Nahaq qan
– Mənim namusumu yerə soxub; daha bazara da çıxa bilmirəm.
Məgər buna bir təhər çəkilməz?!
Ortaboy kişi cavab verdi:
– Əşrəf, daha kifayət elər!
– Yox, kifayət eləməz! Bir oğul ki, sənin adını batırır, o gərək ölsün! Sən öldürməsən də mən öldürəcəyəm: mən də olmasam, bir ayrı qohum bu işi əmələ gətirəcək. Xülasə, pis övlad gərək ortalıqdan götürülsün.
– Əşrəf, səbir elə! İkicə gün mənə möhlət ver, gör necə öldürürəm.
Əşrəf acıqlı:
– Mən səbir edə bilmərəm, çünki elədiyim bəsdir. Bir ildir sənə deyirəm: “Zeynal, oğlun pis gəzir, gecələr çayxanalarda yatır” qulaq asmırsan. Axır on beş yaşında uşağa belə işlər nə yaraşır.
Zeynalın rəngi üzündən götürülmüşdü, bütün bədəni titrəyirdi.
Əşrəf danışdıqca halı da fənalaşırdı. Lakin onun dediyi Zeynal üçün təzə bir əhval deyil idi, Əşrəf söyləyənlər buna çoxdan məlum idi.
Ancaq övlad eşqi hər şeyə üstün gəlmişdi. Bu eşq dənizində çocuğun bütün günahı bir qətrə kimi qarışıb ərimişdi.
Əşrəfin təhriki dənizi dalğalandırmağa başladı. İndiyədək etidaldəmlik göstərən Zeynal indi diqqətlə onu dinləyib, sözlərini bir-bir təhlil vadisindən keçirirdi.
Küçəni başa çıxdılar. Əşrəf dərin bir əqidə ilə:
– Mən deyib, təklifimdən çıxıram: Əlini sən öldürməsən, namusu mən dayısına düşür. Gərək mən öldürəm.
Zeynal hirsindən dili dolaşa-dolaşa dedi:
– Sən məni lap binamus hesab eləyirsən, deyirəm iki gün möhlət ver, Əli sağ qalmayacaq! – Qohumlar aralanıb getdilər.
Arvad Zeynalı bu axşam kefsiz gördü, lakin bu kefsizliyə ayrıca məna vermədi. Zatən kişi evdə ələləksər acıqlı olardı; çox danışmaz, gülməz, heç bir şeydən nəşələnməz bir təbiətə malik idi. Odur ki, evi yığışdırıb, adəti üzrə yatağına uzandı.
Zeynal çubuğu damağına alıb, ocağın qırağında oturdu. Neçə dəfə çubuğunu təzələdi, yenidən çəkdi. Əli evdə yox idi. Atası onu düşünür, gah hiddətlənir, gah da rəhmə gəlib yumşalırdı. Əli onun yeganə övladı idi, həm də əzizliklə tapılmışdı. Evləndikdən beş il sonra balaları kiçik ikən ölmüşdülər. Əli sağ qalmış və Zeynala böyük nəzirsədəqə və ehsana mal olmuşdu. Tək olduğu üçün ər-arvad onu oxutmamağa, sənətə qoymamağa qərar vermişdilər. Əli “əziz böyümüşdü”. İndi bu “əziz” övlad özbaşına yaşayır, istədiyini eləyir, fəna mühitə qapılıb gedirdi.
Zeynal bunları düşünərək hiddətlənir, coşur, bir də “dağılmış” zəmanəyə dəlalət edərək rəhmə gəlir və dəhşətli fikrindən daşınmaq istəyirdi.
Zeynal çubuğu bir də təzələdi. Birdən Əşrəfin sözlərini xatırladı... Namus deyilən qüvvə bütün şiddəti ilə vücuduna hakim olub, zəlzələlər qopardı. Bir saniyədə ağlı və hissləri qüvvətdən düşdü, qanı soyudu. Çubuğu bir tərəfə atıb qalxdı, taxçadan bıçağı götürdü. Zeynal bıçağı çırağın qabağına tutub, o üz-bu üzünə baxdı. Sonra itiliyini nümunə etmək üçün barmağı ilə tiyəsinə təmas etdi. Bıçaq iti idi. Zeynal onu ocağın qırağındakı döşəyin altına qoydu, o biri otağa keçdi. Arvad yatmışdı. Dönüb ağır həyəcan içində həyətə getdi. Qapıqonşuya qulaq verdi – hamı yatmışdı. Ayağının ucu ilə yavaş-yavaş addım ata-ata darvazaya yetişdi. Uzaqdan bir ayaq tappıltısı gəlirdi. Qonşulardan yalnız birisinin pəncərəsi işıq idi. Xoruzlar banlaşırdılar. Həmişə kəmetina Zeynal bu gecə hər şeyə diqqətlə baxıb, hər bir hənirtiyə məna verməyə başladı. Çox şeydən ehtiyat elədi, çoxundan qorxub titrədi.
Tappıltı yavıqlaşdı. Darvaza döyüldü. Zeynal cürətlə yürüyüb, qapını açdı. Əli girdi, Zeynal oğlunu görcək qanı bədənində cuşə gəldi. Lakin səbir edib evə qayıtdı. Qapıları ehmallıca örtüb, otağa girdi: Əli yatağının üstündə paltarını soyunurdu. Əli atasının halını görcək bərk qorxdu, saraldı.
Zeynal tutqun səslə:
– Bu vaxta kimi haradasan? – deyib, daha oğlunun cavabını gözləmədi. Bir dəqiqədə boğazından tutub, ocağın qırağına yıxdı. Əli çığırdı, amma səsini atası eşitmədi. Kişinin hirsindən bütün hissləri qüvvədən düşmüşdü.
Qonşu otaqda qadını səsə oyandı, durdu. Dürüst qulaq asdı, heç bir yerdən səs gəlmirdi. Arvad öz qulaqlarına inanmamağa başladı. Ürəyinin sıxılmasını hiss etdi. Elə bil bir adam bunu qonşu otağa çağırıb, yeni bir hadisəyə rast gələcəyini vəd edirdi. Soyuq tər bütün bədənini bürüdü. Biçarə yorğanı üstündən hövlnak atıb, özünü qapıya çırpdı. Birdən qışqırıb, bihiss yerə yıxıldı. Əlləri övlad qanı ilə boyanmış Zeynal meyidin üstə oturmuşdu.
Günəş çıxmadan məfrəş yüklü bir eşşək şəhərdən çıxdı. Acı düşüncəli Zeynal uzaqdan eşşəyi təqib edirdi. Cinayət işləmiş bu adamın halı o qədər qərib idi ki, peşmanlıq qara boğanaq kimi birdən onu bürüyüb sıxmağa, incitməyə və işgəncə verməyə başlayırdı. Bir də aydın bir nikbinlik nərədənsə ruhunun dərinliklərində zühur edib, yavaş-yavaş bədəninə yayılır və əcaib bir təbəssüm dodaqlarının guşələrini büküb, gözlərinin ətrafında oynayırdı.
Birdən nəzəri eşşəyin üstündəki məfrəşə sataşdı. Əvvəl heç bir şey hiss etmədən gözləri oraya yamandı, qaldı. Sonra yavaş-yavaş bəbəkləri böyüməyə başladı və vahimə vücudunu ağzına aldı. Məfrəşin gözəyi tərpəndi və kənarından bir əl çıxıb dimdik qaldı.
”Günəşin ilk şüasında körpə, rəngsiz, qana bulaşmış bu əl o qədər əsrarəngiz idi ki, fövrən Zeynalı ildırım kimi çarpdı, getdi, dondurdu.
Zeynal gözlərini yumdu, üzünü döndərdi. Yolun aşağısı uçurum idi, dibində çay axırdı. O tərəf yal və meşə idi. Yüzlərcə körpə və rəngsiz əllər ətrafa səpilmişdi.
Zeynal gözlərini təkrar yumdu. İnsan səsinə bənzəməyən bir nərə ilə bağırdı. Sonra elə bir qəhqəhə çəkdi ki, adəmdən xatəmə ətraf meşələr belə qəhqəhə eşitməmişdilər.
1913
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-nahaq-qan
Use ← → keys to move, R for a random poem
More by this author
Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.
Doqquz ay keçmiş– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?
Dərviş məsələsiAxşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsarətsiz bir səslə yoldaşına dedi:– Doğrusu, Cavad, mənim başım daha heç işləmir.
Sidiİlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi.Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağ və çirkə batmış paltarı əvvəlki rəngini çoxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işıldayırdı.
Poems by other poets
Mingəçevir dəryaçasında bizi gəzdirən gəminin yedəyində bir qayıq gəlirdi.*Suları sənmi yarırsan
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.