Bizə ciddi mətbuat çoxdan lazım idi
Contents
Page 3 of 3 · 67%
“açıq söz” dövrü
Rus-yapon müharibəsi bizə “Həyat” ilə “Irşad”ı bəxş etmiş idi. Böyük Avropa davası da “Açıq söz”ü vücuda gətirdi. Məsləksiz mətbuatdan inciyib kənara çəkilmiş mühərrirlərimiz yenə də qəzet başına toplandılar. Dərdlərimiz müzakirə olunur, halımızı təsvir edirlər.
Yaxşı olardı ki, müqtədir, yazıçılarımızın “Açıq söz” başına toplanmaları ittifaqi olmayaydı. Bunlar himmət edib, həmişəlik olaraq bircə də olsa ləyaqətli bir qəzetin davamına çalışa idilər. Yazmalı dərdlərimiz çoxdur. Qara camaatımızı öyrətməlidir. Bunun üçün də artıq bilikli olmalıdır. Ala-yarımçıq xəbərlər, kəsikküsük biliklər camaatı yoldan çıxardır. Camaata bütün məlumat verməlidir. Bunun üçün də qəzetdə iştirak etmək üçün mütəxəssislər dəvət etməlidir.
Mərhum Həsənbəy Məlikzadənin zəmindarlığa dair böyük əsərləri var. Gərək bunlar çoxdan təb oluna idi. Lakin himmətsizliyimiz sayəsində onlar ortalıqda yox olub gedir. Barı heç olmasa Həsənbəyin əsərlərini mürurla qəzetlərdə çap eləyə idilər. Onlardan camaatımıza böyük mənfəətlər hasil olar. Qonşularımız erməni və gürcülər zəmindarlıq cəmiyyəti qayırıb kəndçilərinə təzə üsulla yer əkmək öyrədirlər. Əkinəcək torpaqlarını mühafizə edirlər ki, əcnəbilərə satılmasın.
Bizim cəmiyyətimiz olmamağı bəs deyildir, bu barədə qəzetlərimizdə bircə söz də yazılmır. Halbuki, torpaq məsələsi millət üçün həyati və zəruri məsələlərdən biridir. Iqtisadi məsələlər bu saat cəmi dünyanı məşğul eləyir. Hər kəs öz millətini varlı və tavanalı eləməyə çalışır. Çünki yoxsul xalq tərəqqi edə bilməz. Bu fikri əmələ gətirmək üçün iştirakı-əməliyyat (kooperasiya) tərtib edirlər. Bu şirkətləri cəmi şəhər və kəndlərə yayırlar, xırda borc bankları açırlar, xalqa pul lazım olanda əllərindən tuturlar...
Bizim camaat isə fəqvrlik torbasını daşıyır.
Elmsizliyi cəhətinə hər kəs başına vurub onun çörəyini əlindən alır. Tamahkar tacirlər bir tərəfdən, müamiləçilər də bir tərəfdən yazıq millətin qanını sorurlar.
Bu barədə qəzetlərdə yazan yox, iş görən yox.
Arvad məsələsi millətin tərəqqisi yolunda böyük maneə təşkil edirdi. Bu məsələ barəsində danışıldı. Arvadların elmsiz olmalarının nəticələri ortalığa tullandı. Şükürlər olsun, məsələ həll olunmağa üz qoydu. Qız məktəbləri açıldı, atalar həvəslə qızlarını məktəbə göndərdilər. Ancaq məsələnin vacib tərəfi qaldı kənarda. Tərbiyənin mahiyyət və keyfiyyəti haqqında dinən olmadı. Bir qəzet yoxdur ki, “cəmi pis hərəkətlərimiz tərbiyəsizlikdəndir” deməsin. Bu “tərbiyəsizlik” sözünü qəzetlər təkrar-təkrar söyləyiblər və söyləyirlər. Lakin bircə mühərrir isə də tərbiyə barəsində oxuculara məlumat vermədi, oxucular da tərbiyənin nədən ibarət olmağını bilmirlər.
Bu barədə gərək yazıla idi, həm də çox yazıla idi. Bu məsələyə dair Avropada cərəyan edən fikirlər camaatımıza bildirilməlidir.
Məsələlərimiz çoxdur. Dərdlərimiz başdan aşıb. Deyib danışan yoxdur. Müəyyən fikirlər var ki, Avropada hüsula gəlib, bizim camaata məlum deyil. Mətbuatımız bu halda qalsa, o fikirlər yenə bizim üçün gizli qalacaq. Yazılmalıdır, kamil yazılmalıdır. Öyrənməmişdən qəzet başına gəlməməlidir. Yoxsa “qaş qayırdıqda göz çıxarılar”.
Oxucuları təkcə Avropa davası ilə məşğul etmək fayda verməz, bu ötəri bir şeydir. Bu gün var, sabah yoxdur. Bizə varlığımız ilə həmişə mərbut olan məsələlərin müzakirəsi lazımdır. Bu barədə danışmalıdır, oxucuların rəğbətini buraya döndərməlidir...
Məzhəkənəvislik yıxdığı binaları yenidən tikməlidir. Məharət göstərməlidir. Mətbuat müvazinətini düzəltməlidir. Bunun üçün də ləyaqətli qəzet və jurnallar nəşr etməlidir.
Məsləkin sabitliyinə, məlumatın salamatlığına diqqət etməlidir. Bu yolda möhtərəm “Açıq söz” və “Yeni iqbal”ın vəzifələri böyüyür. Müvəffəqiyyətlərini haqdan diləyirik.
1916
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-bize-ciddi-metbuat-coxdan-lazim-idi
Use ← → keys to move, R for a random poem
More by this author
TEATR PƏRƏSTİŞKARI*Bundan 35 il əvvəl Şuşa mədəni sahədə birinci sırada gedən şəhərlərdən biri idi. Iqtisadi bazası zəif, ticarəti get-gedə azalan əhali çıxış yolunu məktəbdə aramağa başlamışdı. Ən mütəəssübü belə övladını rus məktəblərinə göndərməkdən çəkinmirdi. O zaman Şuşada realni və şəhər məktəbi vardı. Bir az sonra rus-tatar məktəbi də açıldı. Buradakı tələbələrdən başqa Bakı məktəblərində, paytaxt ali məktəblərində (Qafqazda ali məktəb yox idi), Qori və Yerevan seminariyalarında da şuşalılar var idi. Yay aylarında başqa yerlərdəki tələbə və kənd müəllimləri (o vaxt türklər orta məktəblərdə müəllimlik etmək haqqına malik deyil idilər) Şuşaya toplanır, şəhərə mədəni bir həyat gətirirdilər: teatr tamaşası verilir, müsamirə düzəldilir, leksiyalar oxunurdu. Bunların hamısında da Əbdürrəhimbəy Haqverdiyev başçılıq etmədə idi.
Şəxslərin və hadisələrin tipləşməsiŞƏXSLƏRİN VƏ HADİSƏLƏRİN TİPLƏŞMƏSİ*Turgenevin həqiqi, canlı simaları nəzərdə tutaraq tip yaratdığını söyləmişdik. Bu qayda Dostoyevski, L.Tolstoy və başqa yazıçılarda da görünür. Dostoyevski ədəbi həyatına böyük bir romanla xitam vermək xəyalında olduğunu 1870-ci ildə şair Maykova yazdığı məktubunda söyləyir. Bu romanın ikinci hissəsi müəllifin planına görə, monastıra həsr olunmalı imiş. Bu barədə Dostoyevski Maykova yazır: “Burada baş sima olaraq Tixon Zadonskini, əlbəttə başqa bir adla təmsil etmək istəyirəm. Bu arxiyereydir və monastırda istirahətdə bulunacaq. Bütün romanın baş qəhrəmanı yoldan sapmış, əxlaqsız, cinayət işləmiş on üç yaşında bir çocuq da (bu tipi tanıyıram) ata-anası tərəfindən monastıra qoyulmuş, orada da dərs oxuyur. Çaadayevi də (əlbəttə başqa adla) bu monastıra salacağam. Niyə Çaadayev bir il monastırda oturmasın? Təsəvvür ediniz, birinci məqaləsinin üstündə hər dəfə doktorlar müayinəsinə məcbur olan Çaadayev bu vəziyyətə dözməyib xaricdə, fransız dilində bir risalə nəşr etdi, buna müqabil Çaadayevi bir illiyə monastıra göndərə bilərdilər. Çaadayevin yanına qonaqlar da gələ bilər. Məsələn: Belinski, Qranovski, hətta Puşkin. (Axı mənim romanımdakı Çaadayev deyil, mən ancaq bu tipi alıram). Monastırda prusiyalı Pavel, Qolubev, inok Parfiriy də olacaq (bu aləmə bələdəm, rus monastırını çocuqluğumdan tanıyıram)...” Dostoyevskinin sadaladığı bu həqiqi simalar rus ədib və ruhanilərinə mənsubdur. Müəllifin “böyük romanı” çıxmadı, onun bir hissəsi olan “Karamazov qardaşları” yazıldı ki, Tixon orada Zosima adı ilə göstərilir.
İqtibas, təqlid və təsirİQTİBAS, TƏQLİD VƏ TƏSİR*Bizdə bir ədəbi əsər təhlil edildikdə gənc tənqidçilərimiz əsərin texnikasından və əsərə olan təsirdən bəhs etməyirlər. Halbuki bunlar əsərin ən canlı əyarıdır. Bunları nəzərə almamaq əsəri ətraflı qavramamaq və onun ədəbiyyat tarixindəki mövqeyini lazımınca təyin etməmək deməkdir. Hər bir şair və ədib ilk ədəbi addımlarında təsirə düşər. Bu təsir ya dərin, ya səthi olar, ya uzun müddət davam edər, ya ötəri olaraq görsənib, qayıb olar. Bu hallar yazıçının qüvvət və iqtidarından asılıdır. Puşkin və Lermantov kimi böyük rus şairləri Bayronun təsirinə düşmüşdülər. Puşkin bayronizmdən özünü qurtara bilib, azad yola çıxdı və tamamilə müstəqil bir ədəbi mövqe qazandı. Lermantov isə bu təsirdən qurtara bilmədi. Deməli, yazıçının qüvvəti onun təsirə düşüb-düşməməsi, sərbəst cığır açması və yeni bir məktəb təşkil etməsi ilə ölçülür. Aləmşümul klassikləri yüksəkliklərə çıxarıb bütün dünyaya sevdirən onların yüksək texnikası, bədii mündərəcələri və müstəqil yol ilə getdikləri olmuşdur. Bəzən klassiklər də köhnə mövzulardan istifadə edirlər. Firdovsi Iranda ağızdan-ağıza keçən əfsanələri toplayıb “Şahnamə” yazır; Şekspir, L.Tolstoyun dediyi kimi, Italiyada və başqa yerlərdə dolaşan mövzuları alaraq ölməz dramlar yaradır; Höte xalq masallarından “Faust”u vücuda gətirir... Bizim klassiklərimizdə də bu hal görünür. Füzulidən əvvəl “Leyli və Məcnunu”u Nizami yazmışdır.
Turgenevin yazı üsuluTURGENEVİN YAZI ÜSULU*Klassiklərin yazı üsulunu öyrənmək, yalnız yeniyetmələr üçün deyil, oturuşmuş yazıçılarımız üçün də maraqlıdır. Çünki böyük ədiblərin texnikasını öyrənmək ədəbi irsi qavramağa yol açır. Təəssüf ki, hər bir klassikin yazı üsulu ilə tanış olmağa kafi məlumatımız yoxdur. Yazıçıların hamısı eyni dərəcədə intizampərvər və səliqəli olmamışlar, bəziləri əsəri bitirdikdən sonra ona dair yazılan planları, konspektləri, qeydləri tələf etmişlər. Bizim Azərbaycan yazıçıları bu barədə daha da geridə qalmışlar, bir çoxlarının əlyazmaları belə meydanda yoxdur, arxivi meydana çıxanlar da az olmuşdur. Yalnız Mirzə Fətəli istisnadır, çünki o özündən sonra gözəl və müntəzəm bir arxiv buraxmışdır. Yazıçıların səhlənkarlığı qismən onların özlərinə qiymət verməmələrindən irəli gəlmişdir.
Poems by other poets
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi