Contents
  1. I. arvad əziz məxluqdur
  2. Iı. analıq hissi müqəddəsdir
  3. Iıı. arvadlara hörmət etməlidir
  4. Iv. arvada ixtiyar verməlidir
  5. V. analıq
  6. Vı. evdar arvad
  7. Vıı. arvad zövcəlikdə
  8. Vııı. arvadlar elmli gərək olsunlar
  9. Ix. anasız uşaqlar
  10. X. analı yetimlər
  11. Xı. analı uşaqlar
  12. Xıı. həqiqi ana

Page 1 of 7

ANA VƏ ANALIQ BİR NEÇƏ SÖZ

Dörd-beş il var ki, arvad məsələsinə dair məlumat toplamaqdayam. Bunun nəticəsi olaraq “Arvadlarımızın halı”, “Qanlı göz yaşları” və arvadların ağır vəziyyətini təsvir edən bir neçə hekayə qələmə almağa müvəffəq oldum. Lakin bununla əsil məqsədimə çatmadım. Çünki böyük bir məsələ barəsində fikir və rəyi iki risalə vasitəsilə bəyan etmək mümkün deyil idi. Bu barədə bir xeyli kitabçalar yazmaq lazım gəlir. Ümidim bunadır ki, vaxtım olduqca düşünüb bildiklərimi yenə də məlum edəm.

Hələlikdə “Ana və analıq”ı təqdim edirəm. Möhtərəm oxucular qüsurlarımı göstərsələr məni artıq məmnun edərlər.

Student: Yusif Vəzirov

Firuzə, avqust, 1914

I. arvad əziz məxluqdur

Təbiət arvadları xəlq edəndə bunlara böyük bir vəzifə verib: insanların artmasını, tərbiyəsini və salamatlığını bunlara tapşırıb. Kişilər insanların artmasında müvəqqəti olaraq iştirak etdikdə arvadlar ömürlərinin çoxusunu bu yolda sərf edirlər. Hər uşağı doqquz ay qarınlarında daşıyıb cürbəcür əziyyət və məşəqqətə davam edirlər, onların salamatlığı yolunda öz istirahət və rahatlıqlarından əl çəkirlər. Bala doğulub dünyaya gələn kimi özünü anasının qucağında görür. Arvad bu zaman yeni bir dairəyə girib analıq kimi pak bir vəzifəni ifaya başlayır. Arvad üçün burada yeni bir meydan – fədakarlıq meydanı açılır. Uşaq nə qədər doğulmamışdı, ananın qanı ilə pərvəriş tapırdı, indi isə ananın südü ilə canlanır, böyüyür. Deməli, ana öz balasının uğrunda canının əziz və qiymətli mayasından əl çəkir. Hələ bununla iş qurtarmır, ana cəmi fikrini övladının xoşbəxtliyinə sərf eləyir: ona tərbiyə verir, pisi və yaxşını başa salır, dostunu və düşmənini tanıdır. Onun sağ-salamatlığı üçün var qüvvəsini əsirgəmir. Bala azarladımı, ana da onun azarına şərik olur, bala bişüur oldumu, dərdini ana çəkir, balanın xoşbəxtliyinə bir xətər yetdimi, ananın ürəyi sızıldamağa başlayır.
Övladı öləndə ana yeməkdən-içməkdən əl götürüb, gününü göz yaşları ilə keçirir və cəmi ömrünü qəm dəryasına döndərir. Balalarının dalınca anaların özlərini yanar odlara, dərin dənizlərə vurub fövt eləməkləri adi işlərdən biridir. Çünki analıq fədakarlıqdan, fədakarlıq da analıqdan ibarətdir. Bu iki ləfz bir-birindən ayrı yaranmayıb. Təbiət ananı xəlq edəndə onunla bərabər fədakarlığı da yaradıb və ziqiymət hədiyyə olaraq ona əta edib. Fədakarlıq arvadların mənəvi zinətidir ki, ondan uca heç bir şey ola bilməz. Pəs, arvad təbiətin dostudur, onun ən sevimli məxluqudur. Çünki arvad öz balaları yolunda fədakarlıq etdikdə insaniyyət yolunda fədakarlıq eləyir, onların dərdinə qaldıqda insaniyyətin dərdinə qalır. Onlar hamiləlik zəhmətinə, doğmaq əziyyətinə davam etməsələr, balaları hər bir xətərdən hifz eləməyə hazır olmasalar, insaniyyət yox olub gedər. Arvad üç-dörd balanın yox, cəmi insanların mürəbbisi olub onlara dirilik kimi əziz bir şeyi verəndir.

Analar böyük vəzifələrini ifa etdikdə heç bir əvəz almaq fikrində olmurlar. Çünki əvəz adi insan arasında, xüsusi işlərdə olar. Analıq isəb xüsusilikdən çox uzaqdır. Analıq o qədər ucadır ki, öz-özlüyündə elə bir müvəffəqiyyətdir ki, ona nail olmağa biz kişilər layiq olmamışıq. Bu imtiyaz təkcə arvadlara verilib.

Iı. analıq hissi müqəddəsdir

Qədim yaponlar bir xeyli allahlara etiqad edirdilər. Bu allahların başçılığı arvad əlində idi, adına Amatərasu deyirdilər. Amatərasu Günəş ilahəsidir (...) Dürüst fikir etdikdə bu etiqadda dərin bir fəlsəfə olmağını düşünürük: dünyaya Günəş işıq və istilik bağışlayıb dirilik verən kimi, arvad da insaniyyətə belə xidmətdə bulunur. Amatərasu allahlar cərgəsində olub onlarla əlahiddə bir əlaqədə bulunan kimi arvad da uca vəzifəsi ilə allaha yavıqlaşır. Onun uca məqsədinin əmələ gəlməsinə xidmət edir. Belə olduqda arvadların xilqətində bir müqəddəslik olmağı aşkardır. Bu müqəddəsliyə qədim almanlar da etiqad edirdilər. Bu səbəbdəndir ki, qədim almanlar bir iş başladıqda arvadlarla məsləhət və məşvərətdə bulunurdular (...)

Arvadın allaha yaxın olub onun müqəddəsliyinə şərik olması fikri türk milləti arasında da müşahidə olunur. “Ata və ana övladın kiçik tanrısıdır” məsəli zənnimizin doğruluğunu isbat eləyir. Heyfa ki, qaba və riyasətpərvər kişilərimiz qara bulud kimi, bu nuru örtüb gizlətmək istəyirlər. Arvadlar üçün çarşablar, qıfıllar, uça divarlar icad edirlər. Elmdən uzaqlaşdırıb fikirlərini, zehinlərini qaranlıqlar ilə əhatə edirlər. Bunlara baxmayaraq allah səsi arvadların qulaqlarından çəkilmir, deyir: “Ey əziz məxluq. Sənsən fikirlərimin vasitəsi. Arvad olduğunu unutma”.

Bunun üçün arvadlarımız doğmağa, övlad anası olmağa həris olurlar. Hansı arvadın övladı olmadı, onu özünə böyük dərd hesab eləyir. Ana olmaq yolunda əlindən gələni müzayiqə eləmir. Həkim yanına gedir, dava-dərman yeyir, falçılara müraciət eləyir, dualar və ocaqlar gücünə ümid bağlayır.

Arvadlarımız yaranışlarının müqəddəsliyinə gözəlcə inanırlar. Hər kəs onlara zülm etsə, dostları allaha müraciət edirlər, “Qara saçın naləsi yerdə qalmaz” deyirlər. Arvad döşləri əlində nalə eləsə və ya başının tükünə şam bağlayıb uca qüllədən və məscidin minarəsindən assa, xalqın nəzərincə, o arvadın səsi allah tərəfindən eşidilər, istədikləri əmələ gələr.

Bunlardan savayı ana südündə bir hikmət olmağına camaatımız etiqad eləyir. Analar övladlarına acıqlandıqda deyirlər: “Südüm səni tutsun”, “Südümdə varsa, sənə göstərsin”, “Südüm burnunun deşiklərindən gəlsin”.

Random poem

More by this author

Poems by other poets