Mirzə Fətəlinin əsərləri başqa dillərdə
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ
Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
1853-cü ildə Mirzə Fətəlinin komediyaları ruscaya tərcümə edilib basılmışdır. Ondan əvvəl bu komediyalar o zaman Tiflisdə çıxan “Qafqaz” qəzetində felyeton şəklində dərc olunmuşdur. 1853-cü ildə “Russki invalid” qəzetində Mirzənin əsərləri haqqında yazılan bir məqalədə Mirzə Fətəli “Azərbaycan Molyeri” adlandırılır. Həmin ildə Peterburqun xüsusi teatrlarından birində Mirzənin özü tərəfindən ruscaya tərcümə edilmiş “Müsyö Jordan” və yenə rus dilində Tiflisdə “Xırs quldurbasan” oynanmışdır. Erməni ədibi Yerisyan tərəfindən “Müsyö Jordan” və “Sərküzəşti-vəziri-xani Sərab”ın ermənicəyə tərcüməsi də bu zamanlara təsadüf edir.
Lakin Mirzə Fətəlinin başlıca şöhrəti əsərlərinin fars dilinə tərcümə olunması ilə başlayır. Zatən bu tərcümə vasitəsi ilə Avropa Azərbaycanın böyük ədibi ilə maraqlanmışdır. Bu tərcümədən sonra müstəşriqlər onu öyrənib təb və tərcüməsinə çalışırlar. Mirzənin əsərlərinin farscaya tərcümə olunmasını belə rəvayət edirlər.
Şahzadə Cəlaləddin Mirzə Iran tarixinə dair yazdığı “NameyiXosrovan” adlı əsərindən bir nüsxə Mirzə Fətəliyə göndərir. Mirzə Fətəli də əvəzində komediyalarını göndərib, Cəlaləddin Mirzədən farscaya tərcümə olunmasını arzu edir. Mirzənin əsərləri bir müddət şahzadənin dolabında yatıb qalır. Bir gün Cəlaləddin Mirzənin xüsusi katibi Mirzə Cəfər Qaracadaği dolabı eşərkən Mirzə Fətəlinin kitabına rast gəlir, götürüb böyük bir maraqla oxuyur və “Molla Ibrahimxəlil kimyagər”i farscaya tərcümə edib, şahzadəyə təqdim edir. Şahzadə tərcümədən məmnun olub, Mirzənin bütün komediyalarının farscaya tərcümə olunmasını arzu edir. Mirzə Cəfər Cəlaləddinin arzusunu yerinə yetirir və Mirzə Fətəlinin əsərləri 1872-ci ildən başlayaraq litoqraf üsulu ilə basılmağa başlayır. 1874-cü ildə ayrı-ayrı çap olub, bitən komediyalar toplanıb bir kitab şəklində dünyaya çıxır.
“Sərgüzəşti-vəziri-xani-Sərab”ı nədənsə Mirzə Cəfər “Sərgüzəşti-vəzirixani- Lənkəran” deyə
tərcümə edib. Mirzə Cəfəri təlidən avropalılar da “Sərab” əvəzinə “Lənkəran” işlədirlər (müəllif)
1882-ci ildə W.Haggard və W.Strange “Sərküzəşti-vəziri-xani Sərab”ı farscadan ingiliscəyə tərcümə edib, Mirzə Cəfərin mətni ilə bərabər “The vazir of Lancoran” ünvanı altında Londonda təb edibdirlər.
Fransız müstəşriqi Barbier de Meynard bu tərcümə haqqında “La revu critque” məcmuəsinin 19 mart 1883-cü il tarixli nömrəsində bir məqalə nəşr edib, həmin ildə Alexandre Chodzko “Vəziri-xani-Sərab” a dair “Aventure du vazir du khan de Llenkeran” ünvanlı tədqiqini Parisdə nəşr edir.
1886-cı ildə Barbier de Meynard, Stanislav Guyapd “Mürafiə vəkillərinin hekayəti”, “Xırs quldurbasan” və “Molla Ibrahimxəlil kimyagər”i fransızcaya tərcümə edib, farscası ilə bərabər “Trois comedies Françes” sərlövhəsi ilə Parisdə çap etdirirlər. Məcmuəyə gözəl bir lüğət də əlavə olunubdur. Barbier de Meynard Mirzə Fətəlinin farsca tərcüməsi ilə kifayətlənməyib, həmin ildə “Molla Ibrahimxəlil kimyagər” in tərcüməsini türkcə mətni ilə bərabər “Journal asiatique”un yanvar nömrəsində çap etdirir. Parisdə bu əsər meydana çıxar-çıxmaz G.Strange məzkur komediyanı ingiliscəyə çevirib “Asiya cəmiyyətiKraliyyə məcmuəsi”nin 18-ci yanvar cildində “The Alchemist” ünvanı ilə basdırır.
Bir az sonra Barbier de Meynard “Sərgüzəşti-mərdi-xəsis” və “Aldanmış kəvakib”i də fransızcaya tərcüməsi və türkcə mətni ilə “Asiya” jurnalında basdırır. Bu əsərlərə bir də Azərbaycan ləhcəsi haqqında bir müqəddimə yazılmışdır.
1888-ci ildə Fransa xariciyyə nəzarəti attaşesi Alfons Cilliere “Deux comedies turques de Mirza Feth Ali Akhondzade” sərlövhəli Mirzənin “Sərgüzəşti-vəzirixani-Sərab” və “Mürafiə vəkillərinin hekayəti”nin fransızca tərcüməsini uzun bir müqəddimə ilə Parisdə təb etdirir. Müəllif müqəddiməsində Şərq teatrından bəhs açır və Avropada anlaşılan mənada Molyer kimi bir-iki Avropa müəlliflərindən tərcümə olunan əsərlər istisna olursa, “Qaragöz” oyunundan başqa bir şey olmadığını qeyd edir. Misir və Ərəbistan da hakəza. Irana gəldikdə müəllif şəbihgərdanlığı təhlil edib, bunun bir teatr mənşəyi olacağına inanır. Müəllif şəbihgərdanlığın heç bir xarici təsirə uğramayıb, sırf Iranın milli malı olduğunu qeyd edərək, bunu Iran üçün bir məziyyət bilir. Bu mülahizələrdən sonra Siylyer Mirzə Fətəlinin komediyaları haqqında fikir yürüdür. Bu komediyaların şəkil etibarı ilə Avropanın və məzmun etibarı ilə milli olduğunu qeyd edir və bunları Istanbulun Avropadan alıb tərcümə və təbdil etdiyi əsərlərdən yüksək tutur.
1889-cu ildə Stokholm müstəşriqlər konqresi məcmuəsinin birinci nömrəsində “Xırs quldurbasan” nəşr olunur.
Mirzə Fətəlinin əsərlərinə qarşı Almaniya da laqeyd qalmamışdır. Wahrmund tərəfindən bir neçə komediyası almancaya tərcümə edilmişdir. Deməli, Mirzə Fətəlinin bütün əsərləri fransızcaya, bir hissəsi də ingiliscəyə və almancaya tərcümə olunubdur.
Fransız tərcümanlarının arasında “Asiya cəmiyyəti” katibi L. Bauvat- ı da qeyd etməliyik. Bu, “Müsyö Jordan”ı 1906-cı ildə tərcümə edib, ayrıca kitabça şəklində nəşr edibdir. Müsyö Buva 20 ildən bəri Azərbaycan ədəbiyyatı və mətbuatı haqqında Şərq məcmuələrində məqalələr yazmaqdadır.
1928
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-mirze-fetelinin-eserleri-basqa-dillerde
Use ← → keys to move, R for a random poem
More by this author
NAĞILLARIMIZI NECƏ TOPLAMALI*Nağıl xalq ədəbiyyatına məxsusdur. Xalqın ruhunun, etiqadlarının məhsuludur. Bütün şüarlarımız xalqa doğru olduğu üçün nağılın əhəmiyyəti bir qat daha artır. Belə olan surətdə nağıllarımızı toplamaq və nəşr etmək ən birinci mədəni məsələlərimizdən olmalıdır. Ancaq nə cür toplamanın yollarını bilməlidir. Nağıl xalqındır və xalq da onu mühafizə edərək yeni nəsillərə tərk edir. Onu toplamaq üçün müəyyən nöqtələrə, müəyyən şəxslərə müraciət etməlidir.
Nağıllarımız barəsində bir-iki sözNAĞILLARIMIZ BARƏSINDƏ BİR – İKİ SÖZ*Aşağıda dərc etdiyimiz “Caçcı” nağılı qarabağlı ağzından yazılıb, yerli şivə dəyişilməyib. “Caçcı” nağılı zərdüşti fəlsəfəsindən doğmuş sıraya aiddir. Lakin “Məlik Məmməd” qədər dolğun deyil. “Məlik Məmməd”də işıq ilə qaranlığın mübarizəsi bilfeil olmalıdır, burada isə rümuzi bir surətdə ifadə olunur: Həsud qardaşların bütün səyinə rəğmən Caçcı mübarizədən qalib və müzəffər çıxır, nəticədə nökərçilikdən yüksəlib padşah olur.
Xalq ədəbiyyatında bəşəri təmayüllərXALQ ƏDƏBİYYATINDA BƏŞƏRİ TƏMAYÜLLƏR*Xalq ədəbiyyatı ağızdan-ağıza keçib nəsildən-nəslə intiqal edən ədəbiyyata deyilir. Bu tərif haqqında bütün müdəqqiqlərin rəyi bir kimi görünür. Lakin xalq ədəbiyyatı deyilən bu el fikrinin məhsulu kimə və hankı xalqa məxsusdur deyildikdə, bir az çətinlik çəkilir. Çünki bir xalqın arasında məruf olan bir parça, istər şəkil, istərsə mövzu etibarilə başqa xalqların arasında da görünmədədir. Nağıl, atalar sözü, tapmaca kimi xalq ədəbiyyatının növləri bir çox xalqların ədəbiyyatında da mövcuddur. Şəkil kənarda dursun, müəyyən bir mövzu belə bir çox millətlərin arasında dolaşıb durmadadır. Məsələn: “Skazka” adı ilə məşhur “O xitrosti Didoniya” rəvayəti dünyanın hər bir tərəfinə yayılmış bir hekayədir. Öküz və yaxud inək dərisi böyüklükdə bir yer istənilir, sonra dərini kəsib qayış şəklində geniş bir torpağın ətrafına çəkir, yeri işğal edirlər. Rəvayət bundan ibarətdir.
Xalq ədəbiyyatının təhliliXALQ ƏDƏBİYYATININ TƏHLİLİ*Onillik Şura üsuli-idarəsi Azərbaycan həyatında böyük təbəddülata səbəb oldu: əskimiş, çürümüş quruluş, əfsanəvi etiqad yıxıldı. Yerində yeni bir bina, yeni bir yaşayış sahəsi başlandı. Bu yenilik ədəbiyyat və nəşriyyat işlərində də canlandı və gözəl məhsullar verdi. Oktyabr inqilabından əvvəl yalnız məhdud bir zümrənin malı olan ədəbi bir əsər, bu gün minlərcə nüsxə nəşr edilib geniş kütlənin arasında yayılır. Istər yazılı, istərsə şifahi ədəbiyyatımıza dair bir çox material meydana çıxdı və çıxmaqdadır. İndi artıq tədqiq üçün böyük imkanlar əldə edilir. Toplananları sistemə salmalı, təhlil etməli və mövcud olan nəzəriyyələrin tətbiqinə çalışmalıdır.