Məşədi Qasım günorta vaxtı bazardan evə qayıdanda gördü küçədən əli kitablı bir balaca qız gəlir. Çox zənn ilə baxıb Məşədi gördü ki, qızın müsəlman qızına çox oxşarı var. İrəli yeriyib soruşdu:

– Qızım, sən kimin qızısan?

Qız qızarıb, başını aşağı saldı. Məşədi Qasım diqqətlə qıza baxıb dedi:

– Barakallah, qızım, yaxşı oxu, səni oğluma alacağam!

Sonra Məşədi iki barmağı ilə qızın yanaqlarından tutub, bir də soruşdu:

– Qızım, sən kimin balasısan?

Qız cavab verməyib, atılıb qaçdı. Məşədi Qasım da yolu ilə rəvan oldu. Sabah tezdən qız məktəbə gedəndə dabbağ Kərbəlayı Babaşa rast gəldi. Kərbəlayı Babaş bir az gedib, bir az qıza zənn elədi. Axırda lap ayaq saxlayıb durdu və iki barmağı ilə qızın yanağından tutub dedi:

– Buy, ədə bu kimin balasıdır?.. De görüm, ay qız, sən kimsən?

Qız başını aşağı salıb, dönüb getdi. Günorta vaxtı qız məktəbdən qayıdan zaman keçəl Vəliquluya düçar oldu. Vəliqulu baqaidə qızın yanağından iki barmağı ilə tutub dedi:

– Bala, sən kimin balasısan?

Qız Vəliquluya acıqlı baxıb getdi. O biri gün çayçı Kərbəlayı Ramazan baqqal Hacı Qənbərlə fatihə verib qəbiristanlıqdan qayıdanda gördülər qız məktəbə gedir. Doğrusu, ikisi də lap mat, məhbut qaldılar. Xülasə, özlərini qıza yetirib soruşdular:

– Ay qız, balam, kimincə qızısan?

Qız qorxa-qorxa qızarmış üzünü bunlara çöndərib, döyükmüş baxanda kərbəlayı və hacı kəmali-səliqə və millətpərvərliklə iki barmaqlarını uzadıb, qızın yanağından tutub dedilər:

– Barakallah, bala!

Qız atılıb qaçdı.

Günorta qız məktəbdən qayıdanda küçədə bir sürü “millətpərəst” kişilər durub, müzakirəyə məşğul idilər. “Hara gedir? Nə təhər qızdır?” kəlmələri danışıqlarından anlaşılırdı. Qız bunlara yavıqlaşanda hamısı üzünü qıza çevirib, onu mehriban sözlərlə yad-bud elədilər və hamısı növbət ilə barmaqlarını uzadıb, qızın yanağından tutub dedilər:

– Barakallah, qızım!

Qız bu səfər acıqla ağlaya-ağlaya qaçıb gəldi evə.

Anası işdən xəbərdar olanda qızın kitablarını götürüb səpdi evə; məktəb libasını çıxardıb atdı sandığa və qıza bir köhnə arxalıq geydirib, oturtdu yun darağının dalında.

O gündən “millətpərəstlərin” dövlətindən qız elm təhsilini ikmala yetirib, yun daramaq şəhadətnaməsini aldı.

Yaşasın qırmızısaqqal “millətpərəstlər”!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xalq ədəbiyyatının təhlili

XALQ ƏDƏBİYYATININ TƏHLİLİ*Onillik Şura üsuli-idarəsi Azərbaycan həyatında böyük təbəddülata səbəb oldu: əskimiş, çürümüş quruluş, əfsanəvi etiqad yıxıldı. Yerində yeni bir bina, yeni bir yaşayış sahəsi başlandı. Bu yenilik ədəbiyyat və nəşriyyat işlərində də canlandı və gözəl məhsullar verdi. Oktyabr inqilabından əvvəl yalnız məhdud bir zümrənin malı olan ədəbi bir əsər, bu gün minlərcə nüsxə nəşr edilib geniş kütlənin arasında yayılır. Istər yazılı, istərsə şifahi ədəbiyyatımıza dair bir çox material meydana çıxdı və çıxmaqdadır. İndi artıq tədqiq üçün böyük imkanlar əldə edilir. Toplananları sistemə salmalı, təhlil etməli və mövcud olan nəzəriyyələrin tətbiqinə çalışmalıdır.

16 min
Vəsfi-hal

VƏSFİ-HAL*Xalqımız arasında novruz bayramına bir ay qalmışdan başlayaraq çərşənbə axşamı vəsfi-hal salmaq kimi bir adət vardı. Qadın və qızlar toplanaraq, bir badya su qoyar və hərədən bir nişan alıb suya salardılar. Badya başında oturan qadın təsadüfən əlinə keçən nişanı sudan çıxarıb bir vəsfi-hal söyləyər, bu qayda ilə fala baxardılar. Deməli, nişan verənin ürəyində bir niyyəti olar və niyyətinin baş verəcəyini və ya verməyəcəyini söylənən vəsfi-haldan duyardı.

3 min
Ağı

AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.

2 min
Folklor yolunda

FOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...

3 min

Poems by other poets