımızdan.
Bunun əvəzində indi onlara,
Borclu da çıxmışıq öz bağımızdan.
Qonaq dünənini salmayıb yada,
Yerliyə "qaç" - dedi, şər yolu tutdu.
Dünən dədəsinin mənim qapımda,
Boyun bükdüyünü bu gün unutdu.
Evimdə başımı kəsir erməni,
Qışqırıram...
Mərkəz danlayır məni.
Deyir: - Nə çabala, nə danış, nə din,
Qoy sənin başını rahatca kəssin,
Kişinin gül kimi işinə qəsdən
Niyə pəl qatırsan?
İnciyərəm mən!
Demək, o haqlıdır məni qıranda,
Haqsızam, dözməyib, mən qışqıranda.
Məəttəl qalmayım necə mən buna –
Yenidən qurmanın haqq olduğuna?
Mərkəz dəyişdirir gündə rəngini,
Mərkəz məni görür, heç onu görmür.
Bizdən yığışdırıb quş tüfəngini,
Amma erməninin topunu görmür.
Anladıq xalqların bərabərliyi,
Kağız üzərində bir quru sözmüş.
Bu qətldən sonra bildik çox şeyi,
Bizim günahımız türklüyümüzmüş!
Millətlər dostluğu! Astar üz imiş,
Bunun nəyi varmış sözündən özgə?
Atatürk düz demiş, vallah, düz demiş:
"Yoxdur türkün dostu özündən özgə".
Türkdilli xalqların doğma yerindən
Didərgin düşməsi kimə gərəkmiş?
İyirminci yüzilin əvvəllərindən,
"Türkəm" - deyənlərin başı nə çəkmiş?!
Türk öz mənliyini biləndən bəri,
İblis də gələcək qəsdini bildi.
Qaraçay, Axalsiq, Krım türkləri,
Malkarlar, mesxetlər sürgün edildi.
İki yanağı var, amma bir üzü,
Türk öz anasından belə doğulmuş.
Anlaya bilmirəm, niyə "türk" sözü
Kiminsə başına düşən daş olmuş.
Türkəsaya olduq... hər şey apaydın,
İçimiz göründü gözlərimizdən.
Qərəzkar oxudu axşamımızın
Uzaq məqsədini dan yerimizdən.
Belədir... biz hələ addım atmamış,
Bildilər düşəcək mənzilimizi.
Hələ bir məqsədə gedib çatmamış,
Yolun əvvəlində tutdular bizi.
Çadırlar quruldu kənddə, şəhərdə,
Bəlkə məlhəm idi matəm, bu dərdə?
Döndü yas evinə bütün məmləkət,
Kasıb ocaqda da qazan asıldı.
Yası, matəmilə çarəsiz millət
Elə bil qatildən intiqam aldı.
Gücsüzün aldığı intiqama bax!
Zorun qarşısında susduq hamımız.
Qırx gün yas saxlamaq, işə çıxmamaq,
Oldu üsyanımız, intiqamımız!
Bizim ən fərəhli, şad günümüzdə -
Hər bir toyumuzda, düyünümüzdə
Qərənfil əllərdə çıraq olardı,
Sevincə, şadlığa ortaq olardı.
Biz hardan biləydik doxsanıncı il,
Şadlıq yaraşığı qızıl qərənfil,
Şəhidlər qəbrini qucaqlayacaq,
Bizim dərdimizə yas saxlayacaq.
Canlı da, cansız da ağlayır bu gün,
Matəm içindədir ölkə büsbütün.
Qızıl qərənfillə qara bayraqlar
Xalqın kədərinə birgə qan ağlar.
Qorxar ilan vuran ala çatıdan,
Bizim gözümüzü püləyib fələk.
Qorxuruq...
Qorxudub bizi bu dövran.
Stalin ölməyib, yaşayır, demək!
Bizdən üz döndərib sanki fələk də,
Yalan çövlan edir, bəs hanı gerçək?
Susuruq...
Sözümüz qalır ürəkdə,
Stalin ölməyib, yaşayır, demək.
Xeyrimiz, şərimiz bilmirik nədir?
Onları kimdənsə soruşmaq gərək.
Hələ də haqqımız yad əllərdədir,
Stalin ölməyib, yaşayır, demək.
Bizə qürbət olub öz diyarımız,
Bu boyda dünyada tək qalmışıq, tək!
Zindana salındı Etibarımız,
Stalin ölməyib, yaşayır, demək.
Diləyimiz harda, özümüz harda?
Doğranıb töküldük biz çilik-çilik.
Stalin ölsə də,
yuxarılarda
Hələ də yaşayır stalinçilik.
†
İndi də zindanda yaradır Xəlil,
Sözünü deməkdən usanan deyil.
"Moabit dəftəri" yaranır belə
Faşizm ölməyib, yaşayır hələ.
Xəcalət
Şəhidlərin məzarı islandı göz yaşından,
Qurudu leysan tökən qərənfil yağışından.
Yaman nalə təpərdik gülçülərin əlindən,
Deyərdik, bu gülçülər bazarlarda pul qırır,
"Qərənfil gözəlindən".
Rusiya bazarında,
Yaman rüsvay edirlər, - deyərdik onlar bizi.
"Alverçi" damğasıyla, vallah, ləkələyirlər
Bizim şərəfimizi.
Həmin o alverçilər, bu gün isə əvəzsiz,
Təmənnasız qərəzsiz
Şəhid məzarlarını gül topuna tutdular,
Uzaq bazarlardakı qazancı unutdular.
Güllə yaralarını gül ilə soyutdular.
Vətənsevər kim imiş bu məqamda de görək?
Mənim tək, ya sənin tək
Bol qonorar eşqinə
Xalqa dərs vermək üçün ekranlara cumanlar,
Yoxsa, şəhid eşqinə xeyrinə göz yumanlar?
Şəhidlərin hamısı bənzəyir bir-birinə.
Bir bax, qəbirlərinə!
Hamısı qıpqırmızı qərənfilə bələnmiş,
Hamısı bir biçimdə, bir boyda cərgələnmiş.
Səbəb birdir, əməl bir,
hədəf birdir,
hədə bir,
Onları bu dünyadan aparan güllə də bir.
Tüstüsü təpəsindən çıxa-çıxa hönkürən,
Bu məhzun qəbirlərə baxa-baxa hönkürən
Adamlar da bir olmuş...
Ağlar budaqlarından qara bayraq sallanan
Göy şamlar da bir olmuş. Hamınındır bu matəm,
Millətindir bu dərd, qəm.
Hamı qoyub özünü o birinin yerinə,
Hamı birinə deyil, hamı biri-birinə
"Başın sağ olsun" - deyir,
"Bulanıq axan sular bir gün durulsun" deyir.
Bir amala bağladı bu gün dərdi milləti,
Dərdin, qəmin birliyi birləşdirdi milləti.
Bu el faciəsinə dözmək çətin, çox çətin!
Beli yaman büküldü qocaman bir millətin.
Fitrətindən, soyundan ər doğulan bu xalqı
Tarix boyu mərd olan, məğrur olan bu xalqı
Necə təhqir etdilər, gör necə alçaltdılar.
Mənliyini, əzmini bir "sağ ol" a satdılar.
Sənin adını haqq ikən
Ey Allahım, niyə sən
Bizə qıydın bu dərdi?
Onsuz da bu millətə min-min dərdi yetərdi.
Bu təhqirə, bu qəsdə dözmək çətin, çox çətin!
Ürəyinə dərd hopub balası ölənlərin.
İçdikləri zəhərdir, yedikləri dərd, aman!
Bütün millət keyləşib dərdin ağırlığından.
Hamı ayaq üstündə yuxuludur elə bil.
Bu dərd dərdli dünyada çəkiləsi dərd deyil!
Ömründə qonşusunun damına daş atmayan,
Kimsənin bostanına əlini uzatmayan,
Qərəzinin, kininin dalınca sürünməyən,
Dünən verdiyi sözdən bu gün geri dönməyən,
Heç vaxt döyüb döşünə "mənəm-mənəm" – deməyən.
Heç kəsin bəd gününü, şərini istəməyən,
Mənim ali millətim, haqlıykən birdən-birə,
Layiqmiydi. ey Allah, bu qəsdə, bu təhqirə?
Hansı günahımızın əvəziydi bu təhqir?
Haqsız oldu günahsız, haqlı oldu müqəssir!
Bu dərd bütün millətin ürəyində göyərdi,
Heç kəs bilmir nə təhər, necə udsun bu dərdi.
Bu gün xəcalət çəkir, hamı gücsüzlüyündən,
Heç kəs boylana bilmir gələcəyə bu gündən.
Çəkilməzdir, çəkilməz bu ağrının siqləti -
Əlacsız gücsüzlüyün töhmətsiz xəcaləti!
Həm dünən, həm bu gün də
Biz günahkar olmuşuq günahkarın önündə.
Hanı o qüdrətimiz -
Günahsız qurbanların töhmətinə dözək biz?
Qəhrəmanınız olmadı nə arxada, nə öndə,
Hamı xəcalət çəkir
Qanları batırılmış şəhidlərin önündə.
Ah, necə də ağırdır
Zaman axa su kimi, amma qabın dolmaya,
Günahkarın, qatilin cəzasını verməyə,
Sənin gücün olmaya...
Çünki bu məhkəmədə biz haqlı olsaq belə,
Qısaldılıb dilimiz
Çünki hakimimizlə eynidir qatilimiz!
İlham - Fərizə
Dözməyib qatilin kəshakəsinə,
İlham çölə çıxdı güllə səsinə.
Gördü qırhaqırdı, gördü vurhavur,
Tanklar adamların üstünə cumur.
Bağırdı: - Soldatlar, neyləyirsiniz,
Axı, bunlar ilə siz də birsiniz.
Axı, bu adamlar silahsizdılar.
Soldatlar daha da coşub qızdılar.
... Bu sözlər İlhamın son sözü oldu,
Ona da bir güllə... o da vuruldu.
O gecə yatmadı bir an Fərizə,
İlhamı gözlədi,
İlham gəlmədi.
Dönük taleyilə durdu üz-üzə.
Qalıb küçə ilə ev arasında,
Gecəni sübhədək o dincəlmədi...
Ertəsi... qapqara xəbəri gəldi,
Ölümün həyata zəfəri gəldi.
Çatmadı əvvəlcə bu xəbər ona,
İnana bilmədi qulaqlarına.
Elə ki, inandı... o, lal kəsildi.
Heykələ döndü.
Anladı, bildi:
Qapısı bağlandı, ocağı söndü.
İki gün sonra...
Qalınca evində dərdlə təkbətək,
Özünə qəsd etdi bu təzə gəlin.
Hansı tərəzilə, daş ilə ölçək
Eşqini, qəsdini biz bu gözəlin?
Nə deyim, Fərizə, nə deyim sənə,
Axı, nə ad verim bu faciənə?
Hələ səadətdən soraq gəlməmiş,
Yoxsul komanı da sevdin, bəyəndin.
Gəlinlik paltarın heç köhnəlməmiş,
Sən nə tez əyninə kəfən geyindin?
Sənin ləyaqətin lal etmiş bizi,
Zaman aşağıdır dəyanətindən.
Ey vəfa timsalı, sədaqət rəmzi,
Sənin bu qəsdinə nə ad verim mən?
Səsin ərimədi əsrin səsində,
Nəcabət kökündə həmişə varsan!
Türk qızı, xəyanət zəmanəsində
Bu eşqi, vəfanı sən bacararsan.
Belə yaşamışdır dünən və bu gün
Bizim keçmişimiz - oğuzlar, hunlar.
Ərin namusunu qorumaq üçün
Keçər balasından Burla xatunlar.
Belə ömür sürmüş nənələr, belə
Sən də bu çeşmədən su içdin, qızım,
Ərinin yolunda
sədaqət ilə
Cavanca canından sən keçdin, qızım.
Qurban getdi o, Vətənə, sən ona,
Bu necə görüşdü, necə yarışdı?
Anlaya bilmirəm, bu dar komana,
O boyda ürəyin necə sığışdı?
Sizin evinizin həndəvərində,
Bir "Leyla" ünvanlı mağar quruldu.
Həmən "Leyla" adlı Şadlıq evində,
Birinci toy - sizin toyunuz oldu.
"Leyla"da Leylinin qəm macərası,
Sən onu öncədən duymadın yəqin.
Sən hardan biləydin, Leyli vəfası,
Ünvanın olacaq bir zaman sənin.
Sevgi kitabında iri bir nida
Sənin məhəbbətin, sənin qiymətin!
Məcnunun Leylisi haqq dünyasında,
Sənin pişvazına çıxacaq yəqin!
Nə tez qışa döndü sənin baharın,
Bakı bu matəmə qara bağlamış.
Sənin damarında nənən Nigarın,
Həcərin, Leylinin qanı çağlamış.
Od tutub alışdı sözlər dilimdə
Bu qəsd, nə qəsd idi, ey məğrur qadın?
Sən təkcə özünə qıymadın, həm də
Bətnində göyərən körpənə qıydın.
O anda sarmaşıb məhəbbətinlə
Allahdan sən nəyi dilədin, qızım?
Sən, axı, ərinə sədaqətinlə
Körpənə xəyanət elədin, qızım.
Sınayar bəndəni Allah, çətində
Batdın bir günahda iki günaha.
Xəyanət işlədin sədaqətində
Körpəyə qıymaqla qıydın sabaha.
Bəlko... açılmamış solan o gözlər
Ulu zirvələrə yol açacaqdı.
Bəlkə o gözlərdən doğacaq səhər,
Zülmət dünyamıza yol açacaqdı.
Ey mənim yurdumun vəfadar qızı,
Vəfan cəfa oldu... gör sən neylədin?
Son öz bətnindəki o günahsızı
Hələ doğulmamış şəhid eylədin.
Oğul istəyirəm bu dərdə dözə.
Təzə şəhidliklə zaman üz-üzə
Əridə bilmədi bu faciəni...
Həm də çox çətindir danlamaq səni.
Sən həm fədakarsan, həm də günahkar
Bu cür şəhidliyin başqa rəngi var.
Zaman hər hökmündə "hakiməm" - deyib
Belə şəhidliyi amma görməyib.
Bilmirəm, nə deyək bunun adına?
Bütün hüdudları aşan şəhidlik
İkiqat, ya üçqat?
Ərdən qadına,
Anadan balaya düşən şəhidlik.
Larisa
On üç yaşlı körpə bala
Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kukla da var.
Bu gün layla çalmalıykən sən kuklana
Kuklan sənə layla çalar.
Sən özün də kukla idin.
Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu.
İnsanlığı, mərhəməti,
Ədaləti, həqiqəti
Bir qərəzə satan oldu.
Anan asmış dərs çantanı,
Məzarının başdaşına.
Axı, niyə hay vermirsən,
Səni dərsə haraylayan yoldaşına?
Sənin adın dostlarının dil əzbəri.
Qızım, axı, səni gözlər çoxdan bəri
Açmadığın kitabların dəflərlərin,
Səni gözlər partadakı o boş yerin.
Nə bərk oldu yuxun sənin?
Ataların ah-naləsi,
Anaların şivən səsi
Sığmır göyə, sığmır yerə.
Söylə, niyə oyanmadın
Bu haraya, bu həşirə?
Övladıydın iki xalqın,
Bu dostluğa mən də uydum, sən də uydun.
Sən dostluğun simvoluydun.
Bunudamı bu gün bizə çox gördülər?
Elə bil ki, səninlə bir
Bu dostluğu öldürdülər.
Sürəyya Lətif qızı
Tanklar keçir küçədən, tanklar, zirehli tanklar.
Tankların üstündəki soldatların gözündə
Bizə nifrət odu var.
Onlar vicdanı atıb, insafı da danıblar.
Təkcə silahla deyil, onlar bizə qəzəblə,
Kinlə silahlanıblar.
Bu şəbərdə hər şeyə onlar sahibdir bu gün
İstədiyi eyvana, pəncərəyə, qapıya atır, ölən qoy ölsün!
Mətbəxdə çay süzürdü,
Təranənin nənəsi,
Birdən bir güllə səsi!
Yetmiş yeddi yaşında
Sürəyya nənəmizi
Pəncərədən atdılar.
Bir günahsız qarını
Qanına boyatdılar.
Baba müəllim
Pəncərənin önündə kimsə inildəyirdi,
-Kömək edin, ölürəm, kömək edin, - deyirdi.
Açdı Baba müəllim pəncərəni bir anda,
Gördü biri yıxılıb qapının kandarında.
Dərhal atdı özünü telefonun üstünə,
O, təcili yardıma zəng çalıb dönə-dönə
Ünvanı başa saldı.
Evdən sarıq götürdü.
Yaralının yanına yetişincə nə gördü?
Qan aparıb yazığı... yara dərin yaradı,
O, yaranı sarıdı.
Gördü ki, qonşular da yığılıb ətrafına.
O, gah ona, gah buna,
Baxıb dedi: - Neyləyək?
Axı, bu əldən gedir,
Biz təcili yardımı yenədəmi gözləyək?
Tez yığışdı cavanlar... köməkləşib birtəhər,
Yaxın xəstəxanaya xəstəni yetirdilər.
Dönür Baba müəllim yorğun-arğın evinə,
Şütüsə də güllələr onun dörd dövrəsindən.
Fikir vermir o, yenə.
Diksinmir taraq-taraq güllələrin səsindən.
Birdən ona nə oldu evin həndəvərində?
O, dayandı, döyükdü,
Səndələdi yerində.
Yıxıldı... döşündə qan.
Elə bu vaxt, bu zaman
Bir aypara maşını tin başında göründü.
Maşının işığında ətraf nura büründü.
Bu təcili yardımın axtardığı kim idi?
Bu maşın, ah bu maşın,
Bayaq onun özünün zəng vurub çağırdığı
Təcili yardım idi.
Başqasına çağırdı, qismət oldu özünə,
Belə bir təsadüfün qərəzi nə, özü nə?
Təcili yardım üçün zəng çalanda o bayaq,
Nə biləydi,
ay Allah,
Bu təcili yardıma özü qismət olacaq!
Həkimlərin yardımı amma faydasız oldu.
Səhər yası tutuldu.
Aleksandr Marxevka
Yaralılar bələnib üzü üstə torpağa,
Necə dözsün analar bu sitəmə, bu dağa?
Leş-leş üstə qalanıb,
Təkərlərin altında gör necə xırpalanıb.
Həkim Aleksandrın gendən səsi yüksəlir:
-Yol verin, hey yol verin,
təcili yardım gəlir.
Soldat bunu görüncə avtomatı tuşladı
Ayparalı maşına.
O, istəmir, istəmir
Can verən yaralılar xilas üçün daşına.
Həkim öz işindədir.
Yaralının nəbzini yoxlayırkən...
döşündən
Həkimi də vurdular.
Yardıma gəldiyini ona unutdurdular.
Allah, sən bizi saxla Əhrimənin şərindən,
Allah, dünya çıxıbdır bəlkə öz məhvərindən?
Ay Allah, insan oğlu iblisəmi qul oldu?
Yoxsa, insan binədən elə iblis doğuldu?
Adamlar niyə satdı namusunu, arını?
Allah, hansı ölkədə gülləbaran ediblər
Yardım maşınlarını?
Axı, vuruşların da,
Qanlı savaşların da
Müqəddəs qanunu var:
Düşmənsə də, dostsa da, yaralıya hər zaman, şəfqət əli uzanar.
Ey insan haqlarını kürsüdən alqışlayan,
Başqa məmləkətləri ədalət yoxluğundan
Gecə-gündüz daşlayan,
Budurmu haqq dediyin?
Bəs verdiyin vəd hanı?
Vallah, ələ salmısan sən bu boyda dünyanı.
"Təcili yardım"ların üstünə dörd tərəfdən
Od ələmək haqmıdır?
Yara sarıyanları güllələmək haqmıdır?
Hidayət
Gücsüzlükdən özünü hamı günahkar bilir,
Bu təhqirə dözməyi xalq özünə ar bilir:
Uzaq Qardabanidə
Bakı müsibətini eşidincə Hidayət,
Hönkür-hönkür ağladı.
Eşikdəki ağaca qara bayraq bağladı.
Gürcüstanda yaşayan bizim ellər, obalar,
Neçə gün yas saxladı.
"Yardım" - deyə dalbadal uzaq, yaxın kəndlərə
Zəng elədi Hidayət.
Qardabani, Borçalı
Bütün eli, mahalı
silkələdi Hidayət.
O, özünü yetirdi şəhidlərin qırxına.
Xiyabanda əl açıb "lənət" - dedi min kərə
Kor fələyin çarxına.
Şəhidlərin adını o, oxudu birbəbir.
Elə bildi hər qəbir,
Onu ittiham edir:
"Həramilər Bakıya bulud kimi dolanda,
Biz köməksiz qalanda
Sən hardaydın, de harda, ey Vətənin Övladı?
Öz doğma göyümüzdə qanad açan quşuyduq,
Ovçu bizi ovladı" Ürəyindən ucalan,
Öz-özündən öc alan
Töhmət dolu bu səsdən o diksindi,
başına
elə bil od ələndi,
içindən pərşələndi.
Şəkillərdən düz onun gözlərinə zillənən,
Ürəyində millənən
Baxışlara dözmədi,
"Onlar haqlıdır" - dedi.
Əgər mən də bu yurdun, bu xalqın oğluyamsa,
Onlar kimi əhdimə, andıma doğruyamsa,
Mən niyə əvvəlcədən
Xəbər tuta bilmədim o dəhşətli gecədən?
Ağac olub, o anda onların cərgəsində
Niyə göyərmədim mən?
O qızıl güllələrə köksümü gərmədim mən?
Xəcalət alışdı ürəyinin səsində.
Gücsüzlük əzabının boğuldu pəncəsində.
Qulağında ittiham, qəlbində danlaq səsi,
Birbaş Qardabaniyə o, qayıtdı ertəsi.
Hidayətin önünə çıxdı oğlu - Vüqarı,
Amma Vüqar bilmədi,
Bilmədi, atasının sındırılıb vüqarı.
Vüqarın fərəhiylə Hidayətin kədəri
Durdu qarşı-qarşıya...
Oğul gəldi qabağa, ata çəkildi geri,
Ata baxa bilmədi övladının üzünə.
O utandı, bilmədi anlaşılmaz bu halın
Məramı nə, sözü nə?
O yenə də eşitdi qəlbinin fəryadını:
"Kişi bilib özümü mən də Vüqar qoymuşam
Övladımın adını".
Hanı bizdə kişilik, hanı bizdə o vüqar,
Bizim mənliyimizi gör necə tapdadılar.
Tapdandı qeyrətimiz,
Milli heysiyyətimiz.
Ah! Bu boyda təhqirə indi necə dözək biz?
Yatammadı Hidayət sübhə qədər gecəni,
Ağlı qoydu çəkiyə zamanın hökmü ilə ürəyindən keçəni.
Zaman ilə ürəyi heç uzlaşa bilmədi.
Tərəzinin gözləri tarazlaşa bilmədi.
Zaman ilə diləyin,
Ağıl ilə ürəyin
Qədim ədavətinə ürək tab gətirmədi.
Ona aman vermədi
Seyr edə dan yerini.
Hələ sübh açılmamış bu nankor dünyamıza
Qapadı gözlərini.
Qoymadı Hidayəti
Yaşamağa qeyrəti.
Onu şəhid eylədi
Millətinin önündə gücsüzlük xəcaləti.
Ölümlərin içində
Ən şərəfli, ən uca mərtəbədir şəhidlik.
Başqa-başqa şəkildə davam edir şəhidlik.
Ağabəy
Bağışlayın, əzizlərim, Azərbaycanın azadlığı
uğrunda mübarizə aparmağa gücüm və iradəm
çatmadı. Yaşasın azad Azərbaycan!
Ağabəy
Şənbə gecəsinin qətliamına,
Ağabəy dözmədi, hey qan ağladı.
Şəhid cavanların batan qanına,
Qəlbində yas tutub matəm saxladı.
O yandı, göstərmək istədi hər gün,
Yaralı Vətənə sədaqətini.
Amma bacarmadı,
gücsüzlüyünün
Çəkdi ağrısını, xəcalətini.
Düşündü, sonu var, axı, şərin də
Boğdu ürəyinin üsyan səsini.
O, beş ay gözlədi
zülm üzərində
Haqqın, ədalətin qələbəsini.
Onun gözlədiyi o gün gəlmədi,
Qəlbini çarmıxa çəkdi xəcalət.
Bircə an usanıb o, dincəlmədi,
Özünə qəsd etdi bir gün, nəhayət.
Çatdı onun gücü ancaq özünə,
O bildi dərdinə son əlac bunu.
Verdi ölümüylə sanki Vətənə,
Vətən qarşısında o, öz borcunu.
Ağabəy bu yurda bir qurban kimi,
Qəlbində neçə yol "mücahid" oldu,
Nəhayət, bu qətlə bir üsyan kimi,
Şəhidlər naminə o, şəhid oldu.
Görünür, şəhidlik bitməyib hələ,
Gözümüz önündə o, davam edir.
Ağabəy beləcə öz ölümüylə
Ölü diriləri ittiham edir.
...Dözməyib Vətənin ağır gününə,
Sən Vətən naminə özünə qıydın.
Oğul, arxaya yox, sən baxıb önə
Elə Vətən üçün yaşamalıydın!
Vətən qeyrətini sənin tək çəkən,
Oğullar gərəkdir indi Vətənə.
Sənsə həyatına qəsd edib nədən,
Ömrü müftə verdin!..
Nə deyim sənə?
Çoxları gözünü zülmə yumurkən,
Sənin ürəyində dindi qeyrətin.
Xalqın qatilinə cəza umurkən,
Sənin qatilinə döndü qeyrətin.
Bu fitrət, bu tiynət, de, sənə hardan?
Qəlbində qaynayan hansı diləkdir?
Xəcil yaşamağa səni qoymayan,
Qeyrətin önündə səcdə gərəkdir!
Sənin qeyrətinin bircə zərrəsi,
Min bir qeyrətsizə bəs eləyərdi.
Sənin ürəyinin bir üsyan səsi,
Ərzi təməlindən silkələyərdi.
Qeyrətin əlilə bu Vətən üçün
Özünü qurbanmı kəsdin sən özün?
Ay oğul, budurmu dərdin əlacı?
Hər dərdin başqa cür min əlacı var.
Vətənin qurbana nə ehtiyacı?
Vətənin əsgərə ehtiyacı var.
...Görünür, şəhidlik bitməyib hələ,
Gözümüz önündə o, davam edir.
Ağabəy, beləcə, öz ölümüylə,
Ölü diriləri ittiham edir.
Georgi Rantikoviç
...Erməni Georgi - "Həqiqət" - dedi.
Ayırdı həmişə yaxşıdan pisi.
Zorun tüğyanına dözə bilmədi,
O gerçək carçısı, haqq fədaisi!
– Həqiqət önündə təsliməm, - dedi.
Qoydu öz yerinə xeyiri, şəri.
Xalqının xətrinə haqdan keçmədi,
Aşdı, vurub keçdi milli hədləri.
Araya ədavət düşdüyü gündən
Güldü Yerevanın boş niyyətinə.
Sıyrılıb öz milli təəssübündən
Ucaldı insanlıq səltənətinə...
O, solun haqqını vermədi sağa,
Düzlüyə çağırdı bütün dünyanı.
Georgi dözmədi bu haqsızlığa,
Özünə qəsd oldu onun üsyanı.
Bir yerdə otlayar quzu qurd ilə
İnsan həqiqəti haqq bilən zaman –
Ən böyük məqsədlər, istəklər belə
Ədalət önündə əyilən zaman.
Sıyrılıb nifrətdən, qərəzdən, kindən
Alqış həqiqəti haqq bilənlərə -
Ədalət naminə milliliyindən
İnsanlıq qatına yüksələnlərə!
Yenə sayımmı Yox-yox!
Çəkmək olmaz bu dərdi?
Bunların faciəsi bir-birindən betərdi.
Bu saydığım kəslərin nə günahı var idi?
Bunlar şəhidlər deyil,
Günahını bilməyən bədbəxt qurbanlar idi.
Bəs şəhidlər kim idi?
Silahlıyla silahsız!
Kim kimə təslim idi?
Bu silahsız bəndələr bircə güllə atdımı
Bir günaha batdımı?
Qırıb tökdü kim kimi?
Silahlıyla silahsız döyüşə bilərdimi?
Tankların qabağına onlar belə çıxdılar.
Polad sinələrini lülələrin ağzına,
Sərhəd kimi sıxdılar.
Onlar güman etmədi zalim belə çıldıra,
Silahsızın üstünə silahlı əl qaldıra.
Bizim bu şəhidlərin sadəlövh gümanlığı
Oldu qəhrəmanlığı!
Qantökən öz tökdüyü qana cavab vermədi,
Cavab vermək bir yana, "Yox, mən haqlıyam", - dedi.
Adamların başına od ələmək haqq imiş?
Səksən yaşlı qarını, on üç yaşlı uşağı güllələmək haqq imiş?
Olmayan bir günahı qan ilə yumaq üçün,
Bizim hüququmuzu bizdən qorumaq üçün
Qanımızın günahsız tökülməsi haqq imiş?
Zorlunun əllərilə haqlının qollarının
Bükülməsi haqq imiş?
Məntiqə bax, ay Allah!
Qanımızı tökənə bundan sonra yenə də
Biz inanaq, ay Allah?
Budurmu yaratdığı təzə hüquqi dövlət?
Budurmu vəd etdiyi müstəqillik, səadət?
Bəs bu qanunsuzluğun harası qanun oldu?
Qatıq dönüb süd oldu, əvvəl dönüb son oldu?
Bu, hüquqi dövlətin bizə bəxş elədiyi, hüququymuş, bilmədik.
Hüquqi dövlətdəki hüquq buymuş, bilmədik.
Əcnəbi ölkələrdə birini öldürürlər,
ya ölkədən sürürlər –
küy-kələk qaldırırsan.
Öz ölkəndə sən özün günahsız insanları məhkəməsiz qırırsan.
Hamısına bir adla "ekstremist" - deyə, hələ damğa vurursan.
Bu boyda məmləkətdə
Bütün xalqlar, heç demə, "ekstremist" imiş.
Hamı xoşbəxtliyindən, nəşəsindən məst imiş.
Şəhidlər
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.
Zalim öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
O şənbə gecəsi, o qətl günü, -
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.
Dözdü hər zillətə, dözdü hər şeyə,
"Dünyada mənim də haqqım var", - deyə.
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Son
İyirmi yanvarda doğum evləri
Ölümdən, qırğından xəbərsiz idi.
O gün Bakımızda gecədən bəri,
Ölüm ilə həyat üzbəüz idi.
Güllə səslərini çağa səsləri,
Batırdı o gecə, şükür allaha!
Doldu şəhidlərin boşalan yeri,
Naşükür olmayaq, vallah, bir daha!
Gedən oğulların, axan qanların,
Əvəzi su səpdi yanan qəlbimə,
O şənbə gecəsi doğulanların,
Onundan doqquzu oğlanmış, demə.
Zalimin zəfəri başdan qələtdir,
Zamanın səsini biz də dinlərik.
Dünya gücümüzə yaxşı bələddir,
Biçilə-biçilə əkilənlərik!
Mart, iyun 1990, Bakı-Şəki
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-sehidler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ol deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Aran köçüGəldi yayın ortası,Kəsdi dağın laylası.
Söhbəti hal əhlinin ruhə təravət verirSöhbəti hal əhlinin ruhə təravət verir,Ruh təravətli, həm cismə zərafət verir.