Bilirsən ki, ölüm-itim həmişə var dünyada.Ürək dolu, göz müntəzir, aman vermir arzular.İzləsə də daban-daban məni ölüm, qan-qada,Gözlərimin qarşısında yenə tutursan qərar.

Utanıram, bu yazdığım ürəyimin sözüdür,Cıracaqsan bu məktubu, bəlkə bir axşamçağı.Yox, bəlkə də sevinəcək, deyəcəksən: “Özüdür!”,Dalacaqsan xəyalata, söndürərək çırağı...

Kim nə bilir: olan-olmuş, sən uzaq, mən aralı,Mən özümlə gətirmişəm eşqimi uzaqlara,Qabağımda hər can verən, hər ölən, hər yaralı,Söyləyərkən son sözünü: – “Salam yetirin yara...”,Danlayıram dönə-dönə, danlayıram özümü;Yaman qoydum ürəyimdə iki kəlmə sözümü...

İndi, budur, düşünürəm baxıb uzun yollara.Deyirəm ki, bu dünyada yad etməli kimim var!Qövr etdikcə ürəyimdə gizli qalan bir yara,Nə əlacım, nə dərmanım, nə də bir həkimim var!

Düşünürəm, bəlkə bir gün, bəlkə bu gün, ya sabah,Qəfil əcəl gənc ömrümə qəsb elədi, zamandır.Oxu, mənim mətləbimdən, ürəyimdən ol agah,Unutma ki, nakam ölmək hər bəladan yamandır.

Mən istərəm, yar-yoldaşım qapayanda gözümü,Min zillətlə, min əzabla ələ alıb özümü,Can verəndə, bir yar kimi çəkim sənin adını.Tale mənə çox görməsin məhəbbətin dadını...

Qoy yeməsin varlığımı bu arzular, bu qəmlər,Açılmışdır ürəyimdə məhəbbətin yelkəni...Mətləbimi tez açmasam, cavan ömrüm vərəmlər, –İki kəlmə sözüm vardır ay qız: “Sevirəm səni!”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love