Teatr pərəstişkarı
TEATR PƏRƏSTİŞKARI
Bundan 35 il əvvəl Şuşa mədəni sahədə birinci sırada gedən şəhərlərdən biri idi. Iqtisadi bazası zəif, ticarəti get-gedə azalan əhali çıxış yolunu məktəbdə aramağa başlamışdı. Ən mütəəssübü belə övladını rus məktəblərinə göndərməkdən çəkinmirdi. O zaman Şuşada realni və şəhər məktəbi vardı. Bir az sonra rus-tatar məktəbi də açıldı. Buradakı tələbələrdən başqa Bakı məktəblərində, paytaxt ali məktəblərində (Qafqazda ali məktəb yox idi), Qori və Yerevan seminariyalarında da şuşalılar var idi. Yay aylarında başqa yerlərdəki tələbə və kənd müəllimləri (o vaxt türklər orta məktəblərdə müəllimlik etmək haqqına malik deyil idilər) Şuşaya toplanır, şəhərə mədəni bir həyat gətirirdilər: teatr tamaşası verilir, müsamirə düzəldilir, leksiyalar oxunurdu. Bunların hamısında da Əbdürrəhimbəy Haqverdiyev başçılıq etmədə idi.
“Müsyö Jordan”, “Dağılan tifaq”, “Tamah” adlı əsərlərin oynanmasını güclə xatırlayıram. 1904-cü ildə oynanılan “Otello” yadımdadır. “Otello” Haşımbəy Vəzirovun tərcüməsi idi. Otello rolunu Haşımbəy özü oynadı. Bundan əvvəl uzun hazırlıq getdi. Erməni artisti Abelyan rəhbərlik edirdi. Əbdürrəhimbəyin də böyük iştirakı vardı. Xandəmirovun teatrı dolu idi. Oyun fəna keçmədi.
Əbdürrəhimbəy təbiətən mütəvaze, demokrat bir adam olduğu üçün ona qarşı yaş fərqi mülahizə olunmadan yoldaşlıq hissi duyurduq. 1905-ci ildən etibarən bizləri də səhnəyə cəlb etməyə başladı. Teatr məşqlərində bizi sevə-sevə öyrədir və şövqləndirirdi. “Adəm və Havva” da Adəm rolunu mənə vermişdi. 1905-ci ildə xanlıq evində tələbələr təşkilatı tərəfindən tikilən səhnədə Əbdürrəhimbəyin rəhbərliyi ilə bu əsəri oynadıq.
1907-ci ildə Bakıya gəlib realni məktəbə girmişdim. Əbdürrəhimbəy də Bakıda idi. “Islamiyyə” otelində yaşayırdı. Bir gün ilk yazdığım “Şaqqulunun xeyir işi” adlı hekayəmi götürüb yanına getdim. Ədəbiyyata böyük bir həvəsi olan, cəsarətsiz, utancaq bir gəncin halını təsəvvür ediniz. “Əcəba, Əbdürrəhimbəy nə deyəcək?” – deyə bütün yolu ürək çırpıntısı ilə düşündüm. Məni qarşılayan gülər və mehriban bir sima bütün həyəcanıma qələbə çaldı. Dəftəri açdı, başdan ayağa səhvlərimi düzəldərək oxudu, bəzi yerlərinə xarakteristik cümlələr əlavə edib, hekayəni bəyəndiyini dadlı sözlər və ifadələrlə bəyan etdi.
“Şaqqulunun xeyir işi”ndən sonra “Saranın hekayəsi”ni yazıb “Islamiyyə” yə gətirdim. Əbdürrəhimbəylə yan-yana Üzeyirbəy Hacıbəyli yaşayırdı. “Leyli və Məcnun”un üzərində çalışırdı. Sarabski və Hüseyn Ərəblinski buraya tez-tez gəlirdi. Opera da Əbdürrəhimbəyin iştirakı olmadan keçmirdi. 1908-ci il yanvarın 12-də “Leyli və Məcnun” un ilk qoyuluşuna getdikdə Əbdürrəhimbəyi dirijor kürsüsündə gördüm.
Əbdürrəhimbəy teatra xidmət etdikdə heç bir zaman özü üçün maddi məqsəd təqib etməmişdir. Ancaq xeyriyyə işləri üçün çalışmışdır. Bir yerə müvəqqəti də getmiş olsaydı, teatrı unutmazdı. 1909-cu ildə ona Aşqabadda rast gəldim. Qulluq üçün gəlmişdi. Gəncləri haman başına toplayıb “Firudini” məktəbinin faydasına olaraq bir spektakl düzəltdi. “Kimdir müqəssir”də Mahmud rolunu da mən öhdəmə götürmüşdüm.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-teatr-perestiskari
Use ← → keys to move, R for a random poem
More by this author
ANA VƏ ANALIQ BİR NEÇƏ SÖZ*Dörd-beş il var ki, arvad məsələsinə dair məlumat toplamaqdayam. Bunun nəticəsi olaraq “Arvadlarımızın halı”, “Qanlı göz yaşları” və arvadların ağır vəziyyətini təsvir edən bir neçə hekayə qələmə almağa müvəffəq oldum. Lakin bununla əsil məqsədimə çatmadım. Çünki böyük bir məsələ barəsində fikir və rəyi iki risalə vasitəsilə bəyan etmək mümkün deyil idi. Bu barədə bir xeyli kitabçalar yazmaq lazım gəlir. Ümidim bunadır ki, vaxtım olduqca düşünüb bildiklərimi yenə də məlum edəm.
Bir cavanın dəftəriBİR CAVANIN DƏFTƏRİ*22 mayis, 1905. Deyəsən atam getməyimə razı olacaq. Anama qaldıqda, o çoxdan razıdır. Məqsədim xalamı görüb, ziyarət etmək deyil – onu bir o qədər də könlüm istəmir – şəhərimizdən bıqmışam, qaçmaq istəyirəm. Tühaf deyilmi, orta məktəbin altıncı sinfinin tələbəsi hələ öz şəhərindən başqasını görməmişdir. Halbuki buralardan bıqdım, yoruldum; gözlərim yeni yerlər, yeni simalar, yeni üfüqlər görmək istəyir. “Yenilik” – deyə bütün varlığım hıçqırır. Gör atam nə deyir:
MillətpərəstlərMəşədi Qasım günorta vaxtı bazardan evə qayıdanda gördü küçədən əli kitablı bir balaca qız gəlir. Çox zənn ilə baxıb Məşədi gördü ki, qızın müsəlman qızına çox oxşarı var. İrəli yeriyib soruşdu:– Qızım, sən kimin qızısan?
VətənMənsur şeirPəncərədən baxıram. Pəh-pəh! Nə gözəl mənzərə, nə dadlı hava!.. Başmaq seyrinə çıxmaq meylindəyəm. Paltarımı geyirəm; papağım yoxdur. Ora papaq, bura papaq?.. Papağı (eyib olmasın) bizim uşaqlar aparıb, zibil arabası qayırıblar. Xülasə, geyinib evdən çıxıram. Pəh-pəh! Nə gözəl hava!.. Həzin-həzin əsən külək ruhuma ləzzət verir, bülbül, gül...
Poems by other poets
Seyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
Üç gözəlPirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,
Bir rəmzilə yarırn edər əhli-dilə qaş-gözBir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.
Fələyin ruzi-əzəl mən belə pərvərdəsiyəmFələyin ruzi-əzəl mən belə pərvərdəsiyəm,Ah, qəm ləşgərinin şövq ilə sərkərdəsiyəm,