Doqquz ay keçmiş
– Ay nənə!
– Can nənə! Nənən sənə qurban nə var?
– Ay nənə, səndən bir şey soruşacağam. Yadındadırmı, bildir yayda bu həyətdə bir çox qızlar oynayırdılar.. İndi heç onları görmürəm. Məsələn: dərzi Hüseynin qızı.
– Qadan gözümə, ay bala, bildir yaydan bir aləm vaxt gəlib gedib. Sən Rusiyətdə bir xeyli oxuyub qayıtmısan. Maşallah, yekə kişi olmusan.
Sən yekələn kimi dərzi Hüseynin qızı da yekəldi, ərə getdi.
– Bıy, ay nənə, o bir tikə qız idi. On-on iki yaşı olardı.
– Bir tikə deyil idi, qadan alım, qız uşağı tez böyüyər. Amma bir o var ki, yazıq uşaq yarımadı, ərə gedəndən heç canı sağ olmur. Gah boğazı ağrıyır, gah bədəni yara tökür. Daha bir ocaq qalmayıb ki, torpağından bədəninə sürtülməsin, şəfa tapmır, bət-bənizi gül kimi solub.
– Ay nənə, yadındadırmı, bir qızcığaz da həyətə oynamağa gələrdi. Adı deyəsən Güləndam idi.
– Başına dönüm, Güləndam öldü. Allah heç kəsi yetim eləməsin!
Yetimin yiyəsi olmaz imiş, qara günlünün elə əvvəldən oxu daşa dəydi. Burada dükançı Bəylər var. O Bəylər qarnı yanmış, qız dükana şey almağa gəldikdə çəkib namusuna sataşmışdı. İş cəmi şəhərə məlum oldu. Amma qızın yiyəsi yox idi deyib, heç kəs qabağa durmadı. Yazıq Güləndam bədbəxt oldu: qaldı ortalıqda, axırda, Allah atasına rəhmət eləsin molla Cəfərin, qızı götürüb, bir dərvişə verdi.
Dərviş musinn idi, qız da, özün bilirsən ki, körpə idi – olardı on dörd sinni. Nə təhər olursa, qız dərvişin dilini başa düşə bilmir. Ağrım ürəyinə olmuş dərviş də tərs imiş. Bir gün götürüb qızın qılçasına dağ basır. Qız qaçıb gəlmişdi molla Cəfərin evinə, deyirdi: “Öldür, daha bir də dərvişin yanına getməyəcəyəm”. Bir neçə vaxt qaldı. Molla Cəfər də kasıb adam–qıza çörək verməkdən təngə gəldi. Bir gün bir neçə ağsaqqal çağırıb, qızı dərvişin yanına göndərdi. Deyirlər dərviş qıza yiyə durmurmuş. Güclə qoyub gəliblər. O gecəsi dərviş nainsaf oğlu Güləndamın əl-ayağını bağlayıb, doyunca döyüb, iki gün ac, susuz saxlayıb. Sonralar Güləndamdan xəbər çıxmadı.
İnsan arasına çıxmırdı. Deyirdilər, dərviş gündüzlər qızı dama salıb, bağlayırmış...
Bir gün dedilər Güləndam öldü. Nə dərdlə öldü–orası naməlum qaldı. Babalı deyənlərin boynuna, dedilər, dərviş kəşkül ilə vurub öldürüb, mürdəşir Səkinə nağıl eləyirdi ki, Güləndamın gicgahına qan sağılmışdı. Adamın da, ay bala, durduğu yerdə gicgahına qan sağılarmı?.. Nə bilim, allahüələm.
– Yəqin, nənə, Qəməri də ərə verdilər?
– O necə Qəmərdi, bala?
– Yadındadırmı, bizə səməni gətirmişdi; güləş üzlü bir qız idi.
– Hə, bildim Bala Xeyransanın qızı. Ondan da sənə bir az nağıl eləyim. Qəməri dədəsi götürdü verdi dəllal Qənbərə. Dəllal Qənbər Xeyransanın əri ilə şərikdi, bir yerdə alış-veriş eləyirdilər. Qəmər əvvəl gecəsindən iki ayağını bir başmağa dirədi, dedi: “Anamı qoyub heç yerə getməyəcəyəm”. Xülasə, tovlayıb bir təhər yengələrə qoşub göndərdilər. Qadan gözlərimə, kim isə düşmənçiliklə qızın tükündən kəsib, cadu eləmiş imiş. Odur ki, qız Kəblə Qənbərdə durmadı. O gecəsindən qaçıb boyaqçı Məhəmmədgilə girmişdi? Boyaqçı Məhəmmədin arvadı deyir: “Qız mənə saqqız kimi yapışmışdı, aralanmaq istəmirdi.
Gecə sabaha kimi qoynumda yarpaq kimi əsdi. Bədəni buz kimi idi. Hərdən bir yuxuya gedirdi, görürdün başladı yuxuda qışqırmağa: “Ay ana, qoyma! Ay ana, öldürürlər”. Xülasə, bala, sabahdan qızın anasını çağırtdırdılar. Qız gözünün yaşını sel kimi tökdü. Nə qədər elədilər, nə qədər qorxuzdular, aldatdılarsa da, bir şey çıxmadı. Qəmər qaçıb evlərinə gəldi.
İndi iş beləliklə durur. Üzü tökülmüş qız kişini Kəblə Qənbərin yanında xəcalət elədi. Bir də, qız yazıq nə eləsin, iş caduda imiş: allah mərdimazarın evini yıxsın! Qoymadılar ki, kişinin qızı bir parça çörək yesin.
– Eh, ay nənə! Kefimi pozdun! Daha bəsdir, nağıl eləmə!..
1913
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-doqquz-ay-kecmis
Use ← → keys to move, R for a random poem
More by this author
Pristavun müavini Zeynal-bəy, sabah ertə dəftərxanaya gələndə, orada ayrı halət gördü; qaradavoylar süpür ha süpür salmışlar; pristav da dəli kibi otaqda oyan bu yana qaçır, qaradavoyların üstünə çığırırdı:– Müftəcə məvacib alıb, il uzunu bircə qəpiklikə də iş görmək istəmirsiniz: elə onu bilirsiniz ki, dəftərxanaya girəndən rüşvət alırsınız. Budur qubernator üç günə kibi gəlir; hamınızı, it kibi qulluqdan qoğacaq.
Ağ saqqalGülsüm qarı yuxudan gülə-gülə ayılıb, yatacağının üstə oturdu. Günəş çıxıb, pəncərədən otağa düşmüşdü. Gülsüm qarı günəşə baxıb, öz özünə dedi:Günü çıxardan allaha qurban olum. O allah mənim allahımdır; gör yuxumu necə çin edəcək. Elə bu gün Alıpaşa ağanın qızına elçi gedəcəyəm.
Şaqqulunun xeyir işiPayız günü idi. Balaca şəhərin küçələrini duman bürümüşdü. Xırdaca evlər gölgə kibi görünürdülər. Səs, küy yox idi; elə bil şəhər qəmə batmış idi. Bircə uzaqdan əzan səsi gəlirdi. Bir az keçib, qaranlıq düşdü; küçədən gedən adamların da ayağının şappıltısı kəsildi: xalq evlərinə çəkildi. Nalbənd Kərbəlayı Qurban da dükanını bağlıyıb «halva bazar»dan evə gəldi. Küçə qapısını yumuruq ilə döyüb, deyirdi:– Köpək oğlunun yerində elə bil tufan qopub!
Məlik MəhəmmədBiri var imiş, biri yox imiş, bir padşah var imiş. Bu padşahın da bağında bir alma ağacı var imiş ki, bir gündə çiçəkləyib, o bir gün çiçəkini tökərmiş, üçüncü gündə bar verərmiş. Bu almanı hər kəs yesə imiş, on beş yaşında oğlan olar imiş.Sizə kimdən deyim – padşahdan. Bu padşah həmişə səhər vaxtı olanda durub, gedərmiş bağa ki, almanı dərib, yesin, görərmiş ki, alma qırılıb; gör, peşman geri qayıdarmış.
Poems by other poets
— Həsən:Göstərəndə qaşlarının tayını,
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Qurban mən olumGözəllər yola çıxandaYoluna qurban mən olum.