Turgenevin yazı üsulu
TURGENEVİN YAZI ÜSULU
Klassiklərin yazı üsulunu öyrənmək, yalnız yeniyetmələr üçün deyil, oturuşmuş yazıçılarımız üçün də maraqlıdır. Çünki böyük ədiblərin texnikasını öyrənmək ədəbi irsi qavramağa yol açır. Təəssüf ki, hər bir klassikin yazı üsulu ilə tanış olmağa kafi məlumatımız yoxdur. Yazıçıların hamısı eyni dərəcədə intizampərvər və səliqəli olmamışlar, bəziləri əsəri bitirdikdən sonra ona dair yazılan planları, konspektləri, qeydləri tələf etmişlər. Bizim Azərbaycan yazıçıları bu barədə daha da geridə qalmışlar, bir çoxlarının əlyazmaları belə meydanda yoxdur, arxivi meydana çıxanlar da az olmuşdur. Yalnız Mirzə Fətəli istisnadır, çünki o özündən sonra gözəl və müntəzəm bir arxiv buraxmışdır. Yazıçıların səhlənkarlığı qismən onların özlərinə qiymət verməmələrindən irəli gəlmişdir.
Ədəbi üsulundan bəhs edəcəyimiz Turgenevin arxivi dünya klassikləri arasında belə diqqətəlayiq bir yer tuta bilər. Müəllif yazı üsullarını tamamilə aydınlaşdıracaq bir çox materiallar qoyub getmişdir.
Turgenevin yaradıcılıq metodu Balzak, ya Dostoyevskininkinə bənzəməz. Bunlar tələsiyir, qoşur, əsəri məcmuələrə, ya mətbəəyə yetirməyə can atırlar. Turgenev isə, Tolstoy kimi sakit, səbirli, mövzunu və tipləri ətraflı düşünən və əsərin üzərində diqqətlə işləyən bir yazıçıdır. Turgenev hər bir əsəri üçün plan düzür, tiplərin adını, familini, doğulduqları ili, əsərdəki yaşlarını qeyd edir. Hər bir tipin üzərində dayanır, onların tərcümeyi-halını və danışacaqları sözlərin qısa məzmununu verir. Əvvəlcə əsərin yekununu aydınlaşdırır və konspektini düzəldir, sonra fəsillərə ayırır.
Bunlar bitdikdən sonra əsəri yazmağa başlayır. Əsər qurtarır, lakin məsələ bununla bitmir. Turgenev əsərinin iki-üç dəfə üzünü köçürür, hər dəfə də düzəldir, artırır, əskildir. Əsər çapdan çıxdıqda müəllif oxucuların rəyini dinləyir və kitabın ikinci təbində bəzən yeni dəyişikliklər törədir.
Turgenev tiplərini həyatdan alır və bəzən planlarında zamanındakı həqiqi simaların adını qeyd edir. Deməli, müəllif tanıdığı canlı simaları nəzərdə tutur, onların xassələrini başqalarınınkı ilə tamamlayaraq tip yaradır.
Turgenev ən əvvəl tiplərə əhəmiyyət verir. Bəzən uzun bir tip cədvəli düzəldir, onları aylarca, bəlkə illərcə başında gəzdirir, yeri gəldikcə əsərlərində işlədir. Tipin adının yazılması ilə tərcümeyi-halının düzəlməsi arasında bəzən uzun bir məsafə olur. Məsələn, “Xam torpaq” adlı romanındakı simalar 1870-ci ilin iyul ayında qeyd olunmuş, tərcümeyi-halları isə 1872-ci ilin fevral ayında yazılmışdır. Deməli, müəllif tiplərin üzərində on doqquz ay düşünmüşdür.
Fabula və qəhrəmanların hərəkətə başlaması Turgenev üçün ən son məsələ hesab olunurdu. Əvvəl, o tipləri təfsilatı ilə öyrənir, sonra onlara mühit arayır, hadisə və vəqələri düzəldir, süjet inkişaf etməyə başlayır.
Turgenevin Parisdəki əl yazılarını tədqiq edən professor Mazo deyir: “Turgenevin yaradıcılıq izlərini bulduğumuz kabinəsinə baxdıq, heç bir şeydən çəkinməyərək onun bütün kağızlarını qarışdırdıq, etüdlərini, qeydlərini tədqiq etdik. Bəzi qeydlər tez yazıldığı üçün zorla oxunur və mənası yalnız müəllifə bəllidir. Bu tədqiqlərdən Turgenevin ehtiyat etməsinə yer qalmazdı, çünki onu qızardacaq bir şey yoxdur. Burada biz nə görürük? Böyük bir enerji, ətraflı müşahidə və yaradıcılıq təmayülü. “Xam torpaq”ın başında: “Xam torpağı üzdəngetmə xışla deyil, dərin qazan kotanla çevirməlidir” – deyə qeyd etdiyi qədim sözlərə istinadən, müəllif də arasıkəsilməz dərin və metodik iş görmüşdür”.
Turgenevi yalnız əsərin mündəricə və şəkil məsələsi maraqlandırmırdı, kağıza və qələmə də diqqət edərmiş.
Türgenevin subay olduğu tərcümeyi-halından bəllidir. Həyatının son otuz ilini Polina Viardo adlı ərli bir qadınla sıx dostluqda keçirmişdir. Ədibin Polina ilə olan əlaqəsi də əl yazılarında iz buraxmışdır. “Ərəfə” adlı romanının ilk səhifəsində Polinainın əli ilə: “Sizə səadət gətirə bilsəm də!” – deyə fransızca yazılmışdır. 1865-79-cu illərin məhsulu olan üç böyük dəftərin cildlərində “S. P.” hərfləri qoyulmuşdur. Bu da Polinanın ilhamı təsirində deməkdir. Dəftərlərinin bir yerində fransızca: “Işlə” – deyə yenə, yəqin, eyni qadın əmr vermişdir. Yenə ayrı bir yazısının kənarında bir ulduz şəkli çəkilmişdir. Bunun yanında Turgenev öz əli ilə yazır: “Parisdə Rivoli küçəsində 210-cu evdə axşam, 1862-ci il oktyabrın 25-də bu şəkli mənim otağımda P... çəkmişdir”.
Professor Mazonun tədqiqi sayəsində bu məlumat Turgenevin öz sənətinə bəslədiyi böyük eşq və marağı göstərir. Böyük ədibin bu sifətləri örnək olmağa layiq deyilmi?
1935
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-turgenevin-yazi-usulu
Use ← → keys to move, R for a random poem
More by this author
MOLLA PƏNAH VAQIF HAQQINDA*Indiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı olaraq bir əsər meydana çıxmamışdır. Yazılanlarda tarixi materiallarla bərabər bir çox uydurma şeylər var. Bunun başlıca səbəbi ədəbiyyatçılarımızın tarixi materiala elmi olmayaraq yanaşması və tarixçilərimizin fəaliyyət göstərməməsidir. Halbuki Vaqifin dövrünə dair türk, rus və fars dillərində olduqca bol material var. Başlıca qüsurlardan biri də materialların ayrı-ayrı əllərdə olub istədikləri kimi şərh edilməsindədir. Əsər basılsa, ya kitabxanada olsa, belə fərdi yanaşanlar olmaz və ümumin yoxlamasına imkan verilərək həqiqət meydana çıxar.
Abbasqulu Ağa Qüdsinin əsərləriABBASQULU AĞA QÜDSİNIN ƏSƏRLƏRİ*Ədəbiyyatımız tarixində Mirzə Fətəlidən sonra Şərq və az çox Qərb elmlərinə vaqif bir adam varsa, o da Qüdsidir. Qüdsi türk, rus, fars və ərəb dillərini bilir, tədqiqat və mütaliəsi sayəsində müasirlərindən yüksək bir mövqe tutur. Yazdığı əsərləri nəzərdən keçirsək onun böyük məlumat sahibi olduğunu görərik...
Mirzə Fətəlinin əsərləri başqa dillərdəMİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Poems by other poets
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
İki kəlməBilirsən ki, ölüm-itim həmişə var dünyada.Ürək dolu, göz müntəzir, aman vermir arzular.