1

Nəfsinə qul olsan... Nə deyim sənə?
Ağlına güvənmə, güvən mədənə.
Adın insan olar, özün böcəksən,
Boyundan yüz dəfə kiçiləcəksən.
Dünyanı udsan da, doymaz gözlərin
Dibi görünməyən quyudur tamah.
Adəmdən Hatəmə dəyirman təkin
Nə töksən,
əridir,
üyüdür tamah.
Özünü yüz dəfə kiçildib, amma
Mədəni yüz misli böyüdür tamah.
İnsan dərk edirsə bu gerçəkləri,
Onun zatındakı tamah bəs nədir?
Cənnəti almaya satandan bəri
Tamah, ləyaqətlə bəhsəbəhsdədir.
Nəfsinə uyanın
dövri - qədimdən
Həmişə silahı xəyanət oldu. Bu da qəribədir,
Bəs, neçin, görən,
Tamahın qurbanı ləyaqət oldu?
Ağlı mədəsindən xırda gədələr
Dünyanı yedirdi öz niyyətinə.
Kəsib tamahından ulu dədələr
Caladı həmişə ləyaqətinə.

Alçalda-alçalda şəxsiyyətini
heç olur
Şərdən də xeyir güdənlər.
Ac qalar, alçaltmaz,
ləyaqətini
tamah qılıncına qalxan edənlər.

Acgöz "qazancında" yenə uduzdu
Çünki o pozdu –
Tamahla ləyaqət arasındakı
Nazik xətləri.
O, görə bilmədi adi bir korun
Yaxşıca gördüyü həqiqətləri...
Sərvətə qul olan bir rüşvətxorun
Xəlvət qazandığı var-dövlət oldu,
Aşkar itirdiyi ləyaqət oldu.

2

Meymun - ləyaqətin insan övladı.
Ləyaqət - insanın ikinci adı.
Ləyaqət - insana ən doğru ünvan.
İnsan bu ad ilə dördayaqlıdan
İki ayaqlıya bir tarix keçdi.
İnsan qətrə - qətrə insaniləşdi
Yalnız öz insanlıq ləyaqətilə...
Qazandıq bu adı biz gilə-gilə.
İndi ləyaqətlə qazandığımız
İnsanlıq adını itirəkmi biz?

Oktyabr, 1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets