Keçmişdə Azərbaycan səhnəsi qadını heç xəyalına belə gətirə bilməzdi. Odur ki, Azərbaycan səhnəsinin “ilk aktrisaları” kişilərdən ibarət idi. Ağdamski Əhməd, Süheyli və səhnəyə yeni gələnlərin çoxusu öz aktyorluq fəaliyyətini qadın rolundan başlamışdılar.

Səhnədə kişi rolunu oynayan aktyor, burjuaziya cəmiyyəti tərəfindən təhqir və istehzaya uğradığı halda, qadın rolunda çıxan bu kişilərin vəziyyəti nə halda olardı? Bunlara qız vermir, az-çox “nəciblər” içərisinə buraxmırdılar. Səhnədə qadın yox idi, “Böyük Məhəmməd” – belə tələb etmiş idi. Səhnə isə qadın tələb edirdi. Aktrisalar seçilmək üzrə deyil, arzu üzrə, istedad üzrə deyil, dil bilmələri üzrə səhnəyə çıxırdılar...

1908-ci ildən başlayaraq aktrisa Mislavskaya, Mixayılova, Kuznetsova və Lizina səhnəyə çıxırlar. Tanaylidi, Lizina indiyədək Azərbaycan səhnəsində işləməkdə davam etməklə get-gedə yeni və gözəl obrazlar yaradırlar.

1913-cü ildə Y.N.Olenskaya səhnəyə çıxmışdır.

1919-cu ildən başlayaraq teatr artıq istedadlı aktrisalar əldə etməyə müvəffəq olur.

Bunlardan başqa Azərbaycan İşçi Teatrı səhnəsində istedadlı aktrisa Məxfurə Xanım və müxtəlif sahələrdə Münirə, Lalə çalışmışlardır. Azərbaycan teatrının tarixi Azərbaycan səhnəsinin bu əməkdaşlarını hər vaxt sevinclə yad edəcəkdir.

Aprel inqilabı çadranı yırtdı, Məhəmməd dini həbsxanasının divarları uçuruldu, pədərşahı dəhşətinin dumanları dağıdıldı və bu duman içərisindən Azərbaycan teatrı səhnəsinə ilk dəfə çıxan Azərbaycan qadını Sona, Mərziyə, Əzizə və başqalarının gülümsər üzü göründü. Bunların ardınca başqaları gəldilər. İndi, Azərbaycan Dövlət Dram Teatrının 10 illiyində teatrın aktivi içərisində 15 azərbaycanlı aktrisa vardır. Ümumiyyətlə, sarayların, klubların səhnələrində aktrisa olan Azərbaycan qadınlarının miqdarı yüzdən çoxdur. Bunlar böyük talantlar irəli sürə bilmişlər.

Mərziyə Xanım artıq yetişmiş yaradıcı sənətkardır. Mərziyə Xanım Sevil, Gültəkin, Dezdemona kimi rollarda öz məharətini göstərə bilmişdir.

Mərziyə Xanım 16-cı ildə Astraxanda səhnəyə çıxaraq, 20-ci ildən sonra Azərbaycanda inkişaf etmişdirsə, Əzizə Xanım səhnəyə bilavasitə çadra içərisindən gəlmişdir. Azərbaycan qadınlarının həyatını (ziyalıların və savadsız evdar qadınların) yaxşı bildiyinə görə fiquranı doğru təsvir edir və hər bir yeni obrazı canlı bir tip kimi göstərir.

Azərbaycan qadınlarının gənc kollektivi içərisindən irəli çəkilmiş bir qüvvətli fiqura da aktrisa Sona Xanımdır. Sona Xanım öz anası Əzizə Xanımla teatra çocuq ikən gəlmişdir. Anasının işi onda səhnəyə həvəsi törətmiş, 10 il müddətinə vücudca kiçicik və zəif olan qızcığazdan böyük bir aktrisa fiqurası yetişdirmişdir.

Son zamanlarda Azərbaycan qadınlarının səhnəyə həvəsi sayəsində, ona doğru axını da artmışdır. Artıq Azərbaycan qadınını xahiş edib gətirmək lazım deyildir. Onlar özləri səhnələrə, teatr texnikumlarına dolurlar. Son illərdə buradan Tamara Paşazadə teatra gəlmişdir. Tamara artıq aktiv ictimai bir aktrisa olmaqla, bütün briqadalarda iştirak edir. Şərqiyyə Məhərrəmova və Züleyxa dəxi teatr işçilərindən aktrisalığa irəli çəkilmişdir.

Gənc İşçi Teatrı səhnəsində çox istedadlı və ictimai işlərdə çalışan Fatma Xanım işləyir.

İsrafilova Cavahir, Gülüstan və bir çox başqa Azərbaycan aktrisaları mədəniyyət saraylarının səhnələrində və şəxsi mədəniyyət dərnəklərində işləyirlər. Bu qüvvələrdən gələcəkdə, şübhəsiz, böyük aktrisalar kadrosu yetişdiriləcəkdir. Beləliklə, Aprel inqilabı sayəsində azadlığa çıxmış Azərbaycan qadını öz rolundan kişini rədd edərək, öz rolunu öz əlinə almışdır.

60 illik qəhrəmanlıq fəaliyyəti günündə Azərbaycan səhnəsinin əməkçi qadınlarına salam!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets