Page 1 of 20

“İbrahim xan... hüzuruna yaxın, qulluğunun nədimi, baş katibi və dövlətinin möhkəm bir sütunu

olan qazaxlı Molla Pənah Vaqifi yanına çağırdı. Vaqif kamal, ədəb və elm sahibi bir sima idi. Əgər
Çinin fəsahət səhrasının ahusu, onun səlis təbinin sünbülüstanında pərvəriş tapan qəzəllərin maralı ilə
bərabərlik iddiası etsə, tamamilə səhvdir. Əgər bəlağət bədəxşanının ləli, onun sinəsinin xəzinəsində
toplanmış parlaq beytlər və çox az tapılan qiymətli mirvarilər qarşısında xəcalətindən qızarsa, tamamilə
düzgündür”.
Mirzə Adıgözəl
**

“Birincisi, Vaqif təxəllüslü mərhum Axund Molla Pənahdır ki, tədbirli və kamallı məşhur vəzir idi
və Iranda, Rumda olduqca şöhrət tapmışdır. Onun türkcə yazdığı aşiqanə şeirləri indi də dillərdə
əzbərdir”.

Mirzə Camal
**
“Hər oxuyan Molla Pənah olmaz”

Məsəl
1

Dan yeri sökülürdü. Bağrıqanın1arxasından başlayaraq göyün üzünə tutqun şəfəq çəkilmişdi. Havada xəfif bir sazaq var idisə də yazın ağacları oyadan ilk yeli bu sazağa bir xoşluq verirdi. Ətrafda xoruzlar banlaşır; bazardan yuxusuz darğa şagirdlərinin kal səsləri səhərin sükutunu pozaraq kədər saçırdı.

Bir şaqqıltı eşidildi: sarayın darvazası açıldı, orada qaraltılar səyrişdi, cəsarətsiz qırıq səslər gəldi. Çox çəkmədi ki, bir neçə adam içəridən dışarıya doğru səpildi, arxadan atlılar görünməyə başladı. Ci-

Iki od arasında” romanının bu nəşrində 1968, 1976, 1986, 2002-ci il nəşrləri əsərin əlyazması ilə tutuşdurulmuş, ideoloji-siyasi mülahizələrə görə əvvəlki nəşrlərdə yol verilmiş “təmizləmələr”, dəyişmələr aradan qaldırılmış və ixtisarlar bərpa edilmişdir (Red.).

lovdarlar atların başından yapışıb, aramla yürüyür, nökərlər, zinpuşçular, məaflar2 onları izləyirdilər. Qafilə bir az irəliləyib sağ tərəfə, qala qapısına doğru döndü. Bir-iki nökər yüyürərək şəhər qapısı keşikçilərinə xəbərə getdi. Dəmir qapıların sanballı qıfılları zırınqıltı ilə açıldı, ağır mandallar cəftələrdən çıxarıldı, bir dəqiqədə qapılar taybatay açıldı, qaranlıq tağlara gün çıxandan qızartdaq şəfəqlər düşdü. Qapının səkilərində bir sıra keşikçi durub, əllərini döşlərinə qoyaraq intizarla qafiləni gözləyirdi. Bunların içərisində yapıncılı ləzgi və qumuq, Cavanşir elinə mənsub sallaq bığlı, qolsuz kürklü atıcılar var idi. Qılınc və xəncərlərin gümüş qəbzələri, tüfənglərin bəndləri sönük parıltı saçırdı.

Qafilə yanaşdı. Keşikçilər artıq ikiqat olmuşdular, gözləri yerdən başqa heç bir şey görmürdü. Öncə gələn atın üstündə ağır gövdəli, ağ çadralı bir xanım oturmuşdu. Bu, İbrahim xanın arvadlarından Şahnisə xanım idi. Dan yerinin şəfəqi xanımın üzünə düşən kimi gözlərini qıydı, üzünü qırışdıraraq:

– Uşaqlar, necəsiniz? Yaxşısınızmı? – dedi.

– Sağ olun! Sağ olun, xanım! Üstümüzdən əskik olmayasınız! – deyə cürbəcür səslər eşidildi.

Qafilə qala qapısını çoxdan tərk etmişdi, lakin hələ də ikiqat qalmış keşikçilər razılıq etməkdə idilər.

Yavaş-yavaş işıqlanırdı. Göydə bir bulud parçası belə yox idi; şərq tərəf kəsilmiş qarpız kimi qızarırdı. Indiyə qədər davam edən sükutu Şahnisə xanım pozdu; sol tərəfində atda gedən qızı Kiçikbəyimə dönərək:

– Ay qara qız, – dedi, – deyəsən yorğunsan, bənizin qaçıb... Axşam sənə dedim ki, az oyna, az atıl-düş. Qulaq asmadın.

Kiçikbəyim albalı rəngli dodaqlarını xoş bir əda ilə büzdü, qaşlarını süzərək:

– Ay ana, ildə bir gecə çillə çıxır, onu da deyə-gülə keçirməyəsən, doyunca oynamayasan... Heç olarmı? – dedi, sanki gecə sabaha qədər xoş keçirdiyi vaxtı xatırlayıb nəşələndi və qəhqəhə çəkib, ürəkdən güldü. Bəyimin gülüşü arxadan gələn qədimi3Babanı da mürgüdən ayıltdı; qırışıq üzü açıldı, topa saqqalını tərpədə-tərpədə:

– Xanım, təsəddüqün4 olum; cavanlıqdır. Qoy əylənsin! Bəyimin bu saat qızlar bulağından su içən vaxtıdır... – dedi, susdu və sanki başında dalğalanan xatirələr onun sözlərini qırıb tökdü. Şahnisə xanım yarı çevrilərək dodaqlarında imalı bir təbəssüm oynatdı:

– Ay Qədimi, – dedi – deyəsən cahıllığın yadına düşdü. Qorxma, çox qoca deyilsən, gecəki oyunundan gördüm; hələ süzə bilərsən.

– Xanım, başına dönüm, nə deyirsən, sən mənim nə vaxtımı gördün... Məni rəhmətlik Pənah xanın zamanında at belində görəydin... Qırğı kimi idim.

Baba bir ah çəkib atın üstündən dikəldi, şallağı ilə sağ tərəfdə görünən topxananı göstərdi:

– Bax, başına dönüm xanım, iyirmi il olar, Fətəli xan Əfşar o döşdən tutmuş bu Şüşü dərələrini qoşunu ilə doldurmuşdu, bax, ağzı yuxarı Qalaya tərəf daraşmışdılar. Pənah xan rəhmətlik toplara od qoydurdu, yer, göy lərzəyə düşdü... Bu indi keçdiyimiz Gəncə qapısı açıldı. Atları götürtdük... Dərələrdən sel kimi, təpələrdən yel kimi axıb töküldük... Fətəli xan o gedən oldu, getdi.

Babanın hələ də şallağı havadan asılı qalmışdı. Sanki yenə də bəzi şeylər söyləmək istəyirdi. Çal qaşları altından baxan xırda gözləri atəş saçırdı.

Şahnisə xanım onu sancmaq məqsədilə yenə gülümsünərək:

– Axırı nə oldu, a Qədimi? – dedi. – yenə sizi aldatdı, İbrahim xanı da zaval apardı.

Baba əlini havadan salıb, qeyzlə xəncərinin dəstəsindən yapışdı, dili dolaşa-dolaşa dedi:

– Xanım nə buyurursan... Qasid yolladı... Şirin dilini işə saldı... Qızını İbrahim xana vermək istədi... Amana gəldi... Biz də İbrahim xanın dalına düşüb, Xocalı düzünə barışığa getdik... Qoyunlar kəsilib, qazanlar asılmışdı... Nə bilək ki, ilqarından dönəcək, bizi də İrana zaval aparacaq...

Kiçik bəyim lağ ilə:

– Ay lələ, – dedi, – bəsdir, xoruzlanma, daldan atılan daş topuğa dəyər.

Baba qollarını ata-ata yenə danışmaq istədi, lakin öskürək onu boğdu. Bir daha danışa bilmədi.

Şahnisə xanım Qədiminin öskürəyinin səbəbini duyub, ona çubuq çəkməyə rüsxət verdi.

– Baba üzürxahlıq etdi:

– Xanım, başına dönüm, bihörmətlik olar, xəcalət çəkərəm.

Kiçikbəyim anasının əvəzinə:

– Zərər yoxdur, lələ, çək! Çubuğu doldur, – dedi.

Baba bir-iki dəfə üzr istəyib, tənbəki kisəsini çıxardı. Gümüş zəncirli çubuğu doldurdu. Qovu çaxmaq daşı ilə alışdırıb, çubuğu yandırdı.

Tüstünün iyi xan ailəsinə əziyyət verməsin deyə baba atını yavaşıtdı və əlli addımlıq bir məsafədən qafiləni izləməyə başladı.

Dan yeri parlayırdısa da günəş hələ Bağrıqanın arxasından çıxmamışdı.

Xoş bir yel İnsanı oxşayır, köksünə sirli bir fərəh doldururdu.

Yol getdikcə yalçın qayalardan Daşaltı çayına qədər ilan kimi qıvrılaraq enirdi. Atlar addım-addım yürüyür, tez-tez ayaqları sürüşürdü. Cilovdarlar atların yüyənindən bərk yapışıb arabir onlara acıqlanırdılar.

Kənizlər atdan düşüb Şahnisə xanımın qılçalarından yapışmışdılar.

Kiçikbəyim də atı cilovdara verib, Məmməd bəylə öndə yürüyür və kəsmə yollarla qayalardan sürüşərək aşağıya enirdi.

Məmməd bəy on iki-on üç yaşında ala gözlü, qumral saçlı, geniş kökslü, şümal bir oğlandı. İbrahim xanın qardaşı Mehralı bəyin oğlu idi. İbrahim xan Irana zaval aparıldıqda Pənah xan qoşun çəkib Fətəli xanın dalınca getmişdi. Iran dövlətinin vəkili Kərim xan Zənd Pənah xan ilə birləşib Fətəli xanı basmış və İbrahim xanı əsarətdən qurtarmışdı.

O aralıq Kərim xan fərman göndərib Mehralı bəyi Qarabağ xanı təyin etmişdi. Pənah xanı isə təcrübəli müşavir adı ilə Şiraza zaval aparmışdı.

Əsarətdən qurtaran İbrahim xan Qarabağa dönür və qardaşı

Mehralı bəylə arasında səltənət davası düşür. İbrahim xan qaynı Avar xanın köməyi ilə qardaşını Şuşadan çıxarıb Qarabağ xanı olmuşdu.

Mehralı bəy isə qaçıb Quba xanına sığınmışdı. Oğlu Məmməd bəy atasının sarayında tərbiyə alıb böyüyürdü. İgid, kəskin təbiətli bir gənc idi. Kiçikbəyim ondan beş-altı yaş böyük də olsa, bir-biri ilə yoldaşcasına keçinir və igidlik meydanında bir-birindən geri qalmırdılar. Kiçikbəyim ana tərəfdən Şahsevənli Bədir xanın nəvəsi olduğu üçün, ana elinin bir çox xassələrini daşıyırdı: at minib cıdıra çıxmaq, tüfəng atmaq, qılınc oynatmaq onun üçün təbii bir ehtiyac kimi idi. Günün müəyyən hissəsini şəhərin ətrafını dolaşardı və həmişə də zavallı Şahnisə xanımı və lələsi Babanı özü ilə getməyə məcbur edərdi. Bu günkü bu seyr də onun nazı üçün yapılırdı: novruz münasibətilə axar su üstündən atılıb, çilləsini kəsdirəcəkdi.

Çayın şırıltısı get-gedə daha aydın eşidilmədə idi. Nəhayət, iri qayaların və kolların arasından çayın özü də görünməyə başladı. İki dağın arasından çıxıb, yuvarlaq daşlara toxunaraq gurultu və nərilti ilə axırdı. Suyu hələ az idi. Dağlarda qar əriyəndə və yaz yağışları başlayanda bu dayaz çay ağzı köpüklü bir əjdahaya dönüb, bütün ətrafını xəşin pəncələrilə qaplayır, qayaları qoparır, iri ağacları kökündən çıxarır və igid tüfəngini oynadan kimi pəncəsində oynadır. Ah, bu çay coşarkən nə qanlar eləməmişdi! Indi qış onu gücdən salmışdı, nəriltisi belə cansız və ruhsuzdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 min
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 min
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 min
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 min

Poems by other poets