Xeybəri ufaq bir kənddir. Bu kənd, yalnız sıldırım qayalıqda bulunması

ilə mühitindəki adi kəndlərdən ayrılır.

Əhalisi adətən sair kəndlilər kimi əkinçiliklə məşğul olur və bəzən dəxi yaxın mahallara maral, dağ kəli ovuna gedərlər.

Gündüzləri ağır işlərdən yorulmuş ixtiyarlar daxmaların önündə toplaşaraq keçmişdən, gələcəkdən danışar, gənclər isə çəmənlikdə, meşə və bağlarda bir qədər gülüb danışdıqdan sonra evlərinə dönərlər və yuxudan erkən qalxmamaq üçün axşamları tez yatarlar.

Bu kimi kəndlərdə qadın və qızların gün keçirəcək yerləri bulaq başıdır...

Xeybərinin yaxınlığındakı bulaqdan su aparmağa gələn əlvan bəzəkli, sağlam vücudlu qızlar, təbiətin gözəlliyi içərisində bu təbii gözəllər, onların azadə quşlar kimi bir-birilə qonuşub-gülüşmələri, axşam günəş dəydikcə min dürlü rənglərlə çağlayan bərraq suyun gurultusu insana bütün qəmlərini unutdurur, ixtiyarlar ruhən belə gəncləşir, eşq-məhəbbət öz-özünə insanın qəlbinə dolur, insanı bayğın edir. Burada hər ağacın kölgəsi, hər bir kol, bir eşq yuvası, bir məhəbbət aşıyanıdır. Ufaq bir budaqda iki quşun qanad-qanada sürtərək quculdaşa-quculdaşa danışması tamamilə bir eşq dastanı deyilmidir?

Müzəffər hər axşam qoyunlarını sulamağa gətirərkən Ceyranı orada görmüş və sevmiş idi. Lakin qəlbinə malik olmuş eşqi Ceyrana açıb söyləməyə bir dürlü cəsarət etməyir, söz tapmayırdı... Ona aşiq olması yalnız sübh zamanları mal-qara arxası ilə gedərkən söylədiyi yaxıcı şikəstələrdən, dərdli-dərdli ahlar çəkməsindən anlaşılırdı...

Müzəffər oxuduqca, yüksək qayalardan eşidilən əks-sədası sanki “eşq-eşq”, – deyə Müzəffərin eşqini daha artıq şiddətləndirirdi. Dərdini şikəstələr arasında yalnız dağlara, qayalara və ormanlara söyləməyə məcbur olan Müzəffər, o məsum, ta səsini heç bir kəsə söyləməzdi...

İş-gücünü buraxaraq, kölgə kimi Ceyranın arxasınca daima bulağa getməyi özünə bir adət, bir borc bilərdi.

On beş yaşlı Ceyran əvvəllərdə heç bir şey anlamadan al rəngli şalına bürünüb, özü yaşda qızlarla bulağa gedər, onlarla danışar, gülər, atılar-düşərdi. Lakin Müzəffərin aylarla davam edən təqibi, Ceyranı artıq şübhəyə saldığından, bulağa gec-gec və mümkün qədər başqa qızlarla bərabər getməyə və Müzəffəri görüncə yaşınmağa məcbur etmişdi. Ceyranın bu surətlə saqınması, Müzəffərin eşqini get-gedə şiddətləndirir, biçarə gənci divanə edirdi...

Nəhayət, öz hissiyyatını Ceyrana bəyan etməyə və ondan ülfət təmənnasına qərar verir... Bir axşam bulağın yaxınlığındakı ağac altında oturub Ceyranı gözləyirdi. Ceyranın gəlməsinə müntəzir, ağaca söykənmiş və sükuta dalmış ucaboylu, enlikürəkli, sağlamvücudlu Müzəffər axşam günəşinin altun şəfəqləri altında, altundan məmul bir heykələ bənzəyirdi.

Bir neçə dəqiqə sonra ayaq altında basılmış ot xışıltısı bu sükutu pozmuş idi... Xışıltını hiss edən altun heykəl hərəkətə gələrək, ətrafa baxmağa başlamış və nəhayət, bir neçə qədəm bulağa doğru yürümüşdü... Bu halda Ceyranı birdən-birə öz önündə gördüyündən, durduğu yerdə donmuş kimi qalmış, öz gözləri ilə gördüyünə inanmamışdı... Bir neçə saniyə hər ikisi heyrətlə bir-birinə baxdıqdan sonra Müzəffər birdən-birə sıçrayaraq, Ceyranın ayağına yıxılmış və torpağı öpərək, özünəməxsus bir dil ilə ürəyində bəslədiyi məhəbbətini ona anlatmağa başlamışdı... Indi o böyük vücudlu Müzəffər kiçik Ceyranın ayaqları üzərində boynu zəncirli və bayılmış bir pələngin qüvvəsiz bir mələk ayağına yıxılmış olduğu kimi görünürdü...

Ceyran isə, ovçu hücum edərkən anasından ayrı düşmüş bir ahu yavrusunun həsrətlə arxaya baxaraq, həyəcanla mələdiyi kimi, heyrətlə ətrafa baxıb bir ağız xəfif, fəqət dəhşətli imdad sədası çıxarmışdı... Müzəffər isə qızın dəhşətinə mültəfit olmayıb, bəslədiyi arzuları, aydınlıq gecələrdə Ceyranı şəlaləyə tamaşa etməyə aparacağını, onun üçün şərqilər oxuyacağını və min dürlü səfalar çəkəcəklərini vəd edirdi... Lakin əbəs... Ceyran, məhəbbətin nə olduğunu ciddən düşünməyib, Müzəffərin bu təşəbbüsünə etina etməmiş və bir anda gözdən qeyd olmuşdu.

Müzəffər isə bir qədər xəyalata dalmış, durmuş, sonra günəşin son şüalarına bir daha baxıb yürümüş və haraya getdiyini qətiyyən düşünməyərək, Ceyran qaçdığı yolla getməyə başlamış. Nəhayət, vücudu ümid və həyatla dolu dəliqanlını divanə kimi buraxmış...

Ceyranın valideyni vaqiəni anlayınca, qızı xilas etmək məqsədi ilə, əqrəbasından birisinə vermişlər.

Hər gün axşamları Ceyranı ziyarət etmək qəsdi ilə bulaq başına gələn zavallı Müzəffər bu xəbəri eşidincə, təhəmmül edəməmiş və xəstələnmiş... Bulaq yaxınlığında durub məhbubəsini gözləmək vəzifəyi-müqəddəsini artıq icra edəməmiş...

Vərəm xəstəliyi Müzəffəri fəna bir hala salmışdı. Lakin fürsət və imkan tapdıqca, sevdiyini görmək üçün yenə də bulaq başına gedərdi. Lakin Ceyranın bir daha bu yerlərə gəlməyəcəyini hiss edərək, həyatdan büsbütün bezikmiş və getgedə xəstəliyi şiddət etmişdi... Az zaman sonra dul qalmış Ceyran məsum günlərini xatırlamış, acı fikir və xəyalatdan qurtulmaq üçün bir axşam bulaq başına getmişdi və dilənçi qiyafəsində özünü günəşə vermiş olan bir xəstəyə təsadüf etmişdi... Bu zaman arslan, igid Müzəffərin, vaxtilə altun heykəl kimi təsəvvür edilən sağlam vücudlu gəncin son halı idi. Həyatdan təcrübə almış Ceyran, zavallının bu hala düşməsinə məhəbbət bais olduğunu dərk etdiyindən, bu dəfə Müzəffərə rəhmi gəlmişdi. Xəstə Müzəffərin əllərini öz əllərinə alıb, bundan sonra özünün ona ömür yoldaşı olacağını vəd və Müzəffərdən əski məhəbbət naminə bu təklifdən baş qaçırmamasını rica etmişdi.

Qəlbini ələ gətirmək məqsədi ilə Müzəffərin əllərini öz əlləri arasında sıxı-sıxı tutmuşdu. Sənələrlə arzusunda bulunduğu bu məhəbbət, Müzəffərin həyatının son dəqiqəsinə təsadüf etmişdi...

Ceyran əllərini Müzəffərin əllərindən çəkincə, qarşısında ruhsuz bir cəsəd görmüşdü...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İsgəndər Hacı Həsən oğlunun təqsirnaməsi

Böylə bir zamanda haman şəhərdən – Məhşəddən Nəsrullah adlı bir ölüdirildən şeyxin zühuru və bir neçə gün haman şəhərdən keçib gedəcəyi haqqında bir məktub alınır və bir neçə gün sonra məzhur şeyx bir nəfər Şeyx Ə h m ə d adlı yoldaşla şəhərə varid olur. Mərhum ölülərinin dirilməsi həvəsilə mədhuş olan şeyxi böyük bir ehtiram və məsərrətlə istiqbal və qəbul edir. Şeyxin füsunkar natiqəsi və avamfirab hərəkətləri bütün şəhər əhlini, o cümlədən avam və sadədil Hacı Həsən əmiyə də iğfal ediyor. Şeyx öz hiylə və iğfasında müvəffəq olduğunu görüncə avam camaatın irz-namusuna belə əl atır, gecədə bir məsum qızı nəfsi-heyvaniyyəsinə fəda ediyor. Onların həyatlarını əbədilik zəhərləyir. Bu işlərin həpsini İskəndər görüyor, anlayor və yalnız bir tamaşaçı olaraq qalıyor. Nəhayət, sonra İskəndərin 9 yaşlı bacısı zavallı Nazlıya gəlincə Nazlı bu şeyxə varmaq təklifindən imtina ediyor. Ata-anasının israr və təhdidlərinə qarşı ağlayır, sızlayır, heç birisinə sözünü anlatmadığından qardaşının onu müdafiə edəcəyini və şeyxin qucağına düşmək fəlakətindən onu qurtaracağını ümidlə son bir çarə, bir nicat olaraq “qardaşım razı olursa gedərəm” deyir və haqlı olaraq qardaşının onu qurtaracağı xüsusində verdiyi vədlərə güvənir və böylə bir halda kəndisini şərab şüşəsini başına qondarmaqla məşğul olan qardaşının ağuşi-himayəsinə atmaq istəyir. İskəndər isə onu birəhmanə bir surətdə itələyib yerə yıxır. Zavallı qıza heç bir yardım və müavinət etməyir. Bu aralıq bir təsadüf nəticəsi olaraq şeyxin hiylələri anlaşılır, fəqət bundan əvvəl şeyx qaçmış imiş, nə qədər bir hiss təsadüf olaraq Nazlı şeyxin şəhvaniyyəsi, nəfsaniyyəsi qurbanı olduğu təzahür ediyor və şeyxin hərəmxanasında ağlar bir halda tapılırlar.Demək cinayət irtikab olunmuş, onu İskəndər bilmiş, görmüş və qaytarmaq üçün heç bir şey eləməmişdir. Bu da İskəndər! Binaənəleyh İskəndəri alim və ziyalı bir şəxsiyyət olmaq hissilə kəndisinə yaraşmayan işbu hərəkət və təbiətindən dolayı aşağıdakı qərar üzrə müttəhim ediyor və müqəssir görürük.

3 min
Mətbuat və ictimai həyat

Bu vaxtadək bizdə çıxmış qəzetlərdən hamısı qarşısında az-çox müəyyən və əsrlərdən bəri qurulmuş bir həyat görmüşlər ki, onun az-çox müəyyən cəhətlərilə uğraşmışlardır.Fəqət indi artıq vəziyyət və şərait tam başqa bir mərkəzdədir.

3 min
Dövlət Türk teatrında

Aprelin 19-da səhnəmizin ən müqtədir aktyoru Abbasmirzə Şərifzadənin şərəfinə “Otello”, “Şahın bərbəri”, “Şeyx Sənan”, “Aydın” və “İblis” əsərlərindən aktyorluq nöqteyi-nəzərilə ən çətin və ağır pərdələri olmaq üzrə birər-ikişər pərdə oynadı. Bir oyunun ən həyəcanlı vəqəsini oyunun əvvəlindən tədricən ruhu hazırlamadan bütün dəhşətlə göstərmək çox güc olduğuna və xüsusilə bu oyunlar Abbasmirzə tərəfindən oynanılan qəhrəmanlara şəxsiyyət və tip etibarilə bir-birilə çox da uyğun olmadıqlarına baxmayaraq, möhtərəm aktyorumuz bu gecə hər pərdədə bir paltar geyinir, başqa bir ad taqınır və təsvir etdiyi vəqələri bütün həyəcanları ilə bütün duyğularını təsvir edərək, aktyorun nə qədər həssas və bir anda müxtəlif simalar taqınıb müxtəlif əhval-ruhiyyə yaşaya bildiyini böyük bir məharətlə göstərirdi.Qalan aktyorlar da onunla umuz-umuza çalışırdılar. Aktrislərdən, xüsusilə, Mərziyə X a n ı m, Məxfurə X a n ı m gözəl idilər. Yalnız Mərziyə X a n ı m öz danışığını düzəltməli və qətiləşdirməlidir. Oyunda olduqca həssasdır. Səsini çox gözəl idarə edir. Yalnız sözləri öldürür. Bu cəhəti düzəldəcək olursa, parlaq bir gələcək gözləyə bilər.

1 min
Bizdə teatro

Bir zamanlar səhnəmiz xalq tərəfindən bir soyuqluq, bəlkə bir düşmənlik belə görüyor, hər addımda hökumət tərəfindən bir maneyə çarpıyor, bir təqibatə təsadüf ediyordi. Vaxt bütün varlığını səhnəyə, gözəllik tanrısına təslim etmiş bir kaç fədakar gənclər, böyük sənət sevincləri var idi ki, bütün bu maneləri, bu səqətləri sarsılmaz qüllələri ilə deviriyor, uçuruyor, səhnəmizi irəli sürükləyorlardı. Bütün siyasi, ictimai və mədəni şəraitin məsa ədsizliginə baxmayaraq səhnəmiz irəliliyordı. Bu gün isə xalqımız yaşadığı siyasi və ictimai inqilablar nəticəsində büsbütün başqalaşmış, səhnəyə də öz münasibətini dəyişib, onun nə olduğunu dərk edə bilmişdir. Hökumət səhnənin irəliləməsinə artıq bir əngəl təşkil etmədiyi kimi, onun irəli getməsinə də çalışıyor, əldən gələn maddi və mənəvi yardımı göstəriyor. Buna baxmayaraq, səhnəmizin uçarcəsinə irəliləməsini gözlərkən mütəəssüfanə cansız bir nöqtədə mıxlanmış kimi durduğunu görüyoruq.Səhnə irəliləməyor. Bunun səbəbi nədir? Hər halda cadular, tilsimlər deyildir. Bu məsələni bir qədər dərindən düşünür, ufaq-tüfək nöqsanları buraxırsaq böylə bir nəticəyə gəlmiş oluruq:

8 min

Poems by other poets