Gülsüm qarı yuxudan gülə-gülə ayılıb, yatacağının üstə oturdu. Günəş çıxıb, pəncərədən otağa düşmüşdü. Gülsüm qarı günəşə baxıb, öz özünə dedi:

Günü çıxardan allaha qurban olum. O allah mənim allahımdır; gör yuxumu necə çin edəcək. Elə bu gün Alıpaşa ağanın qızına elçi gedəcəyəm.

Qarı bir az fikirə gedib, gülümsündü:

– Fərəcimin puldan pulu, boydan boyu, əsnaf olanda nə eyb elər... Fərəcə də qurban olum, bəyzadə nişanlısına da.

Qarı çoxdan oğlunu evləndirmək fikrində idi, amma bilmirdi kimi alsın. Əsnaf qızı ilə arası yox idi, bəy qızı da almağa cəsarət eləmirdi. Çünki bəylər qızlarını əsnafa verməzdilər; kasıb da olsa idi özləri kibi «nəcib» və əsil-kök bəylərə verərdilər. Biçara Gülsüm qarıda bu əsil-kök harada idi: Əri sövdəgər hacı, oğlu da tacir; sabah dəftər qoltuqlarında bazara gedib, axşam qayıdardılar. Daha bunlarda bəylərə layıq şücaət, təmkin və viqar tapılmazdı. Barı, bir qırğı isə də hərdən qollarına alıb, gəzdirməzdilər ki, bəyə oxşasınlar. Bu «kəsafət mə’də» ilə də Gülsüm qarı atıla-atıla gedir ki, oğluma gərək bəy qızı alam! Yenə bu yuxu əhvalatı olmasa idi, qarı bəlkə fikrindən daşına idi; Bu yuxu da belə aşkar idi ki, xeyir işdən boyun qaçırmaq olmazdı.

Gülsüm qarı yuxuda görmüşdü ki, samanlıqda at arpa çuvalını iyliyib, şıllağa qalxdı və ayağı mehtərin aftabasına dəyib, töküldü.

Qarı qorxusundan sıçrayıb, yuxudan ayıldı; və gördükləri yuxu olduğunu duyduqda, gülə-gülə yormağa başladı:

– «Atcıgaz» muraddır. Bunca bilirəm – dedi: «aftaba» da ki, paklıqdır. «Su da» aydınlıqdır. O ki qaldı «şıllaq»?...

Qarı bir az fikirə getdi. Başladı qoltuğunun altını qazımağa. Ondan burnunu qurtaladı və sonra birdən qəhqəhə çəkib, gülməyə başladı.

«Şıllaq» nə olacaq ki, – dedi: o da toydur, şadyanalıqdır...


Alıpaşa ağa pəncərədə oturub, xanım ilə qəlyan çəkməyə məşğul idi. Qulluqçu Gülsüm qarının gəlməyini xəbər verdi.

Xanım zəhimli üzünü qulluqçuya döndərib, lap yoğun kişi səsi ilə dedi:

– Çağır gəlsin içəri.

Gülsüm qarı daxil olub, oturdu. Xanım yavaş səslə:

– Xeyirdirmi, a Gülsüm qarı?

– Xeyir olmamış nə var, xanım sənə canım qurban, gəldim görüm bəylər nə təhər dolanırlar; biz də bəy olmaq istiyirik.

Qarı sözlərini qurtarmamış, qəhqəhə çəkib, güldü. Xanım da gülümsündü. Alıpaşa ağanın da üzünün qırışları bir balaca açıldı. Bir az sükut bərpa oldu. Gülsüm qarı gözlərini otağa gəzdirib, təbəssümanə:

– Bizim Fərəc də sizinki kibi otaqları rənglədib, kişi öhdəsindən gələ bilmir; neçə min manat evə xərc çəkib.

Qarının sözlərinə bəy və xanım əsla e’tina etmədilər.

Bir az da sakitlik düşdü. Gülsüm qarı cürətli:

– Xanım, başına dönüm, bax puldan çox pulumuz, maldan çox malımız; yaxşı evimiz... Fərəc də başı aşağı bir uşaqdır, elə öz uşağınızdır. Vallah sizə də layıqdır: gözəl göycəy... yəni qızınızın biri də bizə düşməz?

Gülsüm qarı sözü qurtarmamış, yenə gülməyə başladı. Bu səfər xanım qarının cavabında üzünü turşudub, ərinin üzünə baxdı. Əri də siması şiddətli bir halda arvadına baxıb, sonra Gülsüm qarını başdan ayağa acı bir nəzərdən keçirtdi. Alıpaşa ağa hirsindən istədi qəlyanı götürüb, qarının başına çırpsın; çünki adamdan xatirə görünməmişdi ki bəy qızı əsnafa verilsin. Bir də xan lə’nət şeytana deyib, sükuta getdi.

Xanım istədi durub, qarını saçlasın, sonra bir təhər sakit olub, öz özünə dedi: «Məsəldir ki, «qız ağacı-qoz ağacı; hər yetən bir daş atar». Amma hər daş atanın da bir cavabı var ki, verərlər. Əsnaf arvadı bəy qızına elçi gələndə deyərlər: «Yolun altı ilə gəlmişən altı ilə qayıt, üstü ilə gəlmişən üstü ilə; rə’yətsən tayını tap...»

Alıpaşa ağa özünü toxtadıb, ehmal bir səs ilə qarıya dedi:

– Bacı, qızı sənin oğluna verməyə mənim heç bir sözüm yoxdur. Ancaq bizim də böyüyümüz var, ağ saqqal var, deyərik, gərək o nə məsləhət görür.

Alıpaşa ağa bu sözləri dedikcə, səsində acı bir məğlubiyyət və kudurətli bir sızıltı eşidilirdi. Sadə lovh qarı isə, ağanın əhvalını anlamıyıb, sözlərindən bir dərəcə şad olmuşdu ki öz özünə gülümsünürdü.


Gülsüm qarı pilləkəndən enib, gedə-gedə belə xəyal edirdi: «yuxum çin oldu: qızı lap alıb, qurtarmışam... ağ saqqal da nə deyəcək ki, o da razı olacaq...»

Qarı dadlı-dadlı xəyallar edə-edə həyətə enmişdi, bir də pilləkənin altından iri göydəli bir it sıçrayıb, qarını basmarladı. Qarı qışqırmağa başladı. It onun paltarlarını didik-didik edib, yerə tökdü. Biçara arvad nə qədər səs-küy saldısa, haraya bir kəs gəlmədi. Axırda naəlac qalıb, bir təhər itdən xilas olub, özünü çörək təndirinə soxdu və dəmir saçı başına çəkdi. It yetirib, arvadın əllərinin dərisini tamam dişləri ilə soyub, tökdü.

Alıpaşa ağa balkona çıxıb çığırdı:

– Ay uşaq iti bağlıyın!

It bağlandı. Gülsüm qarını qanına bələşmiş təndirdən çıxardılar. Ağa rişxəndanə bir təbəssüm ilə üzünü qarıya döndərib dedi:

– Bacı, qızı verməyə görünür ki, «ağ saqqal» razı deyil imiş.


Qarı güc ilə özünü evinə yetirib, bərk titrətdi və üç gündən sonra.... öldü. Yuxuda at şıllağı görmək, titrədib ölmək mə’nasına imiş!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Hərrac

Böyük sərvət və mülk sahibi Hacı Kərim iki gün əvvəl vəfat etmişdi. Arvadı Gövhər dörd qızını və beş yaşındakı oğlunu başına toplayıb, Hacının ortalığa tökülmüş paltarlarına baxaraq ağlayırdı. Ağıçı da hərdəm yanıqlı bir ağı dedikdə evi hönkürtü götürürdü. İki cilo ağlaşıb, ağıçı uzaq məhəllələrdən gəlmiş arvadlara mərhumun səxavət və kəramətindən rəvayət etmədə idi ki, birdən həyətə üç-dörd cavan girdi. əvvəl cavanların gəlməsinə əhəmiyyət verilmədi, lakin onların qız qaçırmaq meylində olduqları göründükdə arvadlar bir-birinə dəydi! Gövhər özünü qızların üstünə atıb, dəhşətli səslə çığırdı. Əlləri tapançalı cavanlar otağa girdilər, qaba bir surətdə Gövhəri kənar edib, böyük qızı götürmək istədilər. Qız anasına sarılıb çığırdı. Gövhərin əllərini tutdular, qızı ondan zor ilə aralayıb, qapıya doğru sürüdülər. Qara saçları bir-birinə qarışdı. Köynəyinin bir tərəfi cırılıb, vücudu çölə çıxdı. Cavanlar qızı qaldırıb, birinin arxasına qoydular. Qışqırıq hönkürtüyə qarışdı. Apardılar. Qız uzaqlaşdıqca səsi də yavaş-yavaş qulaqlardan çəkilməyə başladı. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Başından yapışıb, hissiz bir halda yerə yıxıldı. Bir də qalxdı:– Ay qardaşlar, balamı kim apardı? – deyə soruşduqda, qızı aparan dabbağ Cavadın oğlu “dələduz” Həsən olduğu bəlli oldu. Bu hadisə şəhərin hər bir guşəsində danışılanda Şırım Ballı cəhrə üstə əllərini göyə qovzayıb, Allahdan belə istiğasə edirdi:

5 min
Ağ buxaqda qara xal

Çağırram hay da verməz, Bədəsil fayda verməz; Ağ buxağın altından*Bir öpüş pay da verməz.*

8 min
Həkim

– Ay həkim, başına dönüm, bizdə bir azarlı var, tez gəl, bir ona bax!Deyəsən, allah eləməmiş, lap qarışıb.

5 min
Dərdli Züleyxa

Yarımişıq bir otaqda çarpayıdan on altı-on yeddi yaşlarında bir arvad qalxdı. Zarıldaya-zarıldaya çırağa doğru gedib, işığını çoxaltdı və sonra həyətə tərəf pəncərədən zəif və sızıltılı bir səslə çağırdı:– Sənəm bacı, ay Sənəm bacı. Ay qız, vallah, ölürəm, bircə gəl!

6 min

Poems by other poets