Ayrılıq axşamı
Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.
– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.
– Bəs sən haraya getdin? – deyə soruşdu.
– Mən çıxdım ki, sizə mane olmayım, – dedim. Murad vaysılanaraq qanı qaçmış əlini döşəyə çırpıb dedi:
– Aramız dəydi... Həmişəlik dəydi.
Marağım artdı, yoldaşımın halı məni də dərdləndirdi. Yarı qalxıb, yasdığıma dirsəkləndim.
– Söylə görüm, necə oldu? – dedim.
Murad istəməməzlik göstərdi. Təkrar rica etdim:
– Canım, mən sənə yad deyiləm. Bilirsən ki, sənin onunla evlənmən birinci məni şad edəcəkdi.
Murada yavaş səslə:
– Mən ölüm, burada qalsın. Bu əhvalatı heç kəs bilmir və bilməyəcək də. Xəstəlikdən bir az qurtaran kimi çıxıb Qafqaza gedəcəyəm.
Dərviş kimi başımı ətəyimə büküb, tərki-dünya olacağam.
Murad ürək-dirək verdim:
– Qardaş, – dedim, – özünü möhkəm tut. Uşaq deyilsən, otuz beş yaşın var. Sən hissə deyil, hiss sənə əsir olmalıdır.
Murad işgəncə əzabı çəkən bir məhkum kimi yerində qıvrıldı və əlini döşəyə çırpıb dedi:
– Ay qardaş, sən işləri dürüst bilmirsən. Səninlə bir otaqda yaşadığımız cəmi bir aydır. – Murad duruxdu, dili ilə dodaqlarını isladıb, sözlərinə davam etdi: – İl yarımdır ki, Şəfiqənin avarasıyam. Onu sevirəm.
Ömrümdə eşqin nə olduğunu bilməzdim. Necə gəldi, necə bəlaya tutuldum – xəbərim yoxdur... İnsan yatmaz imiş, insan əzab çəkərmiş, insan məhv olub bitərmiş... Bunların hamısı Şəfiqənin yolunda imiş!..
Qəribədir, bu ailəyə ilk gedən günü Şəfiqənin otaqda olub olmamasını heç də hiss etmədim. Böyük bacıları ilə deyib-danışardıq, gülüşərdik, bu da anasının yanına sıxılıb, heyran-heyran mənə baxardı. Bilmirəm, necə olmuş da qəlbim buna bağlanmış. Ora gedirəm, həmişə gözlərim onu axtarır, evdə olmayanda darıxıram. Artıq o mənim üçün bir hava idi – qəlbimin çarpıntısı, ciyərlərimin qanadlanması, bütün diriliyim ondan asılı idi.
Bir gün gedərkən onu evdə tək gördüm. Qarşı-qarşıya oturduq. Baxdım, baxdım, sifətində məlakə paklığı vardı. “Sən bir məbəddə oturaydın, bütün həyatımı ayaqlarının dəydiyi yerə qurban gətirəydim!” – deyə öz-özümə düşündüm...
Şəfiqə qoşa saçlarını əllərində oynadaraq:
– Nə düşünürsünüz? – dedi.
– Sizi düşünürəm! – dedim, öz cürətimə heyrət edib, şaşdım. Şəfiqə də diksindi, qızarmış üzünü yerə dikdi. Bir müddət ikimiz də lal kimi bir-birimizin üzünə baxdıq. Sonra Şəfiqə sıçrayıb, balkona çıxdı. O zamandan aramızda bir anlaşılmamazlıq oldu. Mən kədərli, o düşüncəli. O məndən ürkən kimi oldu...
Bir müddət ayrıldıq. Bir gün ondan məktub alıram, neçin bizi unutdunuz deyə şikayətlənir... Yenə getdim. Yenə əzab... Xəstələndim...
Bu gün məni yoluxmağa gəlmişdi. Fikrini anlamaq istədim; “Mən səni qardaş kimi sevirəm, başqa hissim yoxdur” – deyir, özü də ağlayır...
Murad sözlərini bitirdi. Gözlərindən yaş sel kimi axırdı.
Bir ay sonra Murad klinik təcrübəsini yarımçıq buraxıb, Bakıya getdi. İki il görüşmədik. Bir yay yolum Bakıdan düşdü. Muradı soruşdum. Evlənib, dedilər. Çox da xoşbəxt yaşayırmış. Görüşmək istədim. Buzovnada istirahətdə imiş. Fayton tutub getdim. Həyətin qapısından içəri girər-girməz məni görüb qoşdu. Qucaqlaşıb, öpüşdük. Əncir ağacının altına qoyulmuş ağ örtülü masanın yanına gəldik, məni yoldaşı Badisəba xanımla tanış etdi. Təqribən otuz yaşlı, iri gövdəli, qarayanız bu qadın çox mülayim və nəzakətli idi. Xidmətçi qız su gətirdi, yuyundum, sonra masaya oturduq. Tələbə həyatının əyləncəli xatirələri başlandı. Badisəba xanımın çox xoşsöhbət və zarafatcıl olduğu meydana çıxdı. Bundan istifadə edərək necə evləndiklərini sordum. Xanım qəhqəhə ilə güldü:
– Çox sadə, – dedi, – bir məclisdə görüşdük, o mənə o saat işarə etdi, mən də işarə ilə razılığımı duydurdum. Vəssəlam. Sonra neçə illik dost kimi yuva tədarükünə düşdük, ha-ha-ha!..
– Heç bir eşq fırtınası olmadı? – deyə zarafatla soruşdum.
Badisəba xanım yenə qəhqəhə ilə:
– Heç! Sakit dəniz yolçuları kimi, iztirabsız, arxayın... Zatən, təbiətimiz bir-birinə uyğun gəldi: mən də fırtına keçirməyi sevmərəm. Axı əzab çəkmənin lüzumu varmı? Onsuz da xoşbəxt olmadıqmı?
Badisəba xanım danışarkən Muradın üzünə baxdım. Gülər gözləri yoldaşının şən simasında dolaşırdı. O qədər məsud idi ki...
Xanım sözlərinə davam edirdi:
– Ancaq mən istərdim ki, Muradın gəncliyində bir fırtına olaydı.
Təəssüf ki, bütün xatirələrində buna rast gəlmədim. Muradın yeganə nöqsanını bunda görürəm, başqa qüsuru yoxdur, ha-ha-ha!..
– Olsaydı, qısqanmazdınızmı? – deyə sordum.
– Heç də yox! İnanınız, doğru sözümdür! Eşqi fırtına, məncə, mərdlik nişanəsidir, bu kişilərə zinət verir.
Son sözlərini söylərkən qadının üzü olduqca ciddi idi.
– Onda, – dedim, – müsaidə edin, sizə öz həyatımda başıma gəlmiş bir macəranı oxuyum.
Xanım böyük bir məmnuniyyətlə razı oldu. “Ayrılıq axşamı”nı oxumağa başladım. Murad məsələni anlayıb, gülümsəyir, xanım isə həyəcanlanaraq aram tapa bilmirdi. Hekayə bitdikdə Murad qəhqəhə çəkib güldü. Badisəba xanım düşüncədə idi; nəhayət, qibtə andıran bir səslə:
– Sizin yoldaşınız dünyanın ən xoşbəxt qadını olacaq! – deyib, köksünü ötürdü.
Murad şaqqıltı ilə güldü, mən də özümü saxlaya bilmədim. Xanım döyükdü:
– Nə olub? – deyə gah ərinin, gah mənim üzümə baxdı.
Xanımı bu vəziyyətdən qurtarmaq üçün dedim:
– Badisəba xanım, bu eşq fırtınası həqiqətdə sizin Muradın başına gəlmişdir.
Xanım yarı sevinc, yarı şübhəli bir halda üzümə baxdı.
– Namusum haqqı, doğru söyləyirəm! – deyə onu şübhədən çıxardım.
Badisəba xanım şən və məsud bir təbəssümlə Muradı süzdü və əlini kürəyinə vuraraq:
– İndi səni kişi gördüm! – dedi.
1913
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-ayriliq-axsami
Use ← → keys to move, R for a random poem
More by this author
Nuriçeşmə, – əvvələ səlamt üzrə bərqərar və payidar olasınız, və saniyən hər gah bu tərəfin ahvalatını xəbər alasınız, şükür olsun allaha sağ və səlamət varam və bir qəmim yoxdur suvayi sizin ayrılığınızdan qeyri. Xudavəndi aləm bir vəsiləyi-xeyr etsin ki, bir birimizi birdə görək. Və bir də köpəy uşağı, qudurub yolunuzdan çıxmısınız. Sözümə zadıma qulaq asmırsınız. Allah qırmış məni şəhərə gətirməyin, vallah, gəlləm sizi it unu kibi dağıdıb atanıza od vuraram. Sizdən zəhləm elə gedir ki, görmək istəmirəm. Min dəfə yazıram ki, oğul oxuduğun daha bəsdir, gəl yanıma alış-veriş edək, qulaq asmırsan! Elə deyək oxudun oldun pristav-nə çıxdı; qulluqdan bir gün qoğsalar acından öləsisən, ki öləsisən! Oğul gəl sən allaha bax, daşı ətəyindən tök, oxumağı qoy gəl buraya. Axır bilmirsən necə qazançlı sovda eliyirəm; kənddə hər üzünü vurursan. Bu gün bir motal aldım dörd manata; başından satırsan, sonra dönüb yerinə su tökürsən. Bir az satıb yenə su tökürsən. Ondan təzə penirin girvənkəsini alırsan altı qəpiyə, tökürsən motalın içinə, bir iki dəfə and içəndə, görürsən «axtarma» adına satılır. Xülasə, dörd manatlıq motal on beş manat pul çıxarır. Hər şey elə belə: bu gün on dörd qəpiyə şəkər alıb, qaynadırsan, içinə də bir az arı ölüsü, milçək ölüsü salırsan; görürsən girvənkəsi iki abbasıya xalis bal adına satıldı. Hər şey elə belə.Bu gün bilirsən ki tərəkəmə ildə bircə dəfə, bayram axşamı aş yeyir. Ondan yığırsan keçi piyi, mal piyi, nə bilim əlinə gələn şeyi qatıb əridirsən. Yağ rəngi vurub, saraldıb, girvənkəsi on şahıya kərə yağı adına satırsan. Elə hər şey belə. Məsələn, içilmiş çay qurusunu alırsan girvənkəsini iki şahıya, bir az soda vurursan rəngi qaralır, sonra çaya qatıb, Təbriz çayı adına girvənkəsini altı abbasıya gedə götürürlər. Tərtər düyüsünü alırsan yarıda xırda düyü qatırsan, çöllüdür də, nə qanır, görürsən akula düyüsü adına aldı apardı.
ToyToy vurulurdu. Zurnaçılar ordlarını şişirdib, gözlərini süzürdülər. Aşıq da sazı dıngıldadıb, yanğılı səs ilə oxuyurdu.«Mən bu dərədən ötmərəm / Çadramı yellətmərəm / Ağ saqqala getmərəm / Hoqqa baz oğlan gərək / Kəkili saz oğlan gərək...»
ÜçTacir Azad tez-tez arvadı Mehrini götürüb, qayın atası gilə oturmağa gedirdi. Qapıdan içəri girən kibi baldızları Məryəm və Ziba yüyürürdülər bunların qabağına. Azad baldızlarına həmişə sovqat gətirərdi: sabından, şirnidən; hər nə ağlına gəlsə idi. Qızlar Azadı çox istərdilər, və hərəsi onun bir tərəfində oturub, güləş üzlərini ondan çəkirtməzdilər. Məryəm on iki yaşında qırmızı yanaq, sadəlövh bir qız idi. Ziba sa ondan kiçik idi.Birdən Məryəm əlini Azadın saqqalına sürtüb deyirdi:
Sərhəd məsələsi– Min dəfə deyirəm bu zəhirmar çəpəri çəkəndə öz xarabanızdan çəkin!Bu sözlər ilə dəmirçi Kərbəlayı-Ağca həyətin kənarına gəlib, başladı «basarax» Kazımın təzə çəkdirdiyi çəpəri uçurmağa.
Poems by other poets
Könlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
KüsəyənlərəQoy nə deyir desin hər yetən çaqqal,Bir yerdə yaşadıq, ağardı saqqal.
Qəzəl: Sənin fərşin ki, zahid, buriyadırSənin fərşin ki, zahid, buriyadır,Həqiqət mənzilində bu riyadır