Əməkçi qadınlar, səhnəmiz sizi gözləyir
Dövlət Bədaye teatrı yanında açılmış studiyaya giriniz. Hazırkı dövrdə türk Azərbaycan teatrının artmasına və inkişaf etməsinə əngəl törədən səbəblərdən ən böyüyü lazımınca türk aktrisalarının olmamasıdır. İnqilabdan sonra səhnəyə bir çox türk qadınlarının gəldiyini kimsə inkar edə bilməz. Lakin bunlar çox azdır. Bunlar səhnəmizi ağır vəziyyətdən qurtara bilməz. Türk qadınları çadradan və mətbəxdən azad olaraq mədəniyyətin bütün sahələrinə atılmaqdadır. Onlar səhnəmizdə aktiv iştirak etməkdədirlər. Yazılan pyeslərimizdə bir neçə məsul qadın rolu olanda rejissorlarımız başlarına döyməyə məcbur olurdular. Hazırda azad türk qadınlarının yüzlərcə və minlərcə istehsalata, fabrikə və zavodlara, kooperativə getdiyi bir zamanda səhnəyə gəlməməsi ilk baxışda çox təəccüblü görünür. Lakin onun səbəbləri vardır. Əvvəla, keçmiş meşşan zərbəsi və dini mövhumat nəticəsi olaraq səhnədə çalışmaq alçaq və günah bir iş hesab olunurdu. Odur ki, çoxu öz qızını, arvadını və bacısını səhnəyə həvəslə buraxmırdı. Hətta bəziləri öz arvadlarını teatra tamaşaçı kimi olaraq belə aparmaq istəmirdilər.
Lakin belə hadisələr nisbətən çox azdır. Teatr artıq kütlə içərisində mühüm bir yer tutmağa başlamışdır. İndi bunları səhnəyə çəkmək üçün qəti bir addım atmaq lazımdır. Yayılan yalan şayiələrə görə türk teatrı səhnəsində türk qadınları üçün çalışmaq mümkün deyildir. Bunun üçün şərait yoxdur. Aktyorlarımız guya lazımınca tərbiyəli deyillər. Bu, bir tərəfdən. Digər tərəfdən özləri qadınların səhnəyə gəlməsinə çox rəsmi yanaşırlar. Hələ bir çox yoldaşlarımız qadınların səhnəyə gəlməsinin əhəmiyyətini anlamırlar. Bu məsələnin siyasi bir məsələ olduğunu düşünmürlər. Indi bu məsələni ciddi bir surətdə müzakirəyə qoymaq lazımdır.
Dairə (rayon) klublarına çəkilən qadınları səhnəyə alışdırmalı, qızların teatr texnikumuna çəkilməsi üçün təlimat hazırlamalı, səhnəyə çəkilən qadınlar maddi cəhətcə yaxşı təmin olunmalıdırlar.
Hazırda Bədaye teatrı bu sahədə birinci addım atmışdır.
Teatrda bir studiya düzəldilmişdir. Bu studiya gənc aktyorlar və gənc qızları yetişdirəcəkdir.
Qəbul edilənlər içərisində türk qızlarına artıq fikir veriləcəkdir.
Qızlarımız teatrın bu çağırışına cavab verməli və səhnədə onun üçün ayrılan boş yeri tutmalıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-emekci-qadinlar-sehnemiz-sizi-gozleyir
Use ← → keys to move, R for a random poem