Page 4 of 4 · 75%

Burada Sitarə özünü ağacdan tullayıb asılır...

Mənsur isə bu halda qapıdan çıxdı. Gedib mülayimanə bir dil ilə Saraya demişdi:

– Əzizim! Sən özün bizim macəramızı bilirsən, indi Sitarənin halını da görürsən... Mən bu işə, onun bu qədər əziyyət çəkməsinə razı olaram, lakin vicdan buna yol verməz. Mən ondan intiqam almaq hissi ilə onun bu cəfalarına şad olmalıyam, lakin insaniyyət buna yol verməz. Sitarə intihara qəsd edərsə, biz günahkarıq. Mənim ürəyim kimi ürəyi olduğu üçün, bu zülmə dayanır. Lakin xanımların ürəyi saf, həssas olduğu üçün, siz buna razı olmalısınız...

Artıq Saranın rənginə baxmaq olmazdı. Sara bilirdi ki, Mənsur Sitarəni istəmir. Indi dediyi sözlərdən də məqsədi odur ki, Sitarəni boş ad üçün də olsa, alıb bu bəladan xilas eləsin. Sara özü də Sitarənin halına acıyır, onun çəkdiyi əziyyətləri azaltmağa çalışırdı. Lakin nə qədər olursa, rəqibəlik hissi Saraya mane olurdu ki, Sitarənin alınmasına razı olsun. Indiki halda isə Saranın rəngi saralmış, ürəyi çırpınır. Demək olar ki, bilmərrə huşu başından çıxmış. Bu saat iki böyük qüvvə, iki hiss Saranın ürəyində çarpışır, boğuşur. Sara özü də bihuş kimi durub, sanki bu iki hissin, insaniyyətlə rəqibliyin mübarizəsinin axırını gözləyirdi. Sara çox nəcib olduğu üçün, insaniyyət hissi qalib gəlməli idi. Lakin rəqibəlik hissi aciz düşmən olmadığı üçün, belə görünürdü ki, bu iki hissin hər ikisi bir gücdədir və hansı birinə kənardan bir kömək gələrsə, o, qalib gələcəkdir. Mənsur Saranın rəngindən, məlul-məlul baxan gözlərindən bu halı anlayıb, insaniyyət hissinə kömək olmaq üçün həzin bir əda ilə:

– Gözəlim, əmin ol ki, mən iki arvadlılığın əleyhinəyəm. Lakin bu, həvavü-həvəsin kəsrətindən olmayıb, məhz yetim əmim qızına rəhmim gəldiyi üçün, bu işə məcbur oluram. Bir fələkzədənin ki, həyatı sənin əlindədir, zənnimcə, onu bir kəlmə sözünə qurban verməzsən...

– Mənsur daha da sözünü qüvvətləndirib: – Sara, mən səni sevirəm!

Sənin yolunda hər işə hazıram! amma sən də məni sevirsənsə...

Saranın üzü daha da saralıb, alnında tər qətrələri zahir oldu. Bir azdan sonra rəngi gül kimi qızarıb, iri gözləri aydınlaşıb, başını tənbəl bir hərəkətlə qaldırıb, gözlərini Mənsurun gözlərinə dikdi. Sanki bu məhzun baxışı: “Mənsur! Sonra məni atmazsan ki?” – deyə sual edirdi. Bu sual Saranın gözlərində aşikar oxunduğu üçün Mənsur tez ürəkdən cavab verdi:

– Sonra, sevgilim, mən səni sevirəm, axıra kimi də sevəcəyəm...

Lakin...

Burada Sara bir tərəfdən qalib insaniyyət hissinin təzyiqi ilə, bir tərəfdən Sitarəyə rəhmi gəldiyi üçün, bir tərəfdən də Mənsuru sevdiyinə görə, onun xahişini yerinə yetirib, xatirini sındırmamaq üçün, özünü saxlamayıb biixtiyar gül yarpağı kimi qızarmış dodaqlarının hərəkəti ilə ahəstə:

– Razıyam! – deyə cavab verdi.

Mənsur bunu eşitcək, şad bayıra fırlandı ki, yetim əmisi qızını bir an əvvəl eşqin yanar odlarından çıxarsın. Lakin bayıra çıxanda Sitarənin ağacdan asıldığını görüb:

– Dayan, – deyə sürəti-saiqə ilə ora yüyürdü. Atılıb şərfdən tutub qırdı, əyilib Sitarənin üzünə baxaraq:

– Dur, Sitarə, sənə şad xəbər gətirmişəm!.. – dedi.

Amma, heyhat!.. Vaxt keçmişdi. Sitarənin həyatına dəxi ümid yox idi. Axırıncı sözləri eşidəndə, gözlərini biixtiyar surətdə açıb, qollarını dilsiz və zəif bir hərəkətlə qaldırıb, Mənsurun boynuna salaraq, boğuq və həzin bir səslə:

– Mənsur, səndən axırıncı xahişim, sənə axırıncı vəsiyyətimdir...

– Burada Sitarə dayanıb, yenə kəsmə-kəsmə təkəllümə başladı. – Barı, bu bir sözümü yerə salma. Axırıncı arzum: məni həmin çinar ağacının dibində dəfn et!

Mənsur, hərçənd Sitarənin axırıncı sözlərini eşidirdi, lakin danışmağa qüdrəti yox idi. Gözlərindən axan yaş Sitarənin yanaqlarına toxunurdu. Sitarə axırıncı dəfə hərəkətə gəlib:

– Vəsiyyətimə əməl et, məndən çəkdiyin cəfaları mənə halal et...

Burada Sitarə zəif hərəkətlə Mənsurun dodaqlarını öz dodaqlarına yapışdırıb, axırıncı baxışla Mənsura baxıb, gözlərini yumub, canını təslim etdi.

Budur, çərxi-biarın ol gərdişi,

Cəfadır, əziyyətdir hər bir işi!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets