Litva tatarlarının tarixi
Contents
- I. litvanyada birinci tatar mühacirləri
- Iı. knyaz vitovt zamanı
- Iıı. lıtvanyada tatar axınının
- Sonrakı davamı
- Iv. litvanya tatarlarının üçüncü sıqızmund
- Ulusundan əvvəlki halları
- V. üçüncü sıqızmund zamanı sıxıntıları
- Vı. yeni poloniya qanunları və tatar
- Vıı. rus qanunları
- Vııı. lıtvanya tatarlarının sayı
- Xıx əsrin ortalarındakı xəbərlər
- Ix. litvanya tatarlarının
- Məişətinə dair
- X. xülasə
Page 1 of 5
LİTVA TATARLARININ TARİXİ MÜQƏDDİMƏ
Böyük Avropa müharibəsi bir çox millətlərə zərbələr vurduğu kimi, Litva tatarlarına da toxundu və əsrlərdən bəri Litvada, Lahistanda və Volında gəlmə olan tatarlar torpaqlarını və məskənlərini tərk etməyə məcbur oldular. Bu gün bu tatarların bir çoxunu Krımda görürüz: generallar, zabitlər, hüquqşünaslar, doktorlar, məmurlar və bir çox sənətçilər. Əvvəlcə vətənlərindən yay və qılıncdan başqa tişa bir şey götürməyən tatarlar, bu gün (tişdan) elm və fünun ilə təchizli olaraq geri dönür. Lakin çox yazıq, ana dillərini qeyb etmişlər. Bizim islamlıq və türklük borcumuz: Litvanyalı qardaşlarımızı hörmət ilə əski vətənlərinə qəbul etmək və onlara türk dili öyrətmək. Bu bizim həpimizin müqəddəs vəzifəmizdir. Krım tatarı münəvvər sinfinə çox möhtac olduğu üçün zəruri ehtiyacı bir parça dəf edərlər, zənnindəyiz.
Bu kaç səhifəlik risalə ilə əgər Litva tatarlarina dair rəğbətləri qazanan məlumat verə bilərsəm, məqsədimə müvəffəq oluram. Yeganə məxəzim Peterburq professoru A.Muqlinskinin zildə yayılan risaləsidir. “İssledovanie o proisxojdenii i sostayanii litvanskix tatar”.
Professorun əsəri yetmiş sənə əvvəl meydana çıxmış və təbiidir ki, bəzi məlumatı əksimiş olduğundan onlardan istifadə olunmadı.
Y.V.
I. litvanyada birinci tatar mühacirləri
Rusiya müvərrixlərinin verdiyi məlumata görə Altun Ordu tatarları Özbək xan zamanından Böyük knyaz Nedemin məmləkətinin cənub tərəflərinə hücum edərdilər və yağmalar yapdıqdan sonra bir çox əsir də alırdılar. Şübhə yox ki, tatarlardan da əsir sifətində Litvanyada qalırdı. Əskidən bəri rus və Litva hökmdarları maaş ilə tatar bölükləri saxlayırdılar. Bunlar düşmənlər ilə vuruşduqda çox sədaqət və cəsurluq göstərirdilər. Knyaz Nedemin 1319 sənəsində tevtunlara qarşı açdığı müharibədə ordunun birinci səflərində tatar əsgərləri vuruşurdular.
Zatən türk-tatar qövmlərinin cəngavərliyindən bir çox hökmranlar istifadə etmişlər. Islam xalqları məmləkətindəki üsyan və yaxud valilər itaətsizliyində türk qövmləri vasitəsilə mübarizə edirdilər. Cənub-şərqi Asiyada türk qövmləri kəndi iqtidarını duyaraq məmləkəti idarədə böyük rollar oynayırdılar. Istədikləri adamları iş başına gətirirdilər. Və rəğbətlərini qazanmayanları taxtından endirirdilər.
İslam padşahlarina para ilə xidmətdə bulunan türk-tatar qövmləri xristianlara da xidmət edirdilər.
