Bizə ciddi mətbuat çoxdan lazım idi
Contents
Page 1 of 3
BİZƏ CİDDİ MƏTBUAT ÇOXDAN LAZIM İDİ
On il olar ki, Qafqaz türkləri sabit bir mətbuata malikdirlər. Doğrudur, Rusiyada ilk qəzet nəşr edən Qafqaz türkləri olmuşlar, lakin bu qəzet uzun bir müddət davam etmədiyi üçün, mətbuatımız tarixi ancaq 1904-1905-ci illərdən başlanır. “Həyat” qəzeti ilə mətbuatımız yeni bir dövrə girib, yeni bir həyat sürməyə başlayır.
Bu dövrün özündə də sabitlik ayrı bir dövr alır: Bir qəzet uzun bir müddət başa getməyib, bağlanır, amma mətbuatsız qalmırıq, bir qəzetin əvəzinə bir ayrısı çıxır, bir müdirin yerini bir ayrısı tutur. Bu hal ilə mətbuatımız indi də ömür sürür.
Deməli, mətbuatımız xarab olmuş lampaya bənzəyir – gah yanır, gah keçir, yandıqda işıq vermir, işıq verdikdə şöləsi həmişə bərqərar olmur. Mətbuatımızın bu qeyri-sabit halı oxucuların və millətin halına da sirayət etməmiş olmur.
Mətbuatımız tarixi bu müxtəsərcə sətirlər ilə qurtarır gedir.
Məsələ dürüst aşkar olmaq üçün bu sətirləri şərh etmək lazım gəlir. Məqaləmizin məqsədi də bundan ibarətdir.
“həyat” dövrü və onun qüsuru
Yaponların Uzaq Şərqdə ruslara qələbə çaldıqları cəmi Asiyaya əcib bir təsir buraxdı: Əsrlərcə yuxuya getmiş qövmlər hərəkətə gəlib, ayılmağa başladılar. Islam aləmi də bu hərəkətə bac verib tərpəndi, gözlərini açdı, kəsalətli üzündə dirilik nişanələri göstərdi. Rusiya türkləri “maarif” deyə səsləndilər. Məktəb, mətbuat, xeyriyyə və maarif cəmiyyətləri ortalığa çıxdı.
“Həyat” qəzeti də bu qızğın dövrdə Bakıda nəşrə başladı. Cəmi ərbabiqələmlərimiz [...] “Həyat”ın ətrafına toplandılar. Bu ciddi və tərəqqipərvər qəzet başa getmədi.
“Həyat”ın bağlanmağına ümdə səbəb müştəri azlığı oldu. Müştəri azlığı da onun üçündü ki, əvvəla, Qafqazda savadlı adam az idi. Ikinci, savadlı olsaydı da, qəzet alıb oxumağa camaat öyrənməmişdi. Üçüncü, “Həyat” bir elə dildə yazırdı ki, onu ancaq pürsavad adamlar oxuyub, feyz ala bilirdilər. Xalq isə az savadla belə qəzetləri oxuya bilmirdi.
“Həyat” bağlandısa da, onun təsiri mətbuatımızda dərin izlər buraxdı. Qəzetlərimiz xalq malı olmayıb, bir ovuc ibarəbazlara qulluq eləməyə başladı. Əlibəy Hüseynzadənin istedadı, məlumatı və tərcümeyi- halı, gözübağlıca kimi oxucuların və ələlxüsus mühərrirliyə həvəslənənlərin ağıl və məsləklərinə qalib gəldi. Hamı bir ağızla onun dahiyi-əzim olmağını söyləyib inandılar. Mətbuatımızda təqlidçilik meydanı açıldı: qəliz ibarələr ortalığa çıxdı. Dilimiz təzədən məhv olmağa başladı... Hüseynzadənin dövlətindən ərəbləşmiş osmanlı dili “ədəbi”lik iddiasına düşdü. Mətbuatımız bilmərrə xalqdan ayrıldı. Nə xalq qəzetlərin dilini bildi, nə də qəzetlər xalqın. Biçarə camaatımız dərdləri dərmansız bir halda can vuruşdurmaqda qaldı.
Həqiqət halı düşünənlər çox idi, lakin səsləri eşidilmirdi.
Deyirlər bir dəfə sabiq “Əkinçi” müdiri məşhur Həsənbəy Zərdabi “Füyuzat” məcmuəsinə baxıb soruşub:
– Bunu kimin üçün yazırsınız?
– Camaat üçün, – demişlər. Həsənbəy gülümsünərək demişdir:
– Elə isə camaatın dilində yazın ki, çamaat da başa düşsün.
Əlbəttə Həsənbəyin haqq sözləri heç kəsə kar eləmədi. Çünki sadə dildə yazmaqlıq o zaman bisavadlıq kimi tələqqi olunurdu və bu dərddən hər kəs yazıçılıq meylində olsa idi, gərək bir xeyli fars və ərəb ibarələrinə malik ola idi. Adi türk sözləri yerinə ərəb ləfzləri işlətmək mod olmuşdu.
Deməli “Həyat” qəzeti və onun müaqibləri camaatımızı qəzet oxumağa rəğbətləndirməyə çalışmaqdan, onun bu yolda həvəsini artırmaqdan, dəxi də camaatı qəzetdən uzaqlaşdırdılar. Qəzet camaata yad və düşünülməz bir şey oldu. Hökumət məktəblərində təhsil edənlərimiz az savadları ilə milli qəzetdən bir az da uzaqlaşdılar.
“Həyat” dövrü belə keçdi.
Ciddi mətbuat müvəffəqiyyətsizliklərinin
Qeyri səbəbləri
Dil məsələsindən başqa bir xeyli səbəblər camaatımızı qəzet oxumaqdan usandırdı, mühərrirlərimiz arasına nifaq düşdü. Gərək bu nifaq qəzetlərimizin sütunlarına sirayət etməyə idi. Çünki qəzetçilikdən
Burada redaksiya belə bir qeyd vermişdir: “Mühərririn bu mütaliəsi məlum olduğu üzrə
üslubçularımız arasında ixtilaflı bir məsələdir. Əlibəy dilinin bu yolda təfsirinə idarə şərik deyildir.
məqsəd millətə yol göstərməkdir. Şəxsi nifaq, şəxsi qovğa mətbuata dəxli olmayan işlərdən biridir. Heyfa ki, burada da yarımçılıq büruzə verildi. Qəzetlərimiz şəxsiqərəzə, behtan və iftiraya, söyüş və biədəbliyə vasitə oldu. Milli məsələlər yaddan çıxdı. Oxuculara dəxli olmayan, millətə baş ağrısından başqa bir şey bəxş etməyən sözlər və söhbətlər ortalığa çıxdı. Biçarə oxucular təngə gəldilər. Ümid bağlayıb, göz dikdikləri adamların da nə dərəcədə şəxsi-qərəz bə məsləksizliyə aludə olmalarını gördülər. Ciddi mətbuat nüfuzunu yavaş- yavaş itirməyə başladı [...].
Bu dövrdən tutmuş indiyədək mətbuatımız axsamağa başlayır. Müqtədir yazıçılarımız fikirlərini bəyan etməyə lazımi bir qəzet və ya məcmuə tapmayıb, sükuta qərq olur, onların əvəzində ortalığa elmsiz, biliksiz adamlar çıxırlar. Məslək məsələsi bilmərrə itir, məqalələr daddan, gözəllikdən, mənadan uzaqlaşır. Hərə ilk öyrəncəyini qəzet idarəsinə aparır. Bir məsələ üstündə təkrar-təkrar danışılır. Birisi bir söz dedikdə bir ayrısı da haman sözü təkrar söyləyir. Oxucunun yeni fikirlərdən əsla xəbəri olmur. Budur, görürsən qəzet düşüb molla əlinəorucdan, namazdan, təharətdən söhbət açılıb, min il danışılıb, aləmin zəhləsini tökən söhbətlərin yenidən ortalığa çıxıb qəzet vasitəsilə bəyan olunmağı oxucunu zara gətirir. Insaniyyətin qazandığı hədsiz-hesabsız elm və fənnlər əvəzində, oxucuya növhələr, dini vəzlər və nə bilim nələr təqdim edirlər. Arif qismi mətbuatdan dəxi də nifrətlənir.
Qəzet beləcə yavaş-yavaş qiymətdən düşməyə başladı. Orucov qardaşlarının qəzetləri hürrəndiş oxucuların məsləklərinə müvafiq idisə də, sabit bir proqrama tabe olmayıb, ehtiyacı dəf eləmirdi. Avropa mədəniyyətindən, onun məhsullarından yenə oxucularımız lazımi məlumat ala bilmirdilər. Qəzet başına gündə bir mühərrir dəvət olunduqda, qəzet sabit bir məslək təqib edə bilmirdi. Bu səbəbdən həmişə də bir dil işlənməyib, hər sərmühərrir qəzeti yeni bir dildə yazırdı. Bundan əlavə, çox vaxt sərmühərrirlər qəzetçiliyə lazımınca hazır olmadıqlarından, qəzeti oxuduqda bunun təcrübəsiz və biliksiz mühərrirlər tərəfindən qələmə alınmış olduğu gözə sıçrayırdı...
Belə olduqda ciddi qəzetlərimiz həmişəlik olaraq camaatımızın rəğbətini qazana bilməzdi. Avropa qəzetləri sabit məsləklərlə ətraflarına milyonlarca adamlar toplayırlar. Həmişə onlara rəhbərlik edirlər. Ona görə böyük-böyük məsələləri qəzetlər vasitəsilə həll eləyirlər. Mətbuatın Avropada olan qüdrət və qüvvəti bizlərdə yoxdur. Bunun ümdə səbəbi budur ki, mətbuatımız başında ləyaqətli adamlar durmurlar.
Qəzetçilik bizlərdə ad, şöhrət, mod və qazanc məqsədi ilə olur. Görürsən varlığından heç kəsin xəbəri olmayan bir şəxs həftəlik bir məcmuə nəşr etməyə başladı. Nə tövr məcmuə olsa olar, xərcini çıxardacaq. “Müdir” cənablarının da fikri budur ki, bir neçə vaxtlığa adı çıxsın. Bir neçə aylığa ağzına gələni yazır. Özgələrin ağızlarında dastan olmuş fikirlərini yenə də təkrar eləyir, qəzetçiliyi bununla qurtarır.
Libas modaya tabe olan kimi mətbuat da bizdə modaya bac verirdi. Bir vaxt moda belə şiddət eləmişdi ki, hər yetən “müdirlik” iddiasına düşürdü.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-bize-ciddi-metbuat-coxdan-lazim-idi
Use ← → keys to move, R for a random poem
More by this author
TEATR PƏRƏSTİŞKARI*Bundan 35 il əvvəl Şuşa mədəni sahədə birinci sırada gedən şəhərlərdən biri idi. Iqtisadi bazası zəif, ticarəti get-gedə azalan əhali çıxış yolunu məktəbdə aramağa başlamışdı. Ən mütəəssübü belə övladını rus məktəblərinə göndərməkdən çəkinmirdi. O zaman Şuşada realni və şəhər məktəbi vardı. Bir az sonra rus-tatar məktəbi də açıldı. Buradakı tələbələrdən başqa Bakı məktəblərində, paytaxt ali məktəblərində (Qafqazda ali məktəb yox idi), Qori və Yerevan seminariyalarında da şuşalılar var idi. Yay aylarında başqa yerlərdəki tələbə və kənd müəllimləri (o vaxt türklər orta məktəblərdə müəllimlik etmək haqqına malik deyil idilər) Şuşaya toplanır, şəhərə mədəni bir həyat gətirirdilər: teatr tamaşası verilir, müsamirə düzəldilir, leksiyalar oxunurdu. Bunların hamısında da Əbdürrəhimbəy Haqverdiyev başçılıq etmədə idi.
Şəxslərin və hadisələrin tipləşməsiŞƏXSLƏRİN VƏ HADİSƏLƏRİN TİPLƏŞMƏSİ*Turgenevin həqiqi, canlı simaları nəzərdə tutaraq tip yaratdığını söyləmişdik. Bu qayda Dostoyevski, L.Tolstoy və başqa yazıçılarda da görünür. Dostoyevski ədəbi həyatına böyük bir romanla xitam vermək xəyalında olduğunu 1870-ci ildə şair Maykova yazdığı məktubunda söyləyir. Bu romanın ikinci hissəsi müəllifin planına görə, monastıra həsr olunmalı imiş. Bu barədə Dostoyevski Maykova yazır: “Burada baş sima olaraq Tixon Zadonskini, əlbəttə başqa bir adla təmsil etmək istəyirəm. Bu arxiyereydir və monastırda istirahətdə bulunacaq. Bütün romanın baş qəhrəmanı yoldan sapmış, əxlaqsız, cinayət işləmiş on üç yaşında bir çocuq da (bu tipi tanıyıram) ata-anası tərəfindən monastıra qoyulmuş, orada da dərs oxuyur. Çaadayevi də (əlbəttə başqa adla) bu monastıra salacağam. Niyə Çaadayev bir il monastırda oturmasın? Təsəvvür ediniz, birinci məqaləsinin üstündə hər dəfə doktorlar müayinəsinə məcbur olan Çaadayev bu vəziyyətə dözməyib xaricdə, fransız dilində bir risalə nəşr etdi, buna müqabil Çaadayevi bir illiyə monastıra göndərə bilərdilər. Çaadayevin yanına qonaqlar da gələ bilər. Məsələn: Belinski, Qranovski, hətta Puşkin. (Axı mənim romanımdakı Çaadayev deyil, mən ancaq bu tipi alıram). Monastırda prusiyalı Pavel, Qolubev, inok Parfiriy də olacaq (bu aləmə bələdəm, rus monastırını çocuqluğumdan tanıyıram)...” Dostoyevskinin sadaladığı bu həqiqi simalar rus ədib və ruhanilərinə mənsubdur. Müəllifin “böyük romanı” çıxmadı, onun bir hissəsi olan “Karamazov qardaşları” yazıldı ki, Tixon orada Zosima adı ilə göstərilir.
İqtibas, təqlid və təsirİQTİBAS, TƏQLİD VƏ TƏSİR*Bizdə bir ədəbi əsər təhlil edildikdə gənc tənqidçilərimiz əsərin texnikasından və əsərə olan təsirdən bəhs etməyirlər. Halbuki bunlar əsərin ən canlı əyarıdır. Bunları nəzərə almamaq əsəri ətraflı qavramamaq və onun ədəbiyyat tarixindəki mövqeyini lazımınca təyin etməmək deməkdir. Hər bir şair və ədib ilk ədəbi addımlarında təsirə düşər. Bu təsir ya dərin, ya səthi olar, ya uzun müddət davam edər, ya ötəri olaraq görsənib, qayıb olar. Bu hallar yazıçının qüvvət və iqtidarından asılıdır. Puşkin və Lermantov kimi böyük rus şairləri Bayronun təsirinə düşmüşdülər. Puşkin bayronizmdən özünü qurtara bilib, azad yola çıxdı və tamamilə müstəqil bir ədəbi mövqe qazandı. Lermantov isə bu təsirdən qurtara bilmədi. Deməli, yazıçının qüvvəti onun təsirə düşüb-düşməməsi, sərbəst cığır açması və yeni bir məktəb təşkil etməsi ilə ölçülür. Aləmşümul klassikləri yüksəkliklərə çıxarıb bütün dünyaya sevdirən onların yüksək texnikası, bədii mündərəcələri və müstəqil yol ilə getdikləri olmuşdur. Bəzən klassiklər də köhnə mövzulardan istifadə edirlər. Firdovsi Iranda ağızdan-ağıza keçən əfsanələri toplayıb “Şahnamə” yazır; Şekspir, L.Tolstoyun dediyi kimi, Italiyada və başqa yerlərdə dolaşan mövzuları alaraq ölməz dramlar yaradır; Höte xalq masallarından “Faust”u vücuda gətirir... Bizim klassiklərimizdə də bu hal görünür. Füzulidən əvvəl “Leyli və Məcnunu”u Nizami yazmışdır.
Turgenevin yazı üsuluTURGENEVİN YAZI ÜSULU*Klassiklərin yazı üsulunu öyrənmək, yalnız yeniyetmələr üçün deyil, oturuşmuş yazıçılarımız üçün də maraqlıdır. Çünki böyük ədiblərin texnikasını öyrənmək ədəbi irsi qavramağa yol açır. Təəssüf ki, hər bir klassikin yazı üsulu ilə tanış olmağa kafi məlumatımız yoxdur. Yazıçıların hamısı eyni dərəcədə intizampərvər və səliqəli olmamışlar, bəziləri əsəri bitirdikdən sonra ona dair yazılan planları, konspektləri, qeydləri tələf etmişlər. Bizim Azərbaycan yazıçıları bu barədə daha da geridə qalmışlar, bir çoxlarının əlyazmaları belə meydanda yoxdur, arxivi meydana çıxanlar da az olmuşdur. Yalnız Mirzə Fətəli istisnadır, çünki o özündən sonra gözəl və müntəzəm bir arxiv buraxmışdır. Yazıçıların səhlənkarlığı qismən onların özlərinə qiymət verməmələrindən irəli gəlmişdir.
Poems by other poets
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi