Atılmışlar
Anamın xatirəsinə
I Fəsil. Körpə
1
Nə isə düşündü
Duruxdu birdən.
Seçdi bir fikrini min bir fikirdən.
Körpəni aramla bükdü qundağa,
Basdı sinəsinə qalxdı ayağa...
Ümidə yas tutub, ağlayır güman,
Xeyiri şərləyir, şərə "dost" deyir.
Sevilib, sonra da atıldığından
O da balasını atmaq istəyir.
Ancaq... durdu yenə, duruxdu yenə,
Körpəni astaca qoydu yatağa.
Sıxdı döşlərini süd şüşəsinə,
Əmziklə bir yerdə bükdü qundağa.
O, qalxmaq istədi, yenə döyükdü.
O, bir də düşündü son niyyətini.
Bildi ki, şüşəylə birgə o, bükdü
Sonuncu analıq məhəbbətini.
Dizləri titrədi...
– Bu nədir belə?
Bir alov qarsıtdı içindən onu.
Bir neçə damcılıq ana südüylə
Verdi övladına o, son borcunu.
"Analıq, balalıq bumudur məgər?
Çəkdim qayğısını bircə həftə mən,
Yolumun üstündə bala bir çəpər,
O tərəfdə arzum, bu tərəfdə mən.
Şəhərə gəlmişəm uzaq rayondan,
Burda dərs oxuyum, sənət öyrənim.
Məhəbbət dərsindən kəsildim yaman,
Oldu bu körpə də "qiymətim" mənim.
Atamın adına övladım ləkə,
Hər dərdə bənzəməz mənim bu dərdim.
Mən onun başını ucaltmalıykən,
Mən onun adına ləkə gətirdim.
Tapdandı ismətim, bədbəxt yetimlə
Necə keçəcəkdir günüm, ruzgarım?
Neyləyim?
Atamdan, anamdan özgə
Mən kimə əl açım, kimə yalvarım?
Axsın ürəyimə qoy göz yaşlarım,
Kimsənin önündə əyilməməli.
Nə anam, nə atam, nə qardaşlarım
Bunu bilməməli, yox, bilməməli!..
Basıb sinəsinə o, körpəsini,
Getdi... İki addım atmamış, ona
Qəlbi nəsə dedi...
Addım səsini
Bənzətdi o, qapı taqqıltısına...
"Bəlkə o gələcək?
Axı, sevirdi.
O, mənə nə qədər ümidlər verdi.
Bəs sonu?
Bu imiş sevginin sonu?
Dandı sevgisini, dandı borcunu.
Kim qaça bilibdir qədərdən yeyin?
Heç demə, zillətmiş sevgimin adı.
Qadasını alıb sevinc verdiyim.
Özü verən dərdə ortaq olmadı.
Necə də ağırmış, necə də ağır,
Mənim qollarımı qıran bu körpə.
Məgər təkcə mənim öz günahımdır
Yolumun üstündə duran bu körpə?
Özgələr bilməsin dedim, dərdimi,
Özüm öz içimdə yedim dərdimi.
Ağlaram,
Səsim yox,
Hay-harayım yox!
Ahıma səs verən öz ahım oldu.
Bu, mənim dünyaya bala payım yox,
Bu, mənim dünyaca günahım oldu.
İstini yaz bildim,
Yaz açılmadı.
Vaxtsız açan çiçək xar olmalıymış.
Qanunsuz ananın analıq adı
Elə qanunsuz da pozulmalıymış...
Mən baxa bilmirəm bir günah kimi,
Bu təmiz hissimə, məhəbbətimə.
İndi neyləməli?
Xəcalətimi
Girov verməliyəm səadətimə?
Bu sirri gizlətmək mümkünmü?
Mümkün!
Qəlbin dövrəsinə daş hörülməli.
Talesiz balamın yaşamasıyçün
Mənim ana adım öldürülməli!
Mənim ana hissim qəm otağında
Tutsun mənzilini, tapsın yerini.
Tapacaq bəlkə də yad qucağında
Balam öz bəxtini, öz qədərini.
Nə imiş ölçüsü namusun, arın?
O hardan başlanar, o harda bitər?
Dünyada qanunsuz doğulanların
Yaşamaq hüququ yox imiş məgər?
Əgər qaynağından su bulanırsa,
Bulaqlar başına nə kül tökməli?
Atanın, ananın günahı varsa,
Onun cəzasını övlad çəkməli?
Bu nədir?
Bu müdhiş uyğunsuzluğun
Nə ad verməliyik törətdiyinə?
Deyirəm, qanunla qanunsuzluğun
Sərhədi nə imiş, göstərin mənə..."
2
"Şəhərə gəldiyim bir il deyildi,
Sevildim...
İnandım,
sevdim.
atıldım.
Ömrümün düz yolu necə əyildi,
Yanıb kül olmadım, yanıb ayıldım.
Səhvlər...
Düşünür hamı xeyrini,
Mən seçə bilmədim xeyiri şərdən.
Düz düzü gətirir, əyri əyrini,
Qorxuram yenidən səhv eləyim mən?!
Bəzən bircə anın yanıltısından
Bütöv bir ömürü uduzur insan!
Kimdir yıxılmayan?
Məgər təkəm mən?
Bu dərdə düşənlər dünyada min-min..."
...Səhvinə haqq verib əzab çəkməyən
Düşür tələsinə ikinci səhvin.
"İndi neyləməli?
Ömrüm boyunca
Bir səhvin oduna külmü olum mən?
Bəsdir alışdığım, yandığım bunca,
Başlamaq gərəkdir ömrü təzədən.
Hələ nə görmüşəm?
İyirmi bahar,
Bu yaşda özümü kəfənləyim mən?
Yox! Belə yaramaz!
Axar sel-sular
Kol-kosa ilişən çör-çöpün üstdən.
Niyə şişirdirəm mən öz dərdimi?
Yaşamaq!"
Yaşamaq bir insan kimi
Kiminə asandır, kiminə çətin.
Dünya süfrəsidir nazi-nemətin.
Orda qəm çəkənə qəm əksik deyil,
Orda dəm çəkənə dəm əksik deyil.
"Elə ömrüm boyu gərək ağlayam?
Mənimçin dünyanın tək qəmi qalmış?
Elə bil naz-nemət qurtarıb tamam,
Dərd çəkib, qəm yemək mənəmi qalmış?
Yox! Daha bəsimdir, bəsimdir!" - deyə
Baxdı,
O həsrətlə baxdı körpəyə.
Bələyin üstünə axırdı dən-dən
Göz yaşı - əzabı, ələmi, dərdi.
Hara getdiyini heç kəsdirmədən
Elə addımlayır, elə gedirdi...
Külək vıyıldayır,
Qar sovururdu.
O, yenə dayandı,
O, yenə durdu.
Bəlkə, yolu azıb?
Sonuncu mənzil
Bəllidir...
Getdiyi bu yolu deyil,
O, ömür yolunu azıb, çaşdırıb.
Başını qundağa yaxınlaşdırıb,
İsidir körpəni od nəfəsilə.
Bəlkə, son borcunu ödəyir belə.
Çatdı bir həyətə...
Döyükdü,
Durdu
O, uçunurdu.
Bir sağa çevrildi, bir sola baxdı,
Boylanıb həyətdən o, yola baxdı.
Girdi bir dəhlizə...
Mərmər pillələr
Daş üzə bənzər.
Gözünün ucuyla qundağa sarı
Baxmadan
astaca qalxdı yuxarı.
Meydança üstündə qoyub körpəni,
Endi pilləni,
Endi!
Endimi?
Körpə anasından ayrıldığını
hiss etmiş kimi
çığırdı birdən.
Elə bil püskürüb od çıxdı yerdən,
Bürüdü ananı...
Durdu yerində.
İldırım şaqqıdı bəbəklərində.
İstədi qayıda...
Ancaq qaçdı o,
Bala naləsindən uzaqlaşdı o.
Dondu dodağında bir "can" kəlməsi,
Qaldı qulağında körpənin səsi.
Ayaq tappıltısı...
O, dönmür dala,
Qaçır, xəyalında qovur an anı...
O elə bilir ki, bu qaçışıyla
Açır xoşbəxtliyin qapılarını.
Üz tutub sabaha bu gündən qaçır,
O, bu qaçışıyla özündən qaçır.
O qaçır analıq məhəbbətindən,
O qaçır özünə öz töhmətindən.
Qaçır, könlündəki bərədən aşıb...
Amma yaxşı bilir o, nədən qaçır.
Özgələr gözündə günahsızlaşıb,
Təmiz görünməkçün ləkədən qaçır.
Hələ eşidilmir ürəyin səsi...
İnanır o səsin boğulduğuna.
Özgələr önündə pak görünməsi
O, hələ bilmir ki, ləkədir ona.
Qaçır,
amma bilmir o, nəyə qaçır.
Ləkədən qaçırkən ləkəyə qaçır.
İnsan bir ömürdə ikidir, iki
Atıb körpəsini elə bildi ki,
Adının üstündən ləkəni atdı,
Özünə başqa bir tale yaratdı.
Təmizə çıxartdı o öz adını
Sabaha uzanan qol-qanadını
Körpə bağlamışdı...
Qolunun üstdən
Onu daş pillənin üstünə qoydu.
Qolları boşaldı.
Yolunun üstdən
Körpə götürüldü...
Bu nə yoluydu?
Hara aparacaq bəs bu yol onu?
Nə imiş görəsən, bu yolun sonu?
Qollar körpəsizdi...
Ancaq bu gündən
Qollar ağırlaşdı yüngüllüyündən.
Körpənin yerinə indi də vicdan
Asıldı ananın qol-qanadından.
3
Çatdı mənzilinə taqətsiz, bihal,
Qırıq çarpayıya uzandı dərhal.
Yumdu gözlərini...
Gördü yüz yerdən
Gözünü zilləyir ona körpəsi.
Açdı gözlərini...
Pəncərələrdən
Doldu otağına körpənin səsi.
Gördü ki, otaqda hər şey qışqırır.
Açdı pəncərəni, yer-göy qışqırır.
Qışqırır masanın üstə kitablar.
Qışqırır qapı da, pəncərələr də.
Qışqırır çarpayı, qışqırır divar,
Qışqırır körpənin yatdığı yer də.
Tutdu qulağını sıxdıqca sıxdı,
O elə bildi ki, səs çöldən gəlir.
Gördü bu səs deyil, bu qışqırıqdı,
Bildi ki, qəlbindən, könlündən gəlir.
Su içdi, boğazda tıxanıb qalan
Qəhəri ötürə, bir uda, bəlkə.
Açdı radionu,
ona yük olan
Dərdini bir anlıq unuda, bəlkə...
"Cavan analara söhbət, məsləhət".
Bu da başqa töhmət, başqa məzəmmət!
Radionu susdurdu.
Ayağa durdu...
Söhbət qulağında səsləndi yenə.
Hər şey elə bil ki, durub qəsdinə,
Kəsir yolunu.
Hansı bir qüvvəsə
özü bilmədən
Qəfil itələdi içindən onu.
Görən, birdən-birə ona nə oldu?
Bayaqkı qəsdini, yoxsa danırdı?
Baladan qaçdığı bu yollarla o,
İndi balasıyçün qanadlanırdı.
İndi o yüyürür dala baxmadan,
Bayaq yüyürmürdü, o sürünürdü.
Bayaq analığı tapdayıb danan
İndi ana olub geri dönürdü.
O, boğa bilmədi qəlbin səsini.
O uçur,
O qaçır dar döngələrdə.
Kim bilir, kim bilir, o, körpəsini
Tapa biləcəkmi qoyduğu yerdə?
Bir oxun başına necə dolanır
Niyyətin qarası, arzunun ağı.
Bir insan ürəyi xoşbəxtlik sanır
Bayaq itirməyi, indi tapmağı.
Yüz rəngli, yüz səsli istəyimizlə
Bir saat içində yüz adamıq biz.
İlkini başladın, sonunu gözlə,
İnkarla təsdiqdə bütöv, tamıq biz.
Gecənin yarısı... Küçələr lal-kar.
Yağdıqca sulu qar tərləyir yollar.
Suluqar əriyir...
Xəcalətindən
Elə bil tər tökür puçur-puçur yol.
O qaçır, yel kimi burulur tindən,
O önə qaçdıqca dala qaçır yol.
O çatdı həyətə... yumdu gözünü,
Mərmər pillələrə atdı özünü.
Körpəni görmədi qoyduğu yerdə,
O, bir daşa döndü daş pillələrdə.
Döşəndi yanına
körpəyə sarı
Uzanan o titrək, gücsüz qolları.
Bu qollar bezmişdi bu gün körpədən,
Bu qollar körpəyə uzanır indi.
Bu qollar buz kimi soyuqdu nədən?
Bu qollar üstündə can yanır indi...
– İndi mən neyləyim, neyləyim? - dedi.
Bir-bir qapıları döymək istədi.
Dayandı...
Ahının şölələrində
Elə bil qəfləti bir ulduz doğdu.
Hardasa qəlbinin gizli yerində
Sevindi...
Bir qədər yüngülləşdi o.
– Mən ki peşman olub döndüm geriyə.
Qədər öz hökmünü belə döndərir.
"Bəlkə xeyirlisi beləymiş" deyə,
İndi öz-özünə təskinlik verir.
Vicdandan asılıb ürəyi dartan
Yükün ağırlığı azaldı bir az.
Özünü aldadıb yaşayır insan,
Bəlkə, bu alversiz yaşamaq olmaz.
Ancaq bu məqamda bir mətləb də var;
Bir dəfə aldanan yüz yol aldanar.
İkinci günaha yol verər insan,
Birinci günaha haqq verən zaman.
4
Keçdi bir neçə gün qaralı, ağlı,
Gah açıqqabaqlı, gah qaşqabaqlı.
O, qəsdən qəşş edib gülürdü bir an,
Qəlbində mələyib onu sarsıdan
Körpənin səsini batırmaq üçün,
Ancaq güclənirdi o səs günbəgün:
Dəniz nəriltisi, su şırıltısı,
Yarpaq pıçıltısı, yel vıyıltısı
Onun qulağında ana axtaran
Körpə balasının hıçqırığıydı...
-Mənim daş ürəyim, yoxdur bir soran
Analıq hissinə bəs necə qıydı?
O, bir yer istəyir, o, bir yer ancaq
Uzaq, uzaq olsun bu səsdən uzaq!
Yox! Qaça bilmədi o bu səslərdən.
Nahar eyləyəndə sızlardı hərdən
Döşünün giləsi, döşünün ucu.
Bu, onun on böyük günahı, suçu.
Bu nə müsibətdir, gülüşlərində
Hönkürür qəlbinin hayı, harayı.
Özü çörək yeyir...
Amma döşündə
Sızlayıb ağlayır körpənin payı...
Bu nə müsibətdir, bu ne müsibət,
Buna tablamağa bir ürək hanı?
Bu necə dəhşətdir, bu necə vəhşət,
Necə susdurasan burda vicdanı?
Həyat nə oyundur, nə də oyuncaq,
Dandığın gerçəyi gerçək bil yenə.
İnsan bir əlilə yandırır,
ancaq
O biri əlilə vurur dizinə.
O da dizlərinə vurub ağladı,
Oturub ağladı, durub ağladı:
-Qalmadı bir şeyə - dedi - gümanım,
Saçımı dərd yoldu, qəm daraqladı.
O qədər ah çəkdim,
ahım, amanım
Viranə könlümdə tüstü bağladı.
Düşüb qasırğaya borana könlüm,
Azmışam yolumu qəm meşəsində.
Elə dağ-dağ olub viranə könlüm,
Arılar şan bağlar hər guşəsində.
Ümidlə, inamla yaşayır ana,
Günləri, ayları ötüşür belə.
Küçədə, bayırda uşaq gördümü,
Baxır diqqət ilə baxır zənn ilə.
Axtarır özünün cizgilərini
O gah bu uşaqda, gah o uşaqda.
Kimsəyə açmayır ancaq sirrini,
Gözləri axtarıb hey aramaqda.
Belədir əzəldən, belədir qayda:
Tapmaq çətin olur, itirmək asan.
İndi ağlayırsan...
Ancaq nə fayda
Özü yıxılanın ağlamağından!
Bəs körpə?
Nə yazdı bəxtinə ruzgar?
Körpələr evinə verdilər onu.
Atalı, analı yetim balalar,
Yaxşı ki, bilməyir atıldığını.
Bilmədi...
Bəs sonu?
Sonu müsibət!
Bu dərdi söyləmə qəlbidaşlara.
Yaxşı ki, hökumət, yaxşı ki, dövlət
Yenə sahib durur atılmışlara!
II Fəsil. Qoca
1
Ana tanıyıram iyirmi yaşından
Dul qaldı.
Bəlalar ötdü başından.
Dərdi qabaqladı.
Kədəri ötdü.
İki nər cüssəli bala böyütdü.
Biri çatan kimi on yeddisinə.
Səs verdi vətənin çağrış səsinə
Getdi od içinə.
Getdi,
Gəlmədi.
Gənc ömrü yarımçıq bitdi,
gəlmədi.
Ana kiçiyinə ümid bağladı,
Dərdini gizlətdi, gecə ağladı.
O, bircə arzuya, bircə niyyətə
Verdi ürəyini, verdi büsbütün.
Dözdü hər ağrıya, hər əziyyətə,
"Bir övlad böyütdü bir afət üçün".
Ona toy elədi.
Ömür yükündən
Sandı ki, azaddır bu gündən bəri.
Ancaq o bilmədi,
elə o gündən
Başlanır ən böyük müsibətləri.
Ana öz işini tamam bitirdi.
Bitirdi!
Hər şeyi, demək, itirdi.
Vəzifən bitdimi, borc ödəndimi,
Üz astara dönür, astar üzləşir.
Geyilib atılmış bir paltar kimi
İnsan da bu zaman gərəksizləşir.
Ayıra bilmədi yoxuşdan diki,
O, bunu bilmədi,
Nə biləydi ki,
Hər hökmün bitəcək iş-güc bitəndə,
Hörmətin itəcək hökmün itəndə.
Bir vaxt ayıldı ki, dəyişib yerlər,
Çömçə isti olub indi qazandan.
El ağzı -
fal ağzı
yaxşı deyirlər,
Köynək yaxın imiş ürəyə candan.
Bir vaxt ayıldı ki,
keçib iş işdən,
Baxışlar soyuyub, üz yaman dönüb.
Ana başa düşdü, bu tərpənişdən
Oğul da, deyəsən, anadan dönüb.
Gördü ki, hökmünü
O, bircə-bircə
İtirir...
Hörməti əlindən gedir.
Bir vaxt ayıldı ki, bu ilki sərçə
Bildirki sərçəyə civ-civ öyrədir.
Köhnəlik - qaynana.
Yenilik-gəlin!
Hərə öz fikrində haqlı,
həm doğru!
Gələn yeni ilə gedən köhnənin
Sonu görünməyən döyüşüdür bu.
Ana bu ocağa gəlin gələndən,
Bu qədim yuvada bir qayda vardı:
Gəlinlər oyanıb hamıdan erkən
Ərləri yedirib yola salardı.
Ana bu qaydanı müqəddəs bilir,
Ana bu qaydanı yaman güdürdü.
Ana bu qaydanı indi hər səhər
Təzə gəlinindən tələb edirdi.
Gəlinsə yatırdı doqquza qədər,
Oğul acqarına işə gedirdi.
Bir gün,
beş gün,
on gün!
Ötdü beləcə.
Ana nə danışdı,
Ana nə dindi.
Gördü ki, oğul da dinmir...
Bir gecə
Dözmədi...
Gəlinə yaman təpindi.
İki əqidənin, iki cəbhənin
Döyüşü başlandı sükutdan sonra.
Ana dözəmmədi...
Bu təzə gəlin
Təzə nırx qoyanda köhnə bazara.
Partladı ürəklər,
Açıldı üzlər.
Yaman qanad açdı latayır sözlər.
Gəlin qaynananı bükdü bucağa:
– Gözünü dünyaya yaxşı aç, - dedi.
İndi mən sahibəm, mən, bu ocağa.
İşə bax!
Yerliyə yersiz qaç - dedi.
Köməyə çağırdı ana oğlunu.
Oğul danışmadı...
Durdu kirimiş.
Ana bilmədi ki, bu imiş sonu,
Gəlin gələn kimi oğul itirmiş.
Ara verilmədi evdə davaya,
Ürəklər partladı qəzəbdən, kindən.
Oğul barış üçün girdi araya,
Heç biri dönmədi öz cəbhəsindən.
– Bizim zəmanədə belə deyildi.
– Saxla! Çoxdan bitib sənin zamanın.
Ana bilmədi ki,
Günəş əyildi,
Öz təzə hökmü var təzə dövranın.
Elə ki qocaldın,
Bil öz yerini!
Oynaya bilmirsən, göz yum hər şeyə.
Əlacın odur ki,
Gördüklərini
Vurasan həmişə görməməzliyə,
Bu da nöqsanıdır Qorqud Dədənin,
Dördcə naxışında yanıldı nəqqaş.
Oğulu anadan ayıran gəlin,
"Gəlin" yox,
"Ayıran" çağrılaydı kaş!
Oğul arvadına haqq verdi yüz yol,
Ananın könlündə düyünləndi daş.
Bir deyən olmadı, ay dönük oğul,
Axı, üz var idi, saqqal çıxmamış.
Ümidlər, arzular gördü talanmış,
Ayıran dırnağı ətdən ayırdı.
Bir deyən olmadı, a canıyanmış,
Axı, diş yox ikən dodaq ki vardı.
Gördü ki, bu oğul, o oğul deyil,
Gördü ki, umubmuş zərərdən xeyir.
Belin ağrısını, gördü, bel deyil,
Kəmər inildəyib çəkmək istəyir.
Ürək ağrılarla dolub daşanda
İnsan başdan-başa gileyləşərmiş.
Yad qızı ocağa doğmalaşanda,
Doğmalar get-gedə ögeyləşərmiş.
Ana öz işini tamam bitirdi.
Bitirdi...
Hər şeyi, demək, itirdi.
Bu dünya belədir,
Baxmır fəryada.
Vaxt çatdı.
Köçünü çək yavaş-yavaş.
Vəzifən bitdimi sənin dünyada –
Özünü bitmiş bil, özünü, qardaş!
Bu dünya belədir,
Götürə bilmir
Saxta bir bəzəyi, saxta bir süsü.
Nəfs artıq tikəni ötürə bilmir
Gərəklik - insanın dəyər ölçüsü!
Gərək bilirlərsə dünyada səni,
Böyründə-başında dost görəcəksən.
Elə ki, itirdin gərəkliyini,
Dünyada hər şeyi itirəcəksən.
Yerləri astaca dəyişir zaman,
Baxmır nə fəryada, nə göz yaşına.
Dünənki məqamı əlindən çıxan
Dünəni bu günün qaxır başına:
– Səni bu dünyaya mən gətirmişəm,
Sənə döşlərimdən mən süd vermişəm.
Gecələr yatmadım yatasan deyə,
Böyüdüb çatdırdım səni ərsəyə.
Mən sənin həm atan, həm anan oldum,
Axırda beləcə aldanan oldum.
Anam özünə yad tutdun, oğul,
Borcunu nə yaman unutdun, oğul?
– Adicə bir işdir bala yetirmək
Ananın analıq təbiətinə.
Məlum gerçəkləri dilə gətirmək
Yaraşmır, ay ana, ləyaqətinə.
Əmanət kassası deyil uşaqlar,
Xərcindən kəsərək qazanc görəsən.
Artıq gəlirini orda saxlayıb,
Sonra faiziylə ömür sürəsən.
Uşaq tək baxırıq oğula, qıza,
Bilmirik böyüyür ilbəil övlad.
Rahat yaşamaqçün
sabahımıza
Dünən verdiyimiz borc deyil övlad.
Yanında böyüyür...
Ancaq yaxşı bil,
Oğul da yar üçün, qız da yar üçün.
Övladlar, övladlar! Bizimçün deyil,
Biz onlar üçünük, biz onlar üçün!
Övlad - sevgimizdən göyərən nübar,
Təzədən yaradır övladlar bizi.
Odur ki borcunu deyil,
qoy onlar
Bizə qaytarsınlar öz sevgimizi.
Ay ana, asandır borcu qaytarmaq,
Sevgini qaytarmaq çətindir, çətin!
Övladlıq borcunu ödəmək ancaq,
Əvəzi deyildir hələ sevginin.
Övlada borcunu yada salanda,
Ana sevgisini umur oğuldan.
Məhəbbət!
Məhəbbət unudulanda,
Borcunu istəyir borcludan insan.
2
Yığılıb məclisə dostlar, tanışlar,
Oğul ad gününü keçirir bu gün.
Sağlıqlar baş alır:
-Bir arzumuz var:
Daim çiçək açsın qoy sənin ömrün.
Qapının dalında dayanıb ana,
Məclisi dinləyir:
– Sənin zəkana,
Sənin hünərinə biz ki məftunuq.
Ana fərəhlənir...
Ancaq neyləsin,
İçəri girməyə ixtiyarı yox.
– Bu gözəl dünyaya səni bəxş edən
Anaya afərin, anaya əhsən!
Necə fərəhlənir, sevinir ana,
Qapının dalından baxır oğluna.
Belə də dərd olar?
Oğul doğasan,
Onun şad gününə gendən baxasan?
Dözmədi...
İstədi keçib içəri,
Qışqıra, deyə ki, bayaqdan bəri
Əhsən dediyiniz ana mənəm, mən,
Mənəm onu doğub özgəyə verən.
Saxladı özünü, azca qımışdı.
Səhərki söhbət
Yadına düşdü,
Gəlin demişdi:
– Cavanlar gələcək, cavanlar ancaq.
Bugünkü məclisin sənə dəxli yox.
– Hə, başa düşürəm.
Nə desin ana,
Anladı, balanın doğum gününün
Bir dəxli yox imiş oğul doğana...
Olmadı, olmadı bir deyən ona:
– Bəs doğum günündə şadlıq etdiyin
Oğulu kim doğub, ay nankor gəlin?
– Bu gözəl ölkəyə səni bəxş edən
Anaya afərin, anaya əhsən!
Dilxor oldusa da sağlıqdan yana,
Gəlin susdu...
Bu yerdə o, dinə bilməz.
Şəninə təriflər söylənən ana
Qapı dalındadır,
bilmədi bir kəs.
– Bu sağlıq üstündə indi gərək sən,
"Ana" mahnısını çalasan bizə.
Övladın analıq məhəbbətindən
Qoy atəş çilənsin ürəyimizə.
Oğul bir inamla qalxdı ayağa,
Divardan tarını aldı ürəklə.
Ana ürəyini duya bilməyən
"Ana" mahnısını çaldı ürəklə.
Bəs niyə kövrəldin, gəlin, ay gəlin,
Öz mərhum ananmı durdu gözündə?
Bəs ana qəlbinə niyə dağ çəkdin?
Axı, bir anasan sabah özün də.
Boylusan... Zaman da yaman dövr edir,
Sən nə ilk anasan, nə də son ana.
Bəs ana deyilmi, özün söylə bir,
O qapı dalında qoyduğun ana?
Sən də bir anasan, gəlin, ay gəlin,
İndini sabaha girov vermisən.
Əgər qaynanana elədiklərin
Gəlsə öz başına, götürərmisən?
Nə tez doğmalaşdın sən yad oğluna?
Ana öz oğlunun çiyninə yükmüş.
Sən demə, ananın haqqı yox ona,
Amma yad qızının haqqı böyükmüş,
O da haqq, bu da haqq!
Haqsızlığa bax!
Dəyişir yerini necə də haqlar.
Dövran dolandıqca, dünənki qonaq
Bu gün sahib olub, səni ayaqlar.
Balanın ad günü yazıq ananın
Şad günü olmadı, dad günü oldu.
Başında turp əkdi o, qaynananın,
O, gəlin olmadı, o, günü oldu.
Gəlin nə dedisə ər qulaq asdı,
Gəlin qaynananı bucağa basdı.
Göydən ulduz tökdü amansız gəlin,
Zərbini göstərdi,
Qələbə çaldı.
Üçcə ay keçməmiş bu qansız gəlin
Evdə hakimliyi əlinə aldı.
Ana danışmadı,
kiridi. susdu.
Axı, çoxlarını qınamışdı o.
İndi öz başına gəldi...
İşə bax!
Bircə şey düşünür, bircə şey ancaq:
"Hər şeyə dözərəm, təki tək balam,
Qəlbi qırıq balam, o kövrək balam
Fikir eyləməsin, heç darıxmasın.
Bir də... evin sirri çölə çıxmasın..."
Ana başa düşdü: Bu haya, küyə
Dözməz.
Oğluna da o qıya bilməz.
Yox, yox! Bundan sonra dözüb hər şeyə,
Gəlinlə bir evdə yaşaya bilməz!
Atdı anasını ikinci oğul
Anası bir kəlmə dedi: - Çox sağ ol,
Boğdu içindəki üsyan səsini.
Dedi: Neyləməli, beləymiş qədər.
Yığdı boğçasını, düyünçəsini,
Qocalar evinə köçdü bir səhər.
III Fəsil. Qocalar evi
1
Əyləşir qocalar ikibir, üçbir.
Qocalar evinin dəhlizlərində.
Ömür kitabları sətirbəsətir
Oxunur onların bənizlərində.
Nədənsə danışır solğun baxışlar,
Orda təəssüf də, təəccüb də var.
Hansı əzabların şırımlarıdır
Üzlərdə açılan dərin qırışlar?
Bir ömrün zirvəsi...
Tərəzi,
çəki.
Azmıdır, çoxmudur xeyri şərindən.
Həyatın qayğısı, həyatın yükü
Artıq götürülüb çiyinlərindən.
Yoxdur bu dünyadan qəsdi, qərəzi,
Xoşbəxtmi, bədbəxtmi bu halında o?
Qurulur içində mizan-tərəzi,
Görən, nəyi çəkir xəyalında o?
Tərəzi gözləri... tutuşdu, endi,
O, ürək açmağa sirdaş axtarır.
Verib cəmiyyətə borcunu...
İndi
Haqqını çəkməyə bir daş axtarır.
Borcunu namusla verən kəslərin
Haqqını mümkünmü daş ilə çəkmək?
Yox! O ağırlıqda daş hanı? Yəqin,
O haqqı borcunla çəkəsən gərək.
Gənclik - arzuların uçuş nöqtəsi,
Qocalıq - qonduğun sonuncu məskən.
Sənə pıçıldayır ömrün zirvəsi,
Düşün, nəyi nəyə qurban vermisən?
İndi qazancın nə, uduzduğun nə?
Görürsən axırda hamısı birdir.
İstər ağlayana, istər gülənə
Onsuz da bu dünya həmişə sirdir.
Kim aça bilibdir bu sirri, de, kim?
Çoxu qora ikən mövüc olubdur...
"Dünya mənimkidir" söyləyən hakim
Dünyanın əlində mürmüc olubdur.
Bizə təbiətin verdiklərini
Zaman alır...
Bizə qocalıq qalır.
Hər gələn gedənin tutur yerini,
Zaman təbiətdən intiqam alır.
Sönüb ocaqları, sönüb odları,
Dərin düşüncələr baş alıb gedir.
Həyat yox,
arzu yox,
İndi onları
Düşüncə tərpədir, fikir tərpədir.
Yata da bilmirlər...
Sübhədək oyaq.
Oyulur döşəkcə, oyulur balış.
Adamlar bir yana,
Sən bir işə bax,
Qocadan yuxu da bezar olarmış.
Çiynindən düşdümü həyatın yükü,
Həyatın ləzzəti bitdi büsbütün.
Arzular eşqinə yox, bunu bil ki,
İndi yaşayırsan yaşamaq üçün.
Ölüncə bu yükdən həzər eyləmə!
Gileylənmə, gəl.
Çək onu ürəklə!
Həyat, sən demə,
Həyatın yükünü çəkərkən gözəl!
2
Qocalar evində səliqə, sahman...
Otaqda hər kəsin öz guşəsi var.
Masanın üstündə gözlük, qələmdan,
Qəzetlər, jurnallar, cild-cild kitablar.
Dolabın üstündə kibrit və siqar,
Cürbəcür nüsxəli həblər, dərmanlar.
Balaca otağın baş divarından
Cavanlıq şəklini asıb hər biri.
Güzgüdə özünü gördümü? Bir an,
Şəkilə zillənir tez nəzərləri.
Bu gün, dünən ilə durur yan-yana,
Dayanıb arada uçurum - illər.
Xəyalın xatirə qanadlarına
Sığınıb,
Dünənə uçur könüllər.
Gah ona,
gah buna dönür baxışlar,
Təəssüf bu günə, alqış dünənə!
Güzgüyə baxanda əyilən başlar,
Şəkilə baxanda diklənir yenə.
Bu günü - qocalıq, sabahı - torpaq,
Dünənlə yaşayır, dünənlə ancaq!
Üç oğul atası çilingər əmi
Qocalar evinə yenicə köçmüş.
Dünyanın kədəri, dünyanın qəmi,
Elə bil çiynindən qəlbinə çökmüş.
Qocalar evinin qaydalarına
Nə qədər çalışır uyuşa bilmir.
Yaman ağır gəlir atılmaq ona,
Pəncərə önündən bir an çəkilmir.
O, hər gün gözləyir, "yox, ola bilməz,
Atalar, analar atıla bilməz".
Çırpınır ürəyi bu dar qəfəsdə,
Gözləri bayırda, qulağı səsdə.
Beləcə günləri o yola saldı,
Kişinin gözləri yollarda qaldı.
"Demək haqq da məndə, günah da məndə...
Onların bir sözü yalan olmadı.
Ya haqlı, ya haqsız, mən inciyəndə,
Bir dəfə könlümü alan olmadı,
Qolunu boynuma salan olmadı.
Təkliyin qəmini tək özüm yedim,
Əhvalım, ovqatmı heç sorulmadı.
Neçə yol hirslənib "gedirəm" - dedim,
Bir yol qabağımı kəsən olmadı.
Qalmayıb amanım, qalmayıb heyim,
Könül xanımanım nə tez uçuldu.
Öz isti yuvamdan köçüb gəlməyim,
Sən demə, onların könlündən oldu..."
Bir gün zəng də çaldı evə çilingər,
Nəvəsi götürdü dəstəyi...
– Bəli!
Bilmədi nə desin?
Yaşardı gözlər.
Titrədi dodağı,
Titrədi dili...
Nəvəsi qışqırdı: - Cavab versənə!
Avaranın biri. Susdu o yenə.
Amma tel-tel oldu qəlbi bu səsdən,
Dedi: - O düz deyir, avarayam mən.
Dəstəyi asınca ürəyindəki
Yaralar qövr etdi...
Doğulan təki
Qoca, nəvəsinə adını verdi.
Nəvə babasına çox bənzəyidi.
Düşündü: "Eybi yox, dolanıb dövran,
Yerbəyer eyləyər tez-gec hamını.
Alar mənim nəvəm öz atasından
Bir gün babasının intiqamını".
Qızıl çərçivədə köhnə bir şəkil:
Rəqs edir ucaboy, gözəl bir oğlan.
– O kimdir?
– Yaxşı bax.
– Gözüm kor deyil.
Tanıya bilmirəm.
Hirsləndi rəqqas:
– Məni tanımırsan?
Gözlüyünü tax,
Bir də yaxşı bax.
– Səni tanıyıram, onu yox ancaq.
– Hə... bunu düz dedin, nə qaldı bizdən?
Çoxdan ayrılmışıq öz-özümüzdən.
Buro-buro deyən günlərim vardı.
Mən idim bəzəyi toy-düyünlərin.
Qızlar da həsrətlə mənə baxardı,
Eh, keçən günlərim, keçən günlərim,
Deyib qoca rəqqas ah çəkdi...
Yenə,
Oğrun baxışlarla baxdı şəklinə.
Qaydadır həsrətlə baxar həmişə
Cavan gələcəyə, qoca keçmişə.
Cavanın sərvəti - hələ öndədir,
Qocanın nəyi var - keçmişindədir.
O: - Keçən günlərə gün çatmaz - deyə
Siqar tüstüsünü çəkdi sinəyə.
– Ə... fikir verirəm bayaqdan sənə,
Çəkirsən dalbadal, çəkirsən yenə.
Tərgidə bilmirsən, azalt bir qədər,
Canına yazığın gəlməyir məgər?
– Nə can? Gün axşamdır, ölümdən danış,
Artıq nə can qalmış, nə ömür qalmış.
– Deyirsən, tirlənib uzanaq indi?
Ömrün qalan payı daha şirindi.
Sən o zəhrimarı bir qədər az çək,
Gör nə günə salıb səni öskürək?
Çöldən tapmamısan, axı, bu canı,
Onun əvəzinə iç o dərmanı.
– Hansını; deyirsən? O sarı tozu?
Özünü aldadıb yaşamaq yetər.
Dibindən quruyan ağacıq... Bizi,
Nə gübrə göyərdər, nə su göyərdər.
– Sus, elə danışma, qorxuram.
-Nədən?
– Yox, hələ yaşamaq istəyirəm mən.
– Bəs mən istəmirəm?
– Ömür çox gödək!
– Gec, ya tez, yaranan bir gün gedəcək.
– İnsan iki dəfə yaşayaydı kaş!
Yaman üşüyürəm...
-Mən də a, qardaş!
Neçə dərəcədir istilik görən?
Hava çox güman ki, soyuyub yenə,
Bir o dərəcəyə göz yetirsənə.
Gözlüyü tax.
– Kişi, görür gözümüz.
Gözlüyü gözümə sən dürtmə tez-tez.
O qalxdı,
boylandı termometrə,
Çırpdı dizlərinə o, birdən-birə:
– Sən öl, bir işə bax, iyirmi səkkiz!
– A kişi, bəs niyə üşüyürük biz?
– Hava nə istiymiş, xəbərimiz yox.
– Çölümüz istidir, içimiz soyuq.
İndi sən gördünmü haqlıyam, lələ,
Davadan, dərmandan kar aşmaz bizə.
Boş-boş ümidlərlə, təsəllilərlə
Özünü aldatmaq yaraşmaz bizə.
– Bircə yay gələydi...
– Nəyinə gərək?
Dinmədi, kiridi.
– Susma, de görək.
– Qəlbim nəyi isə gözləyir müdam
Ancaq gözləyəndə yaşayır adam.
– Bizimçin yaz ilə qışın nə fərqi
Yüz ilə, on ilə beşin nə fərqi.
Ölüm kandarında dayanmışıq biz
İndi bu dünyada gözlədiyimiz
Yalnız bircə şey var: Ölüm!
– De, kiri!
Məlum həqiqəti möcüzə kimi
Dürtmə gözümüzə, bilirik bunu,
Bilirik dünyanın puç olduğunu.
-Kişi, indi zaman o zaman deyil
Dünyanın başına havamı gəldi?
Kökündən dəyişib hər şey elə bil
Bizim vaxtımızda belə deyildi.
İndi havanın da dəyişib qəsdi
Əvvəllər hər fəslin öz dəmi vardı.
Nə baş gicəllədən yay elə isti,
Nə də qış bu qədər soyuq olardı...
-Vallah, düz deyirsən, dəyişib hər şey
Nə yer həmən yerdir, nə göy həmən göy.
Görmürsən, uzanıb indi gecələr
Vallah, uzaq düşüb gecədən səhər.
Günəş doğanadək o yan-bu yana
Dönməkdən canım da gəlib cəzana.
Sevinci, ləzzəti bitdi dünyanın
Ən gözəl vaxtları getdi dünyanın.
– Bir sözlə, hər şeyin qalıb tək adı
Dəyişib ləzzəti, dəyişib dadı
Hanı o bulaqlar, hanı o sular?
Mən uşaq olanda qoyun-quzular
Necə mələşərdi... hanı, bəs hanı?
Qoyun da, quzu da indi ağzını
Elə açıb-yumur, mələmir niyə?
...Qulağı da ağır eşidir deyə
Elə zənn edir ki, mələmir daha
Nə qoyun, nə quzu...
– Pənah Allaha.
– Hələ adamlar da dəyişib tamam
Düzü, bu işlərə lap mat qalmışam.
Boylar da kiçilib ürəklər kimi
Əvvəlki o nəhəng adamlar hanı?
Tanıya bilmirəm köhnə dünyanı
Mənim yaşıdlarım bilmirəm nədən
Çox yaşlı görünür məndən... hə... dünən
Məktəb yoldaşımı gördüm bağçada
Yaman vayxırlayıb, qocalıb o da
Tanıdım kişini mən görən təki
O isə o qədər dəyişibdi ki,
Məni tanımadı...
Deyərək qoca
Şirin nağılına güldü doyunca.
Sonra birdən-birə o köks ötürdü
Yoxsa divardakı asma güzgüdə
Özünü gördü...
Baxdı, xeyli baxdı, bir az diksindi
Dedi: - Güzgülər də dəyişib indi.
O qədim, o gözəl güzgülər hanı?
Yoxsa gözəlliyin bitdi zamanı?
3
Bir şəkil çıxartdı cibindən qoca.
Baxdı, xeyli baxdı, baxdı doyunca.
– Bu oğlum, bu qızım...
– Bəs bu balaca?
– Nəvəmdir, bu yeznəm, bu da...
– Hə, kimdir?
O, gəlinimdir.
– A kişi, sənin ki, uşaqların var,
Sən allah, bəs burda nə azarın var?
Dedi: - Özümdədir, vallah, hər günah.
Olmaq istəmədim heç kəsə möhtac.
Biz dünya görmüşük, deyirəm, Allah
Sağ gözü etməsin sol gözə möhtac.
Elə ki, rəhmətlik arvadım öldü,
Mənim bu dünyadan əlim üzüldü.
Yük ola bimədim cavan gəlinə,
Allah da çox gördü mənə qarımı.
Bura gəlməyimdə, inan, mən yenə
Günahkar bilmirəm uşaqlarımı.
Sındırmır özünü, axı, nə gərək?
Sirrini içində saxlayır qoca.
Elə ki yatağa girir,
sübhədək
Yorğanın altında ağlayır qoca.
Keçirib işığı o qoca rəqqas,
Girir yatağına... yataq buz, o buz.
Dikilir otaqdan çölə baxışı,
Otaq zil qaranlıq, göy ulduz-ulduz.
Dinləyir, döyükür...
Bu nədir belə?
O, inilti səsi eşidir birdən.
Boylanır yatağa o, diqqət ilə:
"Yoxsa, o ağlayır?..
Gör neylədim mən?
Deyəsən, kişinin qəlbinə dəydim..."
Ağlayır... Əvəllər mən də beləydim..."
Gecənin yarısı... Çilingər oyaq.
Rəqqas asta-asta dillənir: - Deyən,
Sənin ürəyinə toxundum bayaq,
Əgər belədirsə, keç təqsirimdən
Düzünü söylədim mən sənə ancaq
Qardaş, aldatmayaq bir-birimizi,
Düzünü deyək ki, atıblar bizi.
Gerçəyi gizlədib, düzü danmayaq,
Övladlar utansın, biz utanmayaq.
Dövranın gərdişi belədir, belə
Bu dünya əzəldən yaman dünyadı.
Güclünü qaldırar çiyinlərinə,
Gücsüzü çiynindən atan dünyadı.
Kimini qaldırar yerdən göylərə
Kimini endirər göylərdən yerə.
Yaxşını yamana, xeyiri şərə,
Doğrunu əyriyə satan dünyadı.
Tutma bu dünyanı, tutma təkəlli,
Nagahan gülüşü yenə təsəlli.
Nə sevinci bəlli, nə qəmi bəlli,
Zəhəri şəkərə qatan dünyadı.
Bu necə anadır, düz ilqarı yox,
Kiminə sığaldır, kiminə yumruq.
Yeyə bilənlərə bir tikə quyruq,
Yeyə bilməyənə yavan dünyadı.
Uşaqla oynayar, gənclə bəhs edər,
Kim ona ağ olsa ona qəsd edər.
Bizi əldən salar, bizi sinsidər,
Özü haman dünya, haman dünyadı,
Doğrusu, bu dünya yaman dünyadı.
4
– Mənim aman-zaman bir oğlum vardı,
Onu da əlimdən ölüm apardı.
Ömrün bu çağında qaldım köməksiz,
Qocalar evini quran var olsun,
Əlacsız qalmadıq bu məqamda biz.
Sən də mənim kimi övlad sarıdan
Deyəsən, məğmunsan?..
Duruxdu bir an,
Ana bilmədi ki, nə desin?..
Birdən
Dönüb dedi: - Mənmi?
-Hə!
-Sonsuzam mən.
"Sonsuzam!" Sözdəki dəhşətə bir bax!
Yəni, məndən sonra heç kim dünyada
Mənim çırağımı yandırmayacaq.
Sonsuzam! Meyvəsiz bir kökəm, soyam,
Əslimin, nəslimin sonuncusuyam.
Ana yalan dedi, qəlbindəkilər
Dilinə gəlmədi.
Yox, gələ bilməz.
Nə özü, nə oğlu, nə də gəlini
Özgələr önündə alçala bilməz.
Susdu...
Boğazında düyüldü qəhər,
Saxladı özünü ana birtəhər.
– Bəs hara gedirsən herdən axşamlar?
– Körpələr evinə.
– Orda kimin var?
– Ora dayaq yerim, ümid yerimdir.
Ordakı atılmış bütün körpələr
Elə bilirəm ki, nəvələrimdir.
Qoca söz demədi, bir siqar eşdi,
Mətləbi anladı, sözü dəyişdi.
Yenə danışdılar dağdan, arandan,
Hər kəs otağına keçdiyi zaman,
Qoca dedi: - Səndən bir xahişim var
Ora nə vaxt getsən məni də apar.
Küçənin bu tayı - Körpələr evi,
O tay - qocalar sığınacağı.
İnsan möhtac olur başqalarına
Bir ömrün ilk çağı, bir də son çağı.
Möhtac olan vaxtda möhtacı atmaq?
Bu, hansı kitabda yazılıb, deyin?
Vicdanı unutmaq, insafı satmaq
Bəlkə, ölçüsüdür müasirliyin?
Bəzən babaları bəyənməyirık,
Bəzən biz onlara "cahil" deyirik.
İnsafı danana aman verməmək,
Yediyi çörəyə dal çevirməmək,
Sədaqət, dəyanət, düzlük, ədalər,
Etibar, kişilik, böyüyə hörmət,
Ulu babalardan mirasdır bizə,
Gəlin, bir də baxaq keçmişimizə...
Yaşlılar ölkəsi deyilir nədən
Ana vətənimiz Azərbaycana?
Bəs bunun səbəbi nə imiş, görən?
Həkimlər hərəsi yozdu bir yana.
Min bir təcrübədə, min bir oyunda,
Alimlər məhəyə vurdu bu sirri.
Biri havasında, biri suyunda,
Biri iqlimində gördü bu sirri.
Bir deyən olmadı: - Nə olub sizə?
Nədir bu təcrübə, nədir bu sınaq?
Mən heyrət edirəm heyrətinizə,
İnsanın haqqıdır uzun yaşamaq!
Mənim də sözüm var: - Ey, dayanın siz,
Nədir bu təəccüb, nədir bu heyrət?
Düz deyil, düz deyil yozumlarınız,
İnsanı yaşadar insana hörmət!
Uzun yaşamağın sirri -
yurdumun
Nə torpağındadır,
Nə də suyunda.
Kiçiyə mərhəmət, böyüyə hörmət!
Səbəbi bundadır, səbəbi bunda!
Öz yaşına görə hamıya sayğı:
"Yol böyüyün, amma su kiçiyindi..."
Böyüyə ehtiram, kiçiyə qayğı
Yoxsa, bir cəhalət sayılır indi?
İnsan qocaldımı?
Başqalarından
Dönüb kömək umur dilsiz körpə tək.
Bilmirəm, alətini, əşyamı insan,
Gərəksiz olanda atılsın gərək?
Atılmaq!
Kimsəyə gərək olmamaq!
Sən heç bilirsənmi bu nə deməkdir?
İnsanlıq adından danışıb, ancaq
İnsanlıq adını ləkələməkdir.
Atalar, analar övladlarına
Ömürdən pay verir, candan pay verir.
Yandırır özünü baladan yana,
Tutub əlimizdən yol da göstərir.
Elə ki qocaldı, əl açır bizə,
Güvənir, sığmır köməyimizə.
Danır insan oğlu ötən illəri
Baxınca bu günün öz zirvəsindən.
Bir vaxt əlimizdən tutan əlləri
Bizə açılanda kəsirik bəzən...
Azdır belələri yaxşı ki, bizdə
Ancaq qorxuludur olsa da tək-tək.
Heç vaxt görünməyib ənənəmizdə
Böyüyün, kiçiyin haqqını kəsmək!
Həmişə öyrədib, öyrədir zaman:
Kökdən gəlməyəni yox etmək asan.
IV Fəsil. Körpələr evi
1
Atdı anasını ikinci oğul,
Anası bir kəlmə dedi: "Çox sağ ol!"
Nə desin taleyin sərəncamına.
Qocalar evinə sığındı ana.
O gedir bazara hər bazar günü,
Gah gül-çiçək alır, gah da oyuncaq.
Körpələr evinə atır özünü,
Gözləyir yolunu orda bir uşaq.
Körpələr evində hamı bir yana,
Çilli bir uşağa meylini salmış.
Onu görən kimi basmış bağrına,
Demiş: - Sən atılmış, mən də atılmış.
O gündən bəri,
Bazar günləri,
Körpələr evində bir canlanma var,
Nənəni gözləyir bütün uşaqlar.
O çilli körpə,
Ürəyi sevgidən nisgilli körpə
O gündən bəri,
Gözləyir nənəni bazar günləri.
2
Körpələr evində bir toy-büsat var,
Uşaqlar sevinir, əylənir yenə.
Ürəyi nisgilli körpə balalar
Toplaşıb ananın yan-yörəsinə.
Dünyaya gələli onlar dünyadan
Yamanlıq görüblər, bəli, yamanlıq.
Yetimlər hər kəsdən yalnız hər zaman
Bir xoş baxış umar, bir mehribanlıq.
Hamıdan çəkinər, hamıdan hürkər,
Sınıq ürəkləri şüşədən kövrək.
Nə dəcəllik bilər, nə şıltaq bilər,
Onların baxışı inamsız, ürkək.
Onlar nə xoş sifət,
nə sığal görər.
Baxımsız bağlardan,
de, bağ olarmı?
Körpə şıltaq edər, ana götürər,
Anasız körpələr şıltaq olarmı?
Onlar dayələrdən məhəbbət umar,
Buna nə hövsələ, nə də macal var.
Atanın, ananın xətrinə ancaq
Tanış da, biliş də körpəni oxşar.
Onun etdiyini yad edə bilməz,
Dayənin xoş sözü, nəvazişi də
Körpə ürəkləri isidə bilməz.
Ana sevgisinə varmı bir əvəz?
Ana sevgisinə körpə həsrəti
Kim deyir ən böyük bir həsrət deyil!
Dayənin sığalı, adi hörməti
Vəzifə borcudur, məhəbbət deyil.
Uşaq ürəyini aldatmaq olmaz.
Yanılır o qəlbə qıyıb hökm edən.
Seçir,
körpə qəlbi həssasdır, həssas,
Əsl məhəbbəti saxta sevgidən.
Uşaq böyüdükcə
dərdi-səri də
Böyüyür özüylə birgə ilbəil.
Dayənin uşaqdan tələbləri də
Ancaq tərbiyədir, məhəbbət deyil.
Dəcəl körpələrin nazı, şıltağı
Dayənin gözündə qüsurdur, əlbət.
Ana məzəmməti, ata danlağı
Ancaq məhəbbətdir, ancaq məhəbbət!
Yaman kövrək olur, yamanca həssas
Yetim ürəklərin eşqi, fitrəti.
Bir ana qucağı, bir isti nəfəs
Onların ən böyük könül həsrəti!
Ürəyi həsrətlə şişib dolsa da,
Nə cürəti olar, nə cəsarəti.
Belədir...
Adları uşaq olsa da,
Uşaqlıq onların deyil qisməti.
Durarlar uzaqda, baxarlar gendən,
Gözlər intizarlı, baxışlar dərin.
Onların üzünə qəm kölgəsindən
Basılıb möhürü kimsəsizliyin.
Uşaq ürəyini aldatmaq olmaz,
Yanılır o, qəlbə qıyıb hökm edən.
Seçir,
uşaq qəlbi o qədər həssas,
Əsl məhəbbəti saxta sevgidən.
Məhəbbət! Həmişə möhtacıq ona,
Onsuz nə dərk edər, nə duyar insan.
Məhəbbət bəslərmi başqalarına
Məhəbbət görməyən başqalarından?
Əgər qəlbimizdə məhəbbət yoxsa,
Onu balalardan almaq çox çətin!
Onlardan məhəbbət umacağıqsa,
Amandır, onlara məhəbbət verin!
Körpələr evinə gəlir arabir
Uşaq götürməyə sonsuz qadınlar.
Elə ki körpələr bunu hiss edir,
Gəl, gör, otaqlarda nə çaxnaşma var.
Çiçi paltarını geyinir o gün,
Hələ güzgüyə də baxır uşaqlar.
Bəzənir, düzənir,..
Bəyənilməkçün
Görün nə oyundan çıxır uşaqlar.
Yanaşır qadına...
Baxır üzünə.
Baxışda yalvarış, baxışda üsyan.
Baxır matdım-matdım,
O, dönə-dönə,
Baxışlar qışqırır: "Mən sənin balan!"
Ağır... Bu mənzərə nə qədər ağır!
Ürəklər çırpınır...
Gözlər intizar.
Burda özlərinə ana axtarır
Ana qucağına həsrət balalar.
Qırılır ümidi, tutulur yenə,
Bir küncə qısılır bəyənilməyən.
Baş vur o ürəyin dərinliyinə,
İtərsən, batarsan o ürəkdə sən.
Körpələr evində bir toy-büsat var,
Uşaqlar sevinir, əylənir yenə.
Ürəyi nisgilli körpə balalar
Toplaşıb qarının yan-yörəsinə,
Uşaqlar oynayır, atılıb-düşür,
Qarının qəlbində güllər öpüşür.
O, çilli körpəni basır bağrına,
"Cırtdan" nağılım danışır ona:
– Kim yatıb, kim oyaq?
Dillənir uşaq:
– Hamı çoxdan yatıb, tək Cırtdan oyaq.
Cırtdanın anası yoxmu, ay nənə?
Onun da anası...
– Nə deyim sənə?
Bilirsən, ay bala, Cırtdan...
-Hə, Cırtdan...
– İgiddir yaman.
O divi...
– Öldürər... Qorxmur heç nədən.
Böyüyüb Cırtdanla dost olacam mən.
– Yaxşı, mənim balam...
Keçdi bir qədər
Onlar çox danışıb, çox gülüşdülər.
Əvvəlki mətləbə qayıtdı yenə:
– Hə, bəs... sənin anan, yoxmu, ay nənə?
– Mən özüm anayam.
O, döndü birdən
Bələkli kuklanı götürdü yerdən.
Qışqırdı: - Bunun da anası mənəm.
Heç kəsə, heç kəsə bunu vermərəm!
– Di, yaxşı, qoy olsun o, sənin balan.
Axı, kimdir onu əlindən alan?
– Bəs sənin evin var?
Nə desin ana?
-Var!
– Məni evinə sən aparsana.
Niyə aparmırsan?..
Hə, dillənsənə.
Ana danışmadı. Susdu.
– Ay nənə.
Yaşardıq bir yerdə biz nənə-bala.
Anaya oxşayan gözəl bir xala
Apardı özüylə dünən Adili.
Titrədi ananın dodağı, dili.
-Adil anasını tapdı... ay nənə...
Bəs mənim...
Ardını demədi.
Yenə
Susdular...
Baxışlar danışdı lal-kar,
Onlar birdən-birə qucaqlaşdılar.
Söhbətə bu yerdə xitam vuruldu.
Artıq nə danışım, artıq nə deyim,
Gizli duyğularla boşaldı, doldu
Anadan yetimlə, baladan yetim.
Ana heç bilmir ki, nə duyğudur bu?
Niyə bu duyğunun əsiri oldu?
Yenə də qəlbində sonsuz diləklər,
Niyə bu duyğuya o səcdə qılmış?
Tapar bir-birini sınıq ürəklər,
Tapar bir-birini iki atılmış.
Atılmış!
Atılmış, həqiqətdi bu –
Birinin əvvəli, birinin sonu.
Adını təmizə çıxarmaq üçün
Körpəsini atan o bədbəxt gəlin,
İçində göynəyib daim hönkürən
Analıq hissini axır kiritdi...
Keçdi bir qədər,
Gözəl bir insana o ərə getdi...
Sandı ki, körpədə itirdiyini
Ərində tapacaq...
Olmadı ancaq!..
Olmadı... Asıldı öz diləyindən.
İkinci körpəni gözlədi müdam...
Demə, öz ilkini atdığı gündən
Onun analığı olubmuş tamam.
Davalar, dərmanlar kara gəlmədi,
Analıq istədi, ala bilmədi.
Küçədə, bayırda o, neçə-neçə
Qucağı körpəli ana görüncə
Qısqandı... Həsrətlə süzdü qadını
Tək özü dinlədi öz fəryadını...
İtkin körpəsinin doğum günündə
O, qara geyindi, o yas saxladı.
Amma bir gümana ümid bağladı.
Atdığı körpəni o, tapmaq üçün
Uşaq evlərinə baş vurdu hər gün
– Bəlkə, o burdadır... xəbərsizəm mən...
Əgər burdadırsa, hansıdır görən?
Bəlkə, bu?.. Oxşamır... Amma, bax, bunun
Yamanca oxşayır mənə göz-qaşı...
Yox, bu, balacadır... Onunsa bu gün
Axı, tamam olur düz yeddi yaşı...
Baxır o, sağına, soluna baxır,
Doğma balasını tanımır ancaq.
O, hardan biləydi öz övladıdır,
Böyründə dayanmış bu çil-çil uşaq.
Son söz
Məhkəmə qurulsun!
Atılmışların
Uzaq, gözdənuzaq sığınacağında.
Vicdanlar əyləşsin o gün hakimin
Biri sol yanında, biri sağında.
Məhkəmə qurulsun, hökm verilsin,
Hər kəs haqqını yox, borcunu bilsin!
Balasını atan analar ilə
Anasını atan balalar gəlsin.
Atsın gülləsini öz cəbhəsindən
Özünü haqq bilən dillər birbəbir.
Amma bu atəşin qorxma səsindən,
Hədəfi yenə də öz cəbhəsidir.
Həyat sınağından çıxan "zirəklər"
Haqqını istəsin, borcunu dansın.
Balaya, anaya qıyan ürəklər,
Məhkəmə önündə niyə utansın?
Xəcalət! Utanmaq! Namusun, arın
İlkin meyvəsidir...
Umma sən ondan!
Vicdan hakimini aldadanların
Qorxusu olarmı haqq divanından?
Məcəllə hökmüylə xatırlanan borc
Yaxşıdır min dəfə ödənilməsə.
Verilən cəzanın kimə nə xeyri,
Günahkar özündə günah bilməsə?
Zorla borc ödətmək?
De, kimə gərək?
Deyirəm hökm də həzin nəğmə tək
Könüldən-könülə axsın, duyulsun!
Məhkumun üzünə oxunan hökmün
Məqsədi - qanmazı qandırmaq olsun!
Qanmaqda cəza da, ədalət də var.
Qansın!
Borcundan da bir boy ucalsın!
Sevgiyə, qayğıya möhtac olanlar
Ancaq sevgiylə də haqqını alsın!
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-atilmislar
Use ← → keys to move, R for a random poem