Şübhəsiz ki, knyaz Nedem tatarlara torpaq paylayaraq müharibədən sonra məmləkətində saxladı. Françisqan ordeninə mənsub tarixnəvis 1324 sənəsində qeyd ilə yazır: Litvanya məmləkətini xristianlıq dininə hidayət etməsi üçün göndərilmiş qardaşlarımız bütün milləti müşrikliyə qərq olmuş və əndişəyə tablayan gördülər. Bunların arasında bəlli olmayan bir xan ölkəsindən gəlmiş, ibadətlərində Asiya lisanı kullanan asiflər var imiş. Bir çox zaman tatarları “Asif” deyə təsmiyə etmişlər. Məzkur xan da Özbək xan olmalı.
İştə Litvanya birinci tatar mühacirləri bu zamandan başlayaraq tarix səhifələrində görünür. Sonra Litvanyanın Polonya və Almanlar ilə yardığı müharibələrində tatarlar cəsarət və sədaqətlərilə Litvanya bayraqlarını yüksəltmişlər.
1558 sənəsində Sultan Süleymanın vəziri Rüstəm paşa üçün bir Litvanya tatarı tərəfindən yazılmiş “Risaleyi-tatarlar” adlı kitabçada bir Canı bəyin xatirəsi var. Litvanya tatarlarının rəvayətinə görə, Canı bəy islama sadiq və ehkamının naşiri olduğu üçün bir kaç dəfə Lehistana hücum ctmiş və bir çox müsəlmanı orada tərk etmiş. Canı bəyin səfərinə dair Polonya tarixində də söylənilir. 1343 sənəsində tatar hücumuna qarşı Böyük Kazimir çıxmış, Livlin altında onlara qələbə çalmışdır. Canı bəyin başqa hücumlarına dair tarixdə bir əsər görünməyir.
Iı. knyaz vitovt zamanı
Litvanya tatarları üçün ən parlaq bir dövr Şimali Avropanın müqtədir hökmdarlarından böyük knyaz Vitovtun dövrüdür. Cəsurluğu, təcrübəsi və zəkiliyi ilə Vitovt bütün qonşu dövlətləri qorxu altında saxlayırdı. Otuz səkkiz sənə arası kəsilməyən yardığı qanlı müharibələr ilə Rus məmləkəti, Altun Ordu işlərinə müdaxilə və təsir edirdi. Hərblərdən zəfərlər qazanaraq Vitovt səltənətini Şərq dənizindən (Baltik olmalı) Qara dənizə və Poloniyadan Uzaq Şərqə doğru yürütdü. Osmanlı sultanı dördüncü Muradın müvərrixi Becəvi yazdığı “Osmanlı milli tarixi”ndə (1520-1630) tatarların Litvanyaya böyük miqdarda köçmələrinə Vitovtun cülusu zamanına isnad verir. Bu xəbərin doğruluğunda şübhə yeri qalmayır. Çünki Becəvi bütün əsərlərində mötəbər mənbələrdən istifadə etmiş.
Qıpçaq xalqını təsvir edərək Becəvi əlavə edir: “Dəhşətli Teymur Qırçağa gəldikdə (1391) tatarların bir çoxu əsir alınıb öldürüldü. Tatar qövmünün bir çoxu Poloniyaya (Litvanya olmalı) qaçdı. Şimdi də altmış tatar köyü orada sükunət etmədədir. Başqa millətlər Teymura təbəət etdilər və üç gecə onun ilə yan-yana Idildə Toxtamış xana qarşı vuruşdular və Toxtamışı qaçırdılar”.
Litvanya tatarlarının rəvayətinə görə mühacirlərin sayı 40 min imiş. Böylə də olmalı. Bunlar kəndi arzularına istinadən Vitovtun təbatini qəbul etmişlər. Beş sənə sonra Toxtamış xan əsgərləri ilə bərabər Vetovta qısıldı və Knyazın mərhəmətilə “Leyda” şəhərində qərar tutdu. Vitovt Toxtamışa yardım verməsini vəd etdi. Ümidi bu idi – bütün rus knyazlarını müqtəhidən ümumi düşmənə qarşı vuruşmaya sövq etsin. Olqardin tatarlara çaldığı qələbə rus müttəfiq knyazları ruhlandırdı və bu ittifaqa Moskov hökmdarı Vasili də daxil oldu. Qət olundu-səfəri 1397 sənəsinin sonu başlasınlar. Toxtamışın qövmləri də qoşularaq müttəfiqlər “Don” nəhrini keçdilər. Ozov ordusuna zərbə vurdular və iləriyə doğru qovdular. Əsir götürülən bir kaç ulusunu və başqa rəvayətə görə kaç min tatarın bir hissəsini Vitovt Poloniyaya qardaşına göndərdi. Bunlara burada xristianlığı qəbul etdirdilər. Bəzilərini isə qadınları və çoluq-çocuğu ilə Litvanyaya sürdürdü. Könüllü mühacirlər ilə əsirlər Ziladəki mövqelərdə məskən qurdular. Vilna şəhərində, Vilnadan on dörd verstlik məsafədə “Vaqi” nəhrinin kənarında, şimdiki Vilen quberniyasının Teruq, Oştyan Valeyda uyezdlərində, Minsk quberniyasının Lovoqrisk uyezdində, Qrodnensk quberniyasının Brest uyezində; Volında və Avquştav quberniyasında Knyaz Vitovt mühacirləri boş torpaqlara dəvət etmək üçün onlara bir çox imtiyazlar verirdi: bu yolda “busurman” (kafər) təsmiyə olunan müsəlmanlar ilə xristianlar arasında fərq görülməyirdi. Rusiyada işlər başqa idi. Burada əsirlər böyük knyazlara, çarlara və yaxud xüsusi şəxslərə mal olurdular. Müsəlmanlar xüsusi ələ keçdikdə tam mənasıyla qul olurdular. Knyaz Vitovt isə müsəlman əsirlərinə hərbi xidmətdə bulunmaq şərtilə kafi miqdarda torpaq əta edirdi. Bu torpaqlar tatarların malı olaraq öldükdən sonra övladlarına və əqrəbalarına keçirdi. Əvvəlcə tatarlar həyatlarında torpaqları satmağa, bağışlamağa haqlı idilər. Bu əmlakın panlar əlinə keçməsinə səbəb oldu.
Rusiyada tatarların şəhərlərdə sakin olmasına mane olurdular. Daha doğrusu, onları oradan qovurdular. Vitovtun məmləkətində tatar üçün heç bir maniyyət yox idi. Hətta dövləti vergilərdən belə xilas olunmuşdular. Din və ayinlərində hürr buraxılmışdılar. Onlara bu yolda heç bir təzyiq olunmuyordu.
Litvanya padşahı Vitovtun müsəlmanlara olan mərhəmətini izicilərdən kimsə inkar edəməz. Bunun əvəzində tatarlar da Vitovtu sevərdilər və onun əsgərlərilə bir yerdə Litvanya düşmənlərilə vuruşurdular.
Vitoytun adını “Vedad” və yaxud “Veted”deyə yad edirdilər. Birinci Ziqizmunda 1519 sənəsində təqdim etdikləri ərzi-hallarında tatarlar Vitovta olan rizalıqlarını böylə bayan edirdilər: “Gözəl Vitovtu qayb etdik onun sayəsində peyğəmbərimizi unutmadıq, onun üçün ibadət zamanı üzümüzü qibləyə tutduqda xəlifələrimizlə bərabər Vitovtun da adını yad edirik. Litvalılar bizi əsir olaraq himayə etdilər. Torpaqlarına ayaq basdıq, bizi əmin etdilər bu torpaq, bu su və bu ağaclar bizim üçün ümumi olacaq. Vitovt bizim övladlar arasında bəllidir: Onu Tuzlu Göllər (Krımda) ətrafında tanıyorlar və Qipçaq da bilir ki, biz torpağımızda qərib deyiliz”.
Vitovt Qaraimlər ilə də eyni müamilədə bulundu və Krımdan Litvanyaya köçürdüyü dörd yüz ailəyə bir çox imtiyazlar verdi. Qaraimlər Vitovtun adını xeyir və dua ilə yad edirdilər.
Litvanyanin mərhəməti tatarların könüllü mühacirətinə meydan açdi. Daxili qailə və dərəbəylikdən bıqanlar hər Litvanya səltənətinin sayəsinə sığındılar. Toxtamış xana taxtını əda etmək qəsdilə Vitovt 1398 sənəsində Teymura qarşı səfərə çıxdı. Litvalılardan, ruslardan Toxtamiş xan tatarlarından Poloniya, alman və Vuluş alaylarından mərkəb böyük bir qüvvə toplanmışdı. Tarixnəvislərin məlumatına görə yalnız knyazların sayi əlliyə qədər idi. Əsgərlərin cəsur müdafiələrinə baxmayaraq Vitovt məğlub oldu və yalniz qaçıb canını qurtara bildi. Litvanyanı başdan-başa pozub bərbad etdilər.
Bu müvəffəqiyyətsizlikdən sonra Vitovt Xanlar ilə müharibəyə girişmədisə də, onların işlərinə müdaxilə etməkdən vaz keçmədi və daima Toxtamış xanın övladlarının mövqeyini qüvvələndirməyə çalışdı. Bunların bir çoxu Litvanyada ətrafdakı adamlar ilə yaşayırdı. Əbədi sükunətə qərar verənləri də oldu. Tatarlardan elçilər gəlirdi, hədiyyələr gətirirdilər. Vitovt ilə tatar arasında bir ittifaq zühur etmişdi.
Tevtunlar ilə Kral Yaqoyeva arasında 1410 sənəsində başlanan müharibə zamanı Vitovt ordusunda müttəfiq tatarların otuz minlik bir qüvvəsi var idi. Tatarların komandanı Toxtamış oğlu Cəlaləddin idi. Cəlaləddini Polonya müvərrixləri səhvən “Səlahəddin”adlandırmışlar və yaxud “Taxta Mirza Atnun” və “Toxtamış oğlu”dan qaliba yanlış. Ruslarsa Cəlaləddini “Zeleni”, “Zelet” və yaxud “Zedi” deyə təsmiyə etmişlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-litva-tatarlarinin-tarixi
Use ← → keys to move, R for a random poem
More by this author
Lüqsemburq bağı. Xiyabanın bir tərəfində geniş çəmən görünür. Ətrafı ağac və çiçəkliklə əhatə olunmuşdur. Ağaclar arasında heykəllər düzülmüş. Xiyabanın iki tərəfinə iskəmiyələr qoyulmuşdur. Mürəbbiyələr arabacıqda çocuqlar gəzdirirlər. Cürbəcür kişi və qadınlar gəlib keçir. Bəhicə bir iskəmiyə üzərində oturub qarşıdakı mənzərəni tabloya köçürür. Sabah günəşi ağacların altına sarı ləkələr səpmişdir.İbadulla** (gülümsəyərək yaxınlaşır. Bəhicə ayaq səsini eşidirsə də, əhəmiyyət verməyir). Bonjur, Bəhicə xanım (şlyapasını çıxarır və əl verməyə cəsarət etməyərək, ayaq üstə qalır).
Yeddinci şəkilBəhicənin atelyesi. Geniş pəncərəli yüksək bir otaq. Sağ tərəfdə bir qapısı var. Divarlardan bir çox*şərq janrlı tablolar asılmışdır. Bir tərəfdə molbert üzərində qurtarmamış bir şəkil qoyulmuşdur, yanında*
Birinci hissə“İbrahim xan... hüzuruna yaxın, qulluğunun nədimi, baş katibi və dövlətinin möhkəm bir sütunu*olan qazaxlı Molla Pənah Vaqifi yanına çağırdı. Vaqif kamal, ədəb və elm sahibi bir sima idi. Əgər*
İkinci hissə1**Şimaldan gələn xəbərlər saray mühafillərində böyük əndişələrə səbəb olurdu. Tiflisdən Mirzə Əliməmməd ağaya yazıldığına görə, şimali Qafqazdakı Qızlar qalası tərəfə rus qoşunu toplanırmış, İraklinin yanına bir rus gəlib, nə isə danışırmış...