İkinci kitab, birinci hissə
Page 1 of 11
1
Qalitsiyanın kiçik bir şəhərində əsgər libaslı iki gənc qarşı-qarşıya gəldi. Bir-birlərini görüb tanıdıqda üzlərində heyrət deyil, sevinc parladı.
– Ya Allah, Çingiz! – deyən səslə:
– Ya Allah, Rüstəmbəy! – deyə cavab gəldi. Qucaqlaşdılar, bir neçə dəfə səmimi olaraq öpüşdülər.
– Çingiz, bizim şəhərə xoş gəlmisən! Səsin Karpatdan gəlirdi.
Bura nə əcəb?..
– Bir balaca işim var. Cəbhəni tərk etmək istəyirəm, buraxmırlar.
Məsələnin həlli buradan asılı imiş.
– Sihhi-trendə imişsən. Yenə oradamısan?
– Oradayam.
– Peterburqun ən yüksək ailələrinə mənsub xanımlar orada xəstə baxıcı imişlər...
Çingiz Rüstəmbəyin zarafatını qəhqəhə ilə qarşıladı və onun qoluna girərək:
– Sənin işlərin nə təhərdir? – dedi.
– Zemqusaram!1 Ordu yanında “Zemokok” müfrizəsi müdiriyəm.
– Zemqusar olduğunu libasından görürəm. Vəzifən nədir?
– Düşmən tərəfindən tərk olunmuş silah və əmvali-mənquləni toplayırıq.
– Düşmən də ki... tərk... etmir, biz tərk edirik...
Yoldaşlar səmimi olaraq gülüşdülər və söhbət edə-edə küçəni başa çıxdılar.
Birdən Rüstəmbəy:
– Çingiz, haraya gedirsən? – dedi.
– Bu yaxında həkimlər yurdu var, orada qalıram.
– Yeməyi?
– Orada verirlər.
– Bizə gedək. İndi saat 12-dir. Gedək. Bir az söhbət edərik, onacan da yemək hazır olar.
Çingiz çox düşünmədən razı oldu.
– Evin yaxındadırmı?
– Burada! – deyə Rüstəmbəy əlini uzatdı.
Yandırılmış, uçurulmuş evlərin yanı ilə getdilər.
Beş dəqiqə sonra ikimərtəbə evin qarşısında durdular.
– Burada oluram, – deyə Rüstəmbəy evi göstərdi. Buranı soldatlar söküb yandırmışdı. Yenidən təmir etdirdim. Görürsən, pəncərənin çərçivələri təzə ağacdır. Boyası belə yoxdur.
2
Rüstəmbəy Çingizi geniş bir otaqda qəbul etdi. Bir tərəfdə iki səfəri çarpayı, o biri tərəfdə bir masa və bir sandalya vardı. Otağın bütün təfrişatı bundan ibarətdi.
Oturdular.
Çingiz papiros çıxardı və mərmi stəkanından yapılmış külqabını özünə tərəf çəkib soruşdu:
– Rüstəmbəy, evdən nə xəbər var?
– Bir şey yoxdur. Kişi Allahın rəhmətinə getmiş. Şəhər çox bahalıqdır.
Buğdanın pudu on manata imiş. Bəzi yerlərdə camaat kooperativ açır, lakin daşımaq vəsaiti olmadığı üçün, mal vaxtında gəlib çıxmır, xülasə, işlər xarabdır.
– Gələn qəzetlərdən də elə görünür.
– Qəzet ala bilirsənmi?
– Təsadüfən, bir-iki nömrə “Kaspi” göndərmişdilər.
İki ildən bəri Qafqaz qəzetlərinə həsrət qalan Rüstəmbəy
“Kaspi”dən maraqlandı:
– Aman, vətəndən təzə bir şey varmı?
– Təzə nə olacaq?..
Bu əsnada içəri əsgəri qiyafədə şişman bir adam girdi.
– Bağışlayın, mane olmaram ki?
– Yox, gətirin, – deyə Rüstəmbəy qələmi mürəkkəbə batırdı.
Gələn müfrizənin mühasibi idi. Rüstəmbəy qol çəkib mühasibi yola saldı və sual nəzəri ilə Çingizi süzdü.
Çingiz papirosunu tüstülədərək davam etdi:
– Köhnə hamam, köhnə tas. Kars vilayətində dağılmış müsəlman kəndlərinə bir də Şərqi Anadolu əlavə olundu. Qafqazda müharibədən zərər görən müsəlmanların sayı iki yüz mini keçdi. Bakı cəmiyyətixeyriyyəsi böyük bir təşkilat qurub, dağılan yerlərdə müsəlmanlara kömək etmədədir... Bunlardan başqa, gözə çarpacaq bir şey yoxdur.
Şəkər, un, sabun qəhətliyini bilirsən...
– Bilirəm, – deyə Rüstəmbəy başını tərpətdi. – Ərzaq böhran hər yerdə var... Bilmirəm, bunun axırı necə olacaq.
– Axırı bəlli.
– Necə?
– Necə?.. Cəbhədə müvəffəqiyyətsizlik, daxili hərc-mərc, hökumət gündə bir dəyişilir, dövlət duması susdurulmuş; hər yerdə narazılıq...
Bunların nərələrə vara biləcəyi bəlli deyilmi?..
3
İri gövdəli, uca boylu, qıvrım saqqallı bir adam içəri girib:
– Əfəndimiz həzrətləri, yemək hazırdır, – dedi və çəkildi.
Rüstəmbəy Çingizə:
– Gedək! – dedi.
Durdular. Az işıqlı koridorda əllərini yudular və xırda bir otağa keçdilər. Rüstəmbəy idarə mühasib və hesabdarını Çingizə təqdim elədi, ağ süfrəli masanın ətrafına toplandılar. Aşçı Nataşa borş gətirdi, hesabdar töküb payladı. Çingiz nəzakət üçün mühasibə yönəldi:
– İdarənizin binası gözəldir, – dedi. – Ayrıca yemək otağınız belə var.
Mühasib yoğun bığlarını düzəldərək:
– Rüstəmbəyə mədyunuq. Hər bir rahatlığımızı təmin etmişlər.
Baxınız, aşçı qızı özü ilə Odessadan gətirmişdir, gözəl bişirir. Südümüzü təmin etmək üçün inək belə saxlayırıq.
– İnəyiniz də mi var? – deyə Çingiz heyrət etdi.
– Var. Ancaq inəyin özünə görə bir tarixçəsi də var. Qışda ot tapılmadığı üçün aclıq çəkmiş inəklər paylanırdı. Rüstəmbəy birini aldı.
Heyvan arıqlıqdan yeriyə bilmirdi. Bir ay bəsləndi, sonra süd verməyə başladı. İndi gündə bir vedrə süd verir.
Tam bir məmnuniyyət nümayiş etdirmək üçün mühasib qəhqəhə ilə güldü.
Nataşa bir qab kotlet gətirdi. Masanın üzərinə qoyarkən gözünün yanı ilə Çingizə baxdı, dolğun dodaqlarının bir tərəfi qalxdı, yanaqları qan aldı.
Çingiz Nataşanın halını duymaz kimi söhbətinə davam etdi:
– Mənzil böhranı burada da varmı? – deyə sordu.
Mühasib həmsöhbətə susamış kimi ayrıca bir ləzzətlə:
– Təbii, – dedi. – Bir çox idarələr ətraf kəndlərdə yerləşmiş. Şəhər çox balacadır. Bir çox evlər xarab edilmiş. Siz rusların qaydasını bilirsiniz – deyə mühasib qəhqəhə çəkdi sonra sözlərinə davam etdi, – bir evdə yaşarıq, rahat olarıq, gedərkən də pəncərələrini, qapılarını çıxarıb apararıq. Soldat yaşadığı yeri xaraba qoymasa, oradan əl çəkməz!
Mühasib yenə sözlərinə qəhqəhə ilə xitam verdi. Yemək otağından çıxarkən Rüstəmbəy “Voronov” deyə çağırdı. Cavab olaraq həmən evin o biri tərəfindən səs gəldi.
Rüstəmbəy Çingizlə böyük otağa girər-girməz Voronovun iri heykəli qapının arasında göründü:
– Əfəndimiz həzrətlərinin nə əmri var? – deyə təzim etdi.
– Get, Pleşşuka söylə, atları qoşub gəlsin.
– Bu dəqiqə, əfəndimiz həzrətləri! – deyə Voronov qaib oldu.
– Rüstəmbəy, atları nə edirsən?
– Gedək. Şəhəri gəzək.
– Vaxtın varmı?
– Vaxt çoxdur. Bütün günü burada deyilikmi? Bizim əsil işimiz idarədə deyil. Bizim müfrizənin dörd bölüyü var. Bunlar sipər boyu yayılaraq işləyir. Hərəsində iki-üç yüz fəhlə, əlli-altmış araba var. Bu gün səhər müavinim bölükləri yoxlamağa getmiş. O qayıtdıqdan biriki gün sonra mən gedəcəyəm. İşim bu!
– Idarədə işiniz olmurmu?
– Nə iş olacaq ki? Gündə bir neçə kağıza qol çəkirəm, bir neçə əmr yazıram. Düşəndə birbaş mühəndisin ya zemsoyuz müvəkkilinin yanına gedirəm. Vəssəlam.
– Vallah, yaxşı işdir! Müavinin kimdir? Yaxşı yola gedə bilirsinizmi?
– Gedirik. Moskvalı bir gəncdir. Qadınlar içində böyük müvəffəqiyyəti var...
Çingiz gülümsündü və müavinin tərcümeyi-halından yaxa qaçırmaq üçün dodaqlarına yeni bir papiros alıb, pəncərəyə çəkildi. Şüşələri tüstü bürüdü.
– Rüstəmbəy, o böyük bina nədir? – deyə şəhəri göstərdi.
– Sol tərəfdəkimi? Orada ordu komandanı qalır. Bir dəfə mən də oraya ziyafətə dəvət olunmuşdum...
Çingiz yenə gülümsündü və söhbətin inkişafına meydan vermək istəmədi.
4
Voronov brekin gəldiyini xəbər verdi. Rüstəmbəy və Çingiz paltolarını geyib çıxdılar. İki kəhər qoşulu brek qapının ağzında durmuşdu.
Pleşşuk Rüstəmbəyə təzim edərək kənara çəkildi.
– İşlər necədir, Pleşşuk? – deyə Rüstəmbəy qaldırım üzərindən küçəyə endi, atları və breki diqqətlə süzdü. Üzündə böyük məmnuniyyət duyuldu. Atlar tumarlı idi, dırnaqları boyalı, brek də yuyulub təmizlənmişdi.
Rüstəmbəy:
– Buyur, Çingiz! – deyə brekin ön tərəfində yer göstərdi.
Çingiz sol tərəfə, Rüstəmbəy sağ tərəfə mindi, Pleşşuk da arxaya çıxdı. Rüstəmbəy cilovları əlinə alıb sürdü.
– Çingiz! – dedi, – bu şəhərdə bir çox öyrənməli şeylər var. Buralarda əksəriyyət təşkil edən rusinlər də olsa, mədəni simaları görünmür.
Hər yerdə polyaklar, polyak panı və onun mədəniyyəti gözə çarpır. Zatən, Qalitsiyanın hər bir nöqtəsində bu hal görünür.
– Küçələrin adlarına bax – həp polyak tarixi... xülasə, Qalitsiya həyatı mənim üçün bir məktəb oldu – bilmədiyim çox şeyləri öyrəndim.
Biz tərəqqimizi dinlə mübarizədə təsəvvür edirik. Halbuki polyak mədəniyyəti ilə kotoliklərin arasında ayrı-qeyrilik görünmür...
Çox da mübahisə sevməyən Çingiz təkidlə:
– Bizim din başqa, bunlarınkı başqa, – dedi.
– Başqalıq görmürəm – dinlərin hamısı tərəqqiyə ziddir.
– Məncə, belə deyil. Bu günkü xristian aləmi mədəniyyətin beşiyi, islam aləmi isə cəhlin mənbəyidir. Nəticə etibarilə mühakimə etsək, dinlərin arasındakı fərq aydın olar.
5
Ətrafın bəxş etdiyi intibalar, yeni mühakimələrə meydan verə biləcək mövzular, yoldaşların mülahizələrinə xitam verdi. Brek ratuşanın2 yanından keçərkən bazarın maraqlı mənzərəsi gözə çarpdı. Uzun pesili3 yəhudilər, həsir şapkalı, tikməli kaftanlı kəndlilər bazara dolmuşdu.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-studentler-ikinci-kitab-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.
Folklor yolundaFOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...
Azərbaycanda Zərdüşti adətləriAZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləriTARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.