Hərrac
Böyük sərvət və mülk sahibi Hacı Kərim iki gün əvvəl vəfat etmişdi. Arvadı Gövhər dörd qızını və beş yaşındakı oğlunu başına toplayıb, Hacının ortalığa tökülmüş paltarlarına baxaraq ağlayırdı. Ağıçı da hərdəm yanıqlı bir ağı dedikdə evi hönkürtü götürürdü. İki cilo ağlaşıb, ağıçı uzaq məhəllələrdən gəlmiş arvadlara mərhumun səxavət və kəramətindən rəvayət etmədə idi ki, birdən həyətə üç-dörd cavan girdi. əvvəl cavanların gəlməsinə əhəmiyyət verilmədi, lakin onların qız qaçırmaq meylində olduqları göründükdə arvadlar bir-birinə dəydi! Gövhər özünü qızların üstünə atıb, dəhşətli səslə çığırdı. Əlləri tapançalı cavanlar otağa girdilər, qaba bir surətdə Gövhəri kənar edib, böyük qızı götürmək istədilər. Qız anasına sarılıb çığırdı. Gövhərin əllərini tutdular, qızı ondan zor ilə aralayıb, qapıya doğru sürüdülər. Qara saçları bir-birinə qarışdı. Köynəyinin bir tərəfi cırılıb, vücudu çölə çıxdı. Cavanlar qızı qaldırıb, birinin arxasına qoydular. Qışqırıq hönkürtüyə qarışdı. Apardılar. Qız uzaqlaşdıqca səsi də yavaş-yavaş qulaqlardan çəkilməyə başladı. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Başından yapışıb, hissiz bir halda yerə yıxıldı. Bir də qalxdı:
– Ay qardaşlar, balamı kim apardı? – deyə soruşduqda, qızı aparan dabbağ Cavadın oğlu “dələduz” Həsən olduğu bəlli oldu. Bu hadisə şəhərin hər bir guşəsində danışılanda Şırım Ballı cəhrə üstə əllərini göyə qovzayıb, Allahdan belə istiğasə edirdi:
– Pərvərdigara, deyirlər “kor leyləyin yuvasını allah tikər”; bəs mənim bu oğlumun yuvasını niyə tikmirsən? Ağsaqqal vaxtında dükanların qabağında boşbikar dolanıb işə getmir.
Şırım Ballının duası müstəcəb oldu: gedib Hacı Kərimin yerdə qalan qızlarından birisini götürüb, qaçmağı Allah-təala ona təlqin etdi.
Ballının oğlu “Vicə” Qasım bir neçə arqadaşları ilə bərabər hücum edib, Hacı Kərimin qızını qaçırdılar.
Gövhər küçəyə çıxıb, qızı çox izləməmişdi, bir də eşitdi ki, üçüncü qızını şirni ilə tovlayıb aparmışlar.
Günorta vaxtı Gövhərin qohumları yığılıb dərdləşirdilər, “olacağa çarə yoxdur” deyə fəlsəfə yürüdürdülər. “Qismətdən artıq yemək olmaz” deyirdilər. Bir də hacının bacısı Mina sükutdan aralanıb, başını dik qovzadı:
– Vallah, bu mənə qardaş dərdindən də artıq oldu, – dedi, – xalqın fikri budur ki, mənim arzum gözümdə qalsın!.. Yox!..
Burada Minanı yaş boğdu, gözlərini yaylığı ilə qurutdu, özünü bir az toxdadıb, sözünə davam etdi:
– Gözümü böyük qıza dikmişdim, o qismət olmadı. Deməli, qismət bu imiş! – deyə kiçik qızı qucaqladı.
Hər kəs onu heyrətlə nəzərdən keçirdi. Minanın hərəkətini dəli olduğuna həml etdilər. Lakin Mina dəli olmamışdı; qızı qapıdan çıxardarkən deyirdi:
– Qardaşımdan mənə bir pay da düşməz? Apararam, böyüdərəm,
oğluma alaram...
Hacı Kərim iki gün idi ki, vəfat etmişdi. O günü qazı onun dörd qızına da əqd oxuyub, ruhunu şad etdi.
O biri gün “yaxa bağlama”dan sonra təzə yeznələr hacının evinə yığılıb, cehiz davası edirdilər. “Vicə” Qasımın tərəfindən anası gəlmişdi.
1910
1905-ci İL
Köhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhmli bir baş çıxıb, neçə dəfə “Alı, Alı” deyib çağırdı. Səsə artırmanın altında at axurlarının qabağında uzanan nökər Alı öz-özünə belə cavab verdi:
– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kimi, çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyr, o zaman getdi! İndi bəyin sözünə bir qəpik verən yoxdur!..
Alı bu fikirləri başından keçirib, saman çuvallarının üstə o yan-bu yana çöyrükdükdə Məhəmməd Səfi ağa bir də başını pəncərədən çıxarıb çığırdı:
– Alı, Alı! Axmaq oğlu axmaq, haradasan, səni çağırmıram?
Alı yenə bəyin səsinə etina etməyib, öz-özünə deyirdi:
– Daha indi mən də ayılmışam, boğazını cırsan də gəlməyəcəyəm...
Bizi xam tovlamışdın, il uzunu işlədib, bir qəpik də vermirdin; kefinə də yaramayanda baş-gözümü əzirdin... Daha indi bəy-zad dəbdən düşdü!..
Məhəmməd Səfi ağa bir az səbir eləyib, xidmətçi qızı onun dalınca göndərdi. Alı qıza da cavab verdi ki, mən bəy-məy tanımıram, özüm də elə bir bəyəm! Məhəmməd Səfi ağa bunu eşitcək yerindən dik atılıb, əvvəl otaqda dəli kimi o yanbu yana yüyürdü və sonra divardan tüfəngi götürüb, qapıdan ildırım kimi çıxdı. Güllü xanım ərinin nökəri öldürmək xəyalında olduğunu gördükdə bərk qışqırıq saldı və səsə qonşu otaqlardan bəyzadələr çıxıb, Məhəmməd Səfi ağanın əlindən tüfəngi aldılar:
– Ay kişi, nə olub, Alı nə edib? Bircə de, biz özümüz onu öldürək! Məhəmməd Səfi ağa bəyzadələrə cavab vermədən boğunuq səslə “buraxın!” deyə dartındı.
– A kişi, axır nə olub?
– Heç zad! Alını öldürəcəyəm! – Bəy dartınmaqdan əl çəkmədi.
Güllü xanım bəyzadələri işdən xəbərdar elədi. Cavan bəylər Alının “nəməkbəharam”lığını bilib, cəld pilləkəndən aşağı düşdülər.
Bir dəqiqədə Alının belinə on yerdən təpik döşəndi, o qədər döydülər ki, ağzının-burnunun qanı bir-birinə qarışdı, baş və gözündə sağ yer qalmadı.
Alı gördü ki, bunu “xurd-xəşil” etməmiş əl götürməyəcəklər, yalvarmağa başladı:
– Ay bəy, atam sənə qurban! Qələt eləmişəm, başımı daşın yekəsinə döymüşəm, günahımdan keç.
Məhəmməd Səfi ağa “Bundan ürəyim soyumayacaq, kəndir gətirin!”
– deyib, qamçını əlinə aldı.
Kəndir gətirdilər. Alını ağa həyətə çəkdirib, tut ağacına bağlatdı.
Alı yenə:
– Ay bəy, vallah, məni yoldan çıxartmışdılar, daha indi çıxmaram.
Məhəmməd Səfi ağa Alının sözlərinə etina etməyib, qamçı ilə onu doyunca döydü və bir də oğlanlarına döydürdü, bir də dübarə özü döyüb, qayıdıb evə gəldi.
Alı qanına bələşmiş o günü ağacdan asılı qaldı, gecə də qaldı, sabah da orada idi. Axırda necə oldu onu bilmirik. Ancaq ondan sonra şəhərdən kəndə oxumuş cavanlar gəlib bəy və ağaların əleyhinə sözlər danışıb, rəiyyəti “yoldan çıxardanda” rəiyyət cavanlara belə cavab verirdi:
– Qardaş, qoyun yerimizdə rahat oturaq, siz Allah, bizi də Alı yolu yollandırmayın!
1910
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-herrac
Use ← → keys to move, R for a random poem
More by this author
Pəncərədən düşən işıqdan məsciddəkilərin başları işıldayırdı. Möminlər börklərini yerə qoyub, yaşlı gözlərini mərsiyəxana dikmişdilər. Mərsiyəxan bir də bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı:– Hələ çox ağlayacaqsan! Gərək gözləriyin təvşehi kəsilə!
Yeni bir aləmHəsən çəkməsini ayağından dərin bir iztirabla çıxardıb, altına diqqətlə baxmağa başladı: gönü daş tamam aparmışdı; daban da əldən düşmüşdü.Həsən çəkməni o biri üzünə çevirdi: üst tərəf də vecdən çıxmışdı; neçə yerdən çatlamışdı.
Nahaq qan– Mənim namusumu yerə soxub; daha bazara da çıxa bilmirəm.Məgər buna bir təhər çəkilməz?!
Ayrılıq axşamıOtağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.
Poems by other poets
مرا جهان و سرو جان بجای جانان نیست
Yalvarım ağaBunda kim var, dirəm, yar vəfadarım ağa,Çəkibən xəlvətə bir sirr açım əsrarım ağa,
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
ÇətindiLibasnan, duruşnan, boyun-buxunnan,İnsanı tanıyıb, bilmək çətindi.