Qara Qənbər
Qara Qənbər böyük adam idi, özü də Şura işçisi idi. Hökumət “trestlərinin” birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində “fələ sinfinə mənsubam” yazırdı. Qara Qənbər öz qulluğundan çox razı idi, geniş, işıqlı kabinedə əyləşərdi. Qarabağın gön mahut çəkilmiş stul, stolun üstündə bir neçə cür telefon, yanında qapıçı, qapıda avtomobil, ya fayton həmişə bəkləyordu. Çaldığı zəngə qapıçı tez gəlirdi, guya yerdən çıxırdı.
Böylə şeylər əvvəldən Qara Qənbərin kefini açardı: gah telefonu əlinə alıb onunla-bununla çox-çox qonuşardı. Gah zəngi basıb qapıçıya əmr verərdi, gah meşin portfeli qoltuğuna alıb, avtomobilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr.
Qənbər görürdü ki, qulluq heç çətin şey deyildir. Xülasə, səhər bir neçə saat kabinetdə əgləşmək, həftədə də iki-üç dəfə idarə və komisyələr iclasında olmaq lazımdır. Başqa vəqtlərini də tiyatroda, qonaqlıqdaxoşluqla keçirərdi.
Qara Qənbəri hamı qulluqçu kimi sevər, hörmət və ehtiram edərdi. Qara Qənbər də bunun əvəzində hamının üzünə gülərdi.
Qara Qənbərin tanış və dostları da az degildi, özü də adlı-sanlı adamlar idi: hamı da bunu ora-bura qonaqlığa dartardı, böylə ki, Qara Qənbərin heç vaxtı çatmazdı. Hər evdə xanımlar buna söyləyərdi: Biz vallah hər şəxslə aşna, dostluq etmərik, amma nədənsə hər kəs bizimlə tanış olursa, heç qiyamətədək tanışlığı pozulmaz. Bu neçə ildə bizim evdə cürbəcür böyük qonaqlar olubdur. Ingilis, türk zabitləri, hamısı bizdən razı gediblər. Siz də bizim əziz qonağımızsınız, elə degilmi?..
Qara Qənbərə o qədər qulluq göstərirdilər ki, o axırda bu işlərdən sərxoş kimi olurdu. Az qalırdı əqli uça. Qara Qənbərin əqli də az deyildi: hər kəs onunla bir neçə kəlmə qonuşurdu, onun təbii əql və zəkasına təəccüblük göstərirdi.
Bu gün Qara Qənbər aynaya baxıb, öz-özünə söylənirdi: böylə yaramaz bığları gərək qırxdıram, modnı edəm. Paltarı da gərək dəyişəm, fasonlaşdıram. Daha “NEP” zamanıdır. Bir neçə gündən sonra Qara Qənbəri kim görsəydi, tanımazdı. Bundan sonra Qara Qənbər tanışlarının yanına getdikdə daha utanmazdı. Amma bir şey onu çox sıxardı: böylə ki, hamu qonaqlar gəldikdə məclisdə olan xanımların əlini öpərdi, ancaq Qara Qənbər bilməzdi ki, nə etsin. Çünki ömründə böylə şeyə rast gəlməmişdi. Əvvəllər çox sıxılırdı, bəlkə bərk də qızarırdı. Amma sonra gördü ki, hamu böylə edir, bu adi bir işdir, həm də gözəl işdir. O da axırda qonaq gəldikdə xanımların yumşaq əllərini qalın dodaqlarına aparırdı. Amma Qara Qənbər yalnız əvvəllərdə böylə edərdi, dişarıda ehtiyat edərdi. Içki kampaniyasında Qara Qənbər həmişə tost söylərdi və deyərdi ki, Azərbaycanda üzümçülük və şərabçılıq təsərrüfatımızın artmasına böyük səbəbdir. Daha artıq kəndlə şəhərin yaxınlaşmasına vasitədir.
Köhnə yoldaşları və tanışları daha Qara Qənbəri tanıya bilmiyordular. Bədəni dolmuşdur, qarnı yavaş-yavaş şişməyə başlıyordu və onu çox təşəxxüslü edirdi.
Qara Qənbər hərdən bir tanış fələyə rast gələndə sir-sifətini turşudub şikayətlənərdi. “Vəzifəm çox ağırdır. Yoldaş, yorulmuşam, istəyirəm bu işdən çıxam, buraxmıyorlar... Fələlərlə bir dil ilə, qulluqçularla başqa dil ilə danışardı. Qara Qənbər böylə məsələlərdə böyük diplomat olmuşdu. Bununla da işi xod idi. Güzəranı da xoş keçirdi. Qara Qənbər paxıl degildi, öz qohumlarını da unutmazdı.
– “NEP”dir hər kəs öz canının fikrindədir. Bən niyə başqalarından dala qalım? Bən də gərək özümə bir gün qazanam, ancaq inandığım adam lazım... Bu fikir eyləyib Qara Qənbər qardaşlarını və başqa qohumlarını bir yadına saldı. Onlar elə Qara Qənbərin kölgəsində yaşayırdılar. Imdi ona daha yaxın oldular və Qara Qənbərin sifarişlərini yerinə yetirməklə məşğul olurdular. Axırda mənfəətli qulluqlara da girərdilər. Qara Qənbərin bir fikrinə əməl olduqda tazədən onun başını başqa fikirlər çulğalayordu.
Bən böyük mərtəbəyə sahibəm, qanacağım var, inteligent adamlarla günüm keçir, ancaq... bu arvad ilə bilmirəm nə edim.
Doğrusu, Qara Qənbər öz halından şikayətçi degildi, yalnız arvatdan narazı idi. Qara Qənbərin arvadı çox sadə idi. Türkəsayaydı: gələn qonaqlarla lazımınca rəftar edə bilməzdi. Kimi əski qayda iləydi, utanardı, gizlənərdi... Bu haldan da Qənbər çox utanardı, çəkinərdi. Nə etməli, Qara Qənbər arvatdan sıxıntı çəkir. Arvad yadına düşəndə sir-sifətini turşudur. Günlər getdikcə ər ilə arvadın arasında əmələ gələn uçurum artırdı. Axırda Qənbər tab gətirməyib, arvatla tək qaldıqda dedi: – Böylə olmaz, bu nə dirilikdir, biz gərək ayrılaq, daha bizim fikrimiz və ürəyimiz bir-birini tutmur, doğrusu, sən bəni xəcalət eyləyorsən. Biçarə arvadın az qaldı ki, ürəyi çatlasın, nitqi tutuldu. O bu sözləri çoxdan gözləyirdi. Çünki Qara Qənbərin axır hərəkətləri bunu göstərirdi. Qənbərin arvadı mübarizəni əbəs bildi. Çünki Qara Qənbərin gücünə güc çatmazdı.
Qonşular gizli-gizli bir-birinə deyirdilər: Qara Qənbər qudurmuş, xasiyyəti dəyişmiş, qulluq əqlini uçurdub, gözünü kor eləmiş...
Uzun müddət keçdi, Qara Qənbər evi də, arvadı da təzələdi, keçmişini unudub təzə ömür sürürdü. Onun evində bir xanım əyləşmişdi ki, həm rusca danışmaq bilirdi, həm də qonaqlarla yaxşı rəftar edirdi.
Geyimi Avropa xanımları kimi hər fəsilli, hər dürlü idi: kiftə bozbaşı sadə xörək bilib firəngi bilyudlar böyütdürərdi, xüsusi modiska parixmaxer qulluğunda hazır idilər...
Qara Qənbər baxıb yağ kimi əriyirdi. Avtomobil, fayton, skaçkalar, tiyatorlar, qonaqlar, bağlar... Qara Qənbər fikir edirdi ki, daha rahət günə çatdı, bundan sonra daha insan kibi yaşayacaqdır.
Həyat yaxşılaşdıqca şirinləşirdi, şirinləşdikcə də Qara Qənbərin fikirlərini və ürəyini duman kimi çulğayordı.
Qara Qənbər guya bir şirin uyğuya baxırdı... Bir gecə gecənin yarısı idi. Qara Qənbəri Çekanın avtomobili nerəyə isə aparırdı. Qara Qənbər əsirdi, bütün dünya bunun başına o halda dolanmağa başladı.
Sabahı günü hamı deyordu ki, daha qudurqanlıq bitdi...
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-qara-qenber
Use ← → keys to move, R for a random poem
More by this author
Bəşəriyyət öz ibtidai doğuluşundan bu günədək gərək fiziki, gərəksə fikir və mənəviyyat cəhətcə bir çocuğun görünüz bir zərrə halında ana boynuna düşdüyü gündən son günədək sürdüyü təkamül dövrünü keçirdiyi kimi, dil də eyni təkamül yolunu getmişdir. Çocuq doğulurkən bir söz, bir kəlmə deyil, bir hərf belə söyləməyib öz acısını və başqa istəklərini (instinkt) üzrə, şəkilsiz, formasız bağırtılar ilə keçirdiyi kimi, bəşəriyyət də tarixinin ibtidai beşiklərində ikən sözsüz dolaşıb yanılır, bu formasız bağırtılar ilə keçinmiş və istəyini anlatmaq için lal kimi öz hərəkətlərindən istifadə etmişdir. Sonradan əsrlər sürən uzun bir vaxt içərisində hər başqa istəklə ifadəsi üçün səslər başqalaşmış, eyni istəyi ifadə üçün eyni səslər təkrar edilmiş, böyləliklə bu bağırtılar məşrut bir hala gəlmiş və getdikcə iki-üç səs bir araya toplaşdırılmış, nəhayət, insanın ibtidai kobud dili meydana çıxmışdır. İştə ilk ata-baba dilimiz bu kobud, yonulmamış, xam dildən ibarətdir.
El ədəbiyyatı toplaşdırılmalıdırBu yaxınlarda “Kommunist”in ədəbiyyat dərnəyində el ədəbiyyatı xüsusinda məruzə edilirdi. Burada hər şeydən əvvəl gözə çarpan bir şey vardısa, o da bugünkü iclasda nə qədər adam çox olsa da hər halda adətən Rudəki və sair böyük yazı ədibləri və ədəbiyyatı xüsusində edilən məruzələrdə böyük ciddiyyətlə iştirak edən yazıçılarımızın, ədib və şairlərimizin məclisdə görünməməsi idi.İstər-istəməz ədib və ədəbiyyatçılarımızın el ədəbiyyatımız ilə bir o qədər də hesablaşmamaları, el ədəbiyyatımıza iki saatlıq vaxt itirməyəcəyimiz kimi təsvir etmələri və daha yüksək və büləndpərvaz yazı ədəbiyyatı ilə maraqlanmaları fikri doğuyur. Halbuki, bəlli olduğu kimi, bir xalqın həyatı, onun məişət və güzəranı, ədəbi bacarıq və istedadını, bir sözlə, bütün xalq psixolojisini öyrənmək üçün ilk əvvəl onun el ədəbiyyatına müraciət edilir və edilməlidir. Ona görədir ki, bu gün Avropa elm və ədəbiyyat dünyasında da başqalarının olduğu kimi, türklərin də yazı ədəbiyyatından daha əvvəl el ədəbiyyatları toplaşdırılmışdır. Bu pək təbii və doğrudur. Çünki bir xalqın yüksək yazı ədəbiyyatı nə qədər müstəqil olursa-olsun, hər halda başqa xalqların təsirini havi oxuyur. Bir ölkədən o biri ölkəyə düşən yazılı əsərlər, kitablar öz fikir və fəlsəfələrini və ya başqa bir şəkildə qismən o biri ölkənin və xalqın ədəbiyyatına təsir etdirmiş olurlar. Təbii, buradan daha yüksək fikir və fəlsəfəyə malik olan xalq və ölkə önə kimi yeniyor və orada hökmranlıq qazanıyor. Zəif bir fəlsəfə, bir fikir, bir sənət əsəri isə daha qüvvətli bir xalqın içərisinə atılınca, təbii, əhəmiyyətsiz buraxılıyor, təbii, bu səyyar fikirlər, fəlsəfələr və sənət əsərləri olduğu kimi deyil, çox vaxt büsbütün dəyişdiriliyor. Başqa bir dona geyindirilir, çox vaxt hətta bir ölkədə ümumi şərait üzərinə tam müxalif bir cərəyan, birə əks təsir vücuda gətiriyor. Halbuki, el ədəbiyyatı belə deyildir. Bu ədəbiyyat xarici təsirdən ən az mütəəssir ola bilər. Çünki hər halda dağlar başında, sürü yanında tütək çalaraq oxuyan bir el şairi bir Sədi, bir Hüqo, bir Şekspirin təsirilə bir o qədər əlaqədar olmaz. Onun yaratdığı ədəbiyyat da əksərən yüksək yazı ədəbiyyatı olduğu kimi, həyat və fikrin müştərək fəaliyyətindən doğmuş bir şey deyil, əqli fəaliyyətin ibtidai dərəcəsində bulunan bir kütlənin coşqun və daşqın saf həyatından doğmuş bir şeydir. Buna görədir ki, bu ədəbiyyat olduqca sadə göründüyünə baxmayaraq, çox vaxt yüksək yazı ədəbiyyatından daha artıq təsir buraxıyor. Çünki bu sadə sözlər ilə səmimi bir duyğunun ifadəsidir. Bu ədəbiyyatın yaradılması üçün bəlkə də düşünülməmiş, o, acı bir təsiratın qopardığı fəryadlardan, iniltilərdən bilaixtiyar doğulmuşdur.
“Şeyx Sənan” haqqındaSözə başlamadan əvvəl keçənlərdə söylədiyim bir məsələyi bir daha xatırlatmayı qaçılmaz görürəm.Adətən məhkəmələrdə müddəi nə olursa-olsun müttəhimin yaxşılıqlarını gizlətməyə, hətta yaxşılıqlarına da bir fənalıq göstərməyə və beləliklə, nə olursaolsun, müttəhimi təqsirləndirməyə çalışdığı kimi, müdafiəçi də tərsinə olaraq fənalıqlarını gizlətmək, onlara bir yaxşılıq göstərmək və bu vasitə ilə müttəhimi doğrultmağa, haqlı göstərməyə çalışırlar.
Azərbaycan türk ədəbiyyatının son vəziyyətiIDünən hər bir şeyimiz vardır, deyə düşünülürkən bu gün hər bir şeyimizin natamam olduğunu qeyd etmək nə qədər acı olsa da, hər halda, bir həqiqətdir.
Poems by other poets
Qadın! Ey sevgili həmşirə, oyan!Ana! Ey nazlı qadın, qalx! Uyuyan
Gəraylı: Rüxsarın ətrafında nə xoşRüxsarın ətrafında nə xoşDüşübdür danə xalların
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,