Mərhum bəstəkarımız Qəmbər
Hüseynlinin xatirəsinə

Mənim dostum idi, mahnılarından
Torpaq ətri gələn bəstəkar Qəmbər.
Dillərdə gəzərdi bizim bir zaman
Qoşa yazdığımız şirin nəğmələr.

Xoşuna gələndə yazdığım şeir,
Sözün alovuna bürünərdi o.
Bir anın içində tamam dəyişər,
Başqa bir sifətdə görünərdi o.

Şeiri dönə-dönə o, oxuyardı,
Sözün nəğməsinə dalar, uyardı.
Sonra dindirərdi astadan tarı,
Muğam naxışları, muğam xalları

Süzülüb axardı barmaqlarından;
Külçə götürərdi söz dağlarından.
Alardı ilhamı sözdən, şeirdən,
Sənət meydanında çapan bəstəkar;

Muğamdan nəğməyə keçərdi birdən
Şeirin nəğməsini tapan bəstəkar.
Amma həmişə
Ala gözlərində bir kədər vardı.
Bilirdim, zamanla gəlmiş döş-döşə,
Odur ki, hər yerdə az danışardı.
Özü deməmişdi, bilirdim,
onu,
Neçə il qabaq
Həbs eyləmişlər.

Günahı nə imiş, bilmirdim, ancaq
Nə mən soruşardım,
Nə o deyərdi.
Söhbət bu mətləbə yaxınlaşanda
Sözü dəyişdirib təzələyərdi.

Açıqca görürdüm, gizli dərdi var,
Adamlar içində çox zaman susar,
Xatalı söhbətdən yan keçərdi o,
Yüz ölçüb, min ölçüb,
Bir biçərdi o.
Neçə il zindanda əzab çəkəli
Dolandı həmişə o, səksəkəli.
Məgər yalnız onu?
Xeyr, hamımız.
Qaldı gözümüzdə bütün kamımız.

Qorxu qayda oldu, adicə qayda,
Qorxudan don biçdi əyninə illər.
Bu məmləkət boyda həbsxanada
Dustaq olmadıqmı hamımız məgər?

Gülmədi bir dəfə üzünə illər,
Kiçik bir daxmada yaşadı Qəmbər.
İçində dəfn etdi dərdi-sərini,
O bildi, yox imiş yazıya pozu.
Tar üstə yaratdı nəğmələrini,
Nə royalı vardı, nə pianosu.
Əlçatmaz zirvəyə daim can atdı,
Ucalıq eşqinə yazdı, yaratdı.
Amma neyləyəsən, bəyənmədilər,
"Qəmbər tar üstündə yazır" - dedilər.
Guya saz avazı, guya tar səsi,
Ulu dədələrin ulu nəğməsi
Uyuşmur zamanın öz ahənginə,
Əsrimiz sığışmaz saz ahənginə.
Ruhumuz qovuldu musiqimizdən,
Uyduq uzun illər caz ahənginə.

Bir soran olmadı, ay qardaş, nədən
Axı, baş yerinə ayaq tərpədən,
Bizi səmalardan yerə endirən,
Özgə qapısında veyilləndirən
Dayaz rok-en-rollar göyə ucalsın,
Üzeyir məktəbi yetimmi qalsın?
Hara çəkirsiniz musiqimizi,
Nadanmı sandınız bu qədər bizi?
Amma o satqınlar çatdı şərəfə.
Qəmbər bir dəfə
Mənə gileyləndi güzaranından,
Ürəyim sıxıldı...
Soruşdum ondan:
– Bəs səni nə üstə həbs etmişdilər?
Birdən barıt kimi açıldı Qəmbər:
-Bilmirsən? Dünyanı lənətləmişdim.
"Ellər atasına" düşmən demişdim .

Bu boyda ölkəni saldı nə günə.
O qəddar, o zalım, müdhiş zülmünə,
Bir dəfə demədi, həvəsdi, bəsdi,
Düşünən kəslərin başını kəsdi.

O, nəsə andı,
Birdən dayandı...
Anladım onu, -
Mən başa düşdüm
Niyə birdən-birə tutulduğunu.
O dözə bilmədi, birdən danışdı,
Sonra dediyinə peşmanlamışdı.

O susub dinməmiş, susarkən hələ
Onun əsiriydi qəlbinin sözü.
Dözmədi, partladı,
öz əsirinə

Dönüb əsir oldu indi o, özü.
Qorxuya düşmüşdü dediklərindən,
O, birdən dayandı, o birdən susdu.
Yəqin ki, çəkindi, o qorxdu məndən,
Düşündü: "Bu şair bəlkə casusdu".

Sənə tanış deyil bu hal, ey cavan,
Qorxardıq doğmaca qardaşımızdan.
Dədəsini satan az olmamışdı
Yalnız yaşlılara bu hal tanışdı.
Rütbə sata-sata, yer sata-sata,
Çoxları hörmət də qazandı bol-bol.
O vaxt şübhəliydi oğuldan ata,
Gəlindən qaynana, atadan oğul.
O vaxt susardılar xeyirdə, şərdə,
İdrakı, vicdanı əzərdi şübhə.
O zaman evlərdə, idarələrdə
Qara kabus kimi gəzərdi şübhə.
Yaman yeyin idi şübhənin atı,
Hamımız qul idik, o, bəydi ancaq.
Birinin birinə münasibəti
Şübhəydi,
şübhəydi,
şübhəydi ancaq!
Odur ki, qorxardıq bir-birimizdən,
Qorxu saçılardı gözlərimizdən.

Düzlüyü, mərdliyi döşlədi qorxu,
Bir əsər qalmadı vüqarımızdan.
Elə canımıza işlədi qorxu,
Axdı qan yerinə damarımızdan.

Səhrada göyərən bir qanqal təki
Bizim içimizdə kök atdı qorxu.
Yalanla həqiqət arasındakı
Halal sərhədləri dağıtdı qorxu.
Boğub həqiqəti yalan öyündü,

Əsl mənasını itirdi söz də.
Yalan üzümüzdə gülüşə döndü,
Həqiqət ağladı ürəyimizdə.

Yalanın hökmünə düz əyilincə
Əyri pərvazlandı, əyri dağ aşdı.
Həqiqət ürəkdən dilə gəlincə
Yolda yetmiş dəfə mayallaq aşdı.

Yəqin ki, düşündün bu dəm, ey cavan,
Bəs qanun, bəs qayda yoxmuş o zaman?
Cəllad nə istəsə edə bilərmiş,
Ona hansı qanun, bu hökmü vermiş?

Necə cavab verim sənə mən indi?
İnsan hər zülmə, vallalı, dözəndi.
Qanundan qorxmazdıq o illərdə biz,
Adamdan qorxardıq, adamdan, yalnız.

Mütləq hakim idi o vaxt bircə baş,
Onun iradəsi hər şeydi, ancaq.
Adamlar qanuna deyil, a qardaş,
Qanun bir adama tabeydi ancaq.

– Bağışla, qızışdım, - söylədi birdən, -
Özümü, sözümü bilmirəm hərdən.
Bir yazıqlıq duydum onun səsində,
Qəmbər də haqlıydı öz şübhəsində.

Onun şübhəsini dağıdım - deyə
Dediyi sözləri dəstəklədim mən:
– O qənim kəsilib, - dedim, - ölkəyə,
Cavidlər sürülüb öz Vətənindən.

Daha danışmadı, dinmədi Qəmbər.
Anladım, dediyi o doğru sözlər,
Daş kimi asılıb çiyinlərindən,
O yazıq qorxurdu, qorxurdu məndən.

II

Qəmbərgildən dönüncə, fikir məni apardı,
Qorxu, təlaş içimdə bir fırtına qopardı.
Yada düşdü o söhbət -
O giley, o şikayət
Birdən-birə tutuldum,
Elə bil iflic oldum.
İttihamçı gözüylə mənə baxan divarlar
Gördüm, gəlir üstümə,
Durub mənim qəsdimə
Əli qanlı o cəllad.
Söydüm özüm-özümü,
Dedim, ay evi bərbad,
Niyə dəsmal bağladın ağrımayan başına?
Niyə soyuq su qatdın sən isticə aşına?
Axı, o nə söz idi çıxdı sənin dilindən?
Cəlladın ünvanına Qəmbərin o sözləri
Qəsdən demədiyini nə bilirsən, axı, sən?
Min-min günahsızları dünən suçlu gördülər.
Neçə min günahsızı Vətənindən sürdülər.
Ölkənin başçısını düşmən adlandıranı
Azad edərlərmi heç?
Bəs, burda məntiq hanı?
İnanmıram mən buna -
Onun lənətlərinin səmimi olduğuna.
Güzərandan, zamandan qəsdən söhbət salırmış,
O, məndən söz alırmış.

Mən maymaq da söylədim, ürəyimdən keçəni.
Qıvrıldım yatağımda, yatmadım o gecəni.
Yumşaq yorğan-döşəkdən min-min tikan batırdı
Bədənimə elə bil.
Bu, adi tikan deyil,
Qorxu tikanlarıdır bədənimi dağlayan.
Mənim gələcəyimdir ürəyimdə bu gecə
Matəm qurub ağlayan.
Dedim, hardan bilirəm,
Bəlkə elə bu gecə tutacaqlar məni də?
Üç ay əvvəl gecəykən məgər tutmadılarmı
İsmixanı, Azəri, bizim Gülhüseyni də?
Mən onlardan artığam? Yox, mən də onlar kimi
Saxlamadım dilimi.
Dağ başında süzürdüm, birdən çamura düşdüm.
Dilimdən tora düşdüm.
Yox-yox! Bu ola bilməz.
Qəmbər məni alçaldıb özü ucala bilməz.
O, özünü bu qədər yerə endirərmi heç?
Sənətkar sənətkarı güdaza verərmi heç?
Tfu! Bu nə söz idi mən danışdım?
Dünyadan xəbərsiz, naşı kimi?
Məgər, otuz yeddidə güdaza vermədimi
Qələm yoldaşlarını
öz qələm yoldaşları?
Hələ lənət oxları,
hələ tənə daşları
Atılmayıb onlara –
Özgəsinin yerinə
Sənət zirvələrinə
qalxıb ucalanlara?
İndi də bax, bu Qəmbər...
O, məgər

Qələm yoldaşlarının gələcək şöhrətinə
Qurban verib ucalan,
Satqınlıqdan öc alan
kəslərdən artıqdımı?
Namərdlərlə döyüşən
Yoxsa, qalib çıxdımı?
İnsan çiy süd əmibdir,
Xeyri də var, şəri də;
Mən ki, bundan halıyam;
Bu ikili insana niyə inanmalıyam?


Mən bu düşüncələrdə beləcə qovrularkən -
Boşalırkən, dolurkən
Qapımızın önündə bir maşın durdu, Allah,
Kimsə düşüb maşından ünvanı sordu, Allah
Ev başıma dolandı,
Dünya bir an içində
Kameraya çevrilib, necə balacalandı.
Soyuq tər basdı məni.
Dedim, dar ağacından öz dilim asdı məni.

Motor səsi eşitdim,
Maşının qapıları örtüldü taraq-taraq.
Maşın guruldayaraq
Getdi...
şükür Allaha!
Bu xatadan sovuşsam, çarmıxa çəksələr də
Ağzımı kilidlərəm, danışmaram bir daha.

III

Keçdi ürəyimdən bu dəm ah, nələr:
...Məni aparmağa nə vaxt gəlsələr,
Yəqin arxivimə baş vuracaqlar,
Yazımı, pozumu axtaracaqlar.
Düşündüm, nəyim var, qaradan, ağdan!

Baxdım öz içimə bir an yad kimi –
Gecənin yarısı qalxıb yataqdan,
Tökdüm qabağıma şeirlərimi.
Gördüm ki, ilahi, çapa getməyən
Nə qədər şeirim var, yazı-pozum var.
Başqa bir göz ilə oxuyanda mən
Gördum, hər sətirdə neçə sözüm var.

Düşündüm bunları yazırkən, görən,
Hansı duyğularla yaşamışam mən?
Ürək sıxılarkən, göydə və yerdə
Necə qanadlanıb xəyalım mənim!
Aşıb hüdudları bu şeirlərdə
Həqiqət axtaran amalım mənim,

Axı, kim yaraldı bu sərhədləri?
Kim saldı qəlibə fikri, xəyalı?
İdrak cığırına düşəndən bəri
Çərçivə tanımır insan kamalı.

Yazmaya bilməzdim yəqin bunları,
Könlümü sarsıdan burulğanları
Yazıya köçürüb dincəlmişəm mən.
Neyləyim, bu gəlib mənim əlimdən.

Çapa vermədiyim şeirlərimə
Müfəttiş gözüylə baxıb titrədim.
-Bunlar ələ keçsə, mənim dərimə
Vallah, saman təpər o cəllad, - dedim.
Alışıb yandığım illərdən bəri
Duyub düşündüyüm bu şeirləri
İndi öz əlimlə yandırımmı mən?
Onda dönmərəmmi həqiqətimdən?

Söylə, həqiqətin nə imiş sənin?
Kimdir həqiqətə baxan, ay yazıq?
Sən indi çalış ki, o qaniçənin
Əlinə keçməsin yaxan, ay yazıq.

Onda yandırımmı? - Əlacım nədir,
Axı, həyatına kim biganədir?
-Kim istər dünyada bir gün görməmiş
Arzular naminə ömür sürməmiş
Zindanlar küncündə yanıb - qovrula,
Uzaq sürgünlərdə ömrü qəhr ola?

Verdim qərarımı!
Aman, əlaman!
Dünyadan həqiqət, ədalət uman
Şeirlərimdən
Tonqal çatmalıyam, tonqal çatmalı!
Fikrimi, hissimi, duyğularımı
Ömrümə, günümə müftə satmalı!
...Yanır haqsızlığa qarşı yüksələn,
Əqidəm, məsləkim, xeyirim-şərim;
Yanır rəzalətlə döş-döşə gələn
Qorxmaz sətirlərim, kişi sözlərim.

Yanır gileylərim, şikayətlərim,
Yanır, zəmanəyə üsyanım yanır.
Yanır arzularım, xoş niyyətlərim,
Düşüncəm, xəyalım, vicdanım yanır.

Yanır bu dünyada ayaq izlərim,
Yanır arzuların qışqırıqları.
Yanır o həqiqi, doğru sözlərim,
Yanır ürəyimin hıçqırıqları.
Yanır hədəfini düzgün bəlləyən
Açıq məhəbbətim, açıq nifrətim.
Yanır oxucuya həqiqət deyən
Riyasız, boyasız sözüm, söhbətim.
Dünyadan dünyaya gileyim yanır,
Yanan şeirlərə ürəyim yanır.

Yanır, yanğısıyla məni yandırır,
Qəlbimdən süzülüb axan hər şeirim.
Bir anlıq zülməti işıqlandırır
Yanan duyğularım, düşüncələrim.

Gördüm öz-özümü bu işıqda mən,
Gördüm ayrılmışam öz nifrətimdən.
Gördüm, sığınmışam dözümə, yarəb,
Qənim kəsilmişəm özümə, yarəb.

Qorxmadım, yandırdım bir qatil kimi
Mən öz gerçəyimi, həqiqətimi.
Çünki əmindim,
Həqiqət yansa da məhv ola bilməz,
Sap kimi uzanar, qırıla bilməz.
İnanıram mən,
Həmin o həqiqət vaxt gələcəkdir,
Başqa birisinin dililə hökmən
Deyiləcəkdir.
Yanan şeirlərin od-alovundan
Bədənim üşüdü, ürəyim əsdi.
Bir neçə şeirimə qıymadım, ancaq
Dedim, kifayətdi,
Dedim, ta... bəsdi.

Bir neçə şeirimə qıymadım o gün,
Saralmış vərəqlər durur bu gün də.
Həmin şeirləri gələcək üçün
Gizlətdim anamın protezində .
Ağır qəm yüküdür bunlar bir ömrün,
Açılsın, tökülsün deyirəm bu gün
Duyan ürəklərin gizli sirləri.
Ey cavan oxucum,
bu şeirləri
Gizlədib mən bu gün çatdırdım sənə.
İstərəm biləsən, ürəklərimiz
Susmadı...
Kölgədə yatan olmadıq.
O vaxtlar qəhrəman olmasaq da biz,
Hay-küyə aldanan nadan olmadıq!

Damcı-damcı

Bulaq oldum, çağladım,
Susuz qalan çöllərin.
Halına qan ağladım.

Çəmənlərə çiləndim,
Axdıqca nəğmələndim.
Tez yolumu kəsdilər,
Ağzıma daş basdılar.
Elə güman etdilər,
Gah mıxa, gah da nala
Döyən amalsızmışam.
Amma əsli budur ki,
Gur axa bilməsəm də,
Damcı-damcı sızmışam.

Dəniz deyil, göl oldum,
Axıb çuxura doldum.
Öz dərdimlə doluydum,
Dibimi oydum, oydum,

Yer altında daşları,
Qayaları döşlədim,
Eninə bacarmadım,
Dərininə işlədim.

Dalğa pıçıltısında
Dibə yatan daşların,
Mətləbinə varan yox.
En görünür hər gözə,
Dərinliyi görən yox.
Dedilər dayazmışam.
Bir çuxurdan baş alıb,
Öz yolumu azmışam.

Mən yolumu azmadım,
Mənə "Az!" deyənlərin
Fikrini azdırmışam.

Onun öz məramını
Qəsdinə yozdurmuşam.
Qanım Qorqud qanıdır,
Mən əvvəlki damaram.
Damcı-damcı damaram,
Damcını saxlamaram.
Damcı damar, göl olar,
Cığır dönüb yol olar.
Bir yanıqlı sazam mən,
Hələ çağlamazam mən.
Asta-asta dinmişəm,
Arzuma köklənmişəm:
Səsləri bu kök üstdə
Səslədən avazmışam.

Dərd qaynaqlı ələməm,
Kağız üstə qələməm,
Nifrətimi deməyə
İmkanım olmayanda
Mən sevgimi yazmışam.

Soğan

Soğan qabığına baxdı, düşündü.
Başını buladı,
O, mənə döndü.
Dedi: - Sərt olacaq qış, bu il yaman
Dedim: - Nədən bildin?
Dedi: - Qabıqdan.
Qalındır,
Deməli,
Sərt keçəcək qış.
Təbiət əzəldən müdrik yaranmış.
O ki nəğməsidir qaydanı yönün,
Dağı yaratmamış ona yol seçir.
Soğanı soyuqdan qorumaq üçün

Onun paltarını o, qalın biçir.
Əhsən bu paltara, dona, təbiət,
Sən bu səxavətdə nəsən, nəsənmiş!
Ey ana təbiət,

ana təbiət,
Bilmirdim,
necə də rəhimlisənmiş!
Acı soğan kimi, bəs, axı, mən də

Övladınam sənin,
Balanam sənin.
Mən də üşüyürəm, mənə gələndə
Rəhmin harda qaldı, ay anam, sənin?

Ələm çovğununda, qəm tufanında
Soyuqdan əsirəm, axı, mən yetim.
Soğana qıymadın, sənin yanında
Bir soğan qədər də yoxmuş qiymətim?

Nədir bu fikirlər, bu üzüntülər?
Ürəyi bir verdin, əzabı min-min.
Nolardı, mənə də dözümüm qədər
İztirab verəydin, əzab verəydin.

Yox

Ömrüm başdan-başa ahu-nalədir,
Çox da ki, dilimin ahu-zarı yox.
Hər il bahar gəlir çölə, çəmənə
Nə olsun, könlümün öz baharı yox.

Düşündüm dünyanı, düşündüm dərin,
Önündə acizəm mən bu sirlərin.
Könlümdə bəslənən cəvahirlərin
Kolxoz bazarında xiridarı yox.

Dar gəlir könlümə hər şey büsbütün,
Dünya da kiçilir, yoxsa, günbəgün?
Yaralı könlümün, yazıq könlümün

Nə göydə, nə yerdə bir qərarı yox.
Alçaldım yerə də, qalxdım göyə də,
Başımın üstündə gördüm min hədə.
Dinməyə qoymurlar,
düşünməyə də
Axı, mən yazığın ixtiyarı yox.

IV

Sən vaxtın, zamanın hökmünə bir bax,
Zamandır hər fikrə yön verən, ancaq.
İnsan zaman ilə gəlir döş-döşə,
İnsanı yetirən vaxtdır həmişə.
Zaman var, xəyalı çəkir zirvəyə,
Zaman var, məhv edir eşqi, niyyəti.
Zaman var, insanı qaldırır göyə,
Zaman var, öldürür insaniyyəti.

Zaman var, köksünə gül taxır yerin,
Zaman var, düşünən, duyan kəslərin
Ağzına daş basır, qəlbi susdurur;
Zaman var, uçurur, zaman var, qurur.
Zaman var, yalana həqiqət deyir,
Zaman var, Tanrı tək haqqa baş əyir.

Bir də görürsən ki, dünənki dağlar
Təpəyə əl açıb dilənir bu gün.
Yalanlar, gerçəklər, haqlar, nahaqlar
Vaxtın ələyində ələnir bu gün.

Dünən düzlüyündən üzə çıxmayan,
Özünü zamanda günahkar sayan
Mənim üzüqara bu şeirlərim,
Bu gün üzağlığım, haqq sözüm oldu,
Üzə çıxmağı da bir lüzum oldu.

V

Bütün dövrlərdə müstəbid, qəddar
Ağıldan, kamaldan, fikirdən qorxar.
Çünki o bilir ki, fikir, düşüncə
Nə hüdud tanıyar, nə sərhəd bilər.
Odur ki, müstəbid hər şeydən öncə
Fikrə, düşüncəyə qənim kəsilər.

Fikir adamları onun qənimi!
O yaxşı bilir ki, fikir gün kimi
Yanıb qaranlığa birdən nur çilər,
Boyalı sözlərlə üstü örtülən,
Ağlarkən gülən,
Həqiqətləri
Görməyən gözə də göstərə bilər.

Müstəbid bilir ki, kamalın, fikrin,
Gözə görünməyən qanadları var.
İdrakın yolunu kəsmək çox çətin,
İqlimdən-iqlimə o uçar, uçar.

Fikir sığa bilməz hüduda, həddə,
O, zora baş əyməz, gücə əyilməz.
Fikir azad olan bir məmləkətdə
Zülm öz atını səyirdə bilməz.

Sönmədi qəlbinin qəzəbi, odu,
Müstəbid qılıncı qoymadı qına.
Azadlıq adına meydan oxudu,
Fikrin, düşüncənin azadlığına.
Susduq... bəxtimizə asi deyildik,
Bəli, dərd budur ki, biz elə bildik
Belədir qayda.
Bizdən bəxtəvəri yoxdur dünyada.

Mahnı da oxuduq: "Bəxtəvərik biz,
Gül kimi açılıb diləklərimiz".
"El azaddır,

Tel azaddır.
Azad vətəndə
Dil azaddır".
Hansı dərdimizi demişdik ki, biz,
Üstəlik azaddır - dedik dilimiz?
Qaldı kitablarda gerçəyin adı,
Nə özü göründü, nə ayaq izi
Yalan danışmaqdan üz qızarmadı,
Alqışdan qızartdıq əllərimizi.

Bədbəxtlik gölündə biz üzə-üzə,
İnandıq bəxtəvər olduğumuza.
O qansız cəllada bunlar gərəkdi,
Onun yalanları axdı hər yerə.
Yalnız sərhədləri deyil, o çəkdi
Dəmir pərdələri düşüncələrə.
Pərdədən o yanı görə bilmədik,
Dondu düşüncəmiz, dondu fikrimiz.
Dəmir pərdələri yara bilmədik,
Çevrildik fikirsiz müqəvvaya biz.
Cəlladın əlində alətə döndük,
O necə düşündü, elə düşündük.

Müstəbid zülmünü doğrultmaq üçün,
Ehkamlar yaratdı, bütlər yaratdı.
"Ellərin atası" olub o, bir gün
Özünü millətə çox baha satdı.

Apardı dalınca şüarlar bizi,
Kütləşdi beynimiz, hissimiz tamam.
Aldı əlimizdən düşüncəmizi
Zülmün, istibdadın maskası - ehkam!

Müstəbid dəyişdi tariximizi,
Biz gah midiyalı, gah filan olduq.
Silindi tarixdən gerçəyin izi,
Bilmədik biz hansı atadan olduq.

Yadlar sahib çıxdı sərvətimizə,
Sahib çıxmadılar bizə bəs nədən?
Yetim evi oldu bu dünya bizə,
Ata axtarırıq indi özgədən.

De, hara sığışar, hara, ey zaman,
Bu boyda təhqirə xalqın dözməsi –
Dədə Qorqud kimi dədəsi olan
Millətin özünə dədə gəzməsi.

Gör nə günə saldı müstəbid bizi,
Ay anam, hardasan, ağla bu dərdə.
Elə dolaşdırıb tariximizi,
Başını itirib tarixçilər də.

Başımız üstündə həmişə yumruq,
Halal adımızı deməyə qorxduq.
Damğa da vuruldu hələ bu ada,
Dandıq qorxumuzdan öz babamızı.
Kifayət deyilmiş bu da cəllada,
Dəyişdi minillik əlifbamızı.
Yenə soyumadı cəlladın kini,
O elə düşündü, elə bildi ki,
Latına keçməklə biz yeniləşdik.
O, buna dözmədi... on il keçməmiş
Cəlladın əmrilə Kirilə keçdik.
Beləcə, qaraldı mənliyin şamı,
Bulandı dilimin büllur çeşməsi.
Bir deyən olmadı, əlifbadamı
Qocaman millətin yeniləşməsi?!
Əgər belədirsə, ədalət hanı?
Niyə dəyişmədin öz əlifbanı?

Sənin sadiq qulun, - mənim soydaşım,
O, yerli rəhbərim, cahil kütbaşım,
Susdu, danışmadı, yumdu ağzını.

Çünki o görmədi, görə bilməzdi
Sənin məqsədinin əsl məğzini.

Sən qanıb, düşünüb keçdin bu qəsdə,
O gün dünənimdən intiqam aldın.
Mənim min-minillik tarixim üstdə
"Şalako"oynadın, məndən kam aldın .

Bir qənim kəsildin mənə o ki var,
Minillik ruhumun tutdun yasını.
On ildə neçə yol dəyişmək olar,
Bir xalqın minillik əlifbasını?

Etiraf olmadı?
Oldu: Bir nəfər;
Ona hər tərəfdən göz bərəltdilər.
– Rəhbər deyən sözə nə müzakirə?
Ona canımızı qurban verərik.
Əlifba nədir ki, lazım gələrsə,
Ana dilimizi dəyişdirərik.

Niyə dəyişməsin, axı, bu satqın –
Ata dili varkən, ana dilini!
Beləsi turp əkdi başında xalqın,
Satdı Vətənini, satdı elini.
Bunu deyən oğul, həmin o anda
Rəhbər atasından rütbə diləndi;
Bir həftə keçməmiş, o rütbələndi.
Bəs etiraz edən? Onun taleyi?
Atdı hər şeyi.
Bir müddət Bakıdan köçünü çəkdi,
Yoxsa, Cavid kimi sürüləcəkdi.
Əlifba dəyişdi,
Buna öyündük.
Bilmədik, rişəsiz budağa döndük.
Qabağı görmədik öz yaşımızdan,
Nəsillər arası qırıldı bağlar;

Qovulub silindi yaddaşımızdan
Qurulan çadırlar, yanan ocaqlar.
Vətəndən qovuldu ana dilimiz,
"Ana dili" - dedik gəlmə, yad dilə.
Ərəbcə danışdıq ölülərlə biz,
Rusca qırıldatdıq dirilər ilə.
Öz ana dilimiz "lallığımızdan",
Ölüyə küfr oldu, diriyə nöqsan.
Hanı Bunu Çiçək? Hanı Qazan xan?
Biz ki ruhu əsil, qanı əsildik.
Qorqud qanı axdı damarımızdan,
Özümüz Qorquda düşmən kəsildik.
Doğudan Batıya, at çapan babam,
Mənim oğuz babam, mənim xan babam
Təzə kitablarda mənə yad oldu,
Soy soya qarışdı, kök unuduldu.
Ələnə bilmədik, qaldıq ələkdə
Gör, necə kökündən laxladı millət.
Yapıx daxmalarda, kənddə-kəsəkdə,
Yenə də milləti saxladı millət.

VI

Varaq-varaq çevirdim düşüncəmi, fikrimi:
"Səhər açılan kimi
Gedəcəyəm yanına.
And verib vicdanına
Deyəcəyəm, amandır,
Dünən dediklərimiz başdan-başa yalandır.
Bir diş bilsin, bir dodaq.
Səni dəstəkləməkçün elə dedim mən ancaq.
Əslində, çox sevirəm mən o dahi rəhbəri,
Odur bizə bəxş edən bu bəxtəvər günləri.
O bizim bu dünyada tək güman yerimizdir,
Düşünən beynimizdir, görən gözlərimizdir".
"Mən qələt elədim" - deyə səhərə kimi
Öz-özümə deyindim,
Səhər açılan kimi qalxıb dərhal geyindim.

Birdən qapı döyüldü...
Bizə kim gələ bilər səhərin bu çağında?
Aynanın qabağında
Gördüm, əsir bədənim.
Qapını açmağa da heç taqətim yox mənim.
"Yəqin, o satmış məni,
elə dünən gecədən.
Aparmağa gəlirlər hara qaçım indi mən?"
Qapı bir də döyüldü.
Bir də, bir də döyüldü.
Gələn kimsə, görünür, məqsədinə çatmamış
Burdan gedən deyildi...
– Kimsən?
– Mənəm, a qardaş.
Bu Qəmbərin səsiydi.
Bu da mənə bəs idi.
Yəqin şahidtək gəlib üzümə durmaq üçün.
Məni susdurmaq üçün.
Əsə-əsə əllərim, mən qapını açınca
O, üstümə atıldı boynumu qucaqladı,
Hönkür-hönkür ağladı.
Boylandı məlul-məlul
O bir sola, bır sağa.
Dünənki söhbətini başladı tez-tələsik
Ayrı səmtə yozmağa:
-Zarafatla demişdim dünən mən o sözləri;
Əslində, çox sevirəm, mən o dahi rəhbəri.
O, bizim bu dünyada tək güman yerimizdir,
Düşünən beynimizdir, görən gözlərimizdir.
Başa düşdüm mən onu.
Susdum... Bu yozumların ağ yalan olduğunu
Anlayırkən, qanırkən.
Bir gün sonra o və mən sözümüzü danırkən
Riyakara döndərdi vaxt həm onu, həm məni, -
O da yata bilməyib, demə, bütün gecəni.

Avqust, 1988

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets