İqtibas, təqlid və təsir
İQTİBAS, TƏQLİD VƏ TƏSİR
Bizdə bir ədəbi əsər təhlil edildikdə gənc tənqidçilərimiz əsərin texnikasından və əsərə olan təsirdən bəhs etməyirlər. Halbuki bunlar əsərin ən canlı əyarıdır. Bunları nəzərə almamaq əsəri ətraflı qavramamaq və onun ədəbiyyat tarixindəki mövqeyini lazımınca təyin etməmək deməkdir. Hər bir şair və ədib ilk ədəbi addımlarında təsirə düşər. Bu təsir ya dərin, ya səthi olar, ya uzun müddət davam edər, ya ötəri olaraq görsənib, qayıb olar. Bu hallar yazıçının qüvvət və iqtidarından asılıdır. Puşkin və Lermantov kimi böyük rus şairləri Bayronun təsirinə düşmüşdülər. Puşkin bayronizmdən özünü qurtara bilib, azad yola çıxdı və tamamilə müstəqil bir ədəbi mövqe qazandı. Lermantov isə bu təsirdən qurtara bilmədi. Deməli, yazıçının qüvvəti onun təsirə düşüb-düşməməsi, sərbəst cığır açması və yeni bir məktəb təşkil etməsi ilə ölçülür. Aləmşümul klassikləri yüksəkliklərə çıxarıb bütün dünyaya sevdirən onların yüksək texnikası, bədii mündərəcələri və müstəqil yol ilə getdikləri olmuşdur. Bəzən klassiklər də köhnə mövzulardan istifadə edirlər. Firdovsi Iranda ağızdan-ağıza keçən əfsanələri toplayıb “Şahnamə” yazır; Şekspir, L.Tolstoyun dediyi kimi, Italiyada və başqa yerlərdə dolaşan mövzuları alaraq ölməz dramlar yaradır; Höte xalq masallarından “Faust”u vücuda gətirir... Bizim klassiklərimizdə də bu hal görünür. Füzulidən əvvəl “Leyli və Məcnunu”u Nizami yazmışdır.
Ondan da əvvəl bu rəvayət xalq arasında məşhur idi. Mövzu almaq şərt deyil. O mövzunu dahi bir sənətkarlıqla yenidən qurmaq məsələni həll edir və bu mövzuya təkrar dönmək cəsarəti artıq görünməyir.
Mövzu almanın ən bayağı şəkli iqtibasdır. Əli bəy Hüseynzadə “Əbdi qılafi məhfəzə”sini Çexovun “Qlaflı adam”ından almışdır. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy”i Qoqolun “Kolyaska”sundan iqtibas etmişdir... Əli bəy və Məmmədquluzadə iqtibas etdikləri əsəri, şərq həyatına uydursalar belə, ədəbi qiyməti qalmayır. Bəzən yazıçı hadisəni, bəzən də ayrıca tipi iqtibas edir. Lermontov “Maskarad”ın hadisəsini Şekspirin “Otello”sundan alır. Ərəb əvəzinə qısqanc bir rus verir və intriqa vasitəsi olan dəsmalı bazubəndlə əvəz edir. Əsərin sonunda qadın öldürülür və əri də həqiqəti bilib peşiman olur, özünü öldürür. Bu əsəri Lermantov 20 yaşında olanda yazmış, ilk təcrübələrindən olduğu üçün təsirə qapıldığı təbiidir. Qriboyedov “Ağıldan bəla” adlı məşhur əsərinin qəhrəmanı Çatskini Müllerin “Mizantrop”undan almışdır. “Mizantrop”dakı Alsest Çatskinin eynidir. Alsest cəmiyyətdə kök salan, riya, ikiüzlük kimi sifətlərə qarşı qiyam edir. Hər kəsin qüsurunu üzünə söyləyir, yoldaşı Pıkiti və məşuqəsi Lilmenanı şiddətlə tənqid edir, nəzakətlə qarşılanan bir şairin eyiblərini açaraq istedadsızlığını meydana çıxarır. Çatski də böylə bir tipdir. Moskva cəmiyyətini tənqid topuna tutur.
Bu iki tipin ikisi də həyatilikdən daha çox mücərəddir. Kəskin danışıq və inkardan başqa bir iş görməyirlər. Insan bunların müsbət və faydalı olmaqlarından belə şübhə edir.
Qriboyedov baş tipi iqtibas etsə belə, əsərinin qiymətini azaltmayır: yüz il əvvəlki rus cəmiyyətini, onun qüsurlarını və oradakı təzadları ustadcasına təsvir etmişdir.
Yaradıcılıq tarixində bir təsadüflik də var. On yeddinci əsrin əvvəllərində ingilis yazıçısı Ben Çens “Kimyagər” adlı bir pyes yazmışdır.
Lakin bu kimyagərlə Mirzə Fətəlinin kimyagəri arasında heç bir əlaqə yoxdur. Molyer “Xəsis” komediyası yazmışdır. Mirzə Fətəlinin də “Mərdi-xəsis”i var. Zənnimcə, bunların da bir-biri ilə əlaqəsi yoxdur. Kimyagərlik bir zaman Qərbdə mod olduğu kimi, Şərqdə də olmuş, yazıçı onun yanından qeyd etmədən keçə bilməmişdir. Moyerin zamanında Fransada tücari kapital inkişaf etməkdə idi, bu dövr bizdə də Mirzə Fətəlinin vaxtına təsadüf edir. Kapitalın uyuşması meydana bir sıra xəsislər atır. Molyerin xəsis ilə Mirzə Fətəli xəsisinin ümumi xassələri var. Ikisi də pul toplayır, yeməyir, yedirtməyir, acgözlülük yolunda əzab çəkir. Lakin Molyerin Harpaqonu tam bir fransız, Hacı Qara da tam bir türk olaraq qalır. Harpaqon Hacı Qaraya nisbətən bir az “geniş gərdəli” xəsisdir;
Qapısında neçə nökər və qulluqçusu, arabaçısı var, lakin onlar da Hacı Qaranın nökəri kimi ac və cır-cındır içində saxlanılır.
C.Məmmədquluzadənin “Ölülər”i ilə Meterlinqin “Müqəddəs Antuanın möcüzəsi” adlı pyesi arasındakı yaxınlıq da təsadüfi olmalıdır. Çünki Məmmədquluzadənin Meterlinqlə aşna olmasına inana bilmərəm. “Müqəddəs Antuanın möcüsəsi” “ölü diriltmədən” ibarətdir. Qarımış bir qız ölür və bütün sərvətini yaxın əqrabalarına tərk edir. Xidmətçi qız Virzini belə unudulmayır; vəsiyyətnaməyə görə ona da 3300 frank ayrılır. Meyit dəfn olunmadan əvvəl baş varis Qustav böyük bir ziyafət verir.
Yeyib, içib, keyf etdikləri zaman qapıya bir sərsəri gəlir, özünü müqəddəs Antuan adlandırıb, dindar Virzinin vasitəsilə içəri girir. “Ölünü diriltməyə gəlmişəm” – dedikdə birinci təşfişə düşən Vizini olur. “Bəs mənim 3300 frankım” deyə düşünür. Xanımını sevirsə də, dirilsə pulları geri alar deyə qorxur.
“Ölülər” də bir az buna bənzəyir. Şeyx Nəsrullah ölüləri “diriltmək” istədikdə kərbəlayılar və hacılar təşvişə düşüb, bəziləri ölülərin dirilməsini istəmirlər. Çünki onlar dirilsə, çoxlarının faydasına toxunar.
Müqəddəs Antuan möcüzəsi ilə Şeyx Nəsrulah möcüzəsinin birbirinə bənzəməsi təsadüfdür, zənnindəyəm, “Ölülər”də, daha doğrusu Qoqol və Ostrovskinin təsiri var, bu mühəqqəqdir. Hər şeydən əvvəl “Ölülər” “Revizor”u andırır. Xlestakovu şəhərdə həqiqi müfəttiş zənn edərək hər kəs onun önündə baş əyir, şəhər hakimi onu evinə qonaq gətirir, qadını və qızı ondan iltifatını əsirgəmirlər. Xlestakov və nökəri yeyib, içib, bir çox rüşvət aldıqdan sonra məsələnin həqiqi tərəfi meydana çıxır. Xlestakov qaçır, Şeyx Nəsrullah da min bir fırıldaq çevirirb, qızlarla keyf çəkdikdən sonra yox olur.
Kefli Isgəndərə gəldikdə, buna bənzər tipə Ostrovskinin “Fəqirlik eyib deyil” adlı komediyasında rast gəlirik. Lyubim Qarpıç Torstov adlı bir tip atadan qalmış pulları Moskvada keyfə qoyub, axırda əyyaş və sərsəri olub küçələrə düşür. Zəngin qardaşına müraciət edirsə də, qardaşı onu rədd edir. Buna baxmayaraq bir gün qardaşının evinə gedir. Orada vaxtilə onu keyf yerlərinə çəkən və pulunun da bir hissəsini borc alıb verməyən fabrikant Qorşunova rast gəlir. Qardaşı gənc qızını qoca Qorşunova vermək istərmiş, qız da razı deyil, pirkeşik Mityanı sevir. Lyubin Qarpıç məsələni anlayır sərzənişə başlayır. Qorsunova keyf çəkdikləri zamanı deyil, Lyubimin dilənməsini qeyd edərək ona bir manat təklif edir. Lyubim “Köhnə borcunu, bir də qardaşım qızının əvəzində bir milyon üç yüz ver!” deyir. Qardaşı gəlib çıxır və Lyubimi evindən qovur. Lyubim deyir: “Qardaş, toxta, qovma! Elə bilirsən Lyubim bura məzəlilik eləməyə gəlmiş? Elə bilirsən Lyubim keflidir? Mən sizə tapmaca söyləməyə gəldim. (Qorşunova müraciət edərək) Eşşəyin qulaqları nə üçün uzundur? Di cavab verin görüm!”
Lyubimin tapmacasını tapa bilməyirlər, özü açır:
“Qulaqların uzunluğu onun eşşək olduğunu bildirmək üçündür.
(Qardaşına) Bu da sənə məsələ; qızını kimə verirsən”.
Lyubim Tartstovun kefli Isgəndər kimi uzun qəhqəhələrlə qarışıq lətifələri davam edir. Bütün qüsurları açır, uyğunsuz işlərə qarşı küfrlər yağdırır. Nəhayət, qızın qoca fabrikanta deyil, gənc bir kişiyə verilməsinə müvəffəq olur. Nazlını da atası Şeyxə vermək istəyir, Isgəndər razı olmur...
Təsir ədəbiyyatda ən təbii bir şeydir. Bütün xalqlar bir-birinə ədəbi təsir yapmışdır. Lakin daima təsirdə qalan ədəbiyyat yüksəlməyib, əhəmiyyətini itirmişdir. Yalnız müstəqil ədəbiyyat inkişaf edərək dünya xəzinəsində özünə mövqe qazana bilmişdir. Başqa həyatın məhsulu olan bir ədəbiyyatı təqlid edərək onun əsiri olmaq heç bir zaman təsvib edilməmiş. Hələ iki min il əvvəl Roma şairi Horasius təqlidçilər haqqında demiş: “O imitatores servum pesus” – “Ey təqlidçilər, qusurusu!)”.
Bu həqiqət həmişə baqidir.
1935
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-iqtibas-teqlid-ve-tesir
Use ← → keys to move, R for a random poem
More by this author
O vaxtdan iyirmi il keçir, iyirmi təcrübə və sınaq ili. Bu iyirmi il müddətində yuxarıda göstərdiyim qəhrəmanlarım bir çox mühüm siyasi hadisələr şahidi olmuşlar, kimi axıra qədər şahidliyində davam etmiş, kimi isə hadisələrə qarışıb mübarizə etmişdir. Siyasət yolu ilə gedənlərlə, təbiidir ki, təkrar-təkrar görüşəcəyik, lakin bir sıra “şahidlər” in aqibətindən burada da bəhs edə bilərik, çünki bunlarla görüşmək imkanı bir daha olmayacaqdır. Təəssüflə deyə bilərəm ki, Əli hələ tələbə ikən özünü asıb öldürdü.Yerdə qalanları həyatlarını öz ixtisaslarına həsr edərək yaşayır və başqa-başqa mühit və intereslər təsirində bir-biri ilə görüşməyə belə lüzum duymurlar. Fərəməz evlənmiş, lakin yenə əvvəlki flirt aləmindən çəkilməmişdir. Tosyadan olan qız arabir Kiyevdən ona qonaq gəlir, lakin daimi olaraq anasının yanında yaşamağı tərcih edir. Pərviz pambıq sahəsində mühüm bir şura işçisidir, əksər vaxtı qəzalarda keçər. Şəhərə gəldikdə təsadüfən sabiq yoldaşlarının məclisinə düşərsə,
İkinci kitab, bir neçə söz“1917-ci ildə” həyatımızın iyirmi beş illik məsafəsini təsvir edəcək roman silsiləsinin ikinci cildidir. Inqilabdan əvvəl siyasətlə az məşğul olmuş türk ziyalıları inqilabdan sonra ayrı-ayrı firqələrə və siyasi qruplara ayrılır. Bunlardan bir hissəsi xaricə köçüb, Avropa kapitalistlərinin təsirinə düşür. O biri hissə şuralar platformasında duraraq çalışır. Oktyabr inqilabı əskimiş həyatı yıxır və onun yerində yeni və parlaq bir həyat qurur. Maarif və mədəniyyət geniş əməkçi kütləsinin arasına yayılaraq yeni adamlar, şura ziyalı və mütəxəssisləri doğurur.Bu yeni dövrü qismən təsvir edəcək “Tərtər” adlı romandan sonra “Xaricdə” və “Çırpışmalar” (1905-1909-cu illər) yazılacaq ki, roman silsiləsinin dördüncü və beşinci cildlərini təşkil edəcək.
İkinci kitab, birinci hissə1**Qalitsiyanın kiçik bir şəhərində əsgər libaslı iki gənc qarşı-qarşıya gəldi. Bir-birlərini görüb tanıdıqda üzlərində heyrət deyil, sevinc parladı.
İkinci kitab, ikinci hissə1**Rüstəmbəy sabah qatarı ilə Kiyevə gəldi. Ternopolda bir axşam qalıb, məzuniyyətə icazə almışdı. Artıq bir ay istirahət edə bilərdi.
Poems by other poets
Yarəb, bu od nə oddur kim, düşdü cismü canə?Od düşdü bir ürəkdən bax cümleyi-cahanə.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Ki taban yüz nuri maha bəñzərKi taban yüz[i] nuri maha bəñzərMələklər qul kibi ol şaha bəñzər
Səadətnamə, 47فلسفی کرد نفی جمله صفاتزان سبب شد معطل اندر ذات