TARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ

Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.

Bu həyat muğ (cəmi muğan) adlı zəki və peyğəmbəri ilhama malik bir millətin minlərcə illər əvvəl Kür ilə Araz çaylarının arasında məskən salmaları ilə başlayır. “Aran” təsmiyə etdikləri bu torpaq dünyaya Zərdüştü bəxş edir. Qədim aləmin ən böyük kitabı “Avesta” burada vücuda gəlir. Zərdüşt mədəniyyətin başlıca əsaslarını qurur və onu mütəaqib mənsub olduğu muğlar əsrlərcə bütün Şərqin mənəviyyat rəhbərləri olurlar.

Köçəbəliklə mübarizə, torpağa mərbutiyyət, bağ və bağça salmaq, körpü tikmək, xəstəlik və soyuqla mücadilə, torpaqçılıq, nurun təcəllisi, qaranlığın və cəhlin məğlubiyyəti... iştə Zərdüştün və muğların başlıca ehkamları.

Bu fəlsəfə və yaratdığı zehniyyət sayəsində Aran, Muğan və bütün Azərbaycan mədəniyyət həyatında yüksək dərəcələrə çıxmışdı. Lakin ərəb istilası Zərdüştün atəşi ilə bərabər ölkəmizin mədəniyyət işığını da söndürdü. Dərbənddən ta Həmədana qədər sərf olunan əməklər məhv oldu.

“Avesta”nı yaradan bir millət ölkəmizə dair nə kimi məlumatlar tərk edib getmiş. Təəssüf ki, əlimizdə o dövrə dair çox da yazı yoxdur. Böyük hadisələrə meydan olan Azərbaycan təxrib olunarkən ədəbi, dini və qeyri məhsulları da məhv olmuşdur. Bir kərə Iskəndər Rumi Yunanıstana vurulan zərbəyə müqabil Iranı və Azərbaycanı alt-üst etdi. Bir sənət möcüzü ədd olunan Kə ra sarayını yıxmaqla iktifa etmədi. Böyük bir mədəniyyəti kökündən qopardı və elmi məhsullar da öldürüldü.

Muğlar haqqında ayrıca yazılacaq (müəllif).

O dövrə dair məlumatı yalnız qədim yunan müvərrixlərindən öyrənə bilərik. Herodot, Strabon, Seysel, Ksenefon və başqaları şayani- təqdirdirlər. Bir də Istəxr, Nəqşi-Rüstəmsuz kimi xarabaların kitabələri azacıq da olsa məsələni aydınlaşdırır.

Ikinci böyük axın ərəblər tərəfindən edilirkən, yeni dinin ehkamından başqa bir şey tanılmırdı. Iran fəlsəfə, fikir və etiqadı əbəs sayılırdı. Onun üçün ölkəmizin nəfis və incəsənətlə tikilmiş məbədləri yıxıldı və kitablar yandırıldı.

Əgər zərdüştilərin bir hissəsi Hindistana çəkilməsəydi, “Avesta” dan belə məhrum olmaq ehtimalı var idi. Bərəkətlər ki, bu kitabın bir hissəsi xilas edilmiş və bu gün sanskrit dilində mövcuddur. Sasani dövrü pəhləvi dilində yazılan əsərlərin də bir hissəsi bu təriqlə yəqmaya müncər olmamışdır.

Əgər bu gün Azərbaycan haqqında geniş və müsbət məlumata malik isək, o da islamiyyətdən bəridir. Ərəb müvərrix və coğrafiyunları o qədər ciddi əsərlər vücuda gətirmişlər ki, onlardan məmləkətimizi yenə ətraflı öyrənə bilmirik. Ərəbin bu yoldakı dühası doqquzuncu əsr miladidən başlayaraq parlayır və nəticədə Təbəri, Məsudi, Yaqut Həməvi kimi yüksək şəxslər vücuda gəlir. Bunlar ölkəmizi tarix, coğrafiya, ictimai, dini və iqtisadi tərəfdən bizə öyrədirlər. Ərəbləri təqlidən azərbaycanlı müəlliflərdən Əlbəhri Əlilham Əbdülrəşid ibn Saleh ibn Nuri Əl Bakuyi “Kitabi-təlxis əlasar və əcaibəl mülk əlqəhhar” adlı 14-cü əsr miladidə bir əsər vücuda gətirmişdir. Lakin ərəbcə yazılmış bu kitab o qədər səthidir ki, məlumatımıza yeni bir şey əlavə etmir. Hətta müəllif vətəni olan Bakıdan bir söz belə yazmır. Halbuki Bakı Zərdüşt ruhanilərinin iqamətgahı və Suraxanı atəşgədəsi ilə Şərqə qiblə olmuşdur.

Şimali və Cənubi Azərbaycana başlı-başına həsr olunan iki əsər var. Biri “Tarixi-Azərbaycan”, müəllifi Ləbün Əbü Əlhica Ərrəvadi, ikincisi “Tarixi-Aran”, yazanı Əlbərdəi. Çox mühüm ədd oluna biləcək bu kitablar meydanda yoxdur. Bunlar haqqında qısa məlumatı osmanlı alimi Katib Çələbinin “Kəşfülzünun fi əsamiyi-kütbül-fünun” adlı əsərində görürük. Əgər kitablar əlimizə keçsə idi, bəlkə vətənimiz haqqında topluca bir məlumat əxz edərdik. O biri tərəfdən, bu kitablar marağımızı dəf edəcək dərəcədə qüvvətlidirmi? – deyə düşünürəm.

Çünki Katib Çələbinin “Cahannüma” adlı məşhur coğrafiyası əlimizdədir. Aran və Azərbaycan tarixini oxumuş bir müəllif bir çox yeni məlumat verməli idi. Halbuki Azərbaycan haqqındakı bəhslərdə
“Cahannamə” bir o qədər də yeni və ətraflı deyil. Katib Çələbidən əsrlərcə əvvəl yaşamış Əlmüqəddəsi ibn Hövqəl, Məsudi, Yaqut Həməvi, Ismayıl Əbülfida və yaxud çoğrafiyun Həmdullah Müstövfü Qəzvini daha müfəssəl və ətraflıdırlar.

Türkiyəlilərdən Çələbi adlı məşhur səyyah on birinci əsr hicrinin ortasında Azərbaycanı ziyarət etmiş və mübaliğəyə rəğmən məmləkətimizi ətraflı təsvir edən alimlərdəndir. Zamanına dair məlumatdan başqa Övliya tarixi-övzayi, iqtisadi və ictimai həyatı da tədqiq etmiş, hətta filologiya və statistika ilə də maraqlanmışdır.

XIX əsr miladidən etibarən tarix sahəsində Azərbaycan müəllifləri fəaliyyətə başlayırlar. Abbasqulu Ağa Qüdsi “Gülüstani-Irəm” adlı əsəri ilə Azərbaycan tarixi üçün təməl daşı qoyur. “Gülüstani-Irəm” əslən Şirvan tarixindən ibarətdirsə də, bütün Azərbaycandan da bəhs edir, çünki Şirvan bir çox zaman Şimali Azərbaycana hakim olmaqdan başqa Araz çayının cənubu ilə də uğraşmış və oraların tərzi-idarəsinə nüfuz etmişdir.

“Gülüstani-Irəm” indiyə qədər mövzumuza dair qələmə alınan əsərlərin ən quvvətlisidir. Qüdsi tarixi yalnız hadisəyi-siyasiyyə deyə tələqqi etmir. Onu daha geniş olaraq təsəvvür edir. Coğrafiya, etnoqrafiya və ədəbiyyatımızı belə unutmur. Bizə görə etnoqrafi məlumatı son dərəcə maraqlıdır...

Təəssüf ki, kitab farsca yazılmış və indiyə qədər türkcəyə tərcümə olunmamışdır. Halbuki nə qədər faydalı olardı.

Eyni əsrdə yazılan ikinci əsər Şeyx Əhməd Səlyaninin “Bəsaül nas fi məmləkətil – Qafqaz” adlı kitabıdır ki, 70 səhifədən ibarət olub, fars dilindədir. Əsər yarımçıqdır, müəllif bitirməyə müvəffəq olmamışdır. Istifadəlidir, ancaq çox dərin deyil. “Gülüstani-Irəm”də əgər fars təsiri görünürsə, Şeyx Əhməd də erməni müvərrixlərinin nüfuzunda bulunur. Bu kitab da qeyri-mətbudur.

Türkcə yazılan əsərlərin içində ən güzidəsi, şübhəsiz ki, “Təlifi Mirzə Camal Qələbəyi Məhəmmədxan bəy oğlu Cavanşir”dir. Bu kitab tarixi cərəyanların mərkəzini Qarabağda qeyd edərək, Şuşa şəhərinin binasından rus istilasına qədər təsvir edir. Ibrahim xan zamanı

Həmdullahın “Nüzhətül qülub”u mərufdur (müəllif).
Bu əsər Azərbaycanı tədqiq və tətəbbö cəmiyyəti tərəfindən bir neçə il bundan qabaq rusca dəxi nəşr
edilmişdir (müəllif).

Qarabağın hökmü şimalda Dərbəndə qədər və cənubda Təbriz, Ərdəbil, Marağa hüdudlarınadək uzanır. Vəzləri qeyd edərkən Mirzə Camalın təlifi tam bir Azərbaycan tarixi olur.

Bu çox mühüm əsərin vücuda gəlməsi səbəbini aramaq üçün sözü müəllifə tərk edirəm.

“Çünki mən, Mirzə Camal Qələbəyi Məhəmmədxan bəy oğlu Cavanşirin müsəlman elmlərinə və təvarixinə ittilaim olub. Qarabağın cəmi əhvalatına və hər növ nağıl və hekayətinə xah görmək və xah müsinn və kardan kəslərdən diqqətlə təhqiq edib eşitmək vasitəsilə bələdiyyəti-tamım var idi və həm əlli sənə miqdarı mərhuman Ibrahim xan və Mehdiqulu xan Qarabaği xidmətlərində mirzəlik edib və Qarabağ vilayətində dəxi vəzarət qılıb və xanların əyyami-hökuməti münqəzi olandan sonra müddəti-mütəmadi yenə dövləti-Rusiyyəyə xidmətkar və sədaqət şüar var idim. Buna binaən 1847-ci ildə cənab sərdari məmaliki-Qafqaziyyə qraf Mixail Semyonoviç Voronsovun fərmayişinə binaən əhvalati-Qarabaği və hökumət və istiqlali-xəvanini-mərhumin: Pənah xan və Ibrahim xan və Mehdiqulu xan və hakəza. Dövləti-Rusiyyə ilə dövləti-Iranın mabeynlərində vaqe olan cəng və ədavətləri və münasib məqam və günçayiş olan sair vəqayeyi-mütəfərriqəni 26 fəsil və bir xatimə üzrə çəm və tərtib edib, sərdari-müəzzəmileyhə ərz və pişnihad elədim”.

Mirzə Camalın müqəddiməsi bizə bir çox nöqtələri tənvir edir. Mirzə rus hakimiyyətinə sədaqət bəslədiyindən bəhs edir. Bu sədaqətin səbəbi nədir? – deyə bir sual hasil olur. Hər halda Mirzə kimi zəki və müdəbbir bir ricalın sədaqətiqüvvəti qarşısında zəif deyə tələqqi olunmaz. Kitabı tədqiq etdikdən sonra məsələnin dərin olduğu meydana çıxır. Aşkar olur ki, o zaman Qafqaza üç siyasi cərəyan hakim imiş. Məmləkətin salamatlığını kimi şimalda, kimi cənubda və bəziləri də Türkiyə tərəfdarlığında görürlərmiş. Bu cərəyanları doğuran amil yeganə Irandan Qafqaza gələn yəğma axınları idi. Sonu kəsilməz bu sel abadanlıqları təxrib, insanları qətl etməkdən başqa bir şeylə nəticələnmirdi.

Ağa Məhəmməd şah Qacar zamanı artıq Qafqaz tar-mar edilmiş,ölüm və aclıq hər yerdə hökmfərma idi. Bir aralıq cənuba qarşı bir Qafqaz ittihadı mövzuyi-bəhs olur. Lakin qüvvədən felə keçir. Hər dövlət özbaşına çarə aramaq yolları düşünür. Gürcüstan rus himayəsini tərcih edir, Gəncə hökmdarı Cavadxan Irana mərbut görünür. Qarabağ və Irəvan xanlıqları isə Türkiyə dövlətinin himayəsini tələb edirlər.

Irana qarşı ibraz olunan siyasi qanunsuzluq Ağa Məhəmməd şahın hiddətinə mövcib olur. Təkrar Arazı qoşunları ilə keçir və yəğmayə davam edir. Iştə Mirzə Camalın “sədaqətinin” başlıca səbəbləri.

Mirzə Camal bu yolda tək deyil. Ibrahim xan nəzdində zinüfuz olan “Müşiriməmləkət”, mərhum şairimiz Molla Pənah Vaqif də eyni fikri daşıyanlardandır.

1926

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ukrayna müsəlmanlarının nəzər diqqətinə

UKRAYNA MÜSƏLMANLARININ NƏZƏR-DİQQƏTİNƏ*Necə ki, məlumdur, Ukrayna cümhuriyyətində Ukraynada sakin qeyrimillətlərin işlərini idarə etmək üçün generalnı sekretarlar təyin olunub. Polyak, yəhudi və velikorusların işlərinə baxmaq üçün belə sekretarlar var.

1 min
Yusif Vəzirovun məruzəsi

YUSİF VƏZİROVUN MƏRUZƏSİ*Çərşənbə günü təmuzun (iyulun – red.) 29-da axşam saat 7-də türk ədəmimərkəziyyət firqəsi “Müsavat”ın Ukrayna səfiri Yusif Vəzirovun parlaman binasında “Müsavat” firqəsinə məxsus ötədə (iqamətgahda – red.) məruzədə bulundu. İbtida Məhəmməd Əmin Rəsulzadə əfəndi məclisi açaraq məruzəçi Vəzirovu məclisə mərufilik etdilər. Vətənindən uzaq olmaqla bərabər vətən mənafeyi uğrunda çalışmaqdan yorulmaq bilməyən Vəzirov axır zamanlarda İstanbula gedəcəkdir. Ibtida ümumi bir konfrans sürətilə məruzə oxumağı təsəvvür

15 min
Xarici siyasətimiz

XARİCİ SİYASƏTİMİZ I. QÜVVƏLİ İSTİQLAL*Dünyada hər bir dövləti təşkil edən üç amildir: torpaq, millət və hakimiyyət. Bu gün Azərbaycanda bu üç amil mövcud olduğu üçün Azərbaycan müstəqil bir məmləkətdir. Lakin məmləkətlər arasında fərqlər çoxdur. Məsələn, köhnə Avstriya-Macarıstan dövləti ilə Almaniyanı müqayisə edək. Tövri-idarəsindən başqa bu iki dövlətin əsl mahiyyətində böyük fərqlər görünür. Almaniyanın tam əksəriyyətini təşkil edən alman milləti olduğu halda, Avstriya-Macarıstanda cürbəcür millətlər yaşayırdı. Onun üçün səmaməti-mülkiyyə Almaniyada Avstriya – Macarıstandan çox idi.

28 min
Milli və mədəni işlərimiz

MİLLİ VƏ MƏDƏNİ İŞLƏRİMİZ I. ÜMUMİ KİTABXANA*Bakıda ümumi bir kitabxana açılmasını qəzetlərdə oxumuşduq.

9 min

Poems by other poets