İlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi.

Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağ və çirkə batmış paltarı əvvəlki rəngini çoxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işıldayırdı.

Bir gün maşınıma sabunlu su tökərkən onu danışdırdım.

– Adın nədir? – dedim.

Məxrəcdən bir şeylər söylədi:

– Mənsur ibn Məhəmməd, – deyən kimi oldu.

– Haralısan?

– Əlcəzairli.

– Sənə nə üçün “Sidi” deyirlər?

Hiddətləndi, əllərini çırpdı və qoğasını götürüb getdi.

Mənsurun hiddətinin mənasını sonra anladım: “Sidi” Şimali Afrika ərəblərinə fransızlar tərəfindən verilmiş təhqiramiz bir ad imiş.

Doğrusu, Mənsuru incitdim, – deyə məyus oldum.

Bir gün mənə çəlik gətirəndə halını xəbər aldım, məndən məmnun qaldı.

– O günü mənə acığın tutdu? – dedim. – O sözün mənasını sonra öyrəndim. Fikrim səni təhqir etmək deyil idi.

Mənsur gülə-gülə sözümü kəsdi və fəna fransızcasilə:

– Zərər yox, müsyö – deyə yağlı əli ilə bir-iki dəfə çiynimə vurdu.

O vaxtdan bəri Mənsurla dost olduq. Məni gördükdə uzaqdan dişlərini ağardar və yaxına gəldikdə cəsarətlə əl verərdi.

Manövrlərə əl vermək işçilər arasında məqbul olmadığı üçün Mənsur məndən son dərəcə məmnun qalar və hər dəfə əlimi əlinə aldıqda səmimiyyətlə sıxardı.

Bir gün fəna bir xəbər eşitdim: il başı sərgisində fabrikimizin avtomobili müvəffəqiyyət qazanmamışdı. Nəticədə işçiləri yüzdə yüz qovmağa başladılar. Bizə növbət gələndən bir həftə əvvəl işçilərin arasında bir səs-küy düşdü. Bu fəci xəbəri hər kəs həyəcan içində birbirinə pıçıldadı.

Birinci növbət “sidi”lərin idi. Onlar qovulduqdan sonra sıra xaricilərə gəldi. Mən də o cümlədən işi tərk etmək məcburiyyətində qaldım. Aradan bir həftə keçdi. Mənsur gözümə dəymədi. Onu nə qəhvəxanalarda, nə də küçədə, görə bilmirdim. Halbuki, başqa yoldaşlarımıza ara bir rast gəlirdim. Bir dəfə sabah saat yeddidə bir fabrikin qapısında bir dəstə iş arayanlar arasında Mənsurla görüşdük. Dişlərini ağartdı, gözləri işıldadı və bir neçə adamın başının üstündən əlini uzadıb, əlimi sıxdı.

– Nə təhərsən? – dedim.

– Yaxşıyam, müsyö!

– O vaxtdan işsizmisən?

– Elə! – deyə gülümsədi və çiynindən aşırdığı torbasından bir parça çörək çıxardıb, yeməyə başladı.

Fabrikin önündə iki saata qədər durduq, nəhayət, qapı açıldı və yalnız bir dülgər lazım olduğunu elan etdilər.

O biri işçilər dağıldılar.

Mənsur mənə yanaşdı və ikimiz dərin bir sükut içində gözümüzə sataşan uzun bacalara doğru üz qoyduq.

Yenə eyni hal: saatlarca vaxt itirdik, nəticədə bizi işə almadılar.

Günorta idi. Yorğun bir halda Sena çayının kənarına yönəldik. Bir yük gəmisi qum boşaldırdı. Əvvəlcə tökülmüş bir qum təpəsinin üstündə oturduq. Sentyabr günəşi hələ hərarətini qaib etməmişdi. İsti qum mənə ipək yataq kimi gəldi – uzandım, həllənməyə başladım.

Lakin aclıq aman vermədi, iki gündən bəri ət yeməmişdim, bu gün isə çörəyə belə pulum qalmamışdı. Hər nə qədər uyumağa çalışdımsa da olmadı: Sena çayı və ətrafdakı bütün fabriklər başıma fırlanmağa başladı.

Durdum, oturdum. Mənsur çayın qırağında paltarını yuyurdu.

Məndən bir neçə qədəm o yanda yemək çantası yanında başqa bir işçi oturmuşdu. Salamlaşdım.

– Yoldaş, səndəmi işsizsən? – deyə soruşdu.

Başımı “hə” deyə tərpətdim.

– Haralısan?

Anlatdım.

– Mən də italyanam, – dedi. Mussolinin zülmündən qaçdım.

İşçilər arasında tanışlıq və dostluq tez əmələ gəlir, italyan ilə də aramızda dərin bir dostluq peyda oldu. Aclığımı duyub, çantasından mənə dürmək çıxartdı verdi, şərab təklif elədi.

Bir az qarnımı doyurub, tənbəkidən bir papiros lülələyib, dodağıma aldım və yenidən ləzzətlə qumun üzərinə uzandım.

Bir vaxt Mənsur məni ayıltdı. Təqribən iki saat yatmışdım. Durub getdik. Yolda fabrik və zavodlara baş çəkmədə idik. Çox qapılarda “işçi lazım deyil” deyə lövhələr asılmışdı.

Yolda bir işçi bizə bir adres verdi:

– Manövr üçün orada həmişə iş var, – dedi. Getdik. “Manövr”liyə meylim yox idisə də, əlac nə idi. Aclıq insanı hər şeyə məcbur edir.

Nə isə, ertəsi gün səhər saat yeddinin yarısında işə başladıq. Burası bir lokomotiv zavodu idi və “manövr” işi o qədər ağır və kirli idi ki, orada on gündən artıq dayanmaq qabil deyildi.

Durduq. İşimiz hər kəsin əmrinə hazır olmaq idi. Bizi bu tozlutorpaqlı zavodun bu başından o başına yortdururdular; ağır dəmirlər daşıyır və təskirə çəkirdik. Ara bir lokomotiv qazanını da təmizlədirdilər və oradan qapqara çıxırdıq.

Bir gün: “Sidi yaralandı”, – dedilər.

Bu qədər.

Zatən fabrik həyatında yaralanmaq və şikəst olmaq o qədər adi bir işdir ki, söhbət üçün bir dəqiqəlik mövzu belə təşkil etməz.

Mənsur da belə. Yaralandı, yəqin ki, dispanserə götürdülər, oradan da xəstəxanaya yollayacaqlar. İştə bu qədər.

Beləcə Mənsuru bir müddət qaib etdim. Ona dair kimsədən bir məlumat ala bilmədim. Bir az keçdi, ağır işə tab gətirə bilməyib, zavodu tərk etdim. Sonra yenə işsizlik, yenə aclıq, artıq dünyanı belə yadımdan çıxardım. Təbiidir ki, Mənsur da unudulub getdi. Bir-iki böhranlı ay daha keçdi. Bir gün Parisə gedərkən şəhər darvazasının birində Mənsura rast gəldim. Məni görüncə, daima olduğu kimi, dişlərini ağartdı və yenə eyni səmimiyyətlə əlini uzatdı.

Bir də nə gördüm: dörd barmağını qeyb etmiş...

Heyrət etdim. Mənsur isə məmnun bir halda anlatdı:

– Bir lokomotiv hissəsini yerə qoyarkən yoldaşımın ehtiyatsızlığı üzündən dəmir əlimə düşüb, dörd barmağımı əzdi. Məni yarımcan xəstəxanaya apardılar. Əməliyyat yapıldı. Barmaqlarımı kəsdilər.

Xəstəxanadan çıxdığım bir həftədir.

– Kəsilən barmaqlar əvəzində zavod sənə bir şey verdimi?

– Dörd yüz frank.

Məni fikir götürdü, öz-özümə “dörd yüz frank” – deyə təkrar etdim və düşünmədən Mənsura:

– İnsan barmağının biri yüz frankdır, yəni bir həftə ölüm-zülüm yaşamaq parası, – dedim.

Sözlərimi qurtarmadan mənə əsəbi bir qəhqəhə gəldi: şaqqıldayıb güldüm.

Mənsurun dişləri ağardı, gözləri işıldadı və şad bir halda dedi:

– Müsyö, dörd yüz frank məni bir ay görər. Bir aydan sonra isə, nə olar, nə olmaz... Sən iş tapdınmı?

– Yox.

– O yaxşı deyil, – deyə Mənsur barmaqsız əlini uzatdı, ayrıldıq.

1926

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qulluq və əsirlik

QULLUQ VƏ ƏSRLİK*“Böyük dura-dura kiçik danışmaz” – bu bizim ev tərbiyəsinin əməl əsasıdır.

17 min
Bizə ciddi mətbuat çoxdan lazım idi

BİZƏ CİDDİ MƏTBUAT ÇOXDAN LAZIM İDİ*On il olar ki, Qafqaz türkləri sabit bir mətbuata malikdirlər. Doğrudur, Rusiyada ilk qəzet nəşr edən Qafqaz türkləri olmuşlar, lakin bu qəzet uzun bir müddət davam etmədiyi üçün, mətbuatımız tarixi ancaq 1904-1905-ci illərdən başlanır. “Həyat” qəzeti ilə mətbuatımız yeni bir dövrə girib, yeni bir həyat sürməyə başlayır.

14 min
Ədəbi dövrün başçısı

ƏDƏBİ DÖVRÜN BAŞÇISI*1906-cı ildə Şuşada uzun bir xəstəlik keçirmişdim. Bir gün Haşımbəy Vəzirov (bilaxirə “Tazə həyat” və “Səda” müdiri) məni yoxlamağa gələrkən, cibindən rəngli bir jurnal çıxarıb, xoş bir sevinclə mənə verdi. Bu “Molla Nəsrəddin”in ilk nömrəsi idi. Hər şeyi bəyənməyən, həsədə qapılan Haşımbəy bu dəfə olduqca məmnun idi. Xatırımdadır, məcmuəyə dair bir çox mədhiyyələr söylədi. Qara tüklü əllərilə məcmuəni vərəqləyərək başdan-başa oxudu, oxuduqca da hər bir sətri xoş qəhqəhəsi ilə canlandırdı.

3 min
Teatr pərəstişkarı

TEATR PƏRƏSTİŞKARI*Bundan 35 il əvvəl Şuşa mədəni sahədə birinci sırada gedən şəhərlərdən biri idi. Iqtisadi bazası zəif, ticarəti get-gedə azalan əhali çıxış yolunu məktəbdə aramağa başlamışdı. Ən mütəəssübü belə övladını rus məktəblərinə göndərməkdən çəkinmirdi. O zaman Şuşada realni və şəhər məktəbi vardı. Bir az sonra rus-tatar məktəbi də açıldı. Buradakı tələbələrdən başqa Bakı məktəblərində, paytaxt ali məktəblərində (Qafqazda ali məktəb yox idi), Qori və Yerevan seminariyalarında da şuşalılar var idi. Yay aylarında başqa yerlərdəki tələbə və kənd müəllimləri (o vaxt türklər orta məktəblərdə müəllimlik etmək haqqına malik deyil idilər) Şuşaya toplanır, şəhərə mədəni bir həyat gətirirdilər: teatr tamaşası verilir, müsamirə düzəldilir, leksiyalar oxunurdu. Bunların hamısında da Əbdürrəhimbəy Haqverdiyev başçılıq etmədə idi.

2 min

Poems by other poets